525.Az

Tahir Talıblı: "Tənhalıq da, dərd də insanın özüylə doğulur..."


 

Tahir Talıblı: "Tənhalıq da, dərd də insanın özüylə doğulur..." <b style="color:red"></b>

Çörək yeyəndə də, su içəndə də
Yuxu içində də özgeydin, adam.
Dostlar arasında, ev içində də
Sən haqqı göstərən güzgüydün adam.

Söhbətimizə Tahir müəllimin elə bu misraları ilə başladıq. Diqqətimi çəkən nüans şeirin yazılma tarixi oldu: "mart-avqust". Bu göstəricini özü də təsdiqlədi. "Son altı ayda yazdığım bu şeirdi", - dedi.  "Bir tənha adam" adlanan bu şeirin məzmunu söhbətimizə körpü oldu.

- Tahir müəllim, tənhalıq nədi? Necə olur ki, ətrafı adamla dolu olsa da, insan tənhalaşır?

- XIX-XX əsrlər arası rus ədəbiyyatında cəmiyyət tərəfindən qəbul olunmayan, yəni belə demək mümkünsə, artıq adamların silsilə obrazları yaranmışdı. Oblomov, Rudin, Peçorin və başqaları. Bu adamların müsbət keyfiyyətləri olsa da cəmiyyət tərəfindən bir mənalı qəbul olunmurdu. Yəni bu obrazlardakı xarakterik xüsusiyyətlər cəmiyyətdəki reallıqlarla uzlaşmırdı. Əslində, bu adamlar cəmiyyətdəki çatı bütövləşdirməyə xidmət eləsələr belə. Bizim ədəbiyyatımızda da belə adamların obrazları yaradılırdı. Elə Kefli İsgəndəri misal gətirmək olar. Onun varlığı, hamıdan fərqli davranışı, danışıq tərzi, adamlara, olanlara fərdi münasibəti durğun bir gölə atılmış daş kimi düşürdü. Ən azından cəmiyyətdə bir təbəddülat yaradırdı.

Elə Yusif Səmədoğlunun "Qətl günü" romanında da belə adamların obrazları var. Deyə bilmərəm, siz adını tutduğunuz "bir tənha adam" şeirində bu effekt var, ya yoxdu. Hər halda, fikirləşirəm ki, belə tənha adamlara, bəlkə də çoxluq tərəfindən qəbul olunmayanlara həmişə hər yerdə ehtiyac olur.

O da var ki, hər bir insan ayrıca fərd olduğu kimi, həm də təkdi, bəlkə də tənhadı, hər bir kəs öz fərdi keyfiyyətlərinə, düşüncəsinə görə də fərqlidi, təkdi. Əslində bütün təklər bir bütövü yaradır. Bu bütöv bütövlükdə xalqın özüdü. Bizim mifologiyamızda, folklorumuzda bu fərdlilik çox qabarıqdı. Bəzən elə olur ki, insanı öz həmcinsindən daha çox, dilsiz- ağızsız bildiklərimiz daha yaxşı anlayır. Evi yağmalanan Qazan xan qarşısına çıxan ağacdan, sudan, qurddan qarıcıq anasını, bütöv əyalını, qul-qarabaşını soraqlayır. Bu motiv Kərəm dastanından da keçir. Ağacnan, suynan, küləknən, dağnan xəbərləşmə, soraqlaşma folklorumuzda geniş yayılmış məsələdi. Elə şair tapılmaz ki, dağlara şeiri olmasın. Aşıqların "dağlar" deyin oxuduqları çox dərin mifoloji köklərə bağlıdı. Aşıq Ələsgərin "Qozqara kötüyü" ilə deyişməsi qəribə deyilmi?

Açığını deyim ki, mən daha çox dibçək güllərimlə qonuşuram, danışıram, bir-birimizi yaxşı başa düşürük. Bir də hələ dili açımamış nəvələrimlə çox yaxşı anlaşa bilirik, söhbətimiz maraqlı olur.

- Tənhalıq seçim ola bilərmi?

- Vallah, bu suala filosoflar yaxşı cavab verə bilər. Mənə elə gəlir ki, tənhalıq özü də adamın özüylə doğulandı. Bir də o var ki, tənhalıq öz içindən getdiyin ən uzun yoldu. Bu yol sufilər söyləmiş, adamı tanrıya aparır, amma çox uzun, bəlkə də dünyanı yüz dəfələrlə piyada dolanmaqdan daha uzun, daha ağır bir yoldu. Bu yolu gedə bilənlərə şükür. Bu yol sidqlə gedilən yoldu. Tam yadımda deyil, belə bir misram olmalıdı: "Yüz yol var, şeytana çıxır, bircə yol Allaha gedir".

- Sizin şeirlərinizdə mövzu, yaxud obraz kimi bunlar daha qabarıqdı: Tanrı, dərd-sevgi və ölüm...

- Tanrı da, dərd də, elə sevgi özü də, ölüm də dünyanın ən böyük əbədi və əzəli olanları, olacaqlarıdı. Əslində, dünyada nə varsa, hər şey böyük yaradana xidmət üçündü. O ucanın ətrafında fırlananlardı. Elə həyatın da, dünyanın özünün də mahiyyəti belədə açılır, belədə dərkolunma məqamına çatırsan. Mənim vadıma qaldıqda, dərd özü də, sevgi də, elə ölüm də Allahın adlarındandı.

Taxt yazdığın taxtsız olmur.
Baxt yazdığın baxtsız olmur
Ölüm heç vaxt vaxtsız olmur
Vaxtlı-vaxtsız ölümünə şükür.

Təbii ki, düz tapmısınız, mənim üz tutduğum mövzular bunlardı. Adam elə Tanrıyla dərdlə, ölümlə danışa bilməlidi. Deyir: təkcə qırxılıq altında olanda qoyun canavarı yadından çıxarır. Qalan vaxtlar canavar yaddaşında ən ötədədi. Allah da, dərd də, sevgi də, ölüm də yaddan çıxanda fəlakətlər başlayır. Deyir: Osmanlı padşahlarının sarayında bir nəfərin vəzifəsi beləymiş, hər səhər sultan yuxudan oyananda şahın yataq otağına girər və deyərmiş: "Şahım unutma ki, səndən yuxarıda Allah var". 

Göyün harasında durub
Yer-göy arası tanrıdı.
Hamımızdan hesab bulub
Sorğu sorası tanrıdı.

Yan-yana xalqlar düzülüb
Nizələr oxlar düzülüb.
Sıraynan haqqlar düzülüb
Haqqın sırası tanrıdı. 

Axan bilər qanda nə var,
Çıxan bilər canda nə var.
Ölümnən o yanda nə var..
Ordan sonrası tanrıdı.

Dedik ki, insan öz içiylə ömrü boyü Tanrıya tərəf yol gedir, ona qovuşmağa can atır, necə ki, dünyada hər nə var öz bütövünə doğru gedir, necə ki, damlalar dəryaya can atır. Dünyanın bütöv və əbədi olanı məhz Tanrıdı. Yolu düz getməkdən, nəfs adlı bir şeytanı içindən, çölündən qovmaqdan bu yolu düz getmək olar. Məhz ölümdən də Tanrıya qovuşmaq mümkünlüyü var, baxır hansı ölümlə, necə ölümlə...

Bəlkə də bu misranın anlamı budu: "Ölümdən o yanda nə var... Ordan sonrası Tanrıdı". Başqa yolla Tanrıya qovuşmaq necə ola bilər?

Şəms Təbrizinin təbirincə desək, Allahı görmək mümkünsüzdü. Amma kim onu bulursa, sonsuzadək onda qalır. Ta qədim insanların inanclarında, filosofların düşüncələrində daima bir təbəddütat beyinləri məşğul eləyirdi. İnsanın ölümündən sonrakı həyatı varmı? Varsa bu, Tanrıya aid məsələdi. Bu isə düz yaşamaqdan, nəfs adlı şeytana rəvac verməməkdən mümkündü. Yenə də Tanrıya deyilən bir söz:

Xoş üzünə açır güllər
Ləhcənnən oxur bülbüllər
Sənnən əsir əsən yellər
Axan sular axır sənnən.

