525.Az

Tarix və ədəbiyyat aynasında qadın obrazları


 

MUSTAFA ÇƏMƏNLİNİN "ÖLÜM MƏLƏYİ" ROMANINA BİR BAXIŞ

Tarix və ədəbiyyat aynasında qadın obrazları<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Mustafa Çəmənli "Xallı gürzə" tarixi romanında da Pənahəli xanın oğlunun ikinci dəfə evləndirməsini, qanını erməninin qanı ilə calamasını böyük problemlərin başlanğıcı kimi dəyərləndirir.

Pərixanın peşmançılığını əks etdirən epizodlar qəhrəmanın daxili dünyasını, onun ziddiyyətli xarakterini açmaq vasitəsinə çevrilir.

Xalqın, dövlətin rifahı üçün azad olunan "ədalətli şah"ın əvəzinə Pərixan sarayda, küçələrdə "ölüm mələyi"nin əməllərini kənardan izləməli olur, hadisələrə müdaxilə edə bilmir. "Ölüm mələyi" dayanmaq bilmədikcə, günahsız qətllərin ağrısını duymaq Pərixanı bir daha qətl törətməyə, qardaş qatili olmağa sürükləyir. Pərixan birinci qətlində xəyalına, arzusuna aldanaraq günah edirsə, ikinci qətlində artıq xalqın, dövlətin, şah ailəsinin xilas yolunu axtarır.

Heydər mirzənin günahsız qanının axıdılmasına səbəb olan Pərixan anlayır ki, Tanrı onu cəzalandırır. Səhvlər, günahlar onu başa salır ki, hətta dövlət uğrunda belə hər bir kəs insanlığı, mərhəməti, ədaləti unutmamalı, insani dəyərlərlə yaşamalıdır. Lələsi Xəlilin evində məhbus həyatı yaşadığı müddət düşünür. Bütün gününü Quran oxuyub zikr eləyir: "Quranla yatıb, Quranla dursam da, sənin buyurduğun yolla axıradək gedə bilmədim, yolumu sapdım. İlahi, hər cəzaya layiqəm. Daha bu məkrli, hiyləgər insanlar arasında yaşamaq istəmirəm". Düşünülməmiş (Heydər mirzə) və düşünülmüş (İsmayıl mirzə) qətllər, qərəz, haqsızlıq psixoloji cəhətdən onu sarsıdır, "eybəcər" mübarizə artıq onun üçün mənasızlaşır. O, bir şah kimi "gələcək" yaratmaq, tarixdə qalmaq əvəzinə günah ilə, ağrı ilə "əzilən" və çox erkən sona çatdırılan həyata müvəffəq olur. Çəkdiyi ağrılar, əzablar bədii obrazın mənəvi-əxlaqi inkişafına, onun xarakter səviyyəsinə yüksəlməsinə zəmin yaradır. Pərixan artıq mənəvi inkişafa doğru gedə biləcək ruhi vəziyyətdədir. O, səhvini və günah etdiyini anlayıb. Ağrıdan keçib tövbə yolunu tutmağa çalışır. Qəzəb və nifrət dolu həyatı tərk etmək artıq onun qəlbi üçün bir qurtuluşdur. Müəllif Pərixanın belə təzadlı duyğularını, yaşamını Tanrının ona verdiyi həssaslığı, mərhəməti, vicdanı ilə əlaqələndirir.

Xarakter tipinə görə Pərixan adət-ənənələrə, o dövrün həyat tərzi ilə qarşı-qarşıya duran yeni baxışı təcəssüm etdirir.

Məhdi-Ülya obrazı ilə əsərin əvvəlində Heydər mirzənin tərəfkeşlərinin söhbəti əsnasında tanış oluruq. Bu söhbətdən görürük ki, Məhəmməd bəyin (Şah I Təhmasibin ilk övladı) həyat yoldaşı olan Xeyrənnisə sultanı (şahzadələr anası olduğuna görə onu Məhdi-Ülya adlandırırlar) çox tədbirli və dilavər qadın kimi tanıyır və hətta ondan bir az da çəkinirlər. Məhdi-Ülyanın qaynanası söz-söhbəti sevməyən Sultanbəyim şaha onu necə xarakterizə edirsə Xeyrənnisənin hakimiyyəti idarə etməsinə razı olmur. Şahın Kor Şahəli bəy Rumlu (şahın qulağı) ilə söhbətində maraqlı məqamlar var:

"- Bilirsən, böyük oğlum Məhəmmədin gözləri yaxşı görmür. Əslində, vəliəhdlik onun halal haqqıdı.

