525.Az

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında<b style="color:red"></b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

ƏDƏBİ HAKİMİYYƏT QAVĞASI

(Azərbaycan proletar yazıçılar qurultayı münasibətilə) 

Azərbaycanda ədəbi hegemonu daima Milli xalqçı bir zümrənin əlində bulunmuşdur. Mənbəini Həbibi-Füzuli-Nəsimi kibi dahilər təşkil edən Vaqif-Vidadi dövründə tamamilə, lisanca və şəkilcə daha ziyadə xalqlaşan, Mirzə Fətəli vasitəsilə Avropai fikir, şəkil və formalara təkmil edilən, “Füyuzat” vasitəsilə Türkiyənin tənzimat ədəbiyatı ilə tanışan və “Molla Nəsrəddin”in davam etdirdigi “Mirzə Fətəli ədəbiyatı ilə” “Füyuzat” ədəbiyyatının sənələrcə sürən mücadiləsi nəticəsində bərkiyən və həqiqi yolunu bularaq birləşən bu milliyyətçi, xalqçı, istiqlalçı, türkçü ədəbiyyat “Türk yurdu” ədəbiyyatilə təmasdan sonra Azərbaycanda hegemon sahibi olmuşdu.

Lisanca türk birliginə doğru gedən bu milliyyətçi-xalqçı ədəbiyyat mövzuunu Azərbaycandan, şəkil və formalarını Avropadan almaqla Türk milli harsının Azərbaycanda inkişaf edən ən orjinal bir qismini təşkil ediyordu. Və əsasını, qüvvətini, mövzu və tiplərini xalqdan almaqla bu ədəbiyyat, aşağıdan yuxarıya doğru inkişaf edən müsbət bir xüsusiyyəti haiz bulunuyordu.

Bolşevik istilasından sonra Azərbaycanın hürriyət, istiqlal və milli hakimiyyət hərəkat və mücadilələrinin mürəvvici bulunan və milli varlığımızın zamini olan bu ədəbiyyat müməssilləri, “Çeka”nın imha və təqib eylədigi millət sevənlərin ön sıralarında bulundular.

İstila hökuməti Azərbaycanda, Stalinin təbirincə, lisanca milli, mahiyyətcə internasiyonal və kosmopolit bir proletar - komunizm ədəbiyatı yaratmaq istədi. Fəqət bir türlü yaradılamiyan bu qızıl ədəbiyat, nəhayət komunistləri, milli-xalqçı ədəbiyata qarşı “Molla Nəsrəddin”in davam etdirdigi Mirzə Fətəlinin ənənəvi sırf Azəri xalqçı ədəbiyatını himayə etməgə məcbur qıldı. “Sabir”ə abidələr rəkz olundu. Mirzə Fətəli üçün bayramlar yapıldı.

Fəqət milli demək xalq deməkdir, xalq demək millət deməkdir. Həqiqi milliyətçilik xalqçılıqdan ibarətdir. Yuxarıdan başlayan hər bir milli hərəkət, müvəffəqiyyəti üçün xalqa istinad edəcəgindən, nəticə etibarı ilə xalqlaşacaqdır. Və aşağıdan başlayan hər bir xalq hərəkatı inkişaf edərək milli bir hərəkat olacaqdır. Bu, insanları milli xüsusiyyətlərə bölən bir çox şəraitin məntiqi nəticəsi olur.

Azəri xalqçı ədəbiyatında dəxi təbəqələşmə başladı, nəhayət xalqçı ədəbiyat milliyyətçi ədəbiyyata iltihaq edərək milli hars, milli varlıq, milli Azərbaycan varlığının mürəvvici olmağa başladı. Əməliyat bununla da bitmiyordu. Şubat 1929-da çıxan 2457 nömrəli “Komunist” qəzetəsində Teymur Hüseynovun yazdığı bir məqaləyə görə, milliyətçi ədəbiyat, hökumətin rəsmən maddi və mənəvi himayəsini görən “proletar ədəbiyatı”nı da “köylü”, “xalq” v.s. ünvanlarla parçalanmaya, proletar ədəbiyatında milliyətə təmayül edən “sağ cərəyan ədəbiyatı” yaratmaya müvəffəq olmuşdu. Mavərayi Qafqasya mərkəzi komunist konqresi o zaman çıxardığı bir qərarında proletar ədəbiyatında baş göstərən mülkiyətçi-xalqçı “sağ cərəyan ədəbiyatına” “təslimçi ədəbiyat” adını vermişdi.

