525.Az

Sükutdan qopan əbədi səslər: sizi eşidirik!


 

Sükutdan qopan əbədi səslər:<b style="color:red"> sizi eşidirik!</b>

Deyirlər, Tanrı insanı yaradarkən onu hər qabiliyyətlə təmin edir. Ancaq elə insanlar olur ki, hansısa səbəb üzündən onlar nədənsə məhrum qalırlar. Bu zaman Tanrı onların məhrum olduqlarını digər qabiliyyətlərinin üzərinə gəlir.

Necə deyərlər, bir yerdən alsa da, digərindən daha da çox verir. Məsələn, ilk dəfə alman bəstəkar Lüdviq van Bethovenin gənclik illərindən başlayaraq, kar olduğunu, ən gözəl əsərlərini də məhz bu problemi yaşayarkən yazdığını eşidəndə çox təəccüblənmişdim. Musiqini eşitməyən bir insan onu necə bəstələyə bilərdi ki? Ancaq sonradan anlamışdım, yuxarıda dediklərimin bir qisminin də məhz bu cür insanlara aid olduğunu.

Ətrafımızda ara-sıra, eşitməsində və danışmasında problem olan insanlarla qarşılaşırıq. Çox zaman bu problem ya anadangəlmə, ya da körpə yaşlarında keçirdiyi xəstəliklə əlaqədar olur. Bu cür insanlarda əsas problem qulaqlarında olur. Yəni, anadangəlmə eşitməyən insan danışa da bilmir. Bu cür insanlar isə Yaradan tərəfindən başqa cür mükafatlanırlar. Onlar daha həssas hissiyyata, daha böyük istedada malik olurlar. Məsələn, görmə qabiliyyətindən məhrum olan insan çox mükəmməl eşidə bilir, səslərə qarşı həddindən artıq dərəcədə həssas olur və məhz bu qabiliyyəti onun gözlərini əvəz edə bilir. Eləcə də eşitmə qabiliyyəti olmayan insan çox yaxşı hiss edir, duyur, səsləri eşidə bilməsə də, yüksək müşahidə qabiliyyəti ilə dünyanın ritminə ayaq uydura bilir.

Bir neçə il öncə, yaşadığımız binaya bir ailə köçmüşdü. Bu ailənin oraya gəlməsi bir müddət digər qonşuların marağına səbəb olmuşdu. Çünki bir qızları olan ər-arvadın ikisi də danışma və eşitmə qüsurlu idilər. Binamıza köçərkən 11-12 yaşlarında olan uşaq isə həm yaxşı eşidirdi, həm də danışırdı. Əslində, qonşuların daha çox marağına səbəb olan bəlkə də bu idi. Hətta bir neçə nəfər müxtəlif bəhanələrlə gedib təzə qonşuların qapısını döymüş, onların həyat hekayəsi ilə maraqlanmışdılar. Sonradan öyrənmişdik ki, anadangəlmə eşitmə və danışma qabiliyyəti olmayan bu insanlardan ən əvvəl ailələri imtina edib. Ailə qayğısına, doğmalarının sevgisinə ehtiyacları olan bir dönəmdə internat məktəbində həyata tutunan bu insanların sonrakı həyatlarında bir-birinə dayağı da məhz özləri olub.

Bu hadisə çox uzun müddət beynimi, hisslərimi məşğul etdi. Bu cür insanlara cəmiyyətimizin birmənalı olmayan reaksiyası, davranışı heç də xoş təsir bağışlamırdı. Çox təəssüflər olsun ki, bəzən bu insanlardan qəddar şəkildə birinci imtina edən məhz öz ailələri olur.

Hər il sentyabrın sonuncu bazar günü Beynəlxalq Lallar və Karlar Günü kimi qeyd edilir. Həmin gün 1951-ci ildə lalların və karların Ümumdünya Federasiyasının yaradılmasının şərəfinə təsis edilib. Bu günün hədəfi karların üzləşdikləri gündəlik problemlərlə bağlı cəmiyyətin məlumatlandırılmasıdır. Bu il də bu gün sentyabrın 24-nə təsadüf etdi.

