525.Az

Aşıq Ələsgərin çap olunmuş kitablarında getməyən şeirləri


 

Aşıq Ələsgərin çap olunmuş kitablarında getməyən şeirləri <b style="color:red"></b>

XX yüzilliyin 20-ci illərindən Aşıq Ələsgərin poeziya çələngi dəfələrlə kitab şəklində, folklor örnəklərinə həsr olunmuş toplularda dərc olunub.

Bu sahədə müqtədir alimlərimizdən Hümmət Əlizadə, Məmmədhüseyn Təhmasib, Əhliman Axundov, Mürsəl Həkimov, İslam Ələsgər və başqaları misilsiz xidmətlər göstərib, böyük zəhmətlərə qatlaşıb, dövrün tanınmış ustad aşıqlarından söhbətlər əsnasında çox dəyərli müxtəlif janrlarda qoşulmuş şeirlərini - qoşma, gəraylı, müxəmməs, təcnis, divani və bu kimi şifahi söz incilərini toplayıb aşığın zəngin bədii irsini çap etdiriblər. Əyanilik üçün aşığın şeirləri toplanılan aşıqların və folklorsevərlərin adlarını çəkmək ədalətli olardı.

Qazax rayonunun İkinci Şıxlı kəndindən olan Aşıq Məhəmməd, Aşıq Sadıq (Göyçə, Böyük Qaraqoyunlu), Aşıq Talıb (Aşıq Ələsgərin oğlu), Aşıq Ağayar (Aşıq Ələsgərin şəyirdlərindən biri, Zodlu), Aşıq Haqverdi Talıb oğlu, Qaraçıoğlu İbrahim, Aşıq Saleh (Bala Qaraqoyunlu), Aşıq Qara (Gəncə), Aşıq Nəcəf (Daşkəndi), Aşıq Həsən (Gədəbəyli), Aşıq Mehdi (Göyçə, Qanlı kəndi), Aşıq Ədalət Nəsibov, Aşıq Rəhim (Şişqayalı), Əbdüləli Kərimov (Ardanışlı), Aşıq Məhəmməd Həsənov (Kəvər, Ağzıbir kəndi), Rəhim Hacıyev (Göyçə, Zod kəndi), Qaytaran Əsgərov (Qızılvəngli, sonralar Gədəbəyin Arıqıran kəndində yaşamışdır).

Bu sətirlərin müəllifinin - əslən Göyçənin Yarpızlı kəndindən olan 40 ildən artıq aşıqlıq sənətinə şərəflə xidmət etmiş Aşıq Oruc Əhmədovun (1920-1976) əlyazmaları içərisində, repertuarında yer alan, Aşıq Ələsgərin bu günədək kitablarına düşməyən şeirlərini burada vermək istərdim.

Bu şeirlərin bəzilərinin məzmunu islam dini ilə, şəriətlə bağlı olduğu üçün çox güman ki, həmin səbəbdən çapa təqdim olunmayıb, Sovet dövründə şəriətə, dinə aid əsərlərin, həm nəzmlə, həm də nəsrlə olan əlyazmaların çapı qadağan idi.

Aşıq Ələsgər

1. Şahi-Heydəri

Könül, nə zaman ki, düşdün zillətə,
Sidqi dillə çağır, Şahi-Heydəri.
Qeyzə gəlib bir əl ilə götürdü,
Səksən min batmanlıq babi-Xeybəri.

Həsəni-müştəba aləm rəhbəri,
Hüseyni-şəhiddi mahi-məhvəri.
İmam Zeynalabdin dillər əzbəri,
Ona qurban dedim bu şahi-səri.

Məhəmmədbağıra var iltimasım,
Cəfəri-Sadığa bağla xilasın.
Borcluya zamındı Museyi-Kazım,
Qurtarıb müşküldən çox zəlilləri.

Qərib imam Rza Xorasan şahı,
Sidqinən çağıran heç çəkməz ahı.
Məhəmmədtağıdı aləm pənahı,
Qoyma darda məni zəlil, müstəri.

Əliəl-Nağıdı aləmdə əla,
Min dərdinə dərman verir mübtəla.
İstəsən ki, müşkül işin həll ola,
Sidqi dillə çağır Həsən Əsgəri.

Sahibi-şəninə gəlibdi surət
Möminlər hüsnünə verir salavat,
Yolum ərəsətdə, etmə xəcalət,
Yandırma oduna sən Ələsgəri.

