525.Az

Bakı uğrunda savaş - General Denstervillin Gündəliklərindən


 

Azərbaycan Cümhuriyyəti - 100

Bakı uğrunda savaş - <b style="color:red">General Denstervillin  Gündəliklərindən</b>

(Əvvəli ötən şənbə sayımızda) 

26 avqust

Axşam saat 8-də Bakıya yola düşdüm. Hava gözəl və sakitdir.

Özümlə çoxsaylı dənizçi heyəti, bir neçə ədəd 4 düyümlük 12 funtluq top aparıram. Ümid edirəm ki, onları ticarət gəmilərində qurmaq  üçün icazə ala biləcəyəm. Ənzəlidə 2 rubla satılan qarpızların qiyməti Bakıda 20 rubldur. Hindistanda isə onların qiyməti 1 anna (Britaniya müstəmləkəsi dövründə Hindistanda işlədilən xırda pul. Rupinin 16-da birinə bərabərdir - V.Q.) idi.

27 avqust

Bakıya saat 3.30-da çatdım. Bob göyərtəyə qalxıb vəziyyət haqda məruzə etdi. Çox təəssüf edirəm ki, mən olmayan vaxt türklər uğurlu hücum əməliyyatı aparıb  palçıq vulkanlarını ələ keçiriblər.  Bizim itkilərimiz - 3 zabit və 70 əsgər. Nord Stafforddan olan hərbçilərimizdən 11 zabit öldürülüb, 35 əsgər yaralanıb. Hücum çox qətiyyətli xarakter daşıyıb. Həm də fikrimcə, Bakını tutmaq üçün ən zəif nöqtədən həyata keçirilib. Qüvvələr nisbəti dördün birə olub. Bundan əlavə, artilleriya dəstəyimiz də təmin edilməyib. Mövqelərin möhkəmləndirilməsi üçün göndərilən erməni piyadaları isə əmri yerinə yetirməkdən boyun qaçırıblar.

Düşmənin şəhəri ələ keçirmə təhlükəsi çox böyükdür. Ona görə gündəliyi bundan sonra da yanımda saxlamağa risk etmədim və poçtla Həmədana, Mak Murreyə göndərmək qərarına gəldim.

Qeyd: Dəftərxana kitabı göndərildi, sonrakı qeydlərimi ayrıca bloknotda aparıram.

1 sentyabr

Bakı heç nəyə baxmadan hələ də müdafiə olunur. Bu, sadəcə uzun sürən möcüzədən başqa bir şey deyil. Şəhərdə qayda-qanun və nizam-intizam yoxdur. Beş nəfər diktator - Yermakov, Lemlin, Velunts və b. yarpaq kimi zəifdirlər. Hamısı təxminən 25-30 yaşlı cavan adamlardır. Mən saqqalı ağ olmayanların məsləhətlərinə qətiyyən inanmıram. Qoşunlarda heç bir intizam, mütəşəkkillik və tabeçilik nişanəsi görünmür. Düşmənin hücum etdiyi hər yerdə geri çəkilirlər. Əsgərlərim də hər cür yardımdan məhrum olduqlarına görə asan ova çevrilirlər. Mən ermənilərə az öncə hazırlanıb möhkəmləndirilən mövqelərdə yerləşməyi əmr etmişdim. Çünki məhz həmin istiqamətdən zərbə gözləyirdik. Amma onlar düşmən hücumunu əsas gətirib əmrin icrasından boyun qaçırdılar (Kursiv Denstervillindir - V. Q.). Alisa (generalın xanımı- V.Q.)  yenə Vonderlanddadır. Dünən hərbi hissələrə (söhbət erməni birləşmələrindən gedir - V.Q.) cəbhə xəttinə yollanmaq əmr olunub. Lakin yığışıb məsələ ilə bağlı qərar qəbul etməkdən ötrü iclas keçiriblər. İştirakçıların 30 faizi cəbhə xəttinə getməyin lehinə olub. 70 faiz əleyhinə çıxıb. Bu 30 faiz həqiqətən də dəyanətli oğlanlardır. Onlar qalan 70 faizin üstünə silah çəkiblər ki,  ya  cəzalandırsınlar, ya da əmrin icrasına  məcbur etsinlər. Güllə səsləri bizim zirehli maşınlardan birinin lap yaxınlığından gəlib. Maşına cavabdeh olan kiçik zabit komandirə zəng vurub. “Əgər atəşi dərhal dayandırmasalar, onları gülləbaran etmək əmrini verəcəyəm”. Komandir cavabında deyib: “Zəhmət olmazsa, əmrinizi verin”.

