525.Az

Əlimərdan bəy Topçubaşovun İstanbul görüşləri


 

Azərbaycan Xalq Cümhuriyyəti - 100

Əlimərdan bəy Topçubaşovun İstanbul görüşləri <b style="color:red"></b>

1918-ci ilin payızında İstanbul Osmanlı imperiyasının paytaxtı olandan bəri bəlkə də özünün ən kədərli, hətta  deyərdim ki, həqir və məğmun dövrünü yaşayırdı. Anadolu türkünün dünyanı qorxuya salan qüdrətli dövrü arxada qalmışdı.

Get-gedə kiçilən imperiya Birinci Dünya müharibəsində daha sarsıdıcı məğlubiyyətə uğramışdı. Türk əsgərinin qanı bahasına alınan torpaqlar bir-bir əldən çıxmışdı. Hətta türk şəhəri, Osmanlı paytaxtı kimi qalmaq baxımından İstanbulun özü ciddi təhdid və təhlükələrlə üzləşmişdi.

Amma sevinc və təsəlli doğuran hadisələr də vardı...

“Düşmən çəkmələrinin tapdağı altında qalan İstanbul yeni türk dövlətinin səfirini həyəcanla bağrına basdı. Azərbaycanın müstəqilliyi türklüyü bürümüş qaranlıq içərisində işıq tək parlamışdı. İstanbulun ziyalı türkləri matəmlərinin bir təsəllisini də bu yeni dövlətin bayrağında və onu Türkiyədə təmsil edən insanın şəxsiyyətində tapmışdılar” - Azərbaycan əsilli görkəmli türk yazıçısı və dövlət xadimi Səməd Ağaoğlu bu sətirləri Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfiri, görkəmli yazıçı və diplomat Yusif Vəzir Çəmənzəminli haqqında söyləmişdi. Amma eyni sözləri tam əsasla, həm də daha böyük əminliklə diplomatiyamızın ağsaqqalı Əlimərdan bəy Topçubaşova, onun Osmanlı paytaxtındakı geniş, hərtərəfli fəaliyyətinə, az bir müddət ərzində türk cameəsində  qazandığı böyük hörmət və ehtirama şamil etmək mümkündür.

Əlimərdan bəy yuxarıda da qeyd etdiyim kimi, Türkiyəyə bu ölkənin ən ağır, çətin zamanlarında gəlmişdi. Mərkəzə göndərdiyi məktubların birində də qeyd etdiyi kimi, “burada ictimai fikir mövcud olsa da, heysiz, süst və dumanlı şəkildə idi. Bu dağınıqlıq, qətiyyətsizlik içində aparıcı əhval-ruhiyyəni seçmək çətin idi”. Ona görə də artıq laxlamış, hətta süqutun bir addımlığındakı hakimiyyət kürsülərində biri-birini əvəz edən Osmanlı məmurları ilə görüş və söhbətlərində Əlimərdan bəy yalnız Azərbaycanın deyil, eyni zamanda, özünü övladı saydığı Türkiyənin də xilas yolları haqqında düşünür, ürəkdən gələn bir səmimiyyətlə bu barədə Vətəninin siyasi xadimləri ilə həsbi-hal edirdi. Bu hisslər baş nazir Fətəli xan Xoyskiyə göndərdiyi 15 oktyabr 1918-ci il tarixli məktubdakı aşağıdakı sətirlərdə ürəyin dərinliklərindən gələn, dəqiq və təsirli əksini tapmışdı: “Türk xalqının maraqlarının müdafiəsi uğrunda həyatını qurban verməyə hazır olan bir türk  kimi İstanbulda keçirdiyim bir ayın yekununda varılan son dərəcə kədərli və ürək ağrıdan nəticələri Sizinlə bölüşmək mənə olduqca çətindir. Çox istərdim ki, yanlışlığa yol verim və səhvimi düzəltsinlər. Lakin eyni zamanda, həqiqətə bütün çılpaqlığı ilə, qorxmadan, açıq nəzərlərlə baxmaq istərdim. Burada gördüklərim, aşkara çıxardıqlarım barədə dəqiq təsəvvür əldə etmək və Sizə də düzgün məlumat vermək istərdim”.