2. Getdi

Xudayi ləm-yəzəl, həyyü-lamizəl,
Çarx vurdu, dolandı zamana, getdi.
Vəhdu la şərikdi, əhli-beytməkan.
Qəhr edib işrəti cahana getdi.

Kəc oldu nizamdan çarxı biyqərim
(rəhbərim)
Dağıldı başımdan dəmli gövhərim.
Dolandırdı camı bəhrilə bərim
Çəkdiyim zəhmətim əfsana getdi.

Ələsgərəm, çəkdim dərdi-qəm, vərəm
Xahiş eyləmişdim, namə göndərəm.
Dolmuşam, əmoğlu, fikrə rəhbərəm,
Yolladım bir üzür-bahana getdi.

3. Çəksən

Görübsənmi gədə oğlu bəy ola,
Enəcək alçağa, yüz başa çəksən.
Qüdrət gözəlliyi bir kəsdə yoxsa,
Sürmə əfsanədi, yüz qaşa çəksən.

Yoxla dost-tanışı dar gündə qəsdən,
Həmişə gen dolan yaltaqdan, pisdən,
Kərənti düzəltsən dəyərli misdən,
Qılova gələrmi, yüz daşa çəksən.

Ələsgər, mətahın çək tök bazara,
Arif qiymət versin ləli-gövhara.
Qanmazın üzündən gəlmişəm zara,
Nadanın əlindən yüz haşa çəksən.

5. Olmaya

Mənim yaradandan bir diləyim var,
Baxtım ola, taxtı-tacım olmuya.
Həmişə əlimdən yaxşılıq gələ,
Pislik üçün heç illacım olmuya.

Min nemət yetirsən yaz yağışından
Sanki sarsılarmı qarlı qışından
İstərəm hər kəsin öz baxışından,
Nə kədərim, nə də acım olmuya.

Süfrəm çəmən ola, yerim dağ ola,
Sərvətim az ola, canım sağ ola.
Ələsgərəm saç-saqqalım ağ ola,
Heç loğmana ehtiyacım olmuya.

6. Görünsün

Ay hazarat, sizdən bir at istərəm,
Zatı köhlən, özü leydə görünsün.
Dörddə-beşdə ola, artıq olmaya,
Minəndə gözümə şeyda görünsün.

Qulaqları qırğı, dırnağı xata,
Ona süvar olan murada çata.
Çətində qurtara, cavanda tuta,
Əsbilər (komanda) içində
sayda görünsün.

Ələsgər at istər özünün babı,
Yatammır, gözünün qalmayıb xabı,
Olsa köhlən ola, olmuya yabı,
Əlimdən verdiyim fayda görünsün.

7. Məni

Mərizəm, dərdimə bulunmaz dava,
Təbib yox, incidir yaralar məni.
Nə müddətdir "loğman" deyib gəzirəm,
Nə ola, tapaydı çaralar məni.

Fələk mənə qarğayıbdı, bunu bil,
Gül üstündə fəqan eyləyir bülbül,
Çarxı-fələk, etmə bu zülmü qəbul -
Müxənnət ox atıb yaralar məni.

Ələsgərəm, dərdim həddən ziyada
Ölübdü köhlənim, qaldım piyada.
Çox cafalar çəkdim fani dünyada,
Qurtarmır bu düyün, paralar məni.

8. Düşdü

Göyçə niyə viran oldu,
Denən uşdu, denən düşdü.
Tubu boylu sevdiyim yar
Bu yollarda çənə düşdü.

Dost yad olmaz birdən-birə,
Əsil ola dövran sürə.
Səhnəbanım gəzən yerə
Yönüm dönə-dönə düşdü.

Ələsgərəm, oldum xəstə,
Gəlin çıxaq yollar üstə.
Bir süfrədə iki dosta
Çörək vermək mənə düşdü.

9. Qaçaqaç

Bund inqlabı düşdü, dağıldı Göyçə,
Al külfəti, bu diyardan qaçaqaç.
Ədalət gəlincə başın daldala,
Zimistanda boran-qardan qaçaqaç.

Nərədüzdən qoşun gəldi birbaşa,
İgidlər səf çəkib girdi savaşa,
Xınalı kəkliklər doldular daşa,
Saqın tərlan, böylə tordan qaçaqaç.

Ələsgərin qəddin əydi müşkül iş.
Çərxi-fələk nə sitəmdir bu gərdiş?
Zamananın qulağını bir dəyiş,
Qurtar bizi bu diyardan qaçaqaç.

İsmayıl MƏMMƏDLİ,
Professor

 





06.10.2017    çap et  çap et