Bu, neçün, nədən böylə oluyordu?

Mavərayi Qafqasya ölkə komunist komitəsi qərarında bu cəhəti izah edərək diyordu ki:

“Mavərayi Qafqasya milliyətçi firqələri: Müsavat, gürcü menşevikləri, erməni daşnakları siyasi mübarizədə məğlub olmuşlardır. Fəqət bu, Mavərayi Qafqasyada məzkur firqələrin sovetlərə qarşı mübarizədən əl çəkmiş olduqları demək degildir. Bu mübarizə, siyasi mübarizədən az aktiv olmayaraq, yeni şəkil və yeni üsullarla davam etməkdədir. Bu yeni üsul və şəkillər dəxi mədəniyət vasitələri ilə məfkurəvi mücadilədən ibarətdir. Xaricdə çalışanların bu tədbirləri Mavərayi Qafqasya içərisində qismən qüvvətlənmiş olan burjuazi ilə birləşərək, hər bir hadisədən istifadə etməgi bacaran düşmən, ədəbiyat sahəsində fəaliyyətini qüvvətləndirmiş ədəbiyatda millətçiligə aktif bir şəkil vermişdir”. (“Komunist”, № 2457)

Hadisəyə sırf “çekist” gözü ilə baxan komunist ölkə komitəsinə qarşı Teymur kəndi məqaləsində daha əsaslı səbəblər göstərərək diyordu ki:

“Madam ki, ölkəmizin daxili, siyasi, ictimai və iqtisadi faktorları nəticəsində siyasi həyatımızda “sağ uklon” (Komunist firqəsində sağ, milliyətçi cərəyan) görünüyor, eyni qorxunun ədəbi həyatımızda dəxi görünəcəyi təbiidir. Çünki bədii ədəbiyat dəxi yuxarıda göstərilən şəraitin məhsulu olduğundan o şəraitdən mütəəssir olacaqdır...

“15-ci komunist firqə konqresindən sonra Sovet hökumətinin götürdügü xətti-hərəkət qolçomaq və “nepman” adlanan yeni sovet şəraiti burjuasına hücumdan ibarət oldu. Və pək təbii olaraq bu hücum nəticəsində sovet rejimi əleyhində olan qruplar dəxi bütün qüvvətlərini hərəkətə gətiriyor, müqavimət ediyorlar, şəhər burjuasının, köy burjuasının, ruhanilərin və orta zümrələrin ədəmi məmnuniyət və müqavimət düşüncələrini aydın göstərən güzgü (ayna) burjua (milliyətçi) ədəbiyyatdır. Bu ədəbi qrup son zamanlar sağlamış olan cığırdaşlarımızın (xalqçıların) hesabına qüvvətlənmişdir...

Teymur bu təfsilatdan sonra firqə konqresinin milliyətçi ədəbiyatla və xalqçılarla proletar yazıçılar cəbhəsindəki milliyətçiliklə mücadilə haqqındakı qərarların şiddətlə tətbiqini təkilf ediyordu.