Sanki Qurtuluş Savaşının ayaq səslərini eşidən Əlimərdan bəy vəziyyət nə qədər çıxılmaz olsa da, Türkiyənin, türk xalqının yaxın gələcəyini qaramsar görmürdü, əksinə, türk millətinin toparlanıb öz sözünü deyəcəyinə, düşmənlərə layiqli cavab verəcəyinə inanırdı. Bunu yenə də İstanbuldan yazdığı aşağıdakı sətirlərdən də görmək mümkündür: “Cərəyan edən hadisələr türk xalqının 600 illik əzab və iztirab tarixidir. Bu xalqda nə qədər yaşarılıq, nə qədər həyat eşqi var! Fenomenal hadisədir! Gözümüz önündəkilər bizə də heç vaxt ruhdan düşməmək, af-uf etməmək, belə bir xalqın kiçik qardaşı adlanmağa layiq olmaq üçün güc, qüvvə verməlidir və düşünürəm ki, verir”.

O, türk rəsmiləri ilə danışıqlarda tək Azərbaycan Xalq Cümhuriyyətinin deyil, həm də qüvvə və imkanları daxilində hər tərəfdən atəş altında qalan Türkiyənin də maraqlarının müdafiəsinə hazır olduğunu dəfələrlə bəyan etmişdi. Əlbəttə, bu konkret addımlardan daha çox iki xalqın məqsəd və məram birliyini ifadə edən simvolik jest idi. Çətin şəraitdə Azərbaycana qardaş əli uzatdığına görə Türkiyəyə dönə-dönə minnətdarlıq bildirən Əlimərdan bəy lazımi məqamlarda prinsipiallıq göstərməyi, ölkəsinin maraqları keşiyində cəsarətlə dayanmağı da bacarırdı. O, Azərbaycanın dövlət müstəqiliyinin atributlarından biri kimi Osmanlı imperiyasının qonşu Gürcüstan və Ermənistanda olduğu kimi, Bakıda da diplomatik nümayəndə səviyyəsində təmsil edilməsi məsələsini dəfələrlə qaldırmışdı. Yaxud Osmanlı imperiyasının 1918-ci il oktyabrın 30-da Antanta dövlətləri ilə imzaladığı Mudros barışıq anlaşmasında   Azərbaycanın daxili işlərinə müdaxilə anlamına gələn  maddələrin özünə yer tapmasına ən müxtəlif səviyyələrdə kəskin və inandırıcı  etirazını bildirmişdi.

Zənnimcə, 1918-ci ilin oktyabrından 1919-cu ilin mart ayına qədər Əlimərdan bəy Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə və səlahiyyətli naziri kimi İstanbuldan Bakıya göndərdiyi məktub və məlumatlar, arayış və söhbət yazıları həm Türkiyə, həm də Azərbaycan diplomatiyasının XX əsrin əvvəllərindəki tarixini, qarşılıqlı əlaqələrini öyrənmək baxımından olduqca mühüm sənədlədir. Digər tərəfdən onlar mürəkkəb tarixi mərhələdə Azərbaycan-Türkiyə siyasi münasibətlərinə işıq salır, hadisə və proseslərə onların fəal iştirakçısının, mühüm oyunçularından birinin nəzərləri ilə baxmağa imkan yaradır. Artıq qeyd edildiyi kimi, sənədlərin orijinalı rus dilində qələmə alınıb, rusca “Diplomatiçeskie besedı v Stambule” (Bakı, 1994) və A.M.Topçibaşev. İzbrannıe soçineniya (4 cilddə, Bakı, 2015-2016)  kitablarında çap olunub. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etməyə hazırlaşdığımız ərəfədə həmin sənədlərdən bəzilərini rus dilindən tərcümədə Azərbaycan (və türk!)  oxucularına çatdırmağı məqsədəuyğun saydım.