Şəhər gündüz də, gecə də fasiləsiz atəşə tutulur. Sakinlər tədricən buna vərdiş edirlər. Kiçik bombardmanlar elə  böyük zərər vurmur, sadəcə dəhşətli hay-küy qopur. Amma xəstə görünüşlü cavanlar və onların sırtıq gözəlçələri sanki heç nə olmayıbmış kimi əsla həyəcan keçirmədən həmişəki axşam gəzintilərinə ara vermirlər. Mənim limanda dayanan gəmim top atəşlərinin əsas ünvanıdır. Lakin hədəfə gəlmək baxımından  onların nişangahından çox aralı dayanıb. Mərmilərin əksəriyyəti şəhərə, əsasən də qəbiristanlığa düşür. Burada uyuyan ölüləri ikinci dəfə öldürür. Amma mərmilərdən biri gəmimizin burun hissəsindəki xilasedici qayığa dəyib və onu sıradan çıxarıb. Həqiqətən də yaxşı nişan alıblar! Limanda, düz gəmimin illüminatoru arxasında xeyli döyüş sursatının saxlanması xoşuma gəlmədi. Qərara gəldim ki, onların dərhal başqa yerə daşınması haqda yazılı əmr hazırlayım. Əmri hazırladığım vaxt dəhşətli gurultu qopdu. Düşmən mərmilərindən biri sursat anbarının düz mərkəzinə düşmüşdü. Ardınca dəhşətli partlayışlar eşidildi. Anbar qarovulçularından iki nəfər yüngül yaralandı. Başqa elə bir itkimiz olmadı.

Baş komandan general Dokuçayev  yaxşı oğlandır. Amma elə güclü adam deyil, üstəlik də ən çətin sahə üçün cavabdehdir. Onun qərargah rəisi polkovnik Avetisov (ermənidir) zəif, xəstə, tamamən heç bir işə yaramayan adamdır. Generala dedim ki, onu dalına bir təpik vurub qovsun, yerinə də Stouku təyin etsin. Digər qərargah rəisi Van der Faless də heç bir  xüsusi qabiliyyəti ilə seçilmir. Hərbi nazir Baqratuninin  (ermənidir) bu yaxınlarda ayağını kəsiblər. O, ağıllı adamdır. Lakin xarakter  etibarı ilə elə də  güclü deyil. Türklər bu gün xüsusi çətinlik çəkmədən Digah kəndini tutublar.  Həm də baxmayaraq ki, Digah olduqca  möhkəmləndirilmiş  mövqe sayılırdı və şəhərin müdafiəsinin təşkili nöqteyi-nəzərindən müstəsna əhəmiyyətə malik idi. Türklər qələbədən qələbəyə addımlayır. Belə şəraitdə şəhər üzərinə birbaşa hücuma keçməmələri mənə hələ də sirri-xuda kimi görünür. Yəqin tam zəifləyiblər, gücləri tükənmək üzrədir. Əgər əks-hücum üçün qüvvəm olsaydı, dəstələrini darmadağın edərdim. Türklərin indiyədək çox böyük itkilər verməməsinin yalnız bir izahı var: mənim Varvik, Vorçester, Şimali Strafford və Qlosterdən olan 900 qəhrəmanımla üz-üzə gəlməyiblər. Top atəşlərinin nisbətən az ziyanla ötüşməsi haqda hədər yerə yazmışdım. Yəqin, bu zaman atəşin intensivliyini diqqətdən qaçırmışam. Əgər fransız cəbhəsindəki döyüşlər olmasaydı, türklərin ağlı çətin ki, belə bir şey kəsəydi. Top atəşlərindən həlak olanların sayı demək olar, sıfıra bərabərdir. İndi əsas məsələ bədbəxt əhalini - hər  axşam elektrik lampalarının işığında bulvarda gəzən və türklərin istənilən anda başlarını sərçə başı kimi üzə biləcəklərini əsla düşünməyən bütün bu qadınları, uşaqları günbəgün yaxınlaşan soyqırımdan, qırğından necə qurtarmaq fikridir. Bütün bunları götür-qoy edib diktatorları, ordu və donanma komandanlarını, habelə Erməni Milli Şurasının üzvlərini bir yerə topladım və necə deyərlər, bomba partlatdım:

