525.Az

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər


 

Zamanların mozaikası: <b style="color:red">hadisələr və şəxsiyyətlər</b>

(Əvvəli ötən şənbə saylarımızda)

Müstəmləkə epoxasının başlanması və müstəmləkəçiliyin süqutu

Hələ XV-XVI əsrlərdə baş verən coğrafi kəşflər dünya tarixinin gedişini dəyişdi, aparıcı Qərbi Avropa ölkələrinin Yer kürəsinin müxtəlif guşələrində ekspansiyasının başlanmasının və müstəmləkə imperiyalarının meydana gəlməsinin əsasını qoydu.

İlk müstəmləkəçi dövlətlər İspaniya və Portuqaliya idi. Artıq XV əsrin sonu və XVI əsrin əvvəllərində Tordessilyas və Saratoqa müqavilələri Amerikada yeni kəşf edilmiş torpaqları onların arasında təsir sferalarına bölünməsini möhkəmləndirdi. Burada Braziliya istisna təşkil edirdi, o, İspaniyanın torpağı olmalı idi. İspaniya isə öz növbəsində Portuqaliyanınkı olmalı olan Filippin adalarını tutdu. Braziliya isə həmçinin Afrikanın, Hindistanın, Cənubi-Şərqi Asiyanın sahilləri boyu torpaqlar Portuqaliyaya çatdı.

Fransanın, İngiltərə və Hollandiyanın müstəmləkəçilik fəaliyyəti, hətta XVII əsrin başlanğıcına qədər əsasən Yeni Dünya ərazilərində getməklə, o qədər də böyük miqyas almırdı.

Yalnız dənizlərdə ispan və Portuqaliya ağalığının ləğv edilməsi XVI əsrin sonunda yeni müstəmləkəçi dövlətlərin sürətli ekspansiyası üçün şərait yaratdı. Müstəmləkələr uğrunda mübarizə başlandı. Bu mübarizədə  İspaniya və Portuqaliyanın dövlət siyasətinə qarşı hollandların və ingilislərin  özəl sahibkarlıq fəaliyyəti dururdu.

Müstəmləkələr Qərbi Avropa dövlətlərinin varlanması üçün tükənməz mənbəyə çevrildi, lakin onların rəhmsizcəsinə istismarı yerli sakinlər üçün bədbəxtliklərə səbəb oldu. Tuzemləri bəzən hamılıqla məhv edirdilər, ya da onları özlərinə mənsub torpaqlardan sıxışdırıb çıxarır, ucuz işçi qüvvəsi və ya qullar kimi istifadə edirdilər. Xristian dininə onların cəlb edilməsi də yerli özünəməxsus mədəniyyətin barbarcasına məhv edilməsi ilə müşayiət olunurdu.

Bütün bunlarla yanaşı, müstəmləkəçilik dünya iqtisadiyyatının inkişafının güclü bir vasitəsinə çevrildi. Müstəmləkələr metropoliyalarda kapitalın yığılmasını təmin edirdi. Onlar üçün yeni satış bazarları yaradırdı. Ticarətin görünməmiş genişlənməsi nəticəsində dünya bazarı əmələ gəldi; iqtisadi həyatın mərkəzi Aralıq dənizindən Atlantikaya keçdi. Köhnə Dünyanın Portuqaliyadakı Lissabon, İspaniyadakı Sevilya, Niderlanddakı Antverpen kimi liman şəhərləri güclü ticarət mərkəzlərinə çevrildilər. Antverpen Avropanın ən varlı şəhərinə çevrildi, burada sövdələşmənin tam sərbəstliyi rejiminin qoyulması hesabına iri miqyaslı beynəlxalq ticarət və kredit əməliyyatları həyata keçirilirdi.