Fəqət həyat tam başqa istiqamətdə inkişaf etdi və hər kəsin məlum olduğu kibi Azərbaycanda komunist təşkilatının tamamilə iflas etməsilə nəticələndi. Və bittəb proletar ədəbiyatı cəbhəsində dəxi milliyətçilər hegemonusu mövcudiyəti meydana çıxdı. Proletar ədəbiyatını bu iflasdan qurtarmaq üçün Azərbaycan maarif komisarlığının təşəbbüsü ilə birinci təşrinin (oktyabrın) 20-də Bakıda bir qurultay dəvət edildi. Qurultay “proletar ədəbiyatını bolşevikləşdirəcək və onu hakim qılacaq yollar aramaqla məşğul bulunacaqdı”. (“Komunist”, № 2759, birinci təşrin 21) Qurultay münasibətilə yazdığı məqaləsində M.Arif proletar ədəbiyatını yalnız kəmiyətcə degil keyfiyyətcə dəxi yoxsul görüyor. (“Komunist”, № 2752) Ə.Nazim isə bunun üzərində daha əsaslı duraraq proletar ədəbiyatı müntəsiblərinin yaratdıqları əsərləri “yüngül, bəsid, ibtidai bir halda görüyor”. (“Komunist”, 21.10.1929) Ə.Nazimin fikrincə proletar yazıçıları “yalnız yazıçılq sahəsində degil, hətta adi, ümumi, hər insana lazım olan məlumatca da ibtidaidirlər. Bunun da səbəbi Rus mədəniyyətindən və ədəbiyatından degil, İstanbuldan Osmanlı ədəbiyatından, Füzuli, Baqi və Nədimdən ilham almalarında imiş... Proletar ədəbiyatında milliyətçilik və sağ təmayüldən başqa “mistisizm”, idealizm, romantizm, passivizm” hakim imiş... Proletar ədəbiyatında sovet yeniliklərindən, yeni komunist tiplərindən, fabrika və traktorlardan heç bir əsər yox, insanı, məhkum “keçmişlərin” əlim vəziyətlərinə ağladacaq mənzərələr vardır.

Mustafa Quliyev qurultaydakı nitqində Komunist firqəsilə Sovet hökumətinin inqilabi təşəbbüslərini, sovxoz və kolxozları, fabrikaları v.s. tərvic edərək proletar ədəbiyatının bu həyatın ifadəsi olmasını tələb ediyor. Onun fikrinə görə həqiqət tam başqa imiş. Sabir kütübxanəsinin statistikindən istifadə edən Mustafa pək bədbin bir nəticə çıxarıyor, cəmiyətin və xalqın oxuduğu müəlliflər: Emil-Zola, Viktor Hüqo, Rabindıranat Tağor, Tolstoy, Çexov, Maksim Qorki, Faddeyev, Hüseyn Cavid, Hüseyn Sadik, “Molla Nəsrəddin” Cəlil Məhəmməd Quluzadə, Əbdülrəhim bəy, Ə.Cavad, C.Cabarlı v.s.-dən ibarət olduğunu xalqın pək əleyhdar ruhda bulunduğu mənasını çıxarmaqdadır. Mühit və cəmiyətin ruh və təmayülatına taban Azərbaycan nəşriyat idarəsi olan “Azərnəşr” dəxi proletar ədiblərinin əsərlərini degil, milliyətçi-xalqçı ədəbiyatı nəşr etməklə “sağ cərəyan” müəssisəsi olmuş, bu hərəkətilə nam və şöhrət arayan bir çox komunist yazıçılarını dəxi sağa dönərək milli ruhda, ufaq burjua əsərləri yaratmağa sövq etmişdir.

Mustafa proletar ədəbiyatını çox diqqətlə təqib eylədigini, fəqət bu əsərlərdə bircə də olsun fabrika və əmələ tipi görmədigini söyliyor, ona görə proletar yazıçılarını “sifarişlə” çalışdırmaq lazım gəldigini əlavə ediyor.

Quliyev diyor ki:

“Ədəbiyat hər zaman cəmiyətin ictimai və siyasi quruluşundan asılı olmuşdur. Nəşriyat idarələri, hökumətlərə, kəndilərinə faydası olmiyan kitabların çox çap edilməsinə, intişarına heç bir zaman çalışmazlar. Biz nəinki yeni gənclər, hətta əski yazıçılara da “zakaz” (sifariş) verməliyiz”. (“Komunist”, 24.10.1929, № 2756)

Fəqət Quliyev proletar ədəbiyatının “ən doğru realizm əsasilə” olması lazım gəldigini dəxi əlavə etməyi unutmayır. Quliyev “zakaz” və “realizm” ilə şeirlərin və sair ədəbi əsərlərin ürəkdən gəlməsini dəxi “tələb” ediyor. Quliyevin ifadəsinə görə “özü üçün yazmaq sağ təmayüldür”.

