525.Az

Ədəbiyyatımızda milli düşüncə konsepsiyası və azərbaycançılıq haqqında layiqli əsər


 

Ədəbiyyatımızda milli düşüncə konsepsiyası və azərbaycançılıq haqqında layiqli əsər <b style="color:red"></b>

Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra xüsusilə, aktuallıq qazanan Azərbaycançılıq ideologiyasına alimlər daha çox həssaslıqla yanaşır, ulu öndər Heydər Əliyevin banisi olduğu milli ideologiyaya aid bir-birindən sanballı elmi əsərlər həsr edirlər.

Bu sahədə ortaya çıxan hər bir elmi əsər öz əhəmiyyəti və sanbalı ilə maraq cəlb edir. Bu sahədəki elmi nailiyyətlər də artıq müstəqil elm sahəsi kimi Azərbaycanşünaslığı yaradıb.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov və filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın həmmüəllif olduqları "Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyası" adlı "Elm və Təhsil" nəşriyyatında dərc olunmuş monoqrafiya da ilk növbədə mövzunun aktuallığı baxımından marağa səbəb olur. Fikrimizcə, Azərbaycan ədəbiyyatında milli düşüncənin yaranması, keçdiyi inkişaf yolu və milli ideologiya kimi formalaşmasından bəhs edən bu əsər Azərbaycan xalqı var olduqca daim müraciət olunacaq və öz elmi dəyərini itirməyəcək mənbələrdən biri olacaq.

Monoqrafiyanın elmi redaktoru görkəmli elm adamı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Azərbaycanşünaslıq sahəsinin ciddi tədqiqatçılarından olan filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır.

Monoqrafiyanın əvvəlində Azərbaycan xalqının ümummilli lideri, Azərbaycançılıq ideologiyasının banisi dahi lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycançılığın sütunlarına çevrilən müdrik fikirləri təqdim olunub. Ulu öndərin Azərbaycançılığın şəhadətnaməsi hesab edilən "Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı, eləcə də Azərbaycançılıq haqqındakı ən məşhur digər fikirləri diqqət mərkəzinə çəkilib.

Monoqrafiyanın "Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası: milli mənsubiyyət və milli dəyərlər" adlanan birinci fəsli daha çox öz elmi və nəzəri əhəmiyyəti, aparılan araşdırmaların genişliyi, edilən təhlillərin analitikliyi, ortaya çıxarılan əhəmiyyətli nəticələr və ifadə edilən dolğun fikirlərlə diqqəti cəlb edir. Bu fəsildə, ümumiyyətlə, "İdeologiya nədir?" və Azərbaycançılıq ideologiyası anlayışları barəsindəki qənaətlərə, bu sahənin tədqiqatçılarının fikirlərinə istinadən ümumiləşdirmələr aparılmış, yeni, orijinal fikirlər deyilmişdir. Müəlliflər belə qənaətə gəlirlər ki, Azərbaycançılıq bir ideya-mənəvi hadisə kimi XIX əsrin sonu, XX əsrin əvvəllərində ortaya çıxsa da, milli mənsubiyyət, Azərbaycançılıq düşüncəsi Azərbaycan xalqının var olduğu müddətcə mövcud olmuşdur. Müəlliflər çox haqlı olaraq Azərbaycan şifahi xalq ədəbiyyatı və digər bədii nümunələrdə, xüsusilə Azərbaycan xalqının ana abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanında mövcud olan, özünə yer tapan milli mənsubiyyət və düşüncə konsepsiyası, Azərbaycançılıq ideyasınının mənbəyini araşdırmış, olduqca maraqlı faktlar və nümunələr təqdim etmişlər. Monoqrafiyada haqlı olaraq bu nəticə əksini tapmışdır ki, konkret olaraq azərbaycanlı ifadəsi işlədilmədən istər şifahi xalq ədəbiyyatı nümunələrində, istərsə də yazılı mənbələrdə bu xalqa mənsubluğun fəxarət və qürur duyğuları öz əksini tapmışdır. Qətiyyətlə bildirilir ki, qədim tarixə və zəngin ənənələrə malik Azərbaycan şifahi və yazılı ədəbiyyatı milli düşüncə və Azərbaycançılıq ruhu ilə yoğrulmuşdur. Müəlliflərin də qeyd etdiyi kimi, ədəbiyyatımızda "konkret olaraq Azərbaycan, azərbaycanlı ifadələri işlədilmədən də lap şifahi xalq düşüncəsi və ədəbiyyatından başlayaraq ta qədimlərdən Azərbaycançılıq dəyərləri mövcud olmuşdur". Heç təsadüfi deyildir ki, 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gedən yol XX əsrin əvvəllərində bir sıra mətbuat orqanlarının, xüsusən də "Molla Nəsrəddin" jurnalının fəaliyyəti və Azərbaycan ədiblərinin milli özünüdərk, azadlıq, istiqlaliyyət uğrunda apardıqları mübarizə, təbliğ etdikləri ideyalar və yaradılan mənəvi mühitdən keçmişdir.