Budapeşt, sentyabr, 2017-ci il

Əlimərdan bəy Topçubaşovun Türkiyə sədrəzəmi İzzət paşa ilə söhbətinin yazısı 

21 oktyabr 1918-ci il

Saat 14.15

Babi-Ali binası 

Görüşə kapitan Kuquşevin müşayiəti ilə gedirəm. Babi-Alinin girişində Şərq şöbəsinin məmuru Sadəddin bəy qarşılayır. Qəbul otağına keçirik. Burada sədrəzəmin yavəri asta səslə soruşur: “Gələn Azərbaycanın naziri və səfiridir?” Sadəddin bəy təsdiqedici ahənglə başını tərpədir. Yavər qapının arxasına keçir və dərhal geri qayıdıb mənə müraciətlə “Buyurun” - deyir.

Mən. İcazə verin, zati-alinizə özümü təqdim etmək şərəfinə nail olum. Azərbaycan hökumətinin üzvü, Dər-Səadətə (Səadət Qapısı, Şərq ölkələrində İstanbula verilən ad- V.Q.), Vyana və Berlinə Azərbaycanla bağlı bütün məsələlər üzrə danışıqlar aparmaq üçün xüsusi səlahiyyət verilmiş fövqəladə və səlahiyyətli nazir... Mandatım Xarici işlər nazirliyinə təqdim olunub, Hərbi nazirliyin Şərq şöbəsində də surəti var. Artıq üç həftəyə yaxındır ki, buradayam. Keçmiş sədrəzəm Tələt paşa, Ənvər paşa və digər nazirlərlə görüşüb danışmaq şərəfinə nail olmuşam. İndiyə qədər özümü sizə də təqdim etmək üçün fürsət gözləyirdim. İcazə verin, ilk növbədə yüksək sədrəzəm vəzifəsinə təyin olunmağınız münasibəti ilə təbriklərimi çatdırım.

İzzət paşa: Çox minnətdaram. Burada özünüzü necə hiss edirsiniz? Əvvəllər heç İstanbulda olmusunuzmu?

Mən: Diqqətinizə görə təşəkkür edirəm. İstanbulda ilk dəfə 18 il əvvəl olmuşam. Aradan keçən müddət ərzində bütün sahələrdə böyük dəyişikliklər baş verdiyini deyə bilərəm.

İzzət paşa: Bəli, vaxt çox sürətlə keçir, hər şey dəyişir. İndi isə zamanın günlərlə deyil, hətta saatlarla dəyişdiyini görürük. Baxın, dünən vəziyyət necə idi, bu gün nə baş verir... Dünən elə vəziyyətdə idik ki, özümüzü qismən yaxşı hiss edə bilirdik. Bu gün isə... məğlub durumdayıq. Ümumi maraqlarımızı qorumaq üçün gərək birlikdə çalışaq. Heç kəsə sirr deyil ki, sizin Azərbaycanı sevirik. İndiyə qədər onun uğrunda bacardığımızı eləmişik.

Mən: Zati-Aliləri, icazə verin sizi əmin edim ki, bütün azərbaycanlıların ürəyi ölkəmizə etdiyi yaxşılıqlara görə türk hökumətinə minnətdarlıq hissləri ilə doludur. Müstəqilliyimizə və rus ağalığından nicat tapdığımıza görə də bir çox cəhətdən böyük qardaşımıza - Türkiyəyə borclu olduğumuzu əsla unutmuruq. İndiyə qədər bir dövlət kimi Azərbaycanın Türkiyədən  gördüyü xeyirxah diqqət mənə rəhbərlik etdiyiniz yeni hökumət kabinetinin timsalında həmin münasibətin  bundan sonra da dəyişməz qalacağını düşünmək cəsarəti verir. Yəqin ki, əvvəllər olduğu kimi, indi də, gələcəkdə də hökumətimiz müxtəlif sahələrdə bunca ehtiyac duyduğu yardım üçün yenə sizlərə arxalana bilər.

İzzət paşa: Təbii, təbii! Böyük qardaş həmişə əlindəki bütün imkanlarla kiçik qardaşına kömək edəcək, kömək etməlidir... Lakin özünüz yaxşı görürsünüz ki, şərait necə dəyişib. Bizim müttəfiqlərin də vəziyyəti kəskin şəkildə pisləşib. Söz sahibi indi biz yox, prezident Vilson və onun tərəfdarlarıdır. Ona görə də indi bacardığımız qədər maraqlarımızın qorunmasına hazırlaşmaq lazımdır. Və bu işi birlikdə görməliyik. Çox güman ki, tezliklə vəziyyət aydınlaşacaq. Siz burada olun, şərait tələb eləyəndə  birlikdə hərəkət edəcəyik.

