525.Az

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər


 

Zamanların mozaikası: <b style="color:red">hadisələr və şəxsiyyətlər</b>

(Əvvəli ötən şənbə saylarımızda)

1944-cü ilin yanvarında 900 gün davam edən Leninqrad blokadasına son qoyuldu. Şəhərdə blokada şəraitində 3 milyona yaxın dinc sakin yaşayırdı. 1941-ci ilin payızından aclıq başlandı. Blokada dövründə aclıqdan 641.000 adam öldü.

Həmin ilin martında isə sovet qoşunları dövlət sərhədinə çatdılar. 1944-cü ilin oktyabrında SSRİ-nin qərb sərhədi, demək olar ki, tamamilə bərpa edildi.

İkinci Dünya müharibəsinin gedişində Almaniya işğal etdiyi bütün ərazilərdə “yeni qayda” adlanan sərt rejim qoydu. Ölüm düşərgələrinin sayı 10 dəfə artdı, onlarda 18 milyon nəfər dustaq saxlanırdı. Milyonlarla dinc adam fiziki cəhətdən məhv edilir, yaxud da alman sənayesində və kənd təsərrüfatında işləmək üçün ora qovulub aparılırdı. Dinc əhalinin və hərbi əsirlərin kütləvi şəkildə güllələnməsi, işgəncələr, bütöv kəndlərin və qəsəbələrin əhalisinin diri-diri yandırılması, dustaqlar üzərində aparılan “tibbi təcrübələr”, adamların qaz kameralarında və sobalarda məhv edilməsi, şəhərlərin aramsız bombardman olunması, hər bir müqavimət hərəkatının qəddarcasına yatırılması adi hala çevrilmişdi.

6 iyun 1944-cü ildə İkinci cəbhənin açılması məqsədilə Normandiya sahilinə aviasiyanın və donanmanın köməyilə 8 ingilis-amerikan diviziyası çıxdı, sonralar ona 78 diviziya da əlavə olundu. Müttəfiqlərin Fransadakı ekspedisiya qüvvələri 619.000 adama çatdı. Alman qoşunları qızğın müqavimət göstərirdilər. Lakin ingilislər və kanadalılar qısa müddətdə alman müdafiəsinin 30 km dərinliyinə irəlilədilər. Müttəfiq qoşunlarının hücum əməliyyatı uğurla inkişaf edirdi.

İyunun sonunda başlanan Belorusiya əməliyyatının gedişində bu respublika ilə yanaşı, Litva və Latviyanın böyük hissəsi də azad olundu. Bir neçə həftə ərzində Polşanın şərqdəki ərazisi azad olundu və Sovet ordusu Varşavaya yaxınlaşdı. Cəbhə artıq qərbə tərəf 600 km-ə qədər irəliləmişdi. Sonra Rumıniya azad olundu, 1944-cü ilin sentyabrında sovet qoşunları Bolqarıstana girdi. Bolqarıstanın və Yuqoslaviyanın paytaxtları azad olundu. Qış girəndə sovet qoşunları Şimali Zapolyariyanı, demək olar ki, bütün Pribaltikanı, Şimali Norveçi azad edib, Almaniyanın sərhədinə çox yaxınlaşdılar, Şərqi Prussiyada isə onu keçdilər.

1945-ci ilin ilk günlərində almanlar Elzasda hücuma başladılar. 1.000-dən çox təyyarə müttəfiqlərin Fransadakı, Belçika və Hollandiyadakı aerodromlarını bombaladılar.  Müttəfiqlər bu vaxt ağır məğlubiyyətə düçar oldular. Çörçill, Stalindən Visla üzərində hücuma keçməyi xahiş etdi. Qızıl Ordunun Polşada və Şərqi Prussiyadakı eyni vaxtlardakı hücumu alman komandanlığını məcbur etdi ki, Qərb cəbhəsində fəal əməliyyatı dayandırsın və xeyli qüvvəsini şərq cəbhəsinə göndərsin.

İngilis-amerikan qoşunları ikinci cəbhə açıldıqdan sonra fransız döyüşçüləri ilə birlikdə Fransanın, Qərbi və Mərkəzi Avropanın xeyli hissəsini azad etdilər. İtaliyanın azad olunması başa çatdı. 1945-ci ilin başlanğıcında anti-hitler koalisiyası Almaniyanın öz ərazisində güclü hücum əməliyyatlarına başladı.