“Artıq Bakının taleyi ilə bağlı qəti qərar vermək vaxtıdır. Güman və ümidləri bir tərəfə qoymalı, yalnız faktlarla hesablaşmalıyıq. Faktlar isə belədir: Düşmənə qarşı vuruşan yalnız mənim əsgərlərimdir. Amma onların da sayı vur-tut 900 nəfərdir. Və heç bir əlavə qüvvə gözlənilmir. Türklər bütün döyüşlərdən qalib çıxırlar. Deməli, özlərində açıq hücuma keçmək üçün cəsarət tapdıqları istənilən dəqiqə Bakıya girə bilərlər. Şəhərin müdafiəçiləri get-gedə daha yarıtmaz və dağınıq hərəkət edirlər. Dünən hərbi şuranın iclasında idim. Orada generalların hazırladığı döyüş planı hansısa matros tərəfindən rədd olundu. Əslinə baxanda belə planlar özü də faydasız şeydir. Bir işə yaramırlar. Bu gün səhər çağı türklərin Binəqədi yüksəkliyini ələ keçirdikləri döyüşü müşahidə edirdim. Həmin təpəni geri almaq üçün kiçik bir əks-hücum kifayət idi. Lakin mövqe itiriləndən sonra əsgərlərin  arxalarını düşmənə necə çevirdiklərini, sözün həqiqi mənasında əllərini ciblərinə qoyub Bakıya tərəf addımladıqlarını müşahidə etdim. Bundan sonra dərhal baş komandanın yanına getdim, bir daha yeni planlar ətrafında müzakirə apardıq.
 
Mənə elə gəlir ki, məsələ kifayət qədər aydındır.  Ona görə  sizə son məsləhətimi vermək istəyirəm: əvvəlki təcrübələrdən də yaxşı bildiyiniz kimi, hücum əmri veriləndə əsgərləriniz həmişə mütləq geri çəkilirsə, o zaman xəritələri öyrənməyin, möhkəmləndirilmiş istehkamlar qurmaqla bağlı mübahisə açmağın nə mənası var?  Əgər hər şey belə davam edəcəksə, heç bir xeyri olmayan cançəkişməni uzatmağın və dinc əhalinizin həyatını təhlükədə qoymağın nə mənası var? Mən bundan sonra igid əsgərlərimi hədər yerə qurban vermək fikrində deyiləm. Krasnovodska gedəcəyəm, orada Türküstan üçün yeni, daha faydalı mübarizəyə başlayacağam. Sizə lazımi danışıq aparmaq üçün bir gecə vaxt verirəm. Şəhərin təslimi, barışıq əldə olunması üçün dərhal ağ bayraq qaldırın, aşağıdakı şərtləri təklif edin (amma əvvəl müdafiə xəttinizi gücünüz çatan vasitələrlə möhkəmləndirin): əgər 48 saat ərzində bütün qadın və uşaqları, eləcə də hərbi güclərimizi təhlükəsiz şəkildə çıxarıb aparmağa  imkan yaratsanız, o zaman şəhəri sizə sağ-salamat, heç bir yeni dağıntı olmadan təslim edəcəyik. Əks təqdirdə sonuncu patronumuz qalana qədər vuruşacağıq. İtkiləriniz çox ağır olacaq. Bütün elektrik stansiyalarını, Batumi kəmərinə neft vuran nasos qurğularının hamısını partladacağıq. Bu da Bakını ələ keçirmək üçün can atdığınız bütün məqsədlərə, hədəflərə həmişəlik nöqtə qoyacaq. Aydın məsələdir ki, siz dəmir yollarınız və Qara dəniz donanmanız üçün neft əldə etməkdən ötrü savaşırdınız. Beləliklə də bütün səyləriniz hədər olacaq, tam fiaskoya uğrayacaqsınız”.