Mən: Elə mən də sizi narahat etməyə ona görə cəsarət göstərdim ki, həmişə xidmətinizə hazır olduğumu deyim. İmkan yarananda həm Azərbaycan, həm də Türkiyə üçün bacardığım qədər faydalı olmaq istədiyimi diqqətinizə çatdırım. Çünki Azərbaycanın gələcəyi Türkiyənin rifah və qüdrətindən asılıdır. Bizim müstəqil Azərbaycan dövləti Türkiyənin sayəsində ərsəyə gəlib və yenə onun sayəsində mövcudluğunu sürdürmək niyyətindədir. Ona görə də  ürəkdən istəyirik ki, bütün məsələlərdə ilk növbədə məhz Türkiyənin - bizim böyük himayədarımızın  mənafeyi nəzərə alınsın. Əlbəttə, özümüzün köməyə böyük ehtiyacımız olduğu indiki vaxtda hələlik sizin üçün əhəmiyyətli bir iş görmək qüdrətində deyilik. Üstəlik də dövlət idarəçiliyi məsələlərində kifayət qədər təcrübəmiz yoxdur. Bu baxımdan səhvlərə yol verməyimiz təbiidir. Eyni zamanda, həmin səhvlərin bağışlanacağına, islah ediləcəyinə ümid bəsləyirik. Lakin bizi daim basqı altında saxladığımız rus hökumətinin ağalığı altında yaşadığımız yüz ildə  siyasi məsələlərdə bəzi şeylər öyrənə bilmişik. Bu isə Azərbaycanı ayaq üstə qaldıra biləcəyimizlə bağlı bizə ümid verir. Hər halda, qonşularımızla müqayisədə üstünlüklərimiz daha çoxdur.

İzzət paşa: Sizə deməliyəm ki, nə siyasətçi, nə də diplomatam. Sadəcə hərbçiyəm. Əlbəttə, göstərəcəyiniz hər bir kömək bizə faydalı olacaq. Və inanıran ki, öz dövlət işlərinizin də öhdəsindən gələ biləcəksiniz. Çünki qüvvələriniz var. Və bu məsələdə biz də lazımi yardım göstərəcəyik. Necə  ki, indi də göstəririk. Buna tam əmin ola bilərsiniz.

Mən: İlk görüşümüzdə çox vaxtınızı almaq cəsarətində olmadığımdan sadəcə ifadə etdiyiniz  mövqeyi Azərbaycan hökumətinin diqqətinə çatdırmaq üçün izninizi istəyəcəyəm. Yəni xəbər verəcəyəm ki, indiki halda Türkiyənin bizə münasibəti əvvəldəki kimi tam dəyişilməz qalır və Azərbaycan əvvəllər olduğu kimi, yenə də Türkiyənin hər cür yardımına ümid bağlaya bilər.

İzzət paşa: Böyük məmnuniyyətlə razılıq verirəm və dediklərimi bir daha təsdiq edirəm. Bu, bütünlükdə indiki hökumət kabinəmizin ümumi rəyidir. Əgər siz hələlik bizim xarici işlər naziliyinin başçısı ilə görüşə bilməmisinizsə, o zaman xahiş edəcəyəm ki, dərhal bu işi görəsiniz.

Mən: Təbii ki, bu, birbaşa vəzifə borcumdur. Lakin ilk növbədə özümü sizə təqdim etmək istəyirdim.

İzzət paşa: Mən indi nazirə zəng edərəm (telefonla zəng vurur). Təəssüf ki, yerində yoxdur. Siz onun yanına sabah, ya da istədiyiniz başqa bir vaxtda gedə bilərsiniz.

Mən: İcazə verin bir məsələ ilə bağlı da sizi narah edim: doğrudurmu ki... (əlyazmasında bu sözlərdən sonra mətn qırılır - V.Q.)

İzzət paşa lütfkar təbəssümlə qapıya qədər ötürür.