Araşdırmalar apararkən bizə qeyri-adi gələn bu durumun əslində, dünyada çox yayıldığını, dünya əhalisinin orta hesabla beş faizinin məhz bu problemlə üzləşdiyinin şahidi oluruq. Statistikaya görə, dünyada təxminən 650 milyon nəfər, başqa sözlə, hər doqquz nəfərdən biri eşitmə problemlərindən əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, onlardan təxminən 328 milyon nəfəri, o cümlədən, 32 milyon uşaq eşitmə qabiliyyətini itirənlərdir.

Eşitmə problemləri daha çox travma, xəstəlik və ya anadangəlmə çatışmazlıqlar nəticəsində yaranır.

Hazırda planetdə 2500 dil var. Lakin insanlar arasında, xüsusilə də alimlərin daha çox maraqlandığı ünsiyyət forması - baxışların və jestlərin dili də mövcuddur.

Qeyd etdiyim kimi, eşitmə qabiliyyətindən məhrum olan insanlar başqa istedadları ilə bir növ mükafatlanırlar. İncəsənət tarixinə nəzər salanda bu fikrin öz təsdiqini tapdığını görürük. İstər Azərbaycan, istərsə də dünya incəsənətində bu problemdən əziyyət çəkən son dərəcə istedadlı insanlar olub.

Müxtəlif yaşda eşitmə qabiliyyətini itirən məşhurlar arasında intibah dövrünün şairi Pyer de Ronsar, bəstəkar Lüdviq van Bethoven, yazıçılar Viktor Hüqo, Jan Jak Russo və Karel Çapek, italyan rəssamı Antonio Stanoli, fransız heykəltəraşı Klod-Andre Desen, amerikalı yazıçı, ictimai xadim Hellen Keller, azərbaycanlı rəssam Bəhruz Kəngərli və başqaları var.

Bethoven  dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biri, Avropa klassik musiqisində  klassisizmdən romantizmə keçid dövrünün həlledici fiqurudur. Bethoven özündən sonra bir məktəb yaradaraq, böyük bir bəstəkarlar nəslinin formalaşmasında misilsiz rol oynayıb. Adı daha çox bəstəkar kimi çəkilsə də, Bethoven dövrünün məşhur pianoçusu da olub. Almaniyanın Bonn şəhərində anadan olan Bethoven sonralar Vyanaya köçür. Burada dövrünün digər böyük bəstəkarı Yozef Haydnla birgə təhsil almış və tezliklə mahir pianoçu şöhrəti qazanmışdı. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq, bu onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra bilməyib. Bethoven abunəli konsertlər təşkil etməklə, yazdığı əsərləri naşirlərə satıb. Bir sıra zəngin insanlardan maliyyə dəstəyi almaqla tam asudə bir şəkildə yazıb yaratmış, heç vaxt saray və ya kilsədə işləməli olmamışdır.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilən bəstəkar təxminən 1796-cı ildən etibarən eşitmə qabiliyyətini itirməyə başlayır. Qulaqlarındakı kəskin cingilti səsləri ona musiqi səslərini ayırd etməkdə maneçilik törədir. Bu cür problem yaşayan çox insanlar kimi Bethoven də tədricən insanlarla ünsiyyətdən yayınmağa çalışır. O, bir müddət Vyananı tərk edib Heylingestad adlı şəhərcikdə yaşayır və burada eyniadlı əsərini - "Heylingestad vəsiyyəti"ni yazır.

Səhhətindəki problemlərə görə insanlardan uzaqlaşıb, özünü cəmiyyətdən təcrid etmək istəsə də, bu, onun sənətini sevməsinə, musiqini duymasına mane ola bilmir. Bəstəkar daha böyük əzmlə musiqiyə sarılır və bütün çətinliklərə baxmayaraq, sənəti üçün yaşamağa qərar verir. Bəstəkarın eşitmə qabiliyəti vaxtaşırı kəskin pisləşir, hətta bununla bağlı mötəbər bir məlumatda bir qeydə də rast gəlmək olar. Məşhur  "Doqquzuncu  simfoniya"sının premyerasının sonunda Bethoven alqışlandığını görmək üçün geriyə dönür. Lakin heç nə eşitmədiyini anlayıb hönkür-hönkür ağlayır.

