525.Az

Müəllim adını uca tutanda...


 

Müəllim adını uca tutanda...<b style="color:red"></b>

... Dördüncü sinifin Azərbaycan dilindən sinifdənxaric oxu kitabına "Uşaq qəlbi" adlı kiçik bir yazı daxil edilib.

Mətn belə tamamlanır. Deməli, balaca Enriko növbəti ilin ilk məktəb günü ilə bağlı düşünür: "Cəsarətli ol, Enrikom, - dedi, - birlikdə çalışıb işləri qaydaya qoyarıq. Evimizə qayıdanda anamın bu sözləri məni çox ruhlandırmışdı. Ancaq keçənilki kimi gülərüzlü müəllimim olmadığı üçün məktəb əvvəlki qədər xoşuma gəlməmişdi". Yayda yenidən bu mətni oxuyanda yaddaşıma yazıldı. Kaş belə mətnləri tədris edən bəzi müəllimlər də heç olmasa bu cür yaddaqalan, incə məsələlərə diqqət edəydilər. Sözsüz, əgər belə incə məsələlərin fərqinə varsaydılar, bu gün "müəllim" sözü də əvvəlki qədər  ürəklə səslənər, həmin o qeyri-adi, gözəl obraz yenə gözlər önündə canlanardı. Ancaq bununla belə, zaman keçsə də, elə dəyərlər var ki, insan onu amalı, vicdanı kimi təmiz saxlamağa çalışır. Bax onda biz nümunə çəkməyə, haqqında yazmağa maraqlı, sevimli qəhrəmanımızı tapa bilirik.

Mən də Lyudmila müəllimə ilə beləcə tanış oldum. Onu ilk görəndə sadəliyi ilə gözlərimdə əsl müəllim obrazını canlandırdı. Sonra valideynlərlə söhbətini dinlədim. Hər bir uşaqla bağlı onun valideyninə həqiqəti deməyə çalışırdı. Hətta valideyn onu narahat etmək istəməsə belə. Açığı, təəccübləndim, ilk dəfə idi ki, belə istiqanlı müəllimə rast gəlirdim. Tanış olduğum müəllimlər övladımı soruşanda belə ümumu cavab vermişdilər. Şagirdin necə cavab verməyi, onun bəzi xüsusiyyətlərini müəllimdən eşitmək çox vacibdi. Çünki biz beləcə övladımıza kömək edə bilərik. Bundan sonra qəhrəmanımı valideyn iclasında gördüm. Bir saatdan artıq danışdı. Hər uşaqla bağlı onun valideyninə məlumat verdi, müəyyən xəbərdarlıqlar etdi. Mənimlə birgə arxa partada əyləşən və övladını başqa məktəbdən bura gətirən valideynə, dillənməsəm də, mənə  övladımdan danışdı. Dedi, yaxşıdır, amma bir az da çox çalışmalıdır. Sevindim. Ürəyim dağa döndü. Nəhayət, əsl müəllimə rast gəlmişdim. Mən bu dörd ildə bilirsinizmi necə müəllimlər görmüşdüm? Heç vaxt belə valideynləri toplayıb sözünü deməyən, valideynləri toplasa da, onları seçən, hətta bilik günündə birinci sinifə gedən övladımın və hər kəsin gözü önündə valideynə söz atan, onu aşağılayanlara...

Və mən ilk dəfə olaraq sevimli müəllimimlə bağlı belə yazı yazmaq qərarına gəldim. Onunla uzun-uzadı söhbət edə bilmədim. Dərsin sonunda sadəcə bir-iki suala qısa cavab ala bildim və sinifdə onunla şagirdlərinin şəklini çəkdim...

Öyrəndim ki, Lyudmila Hüseynova 1975-ci il martın ayının 22-də Füzuli rayonunun Dədəli kəndində doğulub. Doğma Füzulinin işğalından sonra qaçqınlıq həyatıyaşayıb. Öz arzusu ilə müəllimlik peşəsinə yiyələnib. N.Tusi adına Pedoqoji Universiteti bitirib. 2007-ci ildən Abşeron rayonu Xırdalan şəhərindəki 9 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir.

Lyudmila müəllimə deyir ki, müəllim uşaqlarla ilk növbədə mehriban olmalı, onların özünəməxsus xüsusiyyətlərini nəzərə almalıdı. O, həm də səbrli və təmkinli olmalıdı. Müəllim valideynlə birgə çalışmalıdı. Valideyn də övladına qarşı diqqətli və məsuliyyətli olmalıdı. "Bəzən ali təhsili olmayan valideyn övladına qarşı çox məsuliyyətli olur". Düzü, bunu mən də hiss etmişəm. Görünür, müəyyən problemlərdən ali təhsil ala bilməyən valideyn öz arzularını övladının gələcəyində görmək istəyir...

... Dünən Müəllimlər günü idi. Mən bu kiçik yazı ilə Lyudmila xanımın timsalında bütün gözəl, qayğıkeş müəllimlərimizi təbrik edir, onlara can sağlığı, uğurlar arzulayıram. Qoy, Müəllim adına  ünvanlanan bu şeir onlara hədiyyəm olsun...

Mina RƏŞİD

UNUDULMAZ MÜƏLLİM!

Bu gün rast gəldim ona -
Saçlarına düşüb dən.
Mənim ilk müəllimim...
Tanıdım onu gendən.

De, unutmaq olarmı
O sinif otağını?
O balaca, titrəyən
Əlimdən tutmağını.

Hər barmağı bir rəqəm,
Toplayardı, çıxardı.
O sehrli əlləri
Necə yaddan çıxarım?

Biz dərsi danışanda
Üzündə gül açardı.
Sevincindən o anda
Qanad açıb uçardı.

Sonra bizi götürüb
Gəzməyə aparardı.
Bizimlə uşaq kimi
Oyunlar da oynardı.

Bu gün onu görüncə
Elə bil, uşaqlaşdım.
Bircə anın içində
Tez gül köşkünə qaçdım.

Məni görcək bəs nədən
Doldu onun gözləri?
Damlalar incə-incə
Oxşadı nərgizləri.

Qəlbində nur çiçəyi
Heç vaxt solmaz müəllim.
"Ana", "Vətən" sözütək
Unudulmaz Müəllim!

 





06.10.2017    çap et  çap et