Qəbul otağında məni sədrəzəmin yeni təyin olunmuş yavəri minbaşı Səfvət bəy qarşılayır. Səmimi görüşürük. İnandırır ki, hər bir istəyim Babi-Alidə dərhal yerinə yetiriləcək: “Siz sadəcə telefonla xəbər verin. Dərhal olduğunuz yerə gələ bilərəm”. Faytonun yanına qədər ötürür. 

Əlimərdan bəy Topçubaşovun Türkiyənin xarici işlər naziri Nəbi bəylə söhbətinin yazısı

27 oktyabr 1918-ci il

Saat 12:00

Türkiyə Xarici işlər nazirliyi 

Kabinetin ortasında, ayaq üstdə, çox səmimi qarşılayır.

Mən: İcazə verin, özümü təqdim etmək şərəfinə nail olum (filankəs). Xidmətinizə ərz etməyi özümə borc bilirəm ki, sizinlə bir neçə dəfə görüşmək istəmişəm, amma həmişə çox məşğul olduğunuzu deyiblər. Sədrəzəmin yanında olduğum vaxt çox lütfkar bir tərzdə sizinlə görüşməyimi məsləhət bildi. Hətta özü sizə telefon açdı.

Nəbi bəy: Bəli, sədrəzəm mənə danışıb. Amma bilirsiniz, bu günlər işimiz o qədər çoxdur, o qədər iclas və müşavirələrimiz olur ki, nazirliyə çox nadir hallarda baş çəkə bilirəm. Zəhmət çəkib gəldiyinizə görə minnətdaram.

Mən: Artıq bir aya yaxındır ki, buradayam. Gələn kimi dərhal keçmiş sədrəzəm Tələt paşa ilə, xarici işlər naziri Əhməd Nəsimi bəylə, hərbi nazir Ənvər paşa və başqaları ilə görüşmək şərəfinə nail oldum. Amma ardınca təxminən üç həftə çəkən nazir böhranı başlandı. Təbii ki, fəaliyyətimi yeni nazirlər kabinetinin mövqeyi ilə əlaqələndirə bilmək üçün gözləməli idim. Çünki bizim Azərbaycan hökumətinin də səmimi arzusudur ki, atacağım bütün addımlar türk hökuməti ilə razılaşdırılsın və onun da maraqlarına uyğun gəlsin. Hər iki mandatımdan da gördüyünüz kimi (surətləri ilə birlikdə mandatları nazirə göstərirəm) geniş hüquqlara malik fövqəladə və səlahiyyətli nazir kimi Dər-Səadətə, Vyana və Berlinə göndərilirəm. Buradakı kabinet dəyişikliyinə və yaranmış vəziyyətə görə hələlik Avropaya getmək fikrindən daşındım. Və mənə elə gəlir ki, qəbul etdiyim qərar o qədər də ziyanlı deyil.

Nazir: Məhz çox yaxşıdır ki, hələlik getməmisiniz. Çünki indi heç kimə bağlı deyilsiniz. Sərbəst fəaliyyət göstərə biliərsiniz. Sizə daha çox qucaq açan dövlətlə yaxınlaşa bilərsiniz. Bizə gəldikdə isə, sədrəzəmin də əmin etdiyi kimi, Azərbaycana əvvəlki məhəbbətlə yanaşacaq və gücümüz çatan bütün yardımları göstərəcəyik. Çünki gənc dövlətinizin təşkilatlanmasını, möhkəmlənməsini və ayaqda durmasını istəyirik. Əlbəttə, köklü şəkildə dəyişən mövcud vəziyyətimiz, təəssüflər olsun ki, əvvəlki qətiyyətliliklə hərəkət etməyə imkan vermir. Bir də təkrar edirəm: türk hökumətinin xüsusi münasibətinə əmin ola bilərsiniz. Lakin yaranmış şərait özünüzdən də indi daha qətiyyətli addımlar, daha böyük səylər tələb edir. Təbii ki, məsələnin bu tərəfini özünüz bizdən yaxşı bilirsiniz.

Mən: Bəli, haqlısınız. Yeni kabinetin heç bir məsələdə Azərbaycana münasibətinin dəyişməməsinin özü bizim üçün böyük təsəllidir. Deməli, yenə  əvvəlki kimi buradan istədiyimiz kömək və yardımı ala biləcəyik. Bizdən ötrü ən vacib məsələ hərbi hissələrimizin zəruri silah və paltar təchizatıdır.