Faşizmə qarşı mübarizədə Rusiyadakı, Ukrayna və Belorusiyadakı partizan hərəkatı böyük rol oynadı. Avropanın əksər ölkələrində müqavimət genişlənirdi. Müqavimət mübarizlərinin sıralarında müxtəlif siyasi qüvvələr - kommunistlərdən tutmuş milli burjuaziyanın sağ dairələri birləşmişdi. Bir çox ölkələrdə xalqların anti-faşist üsyanları baş verirdi.

Elba çayı üzərində sovet və amerikan orduları görüşdükdən sonra alman ordusunun qeyd-şərtsiz təslim olması yalnız zamanın sualı kimi gündəliyə daxil oldu.

İngilis-amerikan qoşunları Almaniyaya qərbdən və cənubdan hərəkət edirdi. Qızıl Ordu döyüşçüləri isə Avstriyaya girdilər və Üçüncü Reyxin paytaxtı Berlinə hücuma başladılar. Müttəfiqlərin komandanı general Duayt Erzanhauer Berlini tutmağı Qızıl Ordunun öhdəsinə buraxıb, zərbə qüvvələrini cənuba istiqamətləndirdi. 25 apreldə Qızıl Ordu Berlini mühasirəyə aldı, doqquz gün əvvəldən isə Berlin əməliyyatına başlanmışdı. 1 mayda Reyxstaq götürüldü, sovet əsgərləri onun üstünə qələbə bayrağı sancdılar. 2 mayda alman qoşunlarının Berlin qrupu təslim oldu. Almaniyanın qeyd-şərtsiz təslim olmasına bir həftədən az qalırdı. Berlin uğrunda mübarizənin başlıca ağırlığı Sovet İttifaqı Marşalları G.K.Jukovun, İ.S.Konyevin, K.K.Rokossovskinin komandanlıqları altında olan qoşunların üzərinə düşmüşdü.

8 may 1945-ci ildə Mərkəzi Avropa vaxtı ilə saat 22.43-də Karlxorstda (Berlin) Almaniyanın qeyd-şərtsiz  təslim olması barədə qəti Akt imzalandı. Almaniya adından aktı Vermaxtın Ali Baş komandanlığının qərargah rəisi general-feldmarşal V.Keytel imzaladı. Alman hərbi qüvvələrinin quruda, dənizdə və havada qeyd-şərtsiz təslim olması Aktda xüsusi qeyd edildi.

Almaniyanın təslim olmasına bir aydan da az qalmış, 12 aprel 1945-ci ildə ABŞ-ın 32-ci prezidenti Franklin Delano Ruzvelt 63 yaşında vəfat etdi. Onun 12 illik prezidentliyi dövrü ABŞ-ın həyatındakı ciddi pozitiv dəyişikliklərlə əlamətdar oldu, bu dövlətin dünyadakı rolu da dəyişdi. Ruzvelt “izolyatsinizm” siyasətindən, Avropanın və digər regionların işlərində ABŞ-ın fəal iştirakına doğru dönüş etdi. Müharibənin lap əvvəlindən o, Böyük Britaniya və Fransaya, sonra isə Sovet İttifaqına natsist Almaniyasına qarşı mübarizədə kömək göstərilməsi üçün çox şey edirdi. Ruzvelt həm də anti-hitler koalisiyasının yaradılması və möhkəmləndirilməsində böyük rol oynamışdı. O, müharibənin gedişinə xeyli təsir edən Tehran və Krım konfranslarında iştirak etmişdi.