Eşitmə qabilliyəti onun istedadına heç cür təsir edə bilməsə də, əsas gəlir mənbəyi olan konsertlərinin təşkilini həddən artıq mürrəkkəbləşdirir.

Bethoven konsertləri zamanı səsləri ayırmaq üçün pianosunun səs lövhəsindən asdığı xüsusi çubuqdan istifadə edirdi. Bəstəkarın konsertlərində istifadə etdiyi bu cür köməkçi vasitələr onun Bonn şəhərindəki ev muzeyində nümayiş olunmaqdadır.

Bethovenin eşitmə qabiliyyətinin itməsi günümüzə olduqca qiymətli tarixi yazıların gəlib çıxmasına səbəb olub. Belə ki, bəstəkar öz düşüncələrini dostlarına yazı vasitəsilə çatdırırmış. Bu danışıq kitablarında bəstəkarın dostları ilə musiqi və başqa mövzularda apardığı müzakirələr əks olunmaqla bəstəkarın düşüncələrini duymaq baxımından olduqca qiymətli mənbə hesab olunur. Müasir günümüzdə belə, bu danışıq kitabları bəstəkarın musiqini necə ifadə etmək və onun sənətə münasibətini öyrənmək baxımından baza-material rolunu oynayır. Bu kitablardan bəziləri sonralar Anton Sindler adlı şəxs tərəfindən ya təhrif, ya da tamamilə məhv edilib.

Eşitmə problemi yaşayan sənətkarlardan biri də amerikalı kor-kar yazıçı, müəllimə və ictimai xadim Helen Kellerdir. Keller yalnız eşitməkdən deyil, həm də görmə qabiliyyətindən də məhrum olub. 27 iyun 1880-ci ildə ABŞ-ın Alabama ştatında sağlam şəkildə dünyaya göz açan Helen 19 aylığında tutulduğu xəstəlik nəticəsində görmə və eşitmə qabiliyyətini itirir. Bu xəstəliyin skarlatin və ya meningit olduğu ehtimal olunur. 7 yaşınadək Helen ailə üzvləri ilə ünsiyyət qurmaq üçün altmışdan artıq müxtəlif əl işarəsi düşünmüşdü.

Helenin atası Aleksandr Bellin tövsiyəsilə onu Massaçusets ştatında, Boston  şəhərindəki Korlar üçün Perkins məktəbinə yerləşdirir. Burada o, özü kimi gözdən əlil olan Ann Sallivanla tanış olur, bu tanışlıq 49 il davam edən əlaqənin başlanğıcı idi. Ann Sallivanın ona ilk öyrətməyə çalışdığı söz gəlincik(doll) sözü olur. Lakin Helen Keller ilk dəfə olaraq su (water) sözünü başa düşmüşdü. Onun həyatından bəhs edən bir neçə film çəkilib. Bilirik ki, Helen 1904-cü ildə 24 yaşında Redkliff Kollecini fərqlənmə ilə bitirib. Özü sərbəst yaza bilməyən yazıçı 7 kitabın müəllifidir. Onlardan ən məşhuru "Mənim həyat hekayəm" adlanır. 14 sentyabr 1964-cü ildə ABŞ prezidenti Lindon Conson Helen Kelleri ABŞ-ın ən yüksək iki mülki mükafatından biri olan Prezident Azadlıq Medalı ilə təltif edib, ölümündən sonra İspaniyanın Xetafe, İsrailin Lod, Portuqaliyanın Lissabon şəhərlərində yerləşən küçələrə onun adı verilib.

Çox kiçik yaşlarından eşitmə qabiliyyətini itirən sənətkarlar arasında Azərbaycanın çağdaş təsviri sənətinin banilərindən hesab olunan dahi rəssam Bəhruz Kəngərli də var. B.Kəngərli Azərbaycan rəngkarlıq sənətində ilkin akademik rəsm üslubunda işləyərək realist əsərləri ilə yeniliyə, novatorluğa yol açmış rəssamdır.