Nazir: Hərbi məsələ indi ən yaralı yerimizdir. Çünki heç şübhə yoxdur ki, Müttəfiq dövlətlər qoşunlarımızı Azərbaycandan çıxarmaq məsələsində təkid edəcəklər. Bu tələbi sizə də bəlli olan səbəblərə görə yerinə yetirməli olacağıq. Lakin rütbəsindən asılı olmayaraq, hər bir şəxs istədiyi təqdirdə sizin orduda qalıb xidmətini davam etdirə bilər. Verdiyimiz hər şey sizə qalacaq. Digər işlərdə də lazımi təqdirdə kömək edəcəyik. Necə çətin günlər keçirdiyimizi siz də yaxşı görürsünüz. Bütün güc və diqqətimiz sülh müqaviləsinin bağlanması ilə əlaqədar qarşımızda aydın və qəti şəkildə qoyulan tələblərə yönəlib. Amma ümid etmək istərdim ki, bu olduqca gərgin vəziyyət çox sürməyəcək və sizinlə daha sakit şəraitdə əl-ələ verib işləmək imkanımız yaranacaq.

Mən: Öz növbəmdə mən də ümid etmək istərdim ki, həmin zaman çox da uzaqda deyil. Düzünü desəm, indi dünyada hər şeydən çox İngiltərə və Fransa nümayəndələri ilə sülh danışıqlarının aparıldığı adada (İstanbul yaxınlığında, Mərmərə dənizindəki Uzun ada - Prinkipo nəzərdə tutulur - V.Q.) olmaq istərdim. Vyana və Berlinə deyil, ora getmək istərdim.

Nazir: Danışıqlar uzun çəkməyəcək, tezliklə hər şey aydınlaşacaq. O vaxt birlikdə fəaliyyət göstərməli olacağıq. İndi isə gözləmək lazımdır.

Mən: Cənab sədrəzəmə də bildirmək şərəfinə nail oldum ki, Azərbaycanın, eləcə də böyük məhəbbətlə sevdiyimiz Türkiyənin ümumi maraqları naminə tərəfimdən hər hansı bir xidmət, yaxud fəaliyyət tələb olunacağı təqdirdə ilk çağırışdan qulluğunuzda hazıram. (Bu zaman növbətçi məmur otağa daxil olur və Avstriya-Macarıstan səfirinin gəldiyini xəbər verir. Nazir: “Qoy gözləsin!”- deyir. Məmur otaqdan çıxır.)

Mən: İcazənizlə, daha bir neçə dəqiqə vaxtınızı alım. Məsələ buradadır ki, türk hökuməti hələ də bizə diplomatik nümayəndə göndərməyib. Belə bir nümayəndənin təyin edilməsi bir çox cəhətlərdən əlamətdar ola bilərdi. Yeri gəlmişkən, dünənki qəzetlərdə artıq Ermənistana diplomatik nümayəndə təyinatı haqda yazılmışdı. Hələ onu demirəm ki, bundan əvvəl Ermənistanda da, Gürcüstanda da hərbi nümayəndələr (Məhəmməd Əli paşa və Əbdül Kərim paşa) vardı. Bu baxımdan bizdə Nuri paşaya gərəkli səlahiyyətlər verilibmi?

Nazir: Biz bu haqda düşünürük. Azərbaycana da diplomatik nümayəndə təyin olunacaq. Nuri paşaya isə yalnız şifahi şəkildə bəzi təlimatlar verilib.

Mən: İcazənizlə, Qarabağ barəsində də iki söz. Keçmiş Gəncə (Yelizavetpol) quberniyasının  Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur sancaqlarını (qəzalar) ermənilər Qarabağ adlandırırlar. Bu yerlər hamısı Azərbaycanın tərkibinə daxildir və hökumətimizin  sərhədləri daxilində qayda-qanun yaratmaq məqsədi ilə həmin ərazilərə ordu göndərməyə tam haqqı var. Çünki oradakı sakitlik və dinclik Andranik kimi avantüristlərin başçılığı altındakı bandalar tərəfindən pozulur. Amma bu arada sülh konfransına getmək üçün İstanbula gələn erməni nümayəndələri həyəcan təbili çalır və köhnə adətləri üzrə vəziyyəti hər yerdə özlərinə sərf eləyən şəkildə işıqlandırırlar. Hələlik hökumətimdən bu məsələ ilə əlaqədar heç bir  məlumat ala bilməmişəm. Ona görə öz növbəmdə sizdən də xahiş edərdim ki, Azərbaycan hökumətindən mövcud şəraitlə bağlı dəqiq məlumat almayana qədər heç bir addım atmayasınız