Proletar ədəbiyatının xüsusiyətini keçən il, klassik və milli ədəbiyatın “ələm və iniltilərinə” qarşı “nəşə və şən”lik olmaq üzrə göstərmişlərdi. İlk proletar şairi ədd olunan Süleyman Rüstəmzadə “Ələmdən nəşəyə” adlı mənzuməsilə guya Azərbaycan ədəbiyatında bir inqilab yapıyordu. Qeyri təbii olan bu nəşə getdikcə ədəbiyatda bir “arsızlıq” mənasız və yersiz, yalnız “Çeka”nın xoşuna gəlmək üçün hərzə hərzə gülmək halını aldı. Bu xüsusda Quliyev diyor ki:

“Adam bir dəfə, iki dəfə güləndə zərər yoxdur. Fəqət bu qədər gülmək də heç kəsin xoşuna gələcək bir şey degil. Bu yalan gülüşdür. Bu yalançı optimizmdir....”

Quliyev proletar hekayəçisi Nəzərlinin “Qəhrəman” nam hekayəsini oxurkən, burjua qadınını öldürən bir bolşevikin qəhrəmanlığını idealizə etmək əvəzinə burjua qadınının ölümündən mütəəssir olmuşdur. Bu surətlə bir proletar hekayəçinin qələmində “Qəhrəman” tam əksi bir məna ifadə eyləmişdir. Halbuki Quliyev bir bolşevikin, burjua sinifinə mənsub bir qadının üzərinə yapdığı məzalimdən sevinmək istərdi” (“Komunist”, № 2756)...

Mustafa Quliyevin nitqinə cavab verənlər içərisində H.Mehdinin sözləri şayani diqqətdir. Mehdi diyor ki:

“Quliyev yoldaş türk ədəbiyatını degil, rus ədəbiyatını oxumaq təklif ediyor”.

Bu təklifi bən də bir zamanlar iləri sürmüşdüm. Fəqət bir məsələni açıqdan-açığa boynuma almalıyam. Bən nə qədər ki, türk ədiblərini, türk ədəbiyatını oxumuyordum, onlardan bir şey öyrənmək mümkün olacağını bilmiyordum. Fəqət son zamanlar Xalid Ziya kibi türk ədiblərinin bəzi əsərlərini oxuduqdan sonra öz səhvimi anladım... (“Komunist”, 25.10.1929, № 2757)

Ə.Fövzi, proletar ədəbiyatında mövzunun mütləqa əmələ həyatından olması təklifini doğru görmüyor. Bundan başqa Quliyevin “realizm” və “materyalizm” təkliflərini şimdiki sosyalizm və sovetizm quruluşu ilə qabili təlif görmüyor diyor ki:

“Fabrikanın qoynuna atılan yeni bir türk qızını olduğu kibi təsvir eyləməkdən bir şey çıxmaz, onu yalnız romantik bir tərzdə təsvir etməklə bir şey olur”. (“Komunist”, № 2757)

Proletar ədəbiyatının çıxmazda olmasının səbəblərini izaha çox az bir qismindən istifadə eylədigimiz bu münaqişələr də kafidir. Quliyev cəmiyətin, mühitin və millətin milliyətçi xalqçı yazıçılar əlində olduğunu, proletar yazıçılarının onlara tərəf keçdigini etiraf etdikdən sonra yazanları və yazmaqdan qorxanları “zorla” yazdırmaq lazım gəldigini, fəqət bu, “zorla” bərabər yazıların “ürəkdən gəlməsi” lazım gəldigini, fabrikalardan və əmələdən bəhs etməsini, realist və materyalist olmasını tələb ediyor. Halbuki, bu təqdirdə “arsızca”sına gülən qeyri səmimi bir ədəbiyat meydana çıxıyor, digər tərəfdən Ə.Fövzinin dedigi kibi sovet şəraiti realist baxışla ədəbiyata çıxınca sovet əleyhində bir mənzərə meydana gəliyor.... Komunist firqəsinin qeyri həyati olan təşəkkülləri Azəri xalqının şiddətli müqavimətləri ilə qarşılanmaqda, Komunist firqəsi həyat və cəmiyətin bu müqaviməti qarşısında bütün əski kadrolarını qeyb edərək ricət etməkdədir.

