525.Az

Bakıda "Muzeylər, kolleksiyalar və sənaye irsi" müzakirə olundu


 

Bakıda "Muzeylər, kolleksiyalar və sənaye irsi" müzakirə olundu<b style="color:red"></b>

Oktyabrın 4-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Muzeylər və Arxeologiya və Tarix Kolleksiyaları üzrə Beynəlxalq Komitənin (İCMAH) illik elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, "Muzeylər, kolleksiyalar və sənaye irsi" adlı konfrans İCMAH, Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbiri giriş sözü ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov açaraq İçərişəhərin mühafizəsi, bərpası, tarix-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, dünyada tanıdılması və beynəlxalq səviyyədə təbliğ edilməsi sahəsində görülmüş işlərdən danışıb.

Yüksək peşəkarlıqla və gözəl memarlıq üslubunda həyata keçirilmiş təmir-bərpa, abadlıq, konservasiya və restavrasiya layihələrindən bəhs edən idarə rəisi İçərişəhərdə yeni yaradılmış muzey ekspozisiyalarını xüsusi vurğulayıb.

Konfransın əhəmiyyətindən söz açan Ə.Ələkbərov ölkəmizdə muzey işinin inkişafı, eksponatların vəziyyəti, habelə muzeylərin dünyada gedən mədəni proseslərdə fəal iştirakı və beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlərin əldə edilməsi kimi mövzulardan danışıb.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək belə bir konfransın ölkəmizdə təşkilini yüksək qiymətləndiriblər.

Bildirilib ki, üç gün davam edəcək konfransın akademik sessiyalarında dörd mövzu üzrə məruzələr dinləniləcək.

Vurğulanıb ki, sessiyalarda müxtəlif ərazilərdə aparılan tədqiqatlar sayəsində qazanılmış təcrübələrə əsasən sənaye arxeologiyalarının texnikaları, üsulları, metodologiyası və problemləri, tarixi və arxeoloji kolleksiyalarda yer alan sənaye alətlərinin və məhsullarının dizayn və ictimai əlaqə aspektləri kimi mövzular müzakirə olunacaq.

Konfrans çərçivəsində İçərişəhərdə ölkə əhəmiyyətli abidə olan Bakı xanlarının saray kompleksi ərazisində aşkarlanmış son orta əsrlərə aid hamamın bərpa və konservasiya işlərinin aparılmasını nəzərə alaraq bərpa olunmuş qədim abidələrin ictimai məqsədlər üçün necə istifadə olunması barədə fikir mübadiləsi aparılacaq.

Konfransın birinci günü müzakirələrlə davam edib.

 





05.10.2017    çap et  çap et