525.Az

“Cənnətdən sürgün” təqdim edilib


 

“Cənnətdən sürgün” təqdim edilib<b style="color:red"></b>

Oktyabrın 5-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” zalında Türkiyədə yaşayan yazıçı-publisist Kəbutər Haqverdinin “Cənnətdən sürgün” kitabının təqdimat mərasimi keçirilib.
 
Tədbirdə tanınmış ziyalılar, yazarlar, oxucular və media nümayəndələri iştirak ediblər.

K.Haqverdi Türkiyədəki fəaliyyəti, yeni kitabı haqqında geniş məlumat verib: “Ermənilərin bizə qarşı təbliğatı nəticəsində Türkiyədə əvvəllər bizim haqqımızda çox yanlış düşüncələr formalaşmışdı. Orada yaşamağa başlayarkən qarşıma qoyduğum ilk məqsəd o oldu ki, türklərin bizim haqqımızdakı bu düşüncələrini mütləq aradan qaldırmalıyam. Buna görə də erməni əsirliyində olan azərbaycanlı qadınların başına gətirilənlər haqqında kitab yazmaq qərarına gəldim. “Qar qan rəngiydi o gecə” kitabımda hadisələri şahidlərin, işgəncələrə məruz qalanların dilindən yazmışam. Bu gün sizə təqdim olunan ikinci kitabımda da Qarabağ müharibəsi qurbanı bir azərbaycanlı qadının həyatından bəhs olunur”.

K.Haqverdi orada rəhbəri olduğu “Araz yayınları”nın fəaliyyəti haqqında da danışıb: “Araz yayınları”nı yaradarkən bir məqsədimiz də Azərbaycanda tanınmış, istedadlı qələm adamlarının əsərlərini tərcümə və nəşr etdirmək idi. Çox qısa zamanda biz 24 kitab nəşr etdirib, imza günlərini keçirdik, kitab sərgilərində oxuculara çatdırdıq. Bu işimizi bundan sonra daha da inkişaf etdirmək fikrindəyik”.

Millət vəkili Hikmət Babaoğlu xanım yazarın Türkiyədə Azərbaycan adına çox işlər gördüyünü, ölkəmizi layiqincə təmsil etdiyini vurğulayıb: “Mən onun bundan sonra da öz uğurlu fəaliyyətini davam etdirəcəyinə inanıram”.

Ədəbiyyatşünas Esmira Fuad müəllifin Qarabağ probleminə həsr olunmuş əsərlərindən söz açıb, özünün ölməz Məhəmmədhüseyn Şəhriyarla bağlı monoqrafiyasının Türkiyədə çapının, imza gününün keçirilməsində bilavasitə rol oynadığını deyib: “Kəbutər xanım gedişi ilə Azərbaycanı öz boyunda Türkiyəyə daşıdı. Harada ölkəmizlə bağlı qaynar nöqtə varsa, o da oradadır. Kəbutər Haqverdi nədən yazırsa, orada özü, qəlbi, ruhu var. Bu da onun başqa bir uğurudur. Çünki əgər sən yazında özünü ifadə edə bilirsənsə, onda oxucuya bir addım da yaxınlaşırsan. Onun yaradıcılığının əsas mövzusu Qarabağ problemi, şəhidlərimizin sərgərdan ruhu, minlərlə məcburi köçkünün vətən həsrətidir. “Qar qan rəngiydi o gecə”,  “Cənnətdən sürgün” kitabları belə əsərlərdəndir. Heç şübhəsiz, onun Türkiyədə Qarabağla bağlı bütün tədbirlərə qoşulması, Xocalı faciəmizi dünyaya tanıtmaq cəhdləri, Qarabağ adının olduğu hər yerdə olması onun milli mənsubiyyətinə sadiqliyinin, vətəninə, millətinə sevgisinin təzahürüdür”.

Fəridə Ləman, Firuzə Məmmədli, Güləmail Murad, Nüşabə Məmmədli və başqa söz adamları müəllifin yaradıcılığı barədə danışıb, ona yeni uğurlar arzulayıblar.

Şahanə MÜŞFİQ

 





08.10.2017    çap et  çap et