Gənc komunist sıralarının 80%-i milliyətçi deyə dışarı atılıyor. Komunist təşkilatı, bütün rəhbərlərilə iflas ediyor. Azərbaycan kibi ufak mülkiyət məmləkəti olan bir yerdə felən burjua hüququ münasibətləri hakimdir. Əmələ və sənayeidə əski patronların muzd və maaş kontrakları caridir. Azərbaycan türk əmələsinin məhkum bir vəziyyətdə olduğu və komunist hökumətinə müariz bulunduğu məlum... “Çeka”lar, zindanlar, sibiryalar Azəri münəvvərlərilə dolu.... Köylərdə “cəza müfrəzləri” ölüm təhdidilə köylülərin loxmasını əlindən almaqda...

Azəri xalqı, Azəri gəncligi zorla kəndi milli harsından üz çevirməgə məcbur ediliyor və üzü Moskvaya döndəriliyor.

Böylə bir vəziyyət içərisində xalqın içindən çıxan hər hankı bir Azəri mühərririnin yazacaqları əsər bir millətin fəryadları ilə protestosundan ibarət olacağı təbiidir, öylə ki, o yazıdan vəhşətdən zövq almaq istəyən Quliyev belə mütəəssir olacaqdır.

Ruhullah Axundov Azərbaycan proletar ədəbiyatının “tısbağa yürüyüşilə irəlilədigini” qeyd edərkən rus proletar ədəbiyatı müməssili Tatulova cavab veriyor. (“Komunist”, 27.10, № 2758) Tatulov Azərbaycanda proletar ədəbiyatının olmamasını əsasən Azərbaycanın milli burjua bir ədəbiyata malik olmamasında görüyor. Mustafa Quliyev ruslara 300-400 sənə əvvəldən başlayan bir Azərbaycan ədəbiyatı mövcud olduğunu söylərkən, ruslar bu izahatı mübaliğə ədd etmişlər. Fəqət “mədəniyət rəhbəri olan rusların” (cümlə Ruhullahındır) bu qəfləti “iyi məqsədlə” olduğundan “Moskva uşaqlarını” qızdırmışdır. Ruslar demək istiyor ki: “Azərbaycanı azad edən oktyabr inqilabı olduğu kibi, ədəbiyat və mədəniyəti də Moskva verəcəkdir”... Halbuki, Ruhullah Axundovun göz yaşlarına baxılırsa:

“Moskvaya oxumağa göndərilən Azərbaycan gənc proletar yazıçıları getməkdən imtina ediyor, getmiyorlar”. (“Komunist”, № 2758) Bunun əvəzində türk ədəbiyatilə təmasa gələn proletar yazıçılar, “səhvlərini anlayaraq Xalid Ziya bəydən çox şey öyrəniləcəgi qənaətinə gəliyorlar”. (Mehdinin nitqi)

Bu surətlə görüyoruz ki, moskvalı mujik Azərbaycanın komunist gəncinə ədəbiyat dərsi vermək istərkən və bu məqsədlə onu, azəri gəncini hamisiz, mədəniyətsiz, milli harsa malik olmayan ibtidai bir millət kibi göstərmək istədigi zaman, Azərbaycan gəncliginin milli qüruru qabarıyor, rus mujikinə Füzuli, Həbibi, Nəsimi, Baki, Nədim, Xalid Ziya, Mirzə Fətəli v.s.-lərlə cavab veriyor və davasında haqlı olduğunu göstərmək üçün Türk ədəbiyatını tədqiq etməgə başlıyor... İstiqamət Moskvadan Azərbaycanın kəndisinə, İstanbula və Anadoluya çevriliyor.

Mustafa Quliyevi sinirləndirən da odur. Çünki onun nəzərində “Azərbaycan proletar ədəbiyatının inkişafını təmin edən yol oktyabr inqilabının yaratdığı rus “ədəbiyatı qapılarıdır”. Onun fikrincə Moskvaya getmək, Moskvada oxumaq, türk ədəbiyatını yox təsəvvür edərək rusca düşünmək və ruslar kibi yazmaq yolu iylədir ki, “Bu gün Azərbaycanda hegemon sahibi bulunan milliyətçi xalqçı ədəbiyatı həyatdan, nəşriyatdan, məktəb, ailə, teatro v.s.-dən qovmaq olur”.

Fəqət buna proletar yazıçıları kəndiləri cavab vermişlərdir. Quliyev kəndi nitqində proletar yazıçılarının “bən ağlamıram, bən gülürəm!..” deyə təkrar etdiklərini qeyd etmiş və bu qəhqəhələrə:

“Yalançı gülüşlər!” adını vermişdir.