Bu fəsilə həm də məzmunu ilə maraq doğuran və öz əhəmiyyətilə diqqəti cəlb edən bölmələr də daxil edilmişdir. Bu bölmələrdə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik ideologiyası olan Azərbaycançılıq ideyasının inkişafına və milli ideologiya olaraq bitkinləşməsi və formalaşmasına göstərdiyi misilsiz xidmətlərdən bəhs edilmişdir. Burada həmçinin bütün dünya azərbaycanlılarının əbədi lideri olan ulu öndər Heydər Əliyevin milli ideologiyamız olan Azərbaycançılıq haqqındakı dəyərli fikirlərinə, çox mühüm əhəmiyyət və təsirə malik olan Azərbaycançılıq dərslərinə geniş yer verilmiş, "Ümummilli lider Heydər Əliyev və azərbaycançılıq məfkurəsi", "Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycanın dövlət bayrağı", "Ulu öndər Heydər Əliyev siyasətində ana dili və milli dil siyasəti" adlı bölmələr daxilində maraqlı tədqiqatlar aparılmış, milli dəyərlərin Azərbaycançılıq milli ideologiyası içərisində tutduğu mövqe və əhəmiyyətli yer, bu dəyərlərə dövlət səviyyəsində göstərilən qayğı və s. tədqiqat obyektinə çevrilmiş, əhəmiyyətli və diqqətəlayiq qənaət və nəticələr ortaya qoyulmuşdur. Nəticə olaraq birmənalı şəkildə qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyev Azərbaycançılıq məfkurəsinin ideoloqu və bütün dünya azərbaycanlılarının əbədi lideri, Azərbaycançılıq dəyərlərinin hamisi və ən sədaqətli daşıyıcısıdir. 

Monoqrafiyanın "Azərbaycanın milli istiqlal ədəbiyyatı" adlanan ikinci fəslində milli istiqlal düşüncəsi, dəyərləri və hisslərinin yaşadılmasına öz yaradıcılıqları ilə misilsiz töhfələr verən görkəmli şair və yazıçılardan bəhs edilir. Burada XX əsrdə yaşayıb yaratmış milli istiqlal ədəbiyyatının ağsaqqalı və öndəri Cəlil Məmmədquluzadənin, tarixi romanlar ustası Məmməd Səid Ordubadinin, istiqlal şairi, dövlət müstəqilliyinin tərənnümçüsü Əhməd Cavadın, əsərləri Azərbaycançılığın açıq kitabı olan Mir Cəlalın yaradıcılıqlarında istiqlal düşüncəsi, milli azadlıq, milli mənsubiyyət və dəyərlər araşdırılaraq öz əksini tapmışdır. İkinci fəslin bilavasitə davamı olan və "Müasir Azərbaycan ədəbiyyatında Azərbaycançılıq məfkurəsi və milli istiqlal düşüncəsi" adlanan üçüncü fəsildə isə, ümumiyyətlə, milli istiqlal hərəkatı və düşüncəsinin inkişafında misilsiz xidmətləri olan, istiqlal şairləri kimi ədəbiyyat tarixinə düşən türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə və Məmməd Arazın, o cümlədən, böyük Azərbaycan şairi, milli yaddaşı Cənubi Azərbaycanda yaşadan və təbliğ edən vətənpərvər şair Məhəmmədhüseyn Şəhriyarın yaradıcılıqlarında milli düşüncə və Azərbaycançılıq məfkurəsinin təcəssümündən söz açılmışdır.

Monoqrafiyanın nəticə hissəsində bu qənaətə gəlinmişdir ki, Azərbaycan xalqının formalaşma tarixi qədər qədim bir tarixə malik olan  Azərbaycançılıq məfkurəsi XX əsrin əvvəllərində ümummmili hərəkata çevrilmiş, Azərbaycan xalqı və torpağının siyasi cəhətdən müstəqillik qazanmasına vəsilə olmuşdur. Azərbaycançılıq məfkurəsi ümummilli ideologiya olaraq bütün dünya azərbaycanlılarını vahid vətən, vahid dövlət, vahid amal, vahid dəyərlər və vahid rəhbər ətrafında birləşdirmişdir.

Ümumiyyətlə, haqqında bəhs edilən "Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyası" adlı monoqrafiya təkcə alimlər, mütəxəssislər, siyasət adamları, jurnalistlər, müəllimlər, tələbələr üçün deyil, ümumən geniş oxucu kütləsi üçün maraq doğuran bir əsərdir. İstifadə edilmiş ədəbiyyatlardan, gətirilən məzmunlu sitatlardan aydın görünür ki, müəlliflər bu günə qədər tədqiqat mövzusu ilə əlaqəli olan bütün ədəbiyyatları, mənbələri böyük məsuliyyət və həssaslıqla araşdırmağa çalışmış, bu mövzuda müəyyən fikirlər demiş hər bir alimi, hər bir fikir adamını hörmət və ehtiramla, tədqiqatçı ədəbi ilə diqqətdə saxlamışlar. Beləliklə, filologiya üzrə fəlsəfə doktorları dosent Ramiz Qasımov və dosent Zülfiyyə İsmayılın həmmüəllifi olduqları "Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyası" adlı monoqrafiyanın geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına inanır, bu sahəyə öz töhfəsini verəcəyini düşünürük.

Aygün ORUCOVA
Filologiya üzrə fəlsəfə doktoru, AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi

 





05.10.2017    çap et  çap et