- Şah sağ olsun, bəs mane olan nədi?

- İncə bir mətləb. Məmləkəti o yox, arvadı Xeyrənnisə idarə edəcək.

- Şah sağ olsun, dünya işığına həsrət qalan bir kimsəyə, əgər uşaqları balacadırsa, zövcəsindən yaxın kim ola bilər?

- Doğrudu, amma qadının əlində hakimiyyət olarsa, çox böyük fəsadlar törədə bilər. Qadınlarda intiqam hissi kişilərdəkindən qat-qat çoxdu. Mənim baş hərəmim Sultanbəyim onun çatışan, çatışmayan xislətindən məni agah elədi".

Bu söhbət obrazın daxili dünyasını, onun narahatçılığının gizli məqamlarının açarıdır. Hadisələrin inkişafı boyu şahın, İsmayıl mirzənin ölümü ilə Məhdi-Ülyanın hakimiyyət ehtirasının alovlandığının şahidi oluruq.

Adının Məhəmməd bəyin, dadının özünün olacağı hakimiyyətin gücünü hiss edən qadın qərarverici qüvvəyə çevrilir. Qarşısına keçən hər bir maneəni gözünü qırpmadan dəf etməyə hazır Məhdi-Ülya hətta İsmayıl mirzənin 1 yaşına çatmamış körpə oğlunu öldürtdürür. Bu zərif məxluqun, ananın hər zaman hakimiyyətdə qalmaq, övladlarının təhlükəsizliyini qorumaq üçün törətdiyi qəddarlıqlar əsər boyu səciyyəvi epizodlar vasitəsi ilə öz əksini tapır.

Bütün qərarları özü verən fars-tacik mənşəli ali divanın vəkili olan Məhdi-Ülyanın qızılbaşları hakimiyyətdən uzaqlaşdırma siyasətinin bədii əksi də lazımi səviyyədədir.

Sonda müəllif Məhdi-Ülyanın məhz Pərixanın evində boğularaq öldürülməsini təsvir edir. O, bununla göstərmək istəyir ki, insanın etdiyi hər bir əməl bumeranq kimi özünə qayıdır.

Əsərin maraqlı surətlərindən biri də Gövhər bəyimdir. Ögey bacısı Pərixandan fərqli olaraq o, həyat yoldaşı, ana qismətilə razılaşır və bunu Tanrının gözəl payı kimi qəbul edir. Ailə ocağının qoruyucusu olan bu mehriban, həssas, qayğıkeş, sadiq qadın hər bir kişinin baş ucalığı və arzusudur. Ərinə və qızına hədsiz bağlı olan Gövhər bəyimi saray münaqişələrində görmürük. Yüksək mənəviyyatı, elmə, musiqiyə, şeiriyyətə, xəttatlığa xüsusi marağı ilə diqqəti cəlb edir. Onun ruhunun öz yaşamından həzz aldığını, rahatlıq tapdığını görürük. Digər qadınların (Pərixan bəyim, Məhdi-Ülya, Səkinə sultan və b.) mənsəb və birincilik üstündə mübarizəsinin fonunda onun insansevərliyi, mehribanlığı diqqətəlayiqdir. Müəllif də elə bu keyfiyyətlərinə görə Gövhər bəyimi ideal qadın tipi kimi xarakterizə edir.

Eyni zamanda, yazıçı Gövhər bəyimin əri tərəfindən sevildiyi və dəyər verildiyini xüsusilə nəzərə çatdırmağa çalışır. O, mərifət və kamal sahibi İbrahim mirzənin Gövhər bəyimlə sevgi və qayğı dolu münasibətlərini səciyyəvi detallarla təsvir etməyi bacarır, təknigahlılığı ailənin bütövlüyü və möhkəmliyi yolunda vacib amil sayan qəhrəmanlara haqq qazandırır.

Hakimiyyət qurbanı olan İbrahim mirzənin qətlindən sonra mənən və ruhən sınan Gövhər bəyimin məhvini, gücsüzlüyünü görürük. Onun ölümü bizə İlhamdan sonra yaşamamaq qərarını verən Fərizəni xatırladır. Bir daha aydın olur ki, tarix Mustafa Çəmənli üçün bir vasitədir.