1945-ci ilin iyununda San-Fransiskoda 50 dövlət Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini imzaladı. Yeni BMT əvvəlki Millətlər Liqasını yeni keyfiyyətdə əvəz edəcəkdi. Onun vəzifəsi beynəlxalq sülhü dəstəkləmək və dövlətlər arasında dinc əməkdaşlığı möhkəmləndirmək olacaqdı. BMT-nin əsas orqanları Baş Məclis, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, qəyyumluq üzrə Şura, Beynəlxalq Məhkəmə və BMT-nin Katibliyi idi. BMT-nin bütün üzvləri hər il Baş Məclisin sessiyasına yığışıb, yaranan problemləri müzakirə edirlər. Qərarlar zəmanət xarakteri daşıyır. Təhlükəsizlik Şurası mübahisəli məsələlərin dinc həlli üçün başlıca məsuliyyət daşıyır. Beynəlxalq Məhkəməyə, bu institut Haaqada yerləşirdi, yalnız dövlətlər səviyyəsində müraciət etmək olar və yalnız o hallarda mübahisə həll edilir ki, əgər hər iki tərəf onun statusuna könüllü qaydada tabe olduğunu bildirsin.

Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə 6 və 9 avqust 1945-ci ildə amerikanlar atom bombası atdıqdan sonra, 14 avqustda Yaponiya imperatoru Hirohito qeyd-şərtsiz  təslim olmalarını elan etdi. Atom bombaları dəhşətli nəticələrə səbəb olmuşdu, təkcə Hirosimada 140.000 nəfərdən çox həlak olmuş və yaralanmışdı, Naqasakidə isə ölənlərin və yaralananların sayı 75 min nəfərdən çox idi. İmperatorun çağırışına baxmayaraq, hərbi əməliyyatlar  bir müddət də davam etdi. Yalnız 2 sentyabrda Yaponiyanın təslim olması barədə qəti Akt imzalandı. İmperatorun çıxışından sonra da Qızıl Ordu yapon Kvantun ordusunun müqavimətini qırıb, Çinin şimal-şərq rayonlarını, Şimali Koreyanı, Cənubi Saxalini və Kuril adalarını azad etdi.

Yaponiya müharibədə 1,8 milyon adam itirmişdi, ölkəyə milyard dollarla ölçüləcək hərbi ziyan dəymişdi, sənaye və silahlı qüvvələr, demək olar ki, tamamilə dağıdılmışdı. Amerikan hərbi hakimiyyət orqanları ölkəni demokratikləşdirməyə çalışdı. Ordunun və sənayenin “böyük təmizlənməsi” prosesində hərbi cinayətkarlar cəzalandırıldı. Yaponiya həm də təzminat ödəməli idi. Asiyaya hökmranlıq etmək istəyən Yaponiya özünün militarizm sindromunun ağrısını çəkməli olmaqla, tarixdə ilk dəfə yadelli düşmənə uduzdu. Yapon hərbçiləri və hökuməti ABŞ-ın iqtisadi və hərbi qüdrətini real qaydada qiymətləndirə bilmədiklərindən, onunla müharibə başlamasından keçən yeddi aydan sonra strateji təşəbbüsü əldən verdilər və ardıcıl olaraq dəniz və hava döyüşündə məğlubiyyətlərlə üzləşməli oldular.

Yaponiyanın qeyd-şərtsiz təslim aktına imza atması ilə altı il davam edən İkinci Dünya müharibəsi başa çatdı, bu, ən çox qan axıdılan və uzun müddət davam edən dünya müharibəsi idi. Müharibə vuruşan dövlətlərin iqtisadiyyatına nəhəng ölçüdə ziyan vurdu. Minlərlə şəhər xarabalıqlara çevrilmişdi. Dinc əhali arasında verilən qurban heç vaxt bu qədər böyük olmamışdı.

Milyonlarla insan natsistlərin ölüm düşərgələrində əzab çəkmişdi. Dünya bu müharibədən tam başqa cür çıxdı. Qalib dövlətlərdən ərazisinə müharibənin toxunmadığı yeganə dövlət olan ABŞ Qərb dünyasının aparıcı dövlətinə çevrilmişdi. Avropada müharibənin əsas ağırlığı çiyinlərinə düşmüş SSRİ də həmçinin dünyada öz təsirini gücləndirdi. Krım və Potsdam konfransları Mərkəzi və Şərqi Avropa ölkələrinin Sovet təsiri zonasına düşməsinə yaşıl işıq yandırdı, həmin ölkələrdə kommunist yönlü rejimlər yaradıldı. Böyük Britaniya isə əksinə, dünya siyasətində özünün aparıcı mövqeyini itirdi.