Mirzə Bala
”Odlu-Yurd”, İkinci Kanun (yanvar) 1930, № 11 

Rəkz - yerə sancma
Müfrəz - dəstə 

MƏNALI BİR ÇIXIŞ 

Keçən nüsxəmizdə dəxi qeyd etdigimiz vəchilə son günlərdə Azərbaycan komunistləri və mövqelərində tutuna bilmək üçün komunist ağalarının mərifətlərini mədhü-səna ilə keçinən Sanili, Haqverdiyev və sairə kibi qızıllaşmış “ədiblər”i milli şair Ə.Cavada qarşı müdhiş bir səfər açmış və adəta zavallı şairi parçalayacaqlarmış kibi təərrüzə keçmişlərdir. Bu xüsusda səhifələr dolusu məqalələr yazan “Komunist” qəzetəsinin bir nüsxəsində “Sarabskinin anlaşılmaz bir çıxışı” ünvanlı şayani-diqqət bir fikir nəzər-diqqətimizi cəlb etdi. Fikirdən anlaşıldığına görə Ə.Cavad əleyhində “Komunist” qəzetəsindəki mütəəddid yazılara, konqreslərdəki çıxışlara və Azərbaycan ədəbi məhafilini yerindən oynadan gurultuya rəğmən və əlavə olaraq Ə.Cavadın hər hankı bir şeirini ümumi yerlərdə oxumaq mən edildigi halda Azərbaycanın əməkdar aktyorlarından Sarabski bütün bu hücum və gurultuları eşitmirmiş kibi Oktyabr ixtilalının 12-ci il dönümü münasibətilə gözəl sənətlər cəmiyyətinin tərtib etdigi bir konsertdə Ə.Cavadın:

Bən bir aşiqəm ki, bu çaldığım saz
Dumanlı dağlara səs salacaqdır
İnlətdigim teldə ağlayan avaz
Elin xatirində çox qalacaqdır...

şeirini təğənni etmişdir. Sarabskinin bu “çıxışından” öfkələnən “Komunist” aktyora şiddətlə hücum edərək bu çıxışın mənasını anlamadığından şikayət ediyor və diyor ki:

“Ən böyük xəta şurasıdır ki, böylə bir çıxış Sarabskinin əzası bulunduğu bir cəmiyyətin bayramında vüqu bulmuşdur. Sarabski, bu cəmiyyətin əzası bulunmaq həsəbilə zənn ediyordu ki, Ə.Cavad əleyhində bir çıxış yaparaq, hətta Cavadı protesto edəcəkdir. Fəqət biləks Sarabski bunu yapacağına Cavadın şerini sevə-sevə oxudu”.

Qəbahəti Sarabskidə görməklə bərabər, qəzetə mətbuat müdürlügünə də hücum ediyor; ələlümum konsert programlarının diqqətlə kontrol edilmədiginə işarət edərək müdürlügün bu məsələyə qarşı nəzəri-diqqətini cəlb ediyor.

Fəqət “Komunist” qəbahəti kimdə görürsə görsün, söz götürməz bir həqiqət var ki, o da milli zövqün senzor qəbul etmədigi, sənətkarı da daxil bulunduğu halda Azəri xalqının milli, ədəbi zövqünü Ə.Cavad kibi milli vətəni hislərdən mülhəm şairlərin dəyərli əsərləri ilə inkişaf etdirərək, bu gündə o zövqlə yaşadığıdır. Sarabskinin çıxışını milli ədəbiyata yapılan hücumlara qarşı millətin bir əksül əməli kibi tələqqi edərsək heç də yanılmış olmayız. İştə bunun üçündür ki, Sarabskinin “anlaşılmaz” çıxışı bizcə tam mənasilə yerində və mənalı bir çıxışdır.

Y.Ə.
“Odlu-Yurd”, ikinci kanun (yanvar) 1930, № 11 

Mütəəddid - saysız-hesabsız
Təğənni - zümzümə etmək, oxumaq

AZƏRBAYCANDA

Ağamalı oğlunun əzli 

Son posta ilə gələn məlumata görə Azərbaycan Mərkəzi İcra Komitəsi rəisi Səmədağa Ağamalı oğlu vəzifəsindən əzl edilərək Moskvaya cəlb edilmişdir.