Deyim ki, dərd özü də insan iradəsidən kənarda olandı, insanın özüylə doğulandı. Necə ki, insan yeri-göyü, öz mili kimliyini, valideynlərini özü seçmir, dərd özü də seçilmir, özü gəlir, sənlə bir doğulur. Bəli, heç kim öz dərdini seçmir, bəlkə də dərd özü adamı seçir. Əslində heç kəs, ağırlığından öz dərdini yerdən götürə bilmir, hardasa dərd özü də millidi, malik olduğun millətinlə bağlı olanlardı. Təbii ki, bu mövzular çox su aparandı. Bəlkə də bu gəzişmələrə, şeirlərimdə daha çox yer var. Odur ki, bir gəraylıda belə misralar işlənib.

Hər adam dərdi tanımaz
Dərd tanımaz hər adamı
Dərdlər var ki, qəbirdə də
Gəlib yoxlayar adamı.

Böyük şairimiz Nazim Hikmətdə belə bir misra olmalıdı: "Beni unut, dərdlərimi unutma!"

- Sözümüzün bu yerində belə bir sual yaranır, görəsən Tahir Talıblının dinə münasibəti necədi?

- Biz epos yaddaşı olan bir xalqıq. Mifoloji düşüncəmiz göylərin yeddi qatı dərinliyindədi. "Oğuznamələr"də elə mətləblər var ki, səmadan gələnlərdən seçilmir, "Oğuznamələr"dən gələn bu sözün hikmətinə baxın, deyir, Atalar sözü Qurana girməz, ama Quran yanınca yalun-yalun yaluşur. Yəni, "Quran"la qoşa gedir.

Əslində, bayaqkı söhbətimizdə dinlə bağlı bu suala cavab verdik. Din insanları doğru yola yönəldən, vəhy vasitəsiylə gələn həqiqətlər və inanclar məcmuəsidi. Qədim türk inancları, dünyaduyumu dərk fəlsəfəsi, türk sufi sistemi bir güc kimi böyük bir məntiq kimi Qurandan keçdi, təsdiqləndi və yaşamaq haqqı qazandı. Bayaq sufilərin yolundan söhbət açdıq. Sufinin getdiyi yol öz içindən, özü də əxlaqla getdiyi təqdirdə Tanrıya çatacağı yoldu. Bu mənada sufilik əxlaqla eyniləşir. Əxlaq sufilərin əqidəsi və sifətidi. Əxlaq sufilərin mahiyyətini ifadə eləyir. Sufilik həm də gözəl olanlarla eyniləşir.

Gözəl olan hər şey böyük yolun yolçusu, həm də özüdü. Gözəl olan bütöv gözəl olandı, həm batini, həm zahiri gözəl olandı. Gözəllik bir bütövlük sistemidi. Gözəl olan hər nə var, hər bir kəs Allahın çevrəsindədi. Bu çevrədə olanlar mələklər və mələksimalardı. "Ey mələksima ki, səndən özgə heyrandır sana, Həqq bilir, insan deməz, hər kim ki, insandır sana". Deyə bildiklərimizin, deyə bilmədiklərimizin hamısı Şeyx Füzulinin bu beytində özünü ifadə eləyir.

- Özünüz də, elə başqaları da haqqınızda "az yazıb" deyirlər. Bu söz də bəlkə bir açılım istəyir?

- Hardasa bir dəfə də demişəm. Şair çox yazmağa borcludumu, - deyə bilmərəm, amma yaxşı yazmağa borcludu. Bu o demək deyil ki, mən yaxşı yazmışam. Gəlin, Koroğlunun, Qaracaoğlanın, Dadaloğlunun, Kərəmin Aşıq Abbasın, Qurbaninin, Aşıq Ələsgərin yaradıcılığına nəzər salaq. Hərəsindən cəmi-cümü bir kitablıq söz qalıb. Amma adamı top kimi atıb-tutur. Min illərin yaşam fəlsəfəsi, mistik, eləcə də real dünya düşüncəsi, elm-ürfan bu şeirlərin nüvəsidi.

Xəstə Qasım qalar naçar,
Sirr sözünü kimə açar?!
Gələn qonar, qonan qaçar,
Kimdi səndə qalan dünya?!