Fransa da oxşar şəraitə düşdü. Şərqi Asiyada isə Yaponiyanın təslim olmasından sonra Çinin siyasi səhnəyə çıxması üçün perspektivlər açıldı. Artıq 1945-ci ildə dünya iki fövqəldövlət  - ABŞ və SSRİ ətrafında qruplaşmağa başladı.

İkinci Dünya müharibəsində 55 milyona qədər adam həlak olmuşdu, bundan yarıya qədəri, daha dəqiq desək, 27 milyonu SSRİ-nin payına düşür. İkinci yeri tutan Çinin itkisi 12 milyon nəfər idi. Almaniyanın itkisi 5 milyondan bir qədər çox, Yaponiyanınkı isə 2 milyon nəfərə yaxın idi.

Alman yüksək rütbəli hərbi cinayətkarları beynəlxalq Nyurnberq tribunalı tərəfindən layiqli cəzalarına çatdılar. 1945-ci ilin noyabrından 1946-cı ilin oktyabrına qədər keçirilən Nyurnberq tribunalı Almaniyadakı natsist rejiminin 24 başçısını mühakimə etdi. Yeddi təşkilatla birlikdə onlara hərbi cinayətkarlıqda iştirak ittihamları irəli sürüldü. Məhkəməyə cəlb edilmişlərin içərisində natsional-sosialist partiyasının və onun mühafizə dəstələrinin (SS), təhlükəsizlik xidmətinin (SD), gizli polisin (gestapo) rəhbər  heyəti var idi. İlk dəfə idi ki, müttəhimlər kürsüsündə siyasətçilər və hərbçilər əyləşmişdilər, onlar təcavüzkar müharibənin aparılmasında təqsirkar idilər. Müttəhimlərə sülh əleyhinə cinayətlər, hərbi cinayətlər, insanlığa qarşı olan cinayətlər irəli sürülmüşdü.

Tribunal 1945-ci ildə London sazişini imzalayan dörd dövlətin nümayəndələrindən təşkil olunmuşdu. 403 məhkəmə iclası keçirildi, müttəhimlər onlarda izahat verirdilər. Çoxlu şahid dindirildi, 500 sənədli sübutlara baxıldı. 1 oktyabr 1946-cı ildə Beynəlxalq hərbi tribunanın hökmü elan edildi. 12 adam dar ağacından asılmaqla ölüm hökmünə məhkum edildi, 7 nəfərə müxtəlif müddətli və ya ömürlük həbs cəzası verildi. Üç nəfər bəraət aldı.

Natsional-sosialist partiyasının rəhbər heyəti və bu partiyanın mühafizə dəstələri (SS), təhlükəsizlik xidməti (SD), dövlət gizli polisi (gestapo) cinayətkar hesab edildi.

Nyurnberq prosesində tarixdə ilk dəfə təcavüz, bəşəriyyətə qarşı ən ağır cinayət hesab olundu.

Avropada müharibənin başa çatmasından bir il keçməmiş, 1946-cı ilin martında Böyük Britaniyanın görkəmli dövlət xadimi, bu vaxt keçmiş baş nazir olan Uinston Çörçill, Fulton şəhərindəki amerikan universitetində çıxış edərkən SSRİ-ni “müharibənin bəhrələrindən” istifadə etməklə öz qüdrətini və doktrinasını yaymaqda ittiham etdi: “Baltikada Ştattindən Adriatikada Triestədək Avropa qitəsi üzərində dəmir pərdə sallanmışdır”. O, Britaniya imperiyasını və ABŞ-ı hərbi-siyasi ittifaqda birləşməklə SSRİ-nin ekspansiyasına qarşı çıxmağa çağırdı. Beləliklə, Çörçill Qərblə SSRİ arasında soyuq müharibənin başlanılması barədə ilk çağırışla çıxış edib, onun bünövrəsini qoydu.

Bəşəriyyət əsrlər ərzində insanlar üçün ağır və böyük dəhşətlər yaradan qan axıdıcı müharibələrin şahidi olmuşdu. Təəssüf ki, XXI əsrdə də ayrı-ayrı ölkələrdə müharibə alovu sönmək bilmir.

(Ardı var)

 





25.09.2017    çap et  çap et