XVIII əsrin başlanmasınadək İspaniya Avropada ən böyük müstəmləkəçi ölkə kimi qalırdı. Bu, onunla izah olunurdu ki, birincisi, ispanlar Yeni Dünyadan fəal surətdə istifadə edirdilər, ikincisi, avropalılardan onlar ilk olaraq işğal edilmiş müstəmləkələrin işlək idarə etmə mexanizmini yaratmışdılar. Az gəlir verən ərazilərdə (Meksikadan şimaldakı Mərkəzi Amerika vilayətlərində, həmçinin Filippində) ispan ağalığının dayağı rolunu çox sayda fortlar və katolik missiyaları oynadı. İspan Amerikasının varlı vilayətləri isə inzibati cəhətdən iki vitse-krallığa bölünmüşdü: paytaxtı Mexiko olmaqla Yeni İspaniya və paytaxtı Lima olan Peru. Onlardakı bütün siyasi, ictimai və kilsə həyatı Avropa metropoliyası nümunəsi əsasında təşkil edilmişdi. Dövlət müstəmləkələrin təkcə inzibati sisteminə deyil, həm də onunla ticarətə nəzarət edirdi. 1765-ci ilə kimi ispan müstəmləkə limanlarına əcnəbi gəmilərinin daxil olması qadağan olunmuşdu, oradan bütün mal axını Sevilyaya, sonralar isə Kadisə göndərilirdi.

Lakin XVI əsrin sonu, XVII əsrin əvvəllərində İspaniyanın qüdrəti onun Avropada müxtəlif silahlı münaqişələrdə iştirakı ilə zəiflədi. Bundan İngiltərə, Fransa və Hollandiya istifadə etdilər, onlar qaçaqmalçılıq ticarəti və dəniz quldurluğu ilə ispan müstəmləkələrinin metropoliya ilə əlaqəsini zəiflətməyə çalışırdılar. XVII əsrdə həmin ölkələr ispanlar tərəfindən tərk edilmiş Vest-İndia adalarını və Amerika qitəsindəki digər əraziləri tutdular.

XVIII əsrin ikinci yarısında kral III Karl ispan müstəmləkə sistemini islahata uğratdı. İspaniyanın bütün limanlarına Amerika müstəmləkələri ilə azad ticarətə imkan verildi, axırıncıların sakinləri isə ispan taxt-tacının tam hüquqlu təbəələri kimi tanındı. Ancaq bu tədbirlər müstəmləkələrin hindu əhalisinin vəziyyətini heç də yüngülləşdirmədi. 1780-ci ildə isə Peruda Tupaka Amarunun rəhbərliyi altında yerli tayfaların üsyanı qalxdı. Bu, Cənubi Amerikanın ispan ağalığından azad olunması uğrundakı güclü bir hərəkata çevrildi.

Müstəmləkələrin istismarındakı Portuqaliya sistemi ispan sisteminə çox oxşayırdı. Portuqaliya müstəmləkəçiləri Braziliyada ispanların vitse-krallıqlarda istifadə etdikləri qaydaları tətbiq edirdilər. Hindistanda, Cənubi-Şərqi Asiyada isə portuqaliyalılar digər şəraitlərlə üzləşdilər. Portuqaliyalılar Hindistanı, Çini, bu zonanın digər ölkələrini işğal edə bilmədilər, lakin güclü donanmaya arxalanaraq, onlar Hind okeanında və Afrikanın ətrafında dəniz kommunikasiyalarını özlərinə tabe etdilər və cənub dənizlərinin tam hökmlü sahiblərinə çevrildilər.

1510-cu ildə Hindistanda Qoa limanı tutuldu və bu, Şərqdə Portuqaliyanın müstəmləkə imperiyasının mərkəzinə çevrildi. Sonralar portuqaliyalılar Hindistanda Bombeyi (müasir Mumbay), Persiya körfəzində Ormuzu, Malakkanı, Çində Makaonu və Tayvanı, həmçinin Molukka adalarını tutdular. Fort şəbəkəsi tikərək, onlar yerli sahibləri məcbur edirdilər ki, ədviyyatı və digər müstəmləkə mallarını onlara ya bac şəklində, ya da çox ucuz qiymətə satmaq yolu ilə versinlər, onlarla ticarət isə kralın inhisarında idi. Portuqaliyadan Şərqə və geri istiqamətdəki bütün dəniz daşımaları yalnız kral donanmasının gəmilərində həyata keçirilirdi. Müstəmləkə limanları arasındakı ticarət hüququ isə yüksək vəzifəli şəxslərə imtiyaz şəklində verilirdi. XVII əsrdə bir müddət ispan hakimiyyəti altında olan Portuqaliyanı  cənub dənizlərindən Hollandiya sıxışdırıb çıxardı. Nəticədə Portuqaliya müstəmləkə siyasətinin mərkəzi Qərb yarımkürəsinə, hər şeydən əvvəl Braziliyaya keçdi, orada XVIII əsrdə qızıl və almaz yataqları tapıldı.