İştirakçılar arasında bərk səs-küy düşdü, ortadan bir həyəcan dalğası keçdi. Hamı dediklərimin yüzdə yüz həqiqət olduğunu yaxşı başa düşürdü. Lakin indiyə  qədər heç kim bu barədə açıq danışmağa cürət eləməmişdi. Şəhər iki dəfə Cənabi-Allahın göndərdiyi möcüzə sayəsində xilas olmuşdu. Bu iyulun 26-da və avqustun 5-də baş vermişdi. Üçüncü möcüzə gözləməyə haqqımız yox idi. Ünvanıma bir neçə acı söz söyləndiyi qısa danışıqdan sonra onları müzakirəni davam etdirmək üçün iclas zalında qoyub baş komandanın görüşünə getdim. Sonra təzədən yanlarına qayıtdım, axmaq söhbətləri bir tərəfə buraxıb əməli işə keçmələri üçün az qala yalvarmağa başladım. Aman Allah, bu adamlar heç bir iş görmədən danışmağı necə də xoşlayırlar! Sonra hərbi nazirə baş çəkdim. O, gətirdiyim dəlillərlə tam  razılaşdı. İclasa toplaşanlar isə axşam saat 8.30-a qədər danışıblar, axırda təklif etdiyim planla razılaşıb əməli işə keçməklə bağlı vəd  veriblər. Amma sonra yenə bütün gecəni danışıblar və növbəti səhər əvvəlki qərarlarını tam dəyişiblər: “Biz belə qorxaq plana qarşıyıq. Vəziyyətə nəzarət əlimizdədir. Siz də güzəştə getməlisiniz. Hətta bir gəmi də limanı tərk etmək fikrinə düşsə, dərhal batıracağıq. Sonra isə topları quru qüvvələrinizə qarşı çevirəcəyik. Açıq dənizdə lövbər atan, təhlükəsizlikləri tam təmin edilən lovğa matroslar üçün belə danışmaq asandır. Bir sözlə, şəhəri müdafiə etmək qərarı veririk”. Lap yaxşı! Çox sevinirəm. Çünki biz hər gün müttəfiqlərin prinsiplərindən get-gedə daha çox uzaqlaşırıq. Ancaq yeganə qorxum mülki əhalidəndir. Onların kədərli aqibəti hər gün gözlərim önündə daha görümlü  rəsm olunur. Kənara çəkilməklə bu adamlara kömək etmək mümkün deyil. Cənabi-Allah bizə üçüncü möcüzəsini də göstərəcəkmi? İndi qərargahımı dənizdən quruya, “Avropa” (“Köhnə Avropa”, sonralar “Göy göl” mehmanxanası adlanmışdı - V.Q.) otelinə köçürürəm. Çünki açıq dənizdə, öz gəmimdə olmağımı qorxaqlıq  saya bilərlər.

3 sentyabr

Dünən gecə şəhəri şiddətli atəşə tutmuşdular. Fransız polkovniki Şardini çox əsəbi adamdır. Əslinə baxanda, özüm də xüsusi qəhrəmanlığı ilə seçilən birisi deyiləm. Lakin Allah yalvarıram ki, doğuluşdan əta etmədiyi cəsarəti indi bir mükafat kimi versin. Belə dualara adətən çox tez cavab almaq olur. Bəlkə də bu hissin təsiri altında özümü haradasa Biskopsteytinqnonda gəzişən adam sakitliyi ilə aparıram. Mən heç vaxt maddi istək ifadə edən duaların müstəcəb olacağına inanmamışam. Lakin bütün digər dualarım həmişə yerinə yetir. İki gün əvvəl düşmən mövqelərini müşahidə edərkən  Binəqədi təpəsində altı yaxşı tuşlanıb atılan gülləyə hədəf oldum. Amma onlara əsla əhəmiyyət vermədim, ürəyimdə heç bir qorxu hissi baş qaldırmadı. Sonra  atəş səsləri də kəsildi. 

5 sentyabr

Hələ də şəhəri əlimizdə saxlayırıq. Amma necə? Doğrusu, bilmirəm. Yeganə izah - Allahın möcüzəsidir. Yəqin itirmək vaxtı hələ yetişməyib. Lakin həmin dəqiqə hər an gəlib çata bilər. Çevrəmdəki Bakı qoşunları həqiqətən də xalis dəhşətdir. Dünən gecə, qaranlıq düşəndə zabitlərimdən biri müdafiə xəttini inspeksiya edirdi. Ən təhlükəli və düşmən hücumunun ən çox gözlənildiyi yerdə heç kimə (kursiv müəllifindir) rast gəlməmişdi. Əslində isə cəbhə xəttinin həmin hissəsində 1500 əsgər və 2 pulemyot olmalıdır. Bütöv erməni batalyonunun dayanmalı olduğu başqa nöqtədə isə cəmisi 75 nəfər varmış. Qarpızın qiyməti 20, mineral suyun şüşəsi 4 rubldur. Bir yumurtanı 2 rubl 50 qəpiyə satırlar. Ət, yaxud pudinqdən ibarət kiçik boşqab yeməyin qiyməti 50 rubldur. Bütün günüm danışıqlarda və müxtəlif adamlarla kiçik mübahisələrdə keçib. Burada yerli hökuməti təmsil edən 5 diktatorla iki ciddi münaqişəm olub. Yazıq oğlanlar! Onların heç bir hakimiyyəti yoxdur. Hakimiyyət Komitələrin (Milli Komitələr - V.Q.) əlindədir. Ona görə də diktatorlar çətin vəziyyətdə qalmaqdadırlar.