Nazir: Biz məsələ ilə bağlı heç bir addım atmamışıq. Lakin indiki şəraitin tələblərindən  çıxış edərək məsləhət görərdim ki, əhali üzərinə ordu göndərmək kimi məsələlərdən uzaq dayanasınız.

Mən: Sizə bildirməliyəm ki, erməni nümayəndələrinin yaydıqları məlumata rəğmən, bu bizim hərbi hissələrdir və onlar bizə məxsus olan ərazilərə göndərilib. İstənilən halda, görüşümüzdən məmnunam. İcazə verin, təzim edim və ümumi maraqlarımız naminə türk hökumətinin xidmətində dayanmağa hər an hazır olduğimu bir daha diqqətinizə çatdırım.

Nazir: Gəldiyinizə görə minnətdaram. Əlbəttə, biz hələ dəfələrlə görüşəcəyik. Lazım gələndə isə sizi də narahat edəcəyik. Hələlik! (Qapıya qədər ötürür, ənənəvi vida sözlərini deyərək qapını da özü açır.) 

Əlimərdan bəy Topçubaşovun Türkiyə xalq təhsili nazirinin müavini ilə söhbətinin yazısı 

28 oktyabr 1918-ci il

Saat 12.15-13.00

Türkiyə Xalq Təhsili Nazirliyinin binası 

Köhnə, tutqun bina. Qapıçı və xidmətçilərin əyinlərindəki kostyumlar -qara pencək və  sürtuklar son dərəcə köhnəlib. Mənə İran konsulluğu agentlərinin geyimini xatırladır. Binanın əsas qapısı birbaşa küçəyə açılır. Burada türk nazirliklərinin çoxu üçün ənənəvi olan həyət gözə dəymir. Pilləkən meydançaları, koridorlar demək olar ki, bom-boşdur. Nazir özü yoxdur. Xəstə olduğundan işə çıxmır. Bunu bizə hansısa xidmətçi deyir. Mustafa bəy Vəkilov ona izah edir ki, Ümuri-Şərqidən (Şərq məsələləri idarəsi V.Q) cənab xalq maarifi nazirinin saat 12-də bizi gözləyəcəyini bildiriblər. “Bəlkə müstəşarı deyirlər. O, buradadır. Məlumat verim?” Vizit kartımı uzadıram. Pilləkənlə yuxarı qalxırıq. Müstəşarın kabinetinin qapısından ağ əntaridə xidmətçi ərəb qadını bayıra çıxır. Otağa daxil oluram. Masanın arxasından uca boylu çox gənc bir adam ayağa qalxır, mənimlə salamlaşır və divanda əyləşməyimi xahiş edir.

Müstəşar: (bir daha salamlaşaraq) Gərək bağışlayasınız. Siz bir neçə dəfə xalq maarifi naziri ilə görüşmək arzusunda olduğunuzu bildirmisiniz. Amma bizim nazir hələ də xəstədir. Bu gün səhər xəbər verdi ki, işə gələcək. Sonra mənzilindən dedilər ki, hələ də evdən çıxa bilmir, yataqda uzanıb. Bəlkə mən bir işinizə yaraya bilərəm. Xidmətinizdə hazıram.

Mən: Cənab nazirin qəbuluna gəlməyi və yüksək vəzifəyə təyin olunması münasibəti ilə onu təbrik etməyi özümə borc bildim.    Əlbəttə, cənab nazir üçün münasib bir vaxtda yenə gələrəm. Siyasi vəziyyətin xarakterindən asılı olmayaraq, zənnimcə, maarif işi öz qaydası ilə getməlidir. Çünki bütünlükdə xalqın, daha çox isə onun mədəni qüvvələrinin inkişafı ilk növbədə maarifdən, təhsildən asılıdır. Ona görə yaşadığımız günlərin çətinliyinə, mühüm əhəmiyyətə malik siyasi məsələləri bütün  kəskinliyi ilə gündəliyə çıxarmasına baxmayaraq, xalq təhsili nazirinin diqqətini istisnasız olaraq təhsillə bağlı məsələlərə yönəltmək istərdim.

