525.Az

Müəllifinin ad günündə təqdim olunan "Səhnə" - Fotolar


 

Müəllifinin ad günündə təqdim olunan "Səhnə" - <b style="color:red">Fotolar</b>

Oktyabrın 9-da Gənc Tamaşaçılar Teatrında yazıçı Pərvinin "Səhnə" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə teatr xadimləri, yazıçılar, oxucular və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Rəşad Məcid həm Pərvinin ümumi yaradıcılığı,  həm də yeni kitabı haqqında geniş məlumat verib. Qeyd edib ki, kitabda Pərvinin müxtəlif tamaşalara resenziyaları, sənət adamları ilə söhbətləri, teatr konfranslarından təəssürat yazıları, həmçinin pyesləri yer alıb. Müəllif bu yazılarda bəzən tamaşaçı, bəzən tənqidçi, bəzən də dramaturq kimi görünür: "Bugünkü təqdimatın məhz Gənc Tamaşaçılar Teatrında keçirilməsinin əsas səbəbi budur ki, kitabda yer alan yazılar müxtəlif tamaşalar haqqında esselər, dram əsərləri, teatr xadimləri ilə müsahibələrdir, Bakıda keçirilən beynəlxalq teatr konfransı ilə bağlı yazılardır. Mədəniyyət və Turizm Nazirliyinin, şəxsən nazir müavini Ədalət Vəliyevin təşəbbüsü ilə Beynəlxalq Teatr Konfransı haqqında silsilə yazılar hazırlamaq Pərvinə həvalə olundu. Nazirliyin və "525-ci qəzet"in birgə layihəsi çərçivəsində Pərvin konfrans haqqında operativ yazılar yazır, həmçinin, müsahibələr alırdı. Bunlar hamısı ağır zəhmət, əziyyət tələb edir. Pərvin həmişə olduğu kimi, bu dəfə də işinin öhdəsindən uğurla gəldi. Hesab edirəm ki, bu kitab, Pərvinlə yanaşı, Mədəniyyət və Turizm Nazirliyi ilə "525-ci qəzet"in də birgə nailiyyətidir. Ədalət müəllimin ideyası ilə artıq Pərvin qəzetimizdə yeni layihəyə başlayıb. Azərbaycan kinosunun qarşıdakı 120 illiyi ilə bağlı silsilə yazıları çap olunmaqdadır. İnanıram ki, gələn il kinomuzun yubileyi ərəfəsində Pərvinin bununla bağlı kitabının da təqdimatını keçirəcəyik".

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yazıçı Pərvinlə tanışlığından söz açıb: "Pərvin xanımın işlərinə, bu gün onun adını tutub buraya gələn insanların ona sevgisinə baxanda başa düşürük ki, o, həm bir yazıçı, həm teatrşünas, həm də bir pedaqoq kimi hər kəsin sevgisini, inamını qazanıb. Düşünürəm ki, o, artıq bununla qürurlana bilər. Pərvinlə tanışlığımız 2010-cu ilə təsadüf edir. O vaxt biz Azərbaycan teatr tarixində ilk dəfə olaraq I Bakı Beynəlxalq Teatr Konfransını keçirəcəkdik. Mədəniyyətimizə, ədəbiyyatımıza hər zaman xüsusi diqqəti ilə seçilən "525-ci qəzet"in baş redaktoru Rəşad müəllimdən xahiş etdim ki, gənc, istedadlı qələm sahiblərindən biri bu forumu hər gün davamlı şəkildə işıqlandırsın. Rəşad müəllim bu iş üçün Pərvini məsləhət gördü. Beləliklə, bizim onunla birgə layihəmiz, işgüzar tanışlığımız baş tutdu. Pərvin bizim teatrların müəlliflərindən biridir. O, bu sahəylə çox ciddi və ardıcıl şəkildə məşğul olur. Gənc Tamaşaçılar Teatrında, Yuğ teatrında, regionlarda onun əsərləri müxtəlif rejissorlar tərəfindən tamaşaya qoyulur. Bütün bu fəaliyyətlərin kövrək bir qadın simasında cəmləşməsi ilk baxışda mürəkkəb görünür. Ancaq mən sevinirəm ki, bu gün Azərbaycanda bu cür ağır yükləri çiynində daşımağı bacaran xanımlar öndədirlər və Azərbaycan mədəniyyətinə böyük sevgi ilə xidmət edirlər. Şənbə günü "525-ci qəzet"də Pərvin xanımın qəzetin yubileyinə həsr olunmuş təbrik yazısını oxudum. Orada qəzetə, onun əməkdaşlarına dərin sevgisinin, hörmətinin şahidi oldum. Rəşad müəllimə də təşəkkür edirəm ki, bu cür istedadı Azərbaycan jurnalistikasına, mədəniyyətinə və ədəbiyyatına qazandırıb".

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında Pərvini müasir dövrün ən zəhmətkeş yazıçısı adlandırