525.Az

"Yaddaşa qayıdış", yaxud dünəndən sabaha boylanan sətirlər


 

"Yaddaşa qayıdış", yaxud dünəndən sabaha boylanan sətirlər<b style="color:red"></b>

Hikmət Əbdülhəlimovun sayca on yeddinci kitabı olan, həyat hadisələri ilə zəngin "Yaddaşa qayıdış" əsərini oxuduqdan sonra filosof Səlahəddin Xəlilovun bir fikrini beynimdə çək-çevir etməyə başladım.

"Həyat kənardan baxanlaramı daha gözəl görünür, yoxsa içərisində itib-batanlaramı?! Nabələd bir həyatmı, yoxsa bəlli bir həyatmı daha gözəldir?" İş burasındadır ki, yenicə oxuyub tamamladığım "Yaddaşa qayıdış" kitabının müəllifi Hikmət Əbdülhəlimovun həyat yolunu izləyəndə filosofun əks arqument kimi gətirdiyi cümlələr bir-birini tamamlayan keyfiyyət kimi görünür. Uzun müddət partiya-dövlət işində çalışan və müəyyən mövqe tutaraq orada möhkəm dayanmağı bacaran, həyatın içərisində "itib-batmayan" bu insan müstəqillik illərində "bəlli bir həyata" qədəm qoymuş, ömür yolunun kredosunu müəyyənləşdirmişdir. "Həyatın içində itib batmayan", xatırlayıb nəyin pis, nəyin yaxşı olduğunu müəyyənləşdirən Hikmət müəllim gördüyü, bildiyi hadisələri, qiymətli etnoqrafik məlumatları, folklor nümunələrini toplamağa başlayıb, onları məqsədli şəkildə oxucuya təqdim etdiyi gündən bəlli bir həyata qədəm qoyub. Bu kitab göstərir ki, o, çoxlu insanlarla ünsiyyətdə olmuş, çox şey görüb-götürmüş, yaddaş xəzinəsindən məharətlə istifadə etmişdir. Yenə də filosofun dediyi kimi, "Bəsirət gözü ariflərlə ünsiyyətdə açılır". Bəlkə də həmin ünsiyyətin nəticəsi kimi yaranan bu kitab ona görə qiymətlidir.

Mütaliə etdiyim bu kitab müxtəlif çiçəklərdən və güllərdən düzəlmiş çələngi xatırladır. Burada müəllifin bədii təfəkkürünün məhsulu olan hekayələr, elmi düşüncəsinin bəhrəsi olan məqalələr, esselər, hikmətli kəlamlar toplanmışdır.

Bu kitabın gücü onun həyat həqiqətləri ilə zəngin olmasındadır. Müəllif yaşadığı illərin arxasında qalan hər dəqiqəni, hər saatı olduğu kimi xatırlayır və onu vərəqlərə köçürür. Bu xatirələrin isə hər biri ibrətamiz əhvalatlarla zəngindir. Dünən bu gün üçün örnəkdir. Dünənin, keçmişin xatirələri bugünkü qələbəmizin təminatçısıdır. Ona görə də dünənki xatirələrə qayıdış həm bugünkü inkişaf, həm də gələcək üçündür.

