525.Az

Bizim “525” - Misir Mərdanov yazır


 

Bizim “525” - <b style="color:red">Misir Mərdanov yazır</b>

“525-ci qəzet”in qarşıdan gələn 25 illik yubileyi ilə bağlı Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin rəhbərliyilə xüsusi nəşr layihəsi həyata keçirilir. Bununla əlaqədar hazırlanan kitabda Azərbaycanın dəyərli qələm adamlarının fikirləri, yazıları yer alacaq. Həmin yazılar ardıcıl şəkildə qəzetimizdə də dərc olunacaq.

Ziyalıların görüş yeri olan, hamımızın həvəslə oxuduğumuz mətbu orqanın, “525-ci qəzet”in 25 illik yubileyi ərəfəsində düşüncələrim məni çox-çox illər öncəyə apardı.

Ölkəmiz müstəqilliyini qazanandan sonra çoxlu sayda qəzet, jurnallar meydana gəldi. Təəssüflər olsun ki, söz azadlığını bəzən yanlış anlayan bəzi qələm sahibləri yaranmış şəraitdən mənfi mənada “faydalanmağa”, həqiqətə uyğun olmayan məsələləri yazmağa başladılar. Peşəkar jurnalistikadan xəbərsiz adamlara meydan verilməsi də dövrün ciddi problemlərindən biri idi.  Belə bir zamanda bir neçə mətbu orqan oxucularına yalnız həqiqəti çatdırmağı, həm də bunu peşəkar şəkildə etməyi qarşısına məqsəd qoydu. Bu cür qəzetlərdən biri, bəlkə birincisi “525-ci qəzet” idi. Bu qəzet elə o zamanlardan, Bakı Dövlət Universitetində çalışdığım illərdə diqqətimi çəkmişdi. Etiraf etmək lazımdır ki, elə ilk nömrələrindən “525-ci qəzet” təhsil, elm, mədəniyyət ictimaiyyətinin ən çox oxuduğu, inandığı qəzet oldu. Və zaman-zaman bu etimadı, inamı da yüz faiz doğrultdu. Ona görə də bu gün ölkəmizdə söz sahibi olan, öz sahəsində sayılıb-seçilən bir çox ziyalılar bu qəzetə ürəklə “bizim qəzet” deyə bilərlər.

Hələ Bakı Dövlət Universitetinin rektoru olandan təhsilin ictimailəşdirilməsinin mühümlüyünü diqqətə çəkmişəm. Ona görə də 1998-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin böyük etimadı ilə Təhsil naziri təyin edilən kimi bu məsələni önə çəkməyə, təhsil mövzusunu ictimailəşdirməyə çalışdım. Bunun üçün təhsillə bağlı görülən işləri, irəli sürülən layihələri, ictimaiyyət üçün maraqlı ola biləcək məlumatları xalqa çatdıracaq obyektiv qəzetlərə ehtiyacımız var idi. Təəssüflər olsun ki, bilmədiyini yazan, subyektiv fikrini Quran ayəsi kimi təqdim edən, yanlış informasiya ilə oxucuları çaşdıranlar da az deyildi. Ona görə minnətdarlıq hissi ilə qeyd etməliyəm ki, “525-ci qəzet” Azərbaycan təhsilinə sağlam, dürüst münasibətiylə seçildi. Orijinal layihələri, fərqli yanaşmaları, peşəkar yazıları ilə təhsilin ictimailəşdirilməsində xüsusi rol oynadı. Xatırlayıram ki, o zaman debatların, polemikaların dəbə mindiyi bir vaxtda mən Təhsil naziri kimi məhz bu qəzetdə bir layihə çərçivəsində debata razılıq vermiş və məmnuniyyətlə qəzetin redaksiyasına gedib kollektivi ilə yaxından tanış olub layihəsinə qatılmışdım. Sonralar orta məktəblərdə görüşlərimiz, təhsillə bağlı tədbirlərimiz də bu qəzetin səhifələrində reportajlar şəklində yayımlandı. Həmçinin, qələmə aldığım “Azərbaycan təhsil tarixi” çoxcildliyindən də uyğun bildiyim parçaları “525-ci qəzet” vasitəsiylə oxuculara təqdim etmişəm. Bu cür faktları sadaladıqca sadalamaq olar. Təkcə mən yox, bir çox alimlərin, yazarların, qələm adamlarının yazılarına səxavətlə yer ayıran bu qəzet əslində, böyük bir maarifləndirmə missiyasını  daşıyır desək, yanılmarıq. Onu da xüsusi qeyd etmək istərdim ki, məhz bu qəzetdə mənim 11-dən çox müsahibəm silsilə şəklində yayımlanıb. Qəzetin yazarı Pərvinə verdiyim ardıcıl müsahibələrdə öz keçmişim, bioqrafiyam, ailəm, elmi və ictimai fəaliyyətim haqqında heç yerdə demədiyim, dilə gətirmədiyim məsələləri danışmışam. Bu səmimiyyətin səbəbi də əlbəttə ki, hər şeydən öncə qəzetə doğma münasibətimlə bağlı olub.

Mənə görə, “525-ci qəzet” ayrıca bir varlıqdır, özünün ideyası olan əsərdir. Bu əsərin artıq 25 ildir ki, öz səviyyəsini, necəliyini, simasını qoruması isə onun yaradıcılarının, müəlliflərinin xidmətidir. Bu mənada baş redaktor Rəşad Məcidin xidmətlərini xüsusi vurğulamalıyam. Uzun illərdir ki, tanıdığım, şəxsiyyətinə, qələminə böyük hörmətlə yanaşdığım Rəşad Məcid milli-mənəvi dəyərlərimizin keşiyində duran ziyalımızdır. Həm öz yaradıcılığı ilə, həm də ən böyük əsəri sayıla biləcək “525-ci qəzet”lə Rəşad Məcid yeni gələn nəsilə örnək ola bilər. Bu mənada istedadlı gənclərə münasibəti, qəzetində onlara xüsusi yer verməsi, onların üzə çıxmasında, inkişafında rol oynaması təsadüfi deyil.

Mənə belə gəlir ki, “525-ci qəzet” haqqında elə onun işıq üzü görən sayları qədər danışmaq mümkündür. Bu mənada yaxın gələcəkdə bu qəzetin elmi araşdırma mövzusu, obyekti olacağına da şübhəm yoxdur. İndilikdə isə mən sadəcə bu qəzeti,  Rəşad Məcid başda olmaqla hər bir əməkdaşı bu gözəl yubiley münasibətiylə səmimi qəlbdən təbrik edirəm. Qəzetə uzun ömür, əməkdaşlarına yeni-yeni yaradıcılıq uğurları diləyirəm.

 





02.10.2017    çap et  çap et