Ağamalı oğlunun müavini Dövlətov, katibi v.s. icra komitəsi əzaları dəxi Komunist firqəsindən və məmuriyətlərindən çıxarılmışlardır. 

Böyük təbəddülat

Azərbaycan Komunist Firqəsinin mart konqresində seçilən yeni mərkəz heyəti və Azərbaycan Komunist Firqəsi Bakı Komitəsi Moskva tərəfindən fəsx olunaraq, katibi ümumiləri Qarayev, Mirzoyan və Qasımov Moskvaya çağırılmışlar.

Məmləkətin ümuri-idarəsi Moskvadan gələn Çikalo nam bir rusa verilmişdir. 

Prof. Rathauzer 

Keçən nüsxələrimizdə bir məqaləsinə cavab verdigimiz Azərbaycan Dövlət Darülfünunu professorlarından və Azərbaycan Komunist Firqəsi əzasından prof. Rathauzer Komunist firqəsindən ixrac edilmişdir. (“Komunist”, № 152) 

Mustafa Quliyev 

Azərbaycan Sovet hökuməti xalq maarif komisarı məruf Mustafa Quliyev Komunist firqəsindən təmizlik yapan fövqəladə komisyon tərəfindən “ağır töhmət”ə məruz qalmışdır. Mustafa Quliyev komisyonun göstərdigi “xəta”ları islah edəməzsə Komunist firqəsindən atılacağı kəndisinə bildirilmişdir. Quliyev bilxassə milliyyətçilikdə ittiham olunmaqdadır. 

Təmizlənənlər

Azərbaycan Mərkəzi İcra Komitəsi rəis müavini, Ümumi Rusiya Komunist Firqəsi Mərkəzi Heyəti, Qafqasiya Ölkə Komunist Mərkəzi və Azərbaycan Komunist Firqəsi Mərkəzi Komitəsi əzası Dövlətov Komunist firqəsindən və vəzifəsindən ixrac edilmişdir. Firqədən və vəzifələrindən çıxarılanlar arasında əmək komisarı Adamyan, Azərbaycan Xalq İqtisad Şurası rəisi Ağaverdiyev, Kərimov, Köybirligi cəmiyyəti rəisi v.s. vardır.

Töhmət alanlar içərisində Azərbaycan “Çeka”sının rəisi Novruz Rizayev dəxi vardır. 

Köylü hərəkatı 

Bakı qəzetələrinin yazdıqlarına görə Azərbaycan qəzalarında hökumətin ərzaq hazırlığına müqavimət hərəkatı artmaqdadır. Bu münasibətlə bir çox tövqifat icra edilmişdir. Tövqif olunanlar içərisində İskəndər Cəfər oğlu, Ağamoğlan Sarı oğlu və Abdullah Muxtar oğlu kibi Şamaxı qəzasının məruf simaları da vardır. (“Komunist”, № 152) 

Hırsızlar beynəlmiləli 

Bakı qəzetələrinin yazdıqlarına görə (“Komunist”, №151) Azərbaycan məsul Sovet müəssislərinin mühüm məmurları arasında bir hırsızlar ittifaqı mövcud olduğu kəşf edilmişdir. İttifaqa daxil bulunanlar arasında birinci yeri ruslar, yəhudilər, sonra da erməni və türklər işğal ediyorlar. O cümlədən: Komunist firqəsi əzası və Azərbaycan profesyonal birlik əzası Şahmərdanov bu hərəkatı tənzim və sövq edənlərdəndir. Muzdurlar ittifaqı rəisi ilə katibi, ictimai sığorta idarəsi xəzinədarı, ziraət və topraq idarəsinin rəisi və katibi, əmələ kulubları müdürü, qəza kooperatif müdür və xəzinədarlarından 10 kişi, el köməgi komitəsinin rəisi, Quba və Şuşa şəhərlərinin kooperatif təşkilatları müdirləri həp bu “Hırsızlar beynəlmiləlinə” daxil bulunuyormuşlar. Bunlar rəyasət və idarə etdikləri bu müəssisələrə bir çox sabiqələri olan hırsızlar dəxi qəbul edərək çalışmış, Rusiyadan gələn haydutları himayə etmişlərdir.

