525.Az

Naxçıvanda sənətkarlıq və ticarətin inkişaf tarixindən bəhs edən kitab


 

Naxçıvanda sənətkarlıq və ticarətin inkişaf tarixindən bəhs edən kitab<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsində Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun "Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)" monoqrafiyasının təqdimatı keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çoxsaylı tədqiqatların nəticəsini özündə əks etdirən yeni nəşrin Azərbaycan tarixşünaslığı üçün elmi əhəmiyyətindən söhbət açıb. O, Vidadi Muradov tərəfindən aparılan araşdırmalar zamanı Naxçıvan xalça məktəbinin, Naxçıvan xalçalarının texniki və bədii xüsusiyyətlərinin tədqiq və təhlil olunduğunu diqqətə çatdırıb. Bildirib ki, professor V.Muradovun Naxçıvan xalçaçılıq tarixi ilə bağlı tədqiqatları respublikamızın müxtəlif elmi jurnal və qəzetlərində işıq üzü görüb. Onun araşdırmaları, həmçinin Azərbaycan, ingilis, rus dillərində dərc edilən "Naxçıvan xalçaçıları" adlı kitablarda, "Azərbaycan xalçaları: Naxçıvan qrupu" filmində əksini tapıb.

Akademik İ.Hacıyev Naxçıvanda xalq yaradıcılığı-xalçaçılıq sahəsinin inkişafındakı səmərəli xidmətinə görə V.Muradovun Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 7 noyabr 2013-cü il tarixli Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görüldüyünü  bildirib.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin "Naxçıvan diyarında sənətkarlıq və ticarətin inkişaf tarixinə həsr edilmiş qiymətli monoqrafiya" mövzusunda məruzəsi dinlənilib. Məruzəçi ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixinin yeni dövrün tələblərinə əsasən öyrənilməsi və tədqiqi zərurətini alim və ziyalılar qarşısında mühüm məsələ kimi qoyduğunu, Prezident İlham Əliyev tərəfindən ulu öndərin siyasətinin bütün sahələrdə inamla, uğurla davam etdirildiyini vurğulayıb. İctimaiyyətə təqdim olunan yeni nəşrin tədqiqatçılar üçün dəyərli mənbə olduğunu söyləyən alim monoqrafiyanın XVIII-XX əsrin əvvəllərində Naxçıvan diyarında sənətkarlıq və ticarətin tədqiqinə həsr olunduğunu bildirib.  Qeyd edib ki, çoxsaylı arxiv materiallarının və 449 adda ədəbiyyat mənbələrinin istifadə olunduğu nəşrdə ticarətin və sənətkarlığın vəziyyətinə təsir göstərən bir sıra amillər, o cümlədən, diyarın siyasi və sosial-iqtisadi vəziyyəti ilə bağlı araşdırmalar yer alıb.

Təqdimat mərasimində bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyeva və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri Fizzə Quliyeva çıxış edərək monoqrafiyanın Naxçıvanın sənətkarlıq və ticarət tarixi sahəsində məlumatları özündə cəmləşdirən  dəyərli mənbə olduğunu vurğulayıblar.

 





04.10.2017    çap et  çap et