7 sentyabr

Dünənki bombardman nisbətən sakit idi. Qızıl portsiqar və 6000 min rubl nağd pulu da daxil Breyin hər şeyini oğurlayıblar. Oğru mənim otağımdan girib, oradan da çıxıb. Amma  əşyalarımdan heç birinə toxunmayıb. Burada daim möcüzələrin əhatəsindəyəm. Allah mənə qarşı çox mərhəmətlidir. Düzü, bu sözləri deyəndə bir az da özündən məmnunluq duyuram.

Düşmən hücuma keçmir. Niyə? Möcüzə hələ də davam edir.

9 sentyabr  

Heç şübhəsiz, düşmənin əlində şəhərin xəritəsi var və yerdəyişmələrim haqda dəqiq məlumat alır. Məsələn, bilirlər ki, hər gün günortadan sonra saat 16.30-da “Kryuqerin” göyərtəsində çay içirəm. Və çox güman, atəşi düz  üstümə yönəltmək üçün burada da adamları var. Şənbə günü həmişəki kimi çay içdiyim vaxt yenə atmağa başladılar. Lakin müşahidəçimin diqqətsizliyi ucbatından ilk mərmi haradasa kafedral kilsəsinin ətrafına, ikincisi isə nisbətən yaxınıma düşdü. Onlar get-gedə hədəfə yaxınlaşana qədər belə davam etdi. Nəhayət, mərmilərdən biri bir neçə yardlıq  məsafədə, gəminin dor ağacları arasına düşdü. Amma xoşbəxtlikdən partlamadı. Sonra deyəsən, müşahidəçi daha dəqiq siqnallar göndərməyə başladı. Nəticədə iki top atəşi düz “Kryuqerə” yönəldi. Lakin yenə  hədəfə çatmadılar. Sadəcə, qonşu dayanacaqda lövbər salan iki gəmi zədələndi. Onların bütün narahatlıq və həyəcanlarının səbəbi “Kruger” limandakı gəmilərin hamısından sürətlidir. Nəhayət, atəş dayandı. Görünür, türklərin döyüş sursatı problemi var. Kapitan Noel bütün vaxtı burada, yanımda idi. Əla oğlandır. Altı ay divara zəncirlənmiş halda Kiçik xanın zindanında saxlanıb, dəfələrlə qırmancla döyülüb. Yalnız mən Kiçik xanla sülh bağlayandan sonra azadlığa çıxa bilib. Başına bu qədər müsibətlər gəlsə də, çox yaxşı görünür. Bizim Binəqədidəki mövqelərə baxmaq məqsədi ilə kapitanı da özümlə götürmüşdüm. Şəhərə qayıdanda “Avropa” otelindəki mənzil-qərargahımın güclü atəşə tutulduğunu gördüm. Maşını saxlamaq olmazdı. Yoxsa dar küçədə hərəkət tamam dayanardı. Beləcə, biz dərhal geri döndük və təhlükədən qurtarmaq üçün qaçan kütlənin önündə yer aldıq. Bu, qeyri-adi səyahət idi. Böyür-başımızda divardan qopan kərpiclər və iri mala parçaları dəhşətli gurultu ilə səkiyə dəyib parçalanırdı. Mən bərkə-boşa düşmüş adamam, ona görə sakitcə oturub baş verənləri sanki çox xoşuma gələn mənzərə kimi seyr edirdim. Otelə çatanda top atəşləri artıq dayanmışdı. Mərmilərdən biri Viterin yataq otağına, digəri isə mənim kabinetimə düşmüşdü. Otaq tam dağılsa da, kimsəyə sədəmə toxunmamışdı.
 