Bir xarakter kimi Gövhər bəyim və Sultanbəyim arasında xarakter oxşarlığı hiss olunur. Hər ikisi müsbət mənəvi keyfiyyətlərə malikdir. Hər biri təmənnasız sevir və sevilir. Lakin Gövhər bəyimdə olan qəlb rahatlığını Sultanbəyim də görmürük. Müəllif bu obrazlar vasitəsilə təknigahlılıq və çoxnigahlılıq arasındakı fərqi göstərməyə çalışır.

II İsmayılın həyat yoldaşı Səkinə sultanın timsalında biz cahil xarakter tipi ilə qarşılaşır, onun cılız hisslərlə yaşadığının şahidi oluruq. Bir qadın kimi məhrumiyyətlər yaşayan Səkinə sultanın özündən statusa görə zəif olan qadınlara qarşı hücumu, qəzəb və qəddarlığı bunun göstəricisidir. Güclü yanında baş əyən, itaət göstərən bu qadın məqamı düşdükcə "ayaq altından quyu qazmağa" hazır bir tipdir. Özgüvəni olmayan Səkinə sultan gücü hakimiyyətdə görür. Müəllif bu obraz vasitəsilə bu gün aktual olan mən- səbpərəstlik, əxlaqi borc kimi problemləri qabardır. Bir şəxsiyyət kimi parlamayan, ərinin sevgisinə və diqqətinə həsrət qalan, sonra da onu paylaşmağa məcbur qalıb təkliyini yaşayan bu savadsız qadın üçün xanımlıq, üstünlük, hörmət ona xidmət edən kənizlərin sayından asılıdır. O, psixoloji cəhətdən özünü təsdiq edə bilməyən obrazdır. Bütün aqressiyası da bundan irəli gəlir.

Əsərdəki bəzi personajların həyat və fəaliyyəti epizodik təsir bağışlasa da, əsas qəhrəmanların daxili dünyasının açılmasında onların da müəyyən dərəcədə rolu var. Belə surətlərə misal olaraq Bakı qalasının müdafiəsinə qalxan hakim qadını, Heydər Mirzənin anası gürcü qızı, Pərixanın anasını misal göstərmək olar. Müəllif bir tərəfdə vətəni, şərəfi uğrun da canından keçməyə hazır olan qadını, digər tərəfdə şəxsi istəkləri uğrunda yalançılıq, ikili oyun oynayan qadınları qarşı-qarşıya qoyur və onları müqayisə predmeti kimi göstərir.

Əsərdə təsvir olunan qadınlar vasitəsilə müəllif milliyyətçilik probleminə toxunur. Məsələn, Pərixan, Məhinbanu, Bakı hakiminin öz xalqının, vətənininin rifahı düşündürürsə, qeyri millətdən olan gürcü, fars qızlarının əksini etdiyini görürük. Buradan belə bir nəticə hasil olur ki, müəllif gələcək nəsli maneələr, qarşıdurmalar yaradan seçimlərdən çəkindirmək istəyir.

Mustafa Çəmənli dövlət xanədanının qadınlarının timsalında həmin dövrün mənəviyyatı, məişəti, təfəkkürünü göstərməyə çalışır. O, qadın obrazlarını təsvir etməklə, idarəçilikdə belə onların təsir gücünün böyük olduğunu nəzərə çatdırır. Bu obrazları mənəvi cəhətdən güclü və zəif, müsbət və mənfi xarakterlərə ayıraraq onların içindəki mübarizəni, sevgini, düşüncəni, inkişafı, enişi görsətməyə çalışır. Tarixi faktlardan, şəxsiyyətlərdən istifadə edərək hadisələrin birtərəfli baş vermədiyini, hər bir addımın arxasında gizlənən bir sıra psixoloji, mənəvi və maddi səbəblərin olduğunu, insanın izaholunması çətin xüsusiyyətlərini onun dünyasında baş verən özünəməxsus proseslərlə səciyyələndirir. Əsər ümumilikdə hakimiyyət hərisliyini tənqid edir. Müəllif bu obrazlar vasitəsilə ictimai, sosial, tarixi həqiqəti təqdim etməyə çalışır. Yuxarıdakı təhlildən sonra belə nəticəyə gəlmək olar ki, qadının mənən zəngin, ağıllı, elmli, dünyagörüşlü olması onun mənsub olduğu dövlətin və xalqın inkişafının təminatıdır. Çünki məhz qadınlar ailənin müdafiəçisi, gələcək nəslə tərbiyə verəndir. Bu səbəblərdən qadın bir fərd və şəxsiyyət kimi formalaşmalıdır.

Aynurə BABAYEVA
Sumqayıt Dövlət Universitetinin əməkdaşı

 





29.09.2017    çap et  çap et