Bu şeirin izahı bir kitablıq söz aparar. Bayaq da dedik. Bir var insanın fiziki ömrü bu əbədiliklə müqayisədə bir anlıqdı, belə demək mümkünsə, bir də var məntiqi ömrü, bu ömür əbədidi. Bu şeirdəki söz yükü min-min illərin ağırlığı altınnan süzülüb gələnlərdi, elmlə, ürfanla bağlıdı. Hələ qədim dünya filosofları, Platonu, Dekartı, Sokratı, Aristoteli insanın ölümünnən sonrakı həyatı, insanın ruhi varlığı məsələsi düşündürürdü. Bayaq islam dini, dinin fəlsəfəsi haqda qısa da olsa danışdıq. Elm, eləcə də NASA alimləri 1400 il əvvəl Quranda olan bilgiləri, insanlara ötürülən elmi məlumatları, qanunları indi-indi aça bilir. Təbii ki, Quran, eləcə də o biri dini kitablar vəhylə gəlib. Mən bu fikirdəyəm ki, Dədə Qorqud həqiqətləri də göydən nəql olunanlardı, vəhlə gələnlərdi. İndi misallar çəkib izah eləsək çox vaxt aparar. Söz yox ki, Dədə Qorqud dünyaya göndərilmiş yüz iyirmi min peyğəmbərdən biridi. Elmdə bu fikirlərin də mövcudluğu var. "Gəlimli-gedimli dünya, bir ucu ölümlü dünya". Ölüm dünyanın ən böyük həqiqətlərindəndi, hamının keçəcəyi bir qapıdı. Ölümü dərk eləməklə insan yaşadığı həyatını, ömrünü qura və dəyərləndirə bilir.

De görüm nəyə talibsən,
Dərsini kimnən alıbsan?!
Səksən yolla boşalıbsan,
Doxsan yolla dolan dünya

Bu sözün həqiqəti müasir elmi qabaqlamayıbmı? Belə bir fikir də var, deyirlər, indiyəcən dünyada səkkiz sivilizasiya mövcud olub, indi doqquzuncunun içindəyik. Bizim klassik şeirimizdə, aşıq ağzından deyilənlərimizdə elmsiz heç nə yoxdu.

Verməyən canın sənə bulmaz həyati-cavidan
Zindeyi-cavid ona derlər ki, qurbandır sana. (M.Füzuli)

Bu misrada həyat-ölüm qanunauyğunluğu, yüksək məqam Füzulicəsinə ürfani səviyyəyə qaldırılıb.

Bir sözlə, insana bəxş edilən müvəqqəti can, əbədi canı, yəni ölümnən sonrakı həyatı qazanmağa xidmət eləyir.

- Son kitabınızın adını belə qoymusunuz: "Vaxt-vaxtında gəlir". Vaxt doğrudanmı vaxtında gəlir? Vaxt özü nədir?

- Vaxt doğrudan da vaxtında gəlir. Həm də adamı tələsdirə-tələsdirə gəlir. Vaxt vaxtında tutub saxladıqlarındı.

- Bəs tarix nədi? Şeirlərinizin demək olar ki, hamısında tarix qoymusunuz...

- Tarix də vaxt özüdü. Bəli, şeirlərimin həmişə yazılma tarixini qeyd edirəm. Bu qeyd edilən tarix vasitəsiylə yaradıcılığımın xronikası cızılır. Arada çoxlu yazmadığım yarımçıq illər qalır. Çox təəssüflənirəm ki, yazılmayan vaxtı da yazmaq olardı. Biz mifoloji düşüncəsi, folklor sistemi olan, daşlara yazı yazan, ilk əlifbaları icad eləyən bir xalqıq. Biz dastan, epos təfəkkürlü bir xalqıq. Avropada roman janrının yaranma tarixinnən min-min illər əzəl roman janrının babası sayılan dastanlar yaratmışıq. Dastanlarımızda açılmayan sirlər, ərşin-gürşün sirri olan kodlar çoxdu. Bu işlərə yeni baxışla yanaşmalar gərəkdi. Tək bunu demək yetər ki, bayatı yaradıcılığı düşüncəmizin bir millət kimi ən uca yeridi. O cümlədən, mifologiya deyə xatırladıqlarımız, hansı tarixi gerçəklərin, yaşadığımız və gördüyümüz həqiqətlərin indi əl çatmayan, ün yetməyən yeridi, yaddaşın alt qatına düzülənlərdi.

Şahanə MÜŞFİQ

 





03.10.2017    çap et  çap et