İki mərmi otelin yaxınlığındakı yolda partlamışdı. Balkonları dağıtmış, pəncərə şüşələrini çilik-çilik eləyib yerə səpələmişdi. Qonşu binada yanğın başlandı. Amma yanğınsöndürən dəstə tez gəlib çıxdı, olduqca mütəşəkkil işləməyə başladı və tezliklə yanğını tam nəzarətə götürdü. Artilleriya atəşi çox dəhşətli şeydir. Lakin mərmilər böyük olmayanda o qədər də qorxusu yoxdur. Allaha şükür ki, burada böyük mərmilər tapmaq mümkün deyil. Yeni möcüzələr üçün Allaha və Müqəddəs Məryəm Anaya min-min şükürlər!  Biçeraxovun birinci dəstəsi bu gün Petrovskdan (indiki Mahaçqala - V.Q.) gəldi. Və indiki anda işlər doğrudan da yaxşı gedir. London və Bağdad  dərhal Bakıdan çıxmağımı əmr edir. Amma mən qətiyyətlə, heç bir etiraza yer qoymayan tərzdə əmrdən boyun qaçırdım. Bütün bu işlərin necə başa çatacağını təsəvvürümə də gətirə bilmirəm. Onlara çox güclü teleqram göndərdim. Əvvəllər buna bənzər sənədlər düzəltmək heç vaxt ağlımdan da keçməmişdi. Dediyim sənəddə xüsusi bir şey yoxdur. Sadəcə lazımi mexanizmlərin hərəkətə gətirilməsi, daha dəqiq və düzgün addımlar atılması ilə bağlı fikirlərim öz əksini tapıb. Bağdad və London strategiya məsələsində cinayətkarcasına lənglik göstərdilər. Hətta indi də anlaya bilmirlər ki, türklərin Bakını ələ keçirməsi onlar üçün bizim Bağdadı tutmağımızdan qat-qat əhəmiyyətli qələbədir. Axşam Marn döyüşünün  ildönümü münasibəti ilə Belçika konsulunun (ermənidir) verdiyi şam yeməyinə qatıldım. Qonaqlar 12 nəfər idi: polkovnik Şardini,  başqa bir fransız zabiti, bir nəfər rus, çox geniş və alabəzək paltarda erməni keşişi... Masanın qeyri-adi görünüşü vardı. Eyni sözləri qonaqlar haqqında da demək olardı. Çox, hətta həddindən  çox nitq söyləndi. İşimin çoxluğu ilə bağlı gerçəyə uyğun bir bəhanə tapıb iki saatdan sonra aradan çıxa bildim.

10 sentyabr

Hər gün səhərdən axşama qədər məşğulam. Bu gün neft mədənləri ilə bağlı məsələlərin müzakirəsi üçün fransız ordusundan leytenant Maurislə görüşdüm. Sonra kapitan Noel bəzi dəyirmanların ərzaq istehsalını artırmaq üçün İngiltərə ilə ticarətlərini təmin etmək təklifini mənə çatdırdı. Biz də öz növbəmizdə onların məhsullarının artıq qalan hissəsini alıb sonra dəyərini limanlarda buğda ilə ödəyə bilərdik. Görünür, bu günlərdə yenidən barterə qayıtmalı olacağıq. Kapitan Noelin Şimali Qafqazla bağlı da belə planları var. Orada Payk öldürülüb, bu səbəbdən də kapitana onun yerini tutmağı təklif etdim. Sonra cənab Klarkı qəbul etdim. O, ərzaq nəzarəti ofisinin rəhbəridir. Burada ümumi sayı 300 minə çatan əhalini ərzaqla təmin etmək tələb olunur. Sonra eser Qendre yeni planları, erməni Araratyan erməni ordusunun təzədən qurulması, polkovnik Şardini Parisdə mövcud vəziyyətlə bağlı aldığı teleqramlar, Roqozin öz niyyətləri, Albizi rusların hərbi maşınları haqda məlumat verdi.  Axşam üstü saat 5-də isə gürcü prinsinin tatarların vəziyyəti və onlarla bağlı ümidlər barəsində məlumatını dinlədim. Sonra Hərbi Nazirlikdə komitənin görüşü. Baqratuni. Ordunun yenidən təşkili. Kapitan Kolmanatusun İrəvan haqda, mayor Konrasın  Biçeraxova qarşı irəli sürülən  ittihamlar, nəhayət polkovnik Ravlinsonun körpülərin dağıdılması barədə məlumatları.  

12 sentyabr

Qonşu verfdə qadını aşnası güllə ilə vurub yaralayıb. Onun qulağı deşən fəryadları adama kədər gətirir. Amma belə hallar burada adi şey sayılır. Kinli ermənilər müsəlmanlara hücumlarına heç ara vermirlər. Dünən gecə yenə də tatar evinə  basqın ediblər. Rus əsgərləri qayda-qanun yaratmaq üçün gələndə  kapitanın oğlu yaralanıb. Ona görə də gəmidə matəmdir. Dünən bombardman olmayıb. İnsanın zəhləsini tökən sakitlikdir. Uzun müddətli razılaşmalardan sonra nəhayət bu gün Dağıstan müsəlmanlarının nümayəndəsi ilə görüşə bildim. Mənə dağıstanlıların mövqeyini çox aydın təsvir etdi. Cəbbəxanamızı bir az sahmana saldıq. Döyüş sursatı ilə təminat əla vəziyyətdədir. Bu sözlər pulemyot və artilleriyaya da aiddir. İndiki ehtiyatlar növbəti 6 aya da bəs edər.