Uzun illər dövlətişində çalışmış, ömrünün son 30 ilini ədəbiyyata həsr edən Hikmət Əbdülhəlimovun "Yaddaşa qayıdış" kitabını əvvəlcə vərəqlədim, sonra əsər məni ruhən həm də elə cəlb etdi ki, onun haqqında yazmağa qərar verdim. Bədiiliyə daha çox əsaslanan "Bir cüt papış", "Əşrəfi şillə" hekayələri... Bu hekayələr bir yazıçı uydurması deyil. Ondan daha yüksək, daha əzəmətlidir. Çünki burada hələ yazıçı sığalına tuş gəlməyən həyat həqiqətləri mövcuddur. Artıq epizodları yontalıyan zaman həyatın verdiyi şəhidi bir kənara tullayan yazıçı qələmi ona toxunmayıb, bu əsərlərdə həyat necə varsa eləcə qalıb. Onun əzəməti də bundadır. Hər hansı bir qələm sahibi "Əşrəfi şıllə" xatirəsindəki bir-biri ilə əlaqəsi olmayan iki epizodu - Afərin ona söz atan N adlı oğlana şillə vurması ilə həmin oğlanın qayalara dırmaşaraq ölüm təhlükəsi ilə üz-üzə gələn hərəkətini birləşdirib bir hekayə yarada bilərdi. Əlbəttə, bu, heyrətamiz bir hekayə olardı. Amma "Əşrəfi şillə" qədər təsirli olmazdı. Hikmət müəllim həyat hadisələrini necə görübsə, elə də qələmə alıb. Hətta həyatında yalnız bir oğlana əşrəfi şillə vuran Afərin sonralar vəfat etdiyini oxuyanda da insan kövrəlir. Əşrəfi şillə zirvəsində yaşayan insanın bir gün qara torpaqlara getdiyini eşıdəndə ömrün nə qədər vəfasız olduğunu da nəzərdən qaçırmır. Kitaba müəllifin topladığı hikmətli sözlər də daxil edilmişdir. Məhəmməd peyğəmbərdən başlamış Mövlana Cəlaləddin Rumi, Lev Tolstoy, Fyodor Dostoyevski kimi yazıçıların, dünyanın nəhəng filosoflarından qiymətli fikirlər seçilmişdir. Bu fikirlər göstərir ki, Hikmət müəllim elmi mülahizəyə, həyat hadisələrinə empirik baxışa xüsusi əhəmiyyət verir. Bu da kitabın keyfiyyətini, ona oxucu marağını artırır.

"Bir cüt papış" da belədir. Bər-bəzəksiz həyat hadisələri ilə zəngin və ibrətamiz...Müəllif yaddaşında qalan həyat hadisələrini kağız üzərinə köçürmüşdür. Ona esse də, hekayə də demək olar. Əhvalatlar isə o qədər zəngindir ki, o hadisələrdən bir roman da yazmaq olar.

Müəllif olmuş əhvalataları danışır. Bu əhvalatlar 70 il hökmranlıq etmiş bir rejimin əsassız, sərt və qeyri-hümanist qanunlarını ifşa edir. Təsəvvür edin, müəllif qonşu rayondan bir cüt papış alır. Sonra məlum olur ki, bu papış evdə artıq əşyadır. Onu satdırmaq qərarına gəlirlər. Elə faciə də buradan başlayır. Sən demə, bazara satışa çıxarılan bir cüt uşaq ayaqqabısı sovet quruluşunun qayda-qanunlarını pozmaq imiş. Onu satan Təmraz adlı gəncin başına müsibətlər gəlir. Həbsxanaya düşür. Bu, onun bütün həyatını ləkələyən bir hadisəyə çevrilir.

Maraqlı burasıdır ki, papış sahibi  (müəllif) qapısını döydüyü şəxslərin pis adam olmadıqlarını da xüsusi vurğulayır. Lakin bu yaxşı adamlar cəsarət edib cəmiyyətə tük qədər zərər gətirə bilməyən bu hadisənin törətdiyi müsibətlərdən həmin gənci xilas edə bilmirlər. Bu gəncə "alverçi" damğası yapışdırılır. Milis Mabud dayı, Muxtar əmi, milis rəisi Ərzuman Zülfüqarov kimi insanları müəllif yaxşı adam kimi səciyyələndirir. Amma onlar bu gün gülünc görünən o hadisəyə müdaxilə edə bilmir. Hər kəs öz münasibətini cəmiyyətin əxlaq normaları ilə uyğunlaşdırır, özünə haqq qazandırır. Bir cüt papış bir gəncin həyatını heç edir. Sual olunur: Təqsirkar kimdir?

Müəllif hekayədə belə sual vermir. Onu və həmin sualın cavabını bizim öhdəmizə buraxır.

Ən maraqlısı isə budur ki, həmin rejimin naqis tərəflərini ifşa edən müəllifin özü - Hikmət Əbdülhəlimov uzun illər partiya-dövlət işində ləyaqətlə çalışmışdır. Demək, həmin cəmiyyətin özündə də ləyaqətli insanlar çalışırmış və imkan daxilində naqisliklərin qarşısını almağa cəhd göstərmişlər. Lakin siyasi quruluşun xarakteri həmişə belə adamları kölgədə qoymuşdur.