Qəzetənin yazdığına görə bu vaxta qədər bunlar (6-7 ayda) 8752 manat para bənimsəmişlər və 10.000 manatlarca parayı borc olaraq 0 faiz ilə tüccarlara vermişlərdir. Heyətə mənsub olanlar həp məsul komunistlərdir. 

Vergilər artıyor 

Bakı Soveti büdcəsinin bu il 40% açığı olduğundan Azərbaycan Komisarlar Heyəti Mavərayi Qafqasya Komisarlar Heyətinə müraciət edərək Bakı Sovetinin büdcə açığını qapamaq məqsədilə vergilərin 40% artırılmasına müsaidə edilməsini rica eyləmişdir. (“Komunist”, № 158) 

N.Rzayev əzl edildi 

Azərbaycan Mərkəzi İcra Komitəsinin 9 temmuz tarixli qərarilə Azərbaycan “Çeka”sının rəisi və daxili işlər komisarı Novruz Rzayev vəzifələrindən əzl edilərək yerinə Alekseyev nam bir rus təyin edilmişdir. (“Komunist”, 10 temmuz 1929, № 158) 

Teymur Əliyev 

Komunist firqəsinin təmizligi zamanı bu vaxta qədər pək mühüm vəzifələr işğal edən və vaxtilə inqilab məhkəməsi rəisi bulunan Teymur Əliyevin “Müsavat” dövründə divani-hərb müstəntiqi olduğu meydana çıxdığından firqədən ixracilə məhkəməyə verilməsi qərarlaşdırılmışdır. 

Yenə köylü hərəkatı 

Bu sənə “Kür” çayının daşması təhlükəsinə qarşı iləricədən böyük bəndlər inşa etməklə təhlükənin önü alınmışdı. Fəqət həziran ortalarında bu bəndlər yarılaraq su Muğan və Mili istila edərək məhsulatı məhv etmişdi. Yapılan təhqiqat bəndlərin sovet əleyhdarı köylülər tərəfindən yapılmış olduğu meydana çıxarılmışdır. “Zarya Vostoka” qəzetəsinin (№ 140) yazdığına görə bəndləri pozan köylülər arasında bilxassə Muğanın “Mürselli” nahiyəsində bir çox tövqifat icra edilmişdir. 

Qara saqal kanalı 

Qara saqal kanalının bəndləri yarılaraq ətrafında yeni salınan rus mühacir köylərilə pamuk və buğda əkinləri su altında qalmışdır. (“Zarya Vostoka”, № 147) 

Musabəyovun ailəsi

Azərbaycan Komisarlar Heyəti rəisi Dr. Qəzənfər Musabəyovun ailəsi (annəsi, qardaşları və əqrabası) zəngin və mülkədar sinifinə mənsub olduğu üçün Azərbaycandan sürülmüşdür. Musabəyov kəndisi də Moskvada bulunmaqdadır. 

“Məsul” komunist

“Komunist” qəzetəsinin (№ 152) yazdığına görə Ağdam vilayəti Komunist firqəsi katibi firqə paraları ilə gönüllü vergilər və sığorta paralarını bənimsəmişdir. 

Bələdiyələşdirilmiş evlərdə

Bakıda qazanc verə biləcək bütün xüsusi evlərin sosyalize edilərək bələdiyə idarəsi tərəfindən idarə edildigi məlumdur.

Keçən sənə bu evlərdən məsarifini ödəməyənlər sahiblərinə qaytarılmışdı. Bununla bərabər şəhər idarəsində 14.000 böyük apartıman qalıyordu. Bakı qəzetələrinin yazdığına görə şəhərin ən mühüm yerlərində olan və ən gözəl binalarını təşkil edən bu evlərdən əmələ olmayanların çıxarılmalarına qərar verilmişdir. Bakıda şimdiki halda əmələnin ruslardan ibarət olduğunu da yeri gəlmişkən qeyd etməliyiz.

“Odlu-Yurd”, Eylul 1929, № 7 

Tövqif - həbs etmə, saxlama

(Ardı var)

 





02.10.2017    çap et  çap et