Fransanın ilk müstəmləkələri tutmaq cəhdləri Şimali Amerikada baş verdi. Artıq 1535-ci ildə Jan Kartye Kanadanın ərazisini fransız kralının torpaqları elan etdi. 1600-cü ildə  Fransa kralı IV Henri Kanada və Akadiya kompaniyasına məntəqə salmaq və ticarət aparmaq barədə müstəsna hüquq verdi.  XVII əsr ərzində fransızlar Böyük Göllərə, hətta Meksika körfəzinə qədər Şimali Amerikanın bütün vilayətini tutdular. Bəzi adaları tutduqdan sonra Cənubi Amerikanın şimali-şərq sahilində - fransız Qvianasında möhkəmləndilər.

XVII əsrin ikinci yarısında, kral XIV Luinin dövründə Fransadan malların ixracını inkişaf etdirmək məqsədilə inhisarçı ticarət kompaniyaları - Ost-İndia, Vest-İndia, Levantiya kompaniyaları yaradıldı. Amerikada 1682-ci ildə XIV Luinin şərəfinə Luiziana adlanan koloniyanın əsası qoyuldu. Kanadanın və Karib dənizindəki adaların məskunlaşdırılması davam etdirildi. Fransızlar Madaqaskar adasını və Hindistanda bəzi məntəqələri tutdular.

İspan irsi uğrunda müharibə (1701-1713-cü illər) nəticəsində İngiltərə Fransanın rəhbərliyi altında ispan və fransız müstəmləkələrinin birləşməsinə yol vermədi, bu isə İngiltərənin Kanadaya sonralar nüfuz etməsi üçün platsdarm rolunu  oynadı. Avstriya irsi uğrunda müharibə (1740-1748-ci illər) isə Fransanın dəniz qüdrətini tamamilə laxlatdı. 1756-1763-cü illərin Yeddiillik müharibəsi isə Fransanın dənizdə və müstəmləkələrdə tam darmadağın olması ilə nəticələndi. O, Kanadanı həmişəlik itirdi, Karib dənizində bir neçə adadan məhrum oldu, Hindistanda isə tamamilə dağıdılmış cəmi beş dəniz kənarındakı şəhəri özündə saxlaya bildi.

Hollandiyada 1602-ci ildə Ost-İndia kompaniyası yaradıldı və ona 21 il müddətinə Xoş Ümid Burnundan Magellan boğazına qədər olan naviqasiya və imtiyaz qaydasında ticarət etmək barədə istismar hüququ verildi. Bir il sonra bu kompaniya Yavada faktoriya yaratdı. 1619-cu ildə isə adanın baş şəhəri Cakartanı tutub dağıtdı. Onun yerində Şərqdə holland torpaqlarının gələcək mərkəzi olan Bataviyanın əsasını qoydu. Hollandlar tədricən portuqaliyalıları cənub dənizlərindən qovdular. Çin və Yaponiya ilə bütün ticarəti ələ keçirdilər və Hindistanda ingilisləri sıxışdırıb, möhkəmlənmək istədilər. Hollandiya Şərqdə müstəmləkəçilik qüdrətinin zirvəsinə çatdı. 1648-ci il Vetfaliya sülhünə görə, əvvəllər İspaniya ilə Portuqaliyanın  dünya ağalığı sferasını  ayıran sərhəd xətti artıq İspaniya ilə Hollandiya arasından keçirdi.