1892-ci ilin yanvar ayının 22-də Naxçıvan şəhərində anadan olan Bəhruz Kəngərlinin atası Şirəli bəy oğlunu "Xeyriyyə" adlı yeni tipli şəhər məktəbində oxumağa qoyur. Bəhruz Kəngərli atasının evə gətirdiyi şəkilli kitablardan faydalanır, kiçik yaşlarından rəsm çəkməyə maraq göstərir, şəkillərin surətini çıxarmaqla məşğul olur, rus dilini öyrənərək özünün bilik səviyyəsini artırmağa çalışır. Kiçik ikən eşitmə qabiliyyətini itirən Bəhruz özünün xəyal aləminə qapılaraq bütün vaxtını şəkil çəkməyə sərf edir. Bu ilk vərdişlər Bəhruzun rəssamlıq sənətinə sevgisini gücləndirir. Bu məqsədlə o, 1910-cu ildə Tiflis rəssamlıq məktəbinə daxil olur və 5 il ərzində orada təhsil aldıqdan sonra 1915-ci ildə Naxçıvana qayıdır.

Adətən əsələrini öz evində nümayiş etdirən rəssamın tablolarına xalqın, xüsusən gənclərin hədsiz maraq və sevgisi ona bir növ təsəlli olmuşdur.

Kəngərli insanın, təbiətin gözəlliyini, boyaların ahəngliyini, hava-işıq effektlərinin təravətini tam və dolğun şəkildə ifadə edən realizm metoduna, xüsusilə  impressionizm üslubuna meyil göstərirdi. Rəssamın bir sıra mənzərələrində, o cümlədən, günün müxtəlif çağlarında fırçaya alman "İlanlı dağ" mənzərələrində impressionizm sənət cərəyanının əks-sədası aydın duyulur.

Rəssamın tərcümeyi-halı göstərir ki, bədəncə zəif, mülayim təbiətli, yumşaq xasiyyətli, çalışqan və işgüzar ziyalı qısa həyatı boyu maddi çətinliklərə, mənəvi məhrumiyyətlərə məruz qalıb, rəsmi dövlət idarələrindən, imkanlı şəxslərdən lazımi qayğı və yardım görməmiş, mədəni cəhətdən geri qalmış avam və cahil insanların laqeyd münasibətinin şahidi olub. O, 1922-ci ildə fevralın 7-də 30 yaşında ağır xəstəlikdən vəfat etmişdir.

Bəhruz Kəngərlinin 2000-ə yaxın mövzu və janr etibarilə müxtəlif və rəngarəng əsərlərindən ibarət bədii irsi geniş ictimaiyyətin nəzər-diqqətini cəlb etmiş, ardıcıl olaraq toplanıb sərgi və muzey ekspozisiyalarının bəzəyinə çevrilmişdir.

Bu və bu kimi sənətkarların həyat tarixcəsinə qısaca nəzər salarkən bir daha şahidi oluruq ki, yaradıcılıq eşqi, yaşamaq həvəsi heç bir xəstəlik, heç bir əngəl tanımır. Təəssüf ki, bəzən cəmiyyətimizdə bu cür insanlara qarşı ya laqeyd münasibət görürük, ya da həddindən artıq diqqət. Ancaq çalışmalıyıq ki, bunların heç biri olmasın. Həmin insanlar aramızda ən adi şəkildə həyatlarını davam etdirsinlər. Bəzən insanlar həddindən artıq qayğını yaxşılıq kimi başa düşürlər. Ancaq normadan artıq nümayiş etdirilərsə, bu, həmin insanların özünü fərqli hiss etməsinə, nəticədə özlərini insanlardan, cəmiyyətdən təcrid etməsinə səbəb olar. Ona görə də hamılıqla diqqətli olmaq təkcə arzuolunan hal deyil, həm də insanlıq borcumuzdur. Unutmayaq ki, bu həyatda heç kim heç nədən sığortalanmayıb!

 





27.09.2017    çap et  çap et