15 sentyabr

Bazar günləri adətən çox hərəkətli keçir. İndi də şərəfli 39-cu briqadamın qalıqları ilə təzədən geriyə - Ənzəliyə üzən “Kryuger” gəmisinin göyərtəsindəyik. Nəhayət, çoxdan gözlədiyimiz böhran gəldi və keçdi. Amma Allah yenə bizə qarşı mərhəmətli oldu. Türklərin həlledici hücumu səhər saat 4-də başladı. Saat 11-ə doğru onlar artıq şəhər ətrafındakı bütün yüksəklikləri ələ keçirib vaxt itirmədən bizim mövqelərə doğru irəliləməyə başlamışdılar. Bizim qoşunlar - Strafforddan, Varvikdən və Vorçesterdən olan hərbi hissələr əla döyüşürdülər. Onların əllərindəki 800 tüfəng öz artilleriyamız və yerli qüvvələrin artilleriyası (təxminən 40-a yaxın top) sayəsində gücünü ikiqat artırıb komandamız altında zirehli avtomobillər də daxil olmaqla 7 minə yaxın türklə savaşın bütün ağırlığını  üstlərinə götürmüşdülər. Və qarşılarına qoyulan vəzifənin öhdəsindən əla gəldilər. Saat 16-da öyrəndim ki, Bakı qoşunları düşmənə müqavimət göstərmək əvəzinə həmişəki kimi yenə də əsgərlərimi təhlükə altında qoyub mövqedən qaçırlar. Biçeraxovun adamları və artilleriyası əla döyüşürdü. Ermənilərdən isə həmişəki kimi bu dəfə də bir fayda yox idi. Mən təlimata uyğun şəkildə Breyi yazılı qeydlə diktatorların yanına göndərdim. Onlara  döyüşün taleyinin artıq tam həll edildiyi ilə bağlı məlumat verdim. Eyni zamanda, qoşunlarımı mümkün qədər tez, qaranlıq ikən gəmiyə yükləmək istədiyimi bildirdim.  Brey diktatorları başlarını tam itirmiş vəziyyət tapmışdı. Onu  çox diqqətsiz dinləmiş, “Nə istəyirsinizsə, edin!” - deyə cavab vermişdilər.

Axşam saat 10-da, artıq limandan ayrılmağa hazırlaşdığımız vaxt diktatorlardan iki nəfər - Lemlinlə Salovski göyərtədə göründülər. Onlar əsgərlərimi yenidən mövqelərə qaytarmağı əmr edir, icazələri olmadan yola düşə bilməyəcəyimizi deyirdilər. Mən risk edib açıq dənizə işıqları söndürülmüş gəmilərlə çıxmaq  qərarına gəldim. Sonra əmr verdim ki, hər gəmi digərlərindən asılı olmadan, müstəqil şəkildə Ənzəli limanına üzsün. Düşmənin üstün qüvvəsi ilə (məsələn, toplarla silahlanmış gəmilərlə)  üzləşdikləri təqdirdə əmrə tabe olmağı və ümumi razılığa gəlməyi tapşırdım. Gecə saat 1-də kommodor və Xaskinlə birlikdə artıq kapitan körpücüyündə  idim. Keşikçi gəminin yanından sakitcə sürüşüb keçməyə çalışdıq. Lakin oradan bizi gördülər və dayanmağımız üçün üç dəfə fit verdilər. Biz də üç dəfə fit  verdik. Bu, əmrə tabe olmaq işarəsi idi. Lakin fit verən kimi dərhal tam sürətlə irəli şütüdük. Keşikçi gəmisi lövbər atmışdı. Ona görə bizi təqib edə bilmədi.  Sadəcə müşahidə rakursunda olduğumuz müddət ərzində atəş açırdılar. Amma bir şeyə nail ola bilmədilər. Əhsən bizim dənizçilərə! Üç mərmi kapitan körpücüyünün lap üstündən uçub keçdi. Şturvaldan yapışan dənizçi dərhal sükanı buraxdı, dovşan kimi qaçıb aradan çıxdı. Kapitan özü sükan arxasına keçdi, çətinlik çəkmədən təhlükəli yerdən uzaqlaşdıq. Və qarşımızda gözəl mənzərə açıldı. Biz xoş əhval-ruhiyyə  ilə yüngülcə dalğalanan dənizdə sürətlə irəli şütüyürdük.  Sərin meh sanki üzümüzü sığallayırdı. Elə təəssürat vardı ki, sanki dünyada heç vaxt heç bir müharibə, heç bir qarşıdurma olmayıb. Bu arada isə İranda xoşagəlməz hadisələr baş vermişdi. Urmiya süqut etmişdi. Türklər böyük sürətlə Qəzvin və Həmədana doğru irəliləyirdilər. Yaxın gələcəkdə bizi nələr gözlədiyini bir Allah bilir. Yəqin bu ərazidə xeyli müddət dala-qabağa qaçmalı olacağıq. Bağdada və Hərbi Nazirliyə çox sərt teleqram göndərdim. Yürütdükləri siyasətin yarıtmaz tərəflərini açıb ortaya qoydum. Əgər onlar “pis siyasətlərinin ən pis şəkildə həyata keçirməsəydilər, yəqin ki, hadisələrdən daha uğurla çıxa bilərdim.  Orada kəskin tənqidimdən incidilər, bildirdilər ki, məni vəzifədən məmnuniyyətlə azad edərdilər, təəssüf ki, bu, onlardan asılı deyil. Amma düşünürəm ki, davranış tərzim daha sonra müzakirə ediləcək. Və yəqin ki, həqiqəti Hərbi məhkəmə vasitəsi ilə sübut edəcəyəm.