Belə məsələlər sırasında ilk növbədə aşağıdakını xatırlatmağı özümə borc bilirəm: hələ  dörd ay bundan əvvəl Azərbaycan hökuməti tərəfindən ünvanınıza bizim məktəblərə müəllim və müəllimələr göndərilməsi ilə əlaqədar xahiş daxil olub. Bu işlə əlaqədar Azərbaycan nümayəndə heyətinin (M.Ə.Rəsulzadənin başçılığı altında İstanbula gələn Heyəti-mürəxxəs nəzərdə tutulur -V.Q.) üzvləri, habelə Əhməd bəy Ağaoğlu keçmiş xalq maarifi naziri ilə görüşüblər. Səhv etmirəmsə, artıq nazirlikdə ölkəmizə gəlməyə razılıq vermiş müəllim və müəllimələrin siyahısının tutulmasına başlanıb. Bundan əlavə son iki həftə ərzində Azərbaycana getmək istəyən belə müəllim və müəllimələrdən bir neçəsi mənim də yanıma gəlib. Onların arasında iki müəllimə də vardı. Həmin xanım pedaqoqlardan biri hətta inspektor dərəcəsinə yüksəlib və İstanbulda özünün müdirəsi olduğu ali-ibtidai məktəbi idarə edir. Bildiyim qədər, 4-5 günə “Rəşid paşa” gəmisi yola düşür. Bizim nümayəndələrdən bir neçə nəfəri də həmin gəmi ilə Batuma, oradan da Azərbaycana gedəcək. Arzu edən müəllimləri də onlarla birlikdə yola sala bilərik. Mən cənab xalq təhsili nazirindən bunu xahiş etməyə gəlmişdim.

Müstəşar: Düz buyurursunuz. Bizdə artıq bir neçə nəfər adını yazdırıb. Amma bu, çox azdır. Hökumətinizin xahişini yaddan çıxarmamışıq. Onu mümkün qədər tez yerinə yetirmək bizim üçün də şərəfdir. İndi siz danışarkən mən burada özüm üçün qeydlər götürdüm və cənab nazirə dərhal məlumat verəcəyəm.

Mən: Sizə çox minnətdar olaram. Əlbəttə, arzu edənlərin bəziləri sərbəst şəkildə də yola çıxa bilərlər. Lakin yaxşı olardı ki, məsələdən bizim nümayəndəliyin də xəbəri olsun. Yəni kimlərin gələcəyinə əvvəlcədən zamin dura bilək.

Müstəşar: Cənab nazirə elə bu cür də məruzə edərəm. Güman edirəm ki, qarşımıza heç bir maneə çıxmayacaq. Müəllimlərin hər biri haqqında ayrıca məlumat toplayacayıq. Düşünürəm ki, artıq getmək qərarı verənləri birinci gəmi ilə olmasa da, növbəti gəmi ilə ən azı bəlli bir hissəsini yola sala bilərik. Əlbəttə, artıq müəyyən dərəcədə gecikmişik, dərslər başlanıb. Amma nə edə bilərik? Hər yerdə olduğu kimi, bizim sahədə də ağır vəziyyət yaranıb.

Mən: Müzakirə ediləsi başqa məsələlər də var: bizim gənclərin təhsil almaq, yaxud təhsillərini tamamlamaq üçün bura göhdərilmələri, hazırda İstanbulda oxuyan azərbaycanlı təbələrin vəziyyəti və s. və i.a.

Müstəşar: Dediyiniz məsələlər barədə yəqin ki, cənab nazirin özü ilə danışsanız, daha yaxşı olar...(Söhbət burada bitir. Müstəşar məni qapıya qədər  ötürür və qapının önündə bir neçə dəfə təzim edir)

Rus dilindən tərcümə: Vilayət Quliyev

 





09.10.2017    çap et  çap et