Hollandlar Afrikada bir müddətə Anqolanı və San-Tome adasını aldı, 1652-ci ildə isə Xoş Ümid burnunda ilk koloniyanı yaratdılar. Vest-İndia kompaniyasını yaratdıqdan sonra isə Hollandiya Qərb yarımkürəsinə nüfuz etməyə başladı. Cənubi Amerikada Braziliyanın bir hissəsini tutsa da, 1654-cü ildə onu buraxmağa məcbur oldu. Ancaq Surinamı və Karib dənizində Kyurasao adasını ələ keçirdilər. 1626-cı ildə holland kolonistləri Şimali Amerika sahilində Yeni Amsterdamı (indiki Nyu-York) məntəqəsini yaratdılar. İngilislərlə mübarizədə Yeni Hollandiya adlanan buna bitişik ərazini özlərində saxlamağa çalışdılar. Lakin 1664-cü ildə ingilislər holland torpaqlarını işğal etdilər. Üçgünlük ingilis-holland dəniz müharibələrində hollandların ağalığına son qoyuldu. XVIII əsrin əvvəlində Hollandiya böyük ticarət dəniz dövlətindən, dünyanın dənizlə yük daşıyanından və bankirindən ikinci dərəcəli bir dövlətə çevrildi. Lakin Şimali Amerika torpaqlarından başqa, demək olar ki, bütün müstəmləkə torpaqlarını o, əlində saxladı.

İngilis Ost-İndia kompaniyası 1600-cü ildə Şərqlə ticarət aparmaq üzrə inhisar hüququ barədə kral xartiyası aldı. Hollandlar onu Cənubi-Şərqi Asiyadan sıxışdırıb çıxaranda, kompaniya öz fəaliyyətini əsasən Hindistanda inkişaf etdirdi. Bu dövrdə həmin ərazi Böyük Moğolların imperiyasına daxil idi. Burada 1609-cu ildən başlayaraq  ticarət faktoriyaları yaratdılar. 1613-cü ildə padşah Cahangirdən, bütün mallara dəqiq qoyulmuş rüsumları ödəmək şərtilə, onun bütün torpaqlarında ticarət etmək hüququ aldı. İngilis Ost-İndia kompaniyası sonralar Böyük Moğolların xəzinəsinə bir dəfəlik illik pul ödəməklə rüsumlardan tam azad olmağa nail oldu. Vaxt ötdükcə, Hindistandakı ingilis faktoriyaları qalalara çevrildilər. Onlardan birincisi - Müqəddəs Georgi fortu (Madras) artıq 1640-cı ildə tikilmişdi. Belə platsdarmlar hesabına ingilislər XVIII əsrdə tədricən hind knyazlıqlarını işğal etdilər. Öz rəqibləri olan fransızlara və hollandları kənarlaşdıraraq, İngiltərə Şimali Amerikanın məskunlaşdırılmasına başladı. 1606-cı ildə kral I Ceyms Plimut və London kompaniyalarına burada torpağa mülkiyyət hüququ vermək şərtilə yaşayış məntəqələri yaratmağa icazə verdi. Bir il sonra London kompaniyasının birinci partiyası Uolter Relinin vaxtilə Virciniya adlandırdığı vilayətdə sahilə çıxdı. 1607-ci illə 1733-cü il arasındakı dövrdə Şimali Amerikada 13 ingilis koloniyası meydana gəldi. Bunlar ticarət kompaniyalarının yaratdıqları (Virciniya, Massaçusets), kraldan xartiya alan özəl şəxslərin yaratdıqları (Pensilvaniya, Merilend) və ya dini icmaların yaratdıqları (Plimut və Yeni İngiltərə) məntəqələr idi. Onların arasında birlik gücləndikcə, ingilis hakimiyyətləri tərəfindən sərt nəzarət bu koloniyaların inkişafını dayandırırdı və 1775-ci ildə onlar müstəqillik uğrunda mübarizəyə başladılar. 4 iyul 1776-cı ildə qəbul edilən “İstiqlaliyyət Deklarasiyası” yeni dövlətin - Amerika Birləşmiş Ştatların meydana gəldiyini dünyaya elan etdi. Hərbi əməliyyatlar beynəlxalq  xarakter aldı, 1783-cü ildə Versalda sülh müqaviləsi imzalananda Böyük Britaniya ABŞ-ı tanımalı oldu. Böyük Britaniya Karib dənizindəki adaları və Kanadanı isə öz əlində saxladı. Ceyms Kukun 1768-1779-cu illərdəki ekspedisiyalarından sonra, ingilislərin əldə etdiyi torpaqlara Avstraliyadakı koloniya da daxil oldu. Britaniya imperiyası dünya müstəmləkəçi dövlətlərindən ən irisi olaraq qaldı.

(Ardı var)

 





02.10.2017    çap et  çap et