Srağa gün və dünən onlar (Qafqaz İslam ordusu - V.Q. mənim “Köhnə Avropa” otelindəki mənzil-qərargahımı şiddətli atəşə tutmuşdular. Mərmilərdən biri otaqda, diqəri isə həmin anda hamımızın dayandığı böyük zalda partladı. Qəlpələr dörd bir yana səpələndi. Xoşbəxtlikdən yaralanan və ölən olmadı.

Bakı hökumətinin məqsədi mənə indi çatır: döyüşəndən, onlardan ötrü mümkün olan hər şeyi edəndən sonra bizdən, üstəlik, həm də özlərinə sərfəli şərtlər qazanmaq üçün girov kimi yararlanmaq istəyirdilər. Yəni “biz qərargahları ilə birlikdə britaniyalıları sizə veririk, siz də...”  Burada da  qazanc güdürdülər. Döyüşlərin qızğın vaxtı gün boyu bir neçə dəfə rus komandan general Dokuçayevlə görüşdüm. O, başını tamam itirmişdi. Hər xırda məsələyə görə özünü narahat etməyə imkan verirdi. Vaxtının çoxunu boş, mənasız telefon danışıqlarına itirirdi. Ümumən yaxşı adamdır, amma işə bir qəpiklik xeyri yoxdur. Həmişə heç nəyə yaramayan avara və mənasız cavan kimi tanıdığım Voskresenskini tapdım. Pencəyinin yaxasından yapışıb möhkəmcə silkələdim. Deyəsən, təsiri oldu. Çünki dərhal yolumdan çəkildi.

Əslində, digər gəmilərlə bağlı bərk narahatlıq keçirirdim. Amma Allaha şükür ki,  polkovnik Ravlinsonun limanı tərk etdiyi balaca “Ermənistan” gəmisi istisna olmaqla, onlar hamısı mənzil başına sağ-salamat gəlib çatmışdılar. Həmin gəmiyə sursat yüklənmişdi.

Yaradanın əli hər yerdə üstümüzdə oldu. Gəmiləri və adamları təxliyyə etmək istədiyim dayanacaq, sonradan öyrəndiyimizə görə bu iş üçün tamamilə yararsız imiş. Üstəlik də daim atəş altında və əsgərlərimin limanı tərk etməyə hazırlaşmalarını hamı görə bilərdi. Amma vəziyyəti tez dəyərləndirib şəhərin o biri başında tələblərimizə tam cavab verən yeni dayanacaq tapa bildim.

16 sentyabr

Bağdada qayıtmağım haqda teleqram aldım. Özümü qətiyyən incidilmiş  saymıram. Çətin şəraitdə əla iş gördüm. Boş yerdə, bir tərəfdən Bağdadın, o biri tərəfdə isə Hərbi Nazirliyin bütün süstlük və səhvlərinə baxmayaraq, çox yaxşı nəticələr əldə etdim.  Teleqramlarımdan sonra taleyimi yüngülləşdirmək və mənə Hərbi məhkəmə vasitəsi ilə təsir göstərmək iddiasından daşınmaqdan  başqa yolları qalmadı. Yenə Allaha şükür ki, polkovnik Ravlinson və onun balaca gəmisi çarpaz atəşin altından sağ-salamat çıxdı və gəlib bizə qoşuldu. Bu erməni qaçqınları əsl fəlakətdir!

İngilis dilindən tərcümə: Vilayət Quliyev

 





25.09.2017    çap et  çap et