525.Az

Dünya turizm günü “Davamlı turizm inkişaf üçün alətdir” devizi altında qeyd olunur


 

Dünya turizm günü “Davamlı turizm inkişaf üçün alətdir” devizi altında qeyd olunur<b style="color:red"></b>

27 sentyabr Dünya turizm günüdür. 1970-ci il sentyabrın 27-də Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (DTT) nizamnaməsi qəbul olunub.

1980-ci ildə təşkilat bu tarixin Dünya turizm günü (World Tourism Day) kimi qeyd olunması barədə qərar qəbul edib. DTT hazırda dünya ölkələri arasında turizm sahəsi üzrə koordinasiyanı həyata keçirən, üzv dövlətlər arasında vahid statistik məlumat bazasının formalaşdırılması, turizmin bu və ya digər növünün inkişaf etdirilməsi və s. məsələlərlə bağlı tövsiyələr verən, BMT nəzdində ixtisaslaşmış təşkilatdır.

Azərbaycan bu təşkilata 2001-ci ildə üzv qəbul olunub. 27 sentyabr - Dünya turizm  günü ölkəmizdə də hər il müxtəlif tədbirlərlə qeyd olunur. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı sərəncama əsasən, 27 sentyabr - Dünya turizm günü həmçinin Azərbaycanda turizm işçilərinin peşə bayramı günü elan edilib.

***

BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili dünyada “Beynəlxalq davamlı turizm ili” elan edib. “Beynəlxalq davamlı turizm ili”nin rəsmi açılış mərasimi bu ilin yanvarın 18-də İspaniyanın paytaxtı Madriddə keçirilib. “Beynəlxalq davamlı turizm ili”ndə beş mühüm sahədə - hərtərəfli və dayanıqlı iqtisadi inkişaf; sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması; təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi; mədəni dəyərlər, müxtəliflik və irs; qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolu təşviq edilir.

Qurumun fəaliyyətində yaxından iştirak edən ölkəmiz 2013-cü ildən Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvüdür. 2017-ci ildə Azərbaycan Respublikası Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına sədrlik edir. Bu barədə qərar ötən il oktyabrın 31-də Şuranın Misirin Luksor şəhərində keçirilən 104-cü sessiyasında qəbul olunub.  Azərbaycanın qurumun İcraiyyə Şurasının sədri seçilməsi Prezident İlham Əliyevin dəstəyi və təşəbbüsü ilə turizm sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq, ölkəmizin beynəlxalq turizm məkanında qazandığı nüfuz və etimadın, Dünya Turizm Təşkilatında ölkəmizə olan etibarının göstəricisidir.

Bu il sentyabrın 11-dən 16-dək Çin Xalq Respublikasının Çenqdu şəhərində DTT-nin Baş Assambleyasının 22-ci sessiyası çərçivəsində qurumun Avropa Komissiyasının iclası keçirilib. İclasda Avropa regionundan 5 ölkə - Azərbaycan, Rumıniya, Rusiya Federasiyası, Yunanıstan və Litva 2018-2021-ci illər üçün DTT-nin İcraiyyə Şurasına üzv seçilib və Baş Assambleyanın qərarı ilə üzvlük təsdiq olunub. Azərbaycan növbəti dörd il müddətinə qurumun İcraiyyə Şurasına üzv seçilməsi son illərdə ölkəmizin turizm sahəsində qazandığı uğurların və Şurada səmərəli fəaliyyətinin təsdiqidir.

***

Bu il Dünya turizm günü “Davamlı turizm inkişaf üçün alətdir” devizi altında qeyd olunur. Təşkilatın baş katibi Taleb Rifainin Dünya turizm günü münasibətilə ictimaiyyətə müraciətində turizmin kimya və yanacaq sənayesindən sonra ixracın həcminə görə üçüncü ən böyük sənaye sahəsi olduğu bildirilir. Qeyd edilir ki, turizm bütün insanlarda ümid, münasibətlərdə qarşılıqlı anlaşma yaradır. Müraciətdə vurğulanır ki, ötən il 1,235 milyon səyahətçi beynəlxalq sərhədləri keçib. 2030-cu ilədək bu rəqəm 1,8 milyard olacaq. 2017-ci ildə qeyd edilən Dünya turizm gününün əsas məsələsi 1,8 milyard adamın turist kimi səyahətindən yaranacaq imkanların dayanıqlı inkişafın iqtisadi, sosial, ekoloji, mədəni və sülh istiqamətlərinə necə töhfə verə biləcəyini nəzərdən keçirməkdir. Diqqətə çatdırılır ki, BMT Baş Məclisi 2017-ci ili “Beynəlxalq davamlı turizm ili” elan edib. Bu bizə bəşəriyyət üçün daha yaxşı gələcəyə nail olmaq məqsədilə turizmin imkanlarından istifadə edilməsində qüvvələrimizi birləşdirməyə şərait yaradır. Hər kəs səyahət edəcəyi ölkədə təbiətə, mədəniyyətə, yerli əhaliyə hörmətlə yanaşmağı unutmamalıdır: “Siz arzu edilən cəmiyyətə nail olunmasında dünyanı dəyişdirməyə qadirsiniz. Siz daha yaxşı gələcəyin səfiri ola bilərsiniz. Səyahət edin, zövq alın və hörmət edin”.

Dünya Turizm Təşkilatı “Beynəlxalq davamlı turizm ili” çərçivəsində istehlakçıya yönələn və davamlı turizmin bütövlükdə inkişafa verə biləcəyi töhfələr barədə məlumatlılığın artırılmasını nəzərdə tutan “Səyahət et. Zövq al. Hörmət et” kampaniyasını həyata keçirir. Kampaniyanın məqsədi turizm sektorunun müsbət dəyişikliklər katalizatoruna çevrilməsi işinə turistlərin cəlb edilməsidir. Müxtəlif dillərdə və dünyanın müxtəlif ölkələrinə reallaşdırılan kampaniyaya DTT-nin Etika Komitəsinin hazırladığı “Məsuliyyətli səyahətçi üçün məsləhətlər” adlı rəhbər göstərişi də daxildir. Bu, turistlərin səfər vaxtı məsuliyyətli seçim etməsinə və getdiyi məntəqədə müsbət təsir göstərməsinə kömək edir.

 





26.09.2017    çap et  çap et