Bu hekayətləri, pritçaları, xatirələri ötən günün ibrətamiz hadisələrini yazmaq Hikmət müəllimin özünü dərindən dərk etdiyini nümayiş etdirsə də, həm də oxucunu özünüdərkə çağırır. Ətrafında baş verən hadisələrə o, gözüaçıq baxır. Dünyanı həmişə rəngarəng gözəlliyi ilə görmək olmur. Əslində, ona xatırlayıb müxtəlif hadisələri xəyalında yenidən canlandıranda - keçmişə qayıdış edəndə onun dünya və cəmiyyət haqqında bilikləri durulur, nəyin pis, nəyin yaxşı olduğu günəş işığında olduğu kimi görünür. Bu kitab kamillik zirvəsini fəth etmiş ömrünün nuranilik dövrünü yaşayan bir qələm sahibinin yaradıcılığı haqqında bütöv təsəvvür vermir. Oxucu onu da bilsə yaxşıdır ki, müəllif ömrünün bir hissəsini Şəki folklorunu toplamağa, onları elmi struktura uyğun şəkildə tərtib edib nəşr etdirməyə həsr eləmişdir. O, dövlət qulluqçusu kimi mövqe də tutmuş, vəzifə funksiyasını nümunəvi yerinə yetirdiyinə görə keçmiş SSRİ-nin və müstəqil Azərbaycanın yüksək dövlət təltiflərinə layiq görülmüşdür. Lakin onun bağlı olduğu, özünün dediyi kimi, ömrünün son 30 ilini həsr etdiyi Şəki folklorunun toplanması, tədqiqi, nəşri və təbliği, həmçinin müxtəlif ədəbi janrlarda ortaya qoyduğu yazılardır. "Yaddaşa qayıdış" kitabında müəllif folklorla bağlı fəaliyyətinə də xeyli yer vermişdir. 1987-ci ildən bu günədək 237 min nüsxə tirajla nəşr edilmiş 17 kitabın, o cümlədən, Azərbaycan Folkloru Antologiyası  (AFA) I kitab ( Şəki folklor I cild) müəlliflərindən biri, həmin seriyadan VI, XVIII (Şəki folkloru II, III cildlər) kitabların, Şəki folklor örnəkləri I kitabın, 5 Şəki folkloru toplusunun müəllifi, Respublika mətbuatında Şəki folkloru ilə bağlı dərc edilmiş onlarla məqalələri yuxarıda yazılanlara sübut ola bilər. Folklorşünasın fəaliyyətini dəyərləndirən müqtədir alim, professor Yaşar Qarayev yazırdı: "Son illərdə Sabir Əfəndiyevin ("Şəki lətifələri", B., 1987/ 1991) və xüsusən Hikmət Əbdülhəlimovun ("Şəkinin gülüş çələngi." B.,1987/1988, "Saa quzu kəsərəm".B., 1992, "Şəki lətifələri". B., 1994, "Şəki gülməcələri". B., 1998) bu sahədə fəaliyyəti ayrıca qeyd olunmalıdır. Ümumiyyətlə, bu toplularda üç yüz əllidən artıq lətifə cəm edilmişdir. Həmin lətifələr də öz şərhini və təhlilini elmi fikirdə geniş şəkildə tapmaqdadır.

H. Əbdülhəlimovun 1987-ci ildə "İşıq" nəşriyyatında nəşr etdirdiyi "Şəkinin gülüş çələngi" kitabı ilk Şəki folkloru toplusu idi. Bu, ictimai-ədəbi mühitdə Şəki folkloru ilə bağlı boşluğu doldurmaq istiqamətində ilk və uğurlu addım sayılırdı. Kitaba "Son söz yerinə" yazısında Xalq şairi Bəxtiyar Vahabzadə yazır: "...kitabın üstün cəhəti ondadır ki, bu, yalnız lətifə toplusu deyil, Şəkidəki məhəllə adları, ləqəblər və onun xəritəsi elm üçün böyük əhəmiyyəti olan tarixi materiallardır... Lətifələrin təmiz Şəki ləhcəsində verilməsini də alqışlayıram. Bu məsələdə də tərtibçi doğru yolla getmişdir..."

H. Əbdülhəlimovun qeyd olunan kitablarında milli folklorumuza gətirdiyi yeniliklər, verdiyi töhfələr çoxdur. Folklorşünas alim, professor Faiq Çələbi yazır: "Məşhur folklorşünas Hikmət Əbdülhəlimovun kitabları yalnız Azərbaycanda yox, həm də türk dilinin işlək olduğu Yaxın Şərq ölkələrində həvəslə oxunur və əldən-ələ gəzir.

Azərbaycan folkloru antologiyasının Şəki folkloruna həsr olunmuş II və III cildlərində bu şəhərin folklor xəritəsi verilmişdir. Həmin xəritədə ağız ədəbiyyatı nümunələrinin toplandığı coğrafi yerlər göstərilməklə yanaşı, həm də hansı janrın Şəkinin hansı konkret qəsəbə və kəndində daha geniş yayıldığı da göstərilir və beləliklə Şəki folklor coğrafiyası müəyyənləşir.

Onun çap etdirdiyi materiallar içərisində hələlik heç bir janr təsnifatına cəlb edilməmiş çoxlu kiçik formalı nümunələr vardır. Kiçik janrlar bəzən iri epik janrlardan daha çevik olur, daha geniş yayılaraq variantlaşırlar. H.Əbdülhəlimovun bu nümunələrə xüsusi diqqət yetirməsi onun kitablarının elmi gərəkliyini qat-qat artırır. Folklorçunun Şəki dialektində işlənən sözləri, burada olan xarakterik şəxs adlarını toplayıb çap etdirməsi də çox əhəmiyyətlidir. "Şəkinin gülüş çələngi" kitabında o vaxta qədərki folklor məcmuələrində təsadüf olunmayan, lakin həm folklorşünaslıq, həm də etnoqrafiya və etnologiya baxımından qiymətli olan yeni bölmələr var: "Kişi ləqəbləri", "Ailə və nəsil ləqəbləri", "Bulaq adları" və sairə.

Onun kitablarındakı "Alqı- satqı ifadələri", "Qadın ləqəbləri", "Yalvarışlar", "Hal - əhval tutmalar", "Heyrət və razılıq ifadələri", "Ədəb - ərkan ifadələri" (öyüd-nəsihətlər), "Danlaqlar" da yeni bölmələrdir və güman ki, onlar başqa folklor toplayıcılarının da diqqətini gələcəkdə cəlb edəcək.

"Az təsadüf olunan adlar" bölməsini də folklor məcmuələrinə ilk dəfə daxil edən H. Əbdülhəlimov olmuşdur. Folklorçunun topladığı materiallarda Şəki şivəsinin qorunub saxlanması da milli folklorşünaslığımızda bir yenilikdir.

Prof. F. Çələbi yazır: Hələ Şəki folklorunun ikinci cildinin ( AFA VI, 2002) "Lətifələr" bölməsində qışlaqlı qəbirqazan Gülünün və digər zarafatcıl qışlaqlıların (Qışlaq Şəki şəhərinin aşağı hissəsinə deyilir - F.Ş.) lətifələrini verməklə Hikmət Əbdülhəlimov bir sıra qara yumor nümunələrini ilk dəfə olaraq elmi dövriyyəyə daxil etmiş oldu".

"Yaddaşa qayıdış" ömrünü mənalı yaşamağa çalışan, folklor toplayan, xatirə janrında əsərlər yazan, digərlərinin ədəbi fəaliyyətinə qayğı və diqqətlə yanaşaraq ədalətli, obyektiv qiymət verən bir ziyalının kitabıdır. Ömrünün ahıl çağlarında belə o, dünya hadisələrinə, oxuduğu kitablara, görüşdüyü insanlara qarşı qətiyyən laqeyd deyil. Onun gördükləri, müşahidə etdikləri hadisələrə dair şəxsi mülahizələri var və bu mülahizələr insani keyfiyyətlərlə zəngindir. Hikmət müəllim yaradıcılığında heç nəyi bəzəmir, hadisə və situasiyalarda özünü qəhrəman kimi qələmə vermir, reallığı və ədaləti başlıca şərt kimi qoruyur. Kitabın bəlkə də ən mühüm keyfiyyəti budur.

 





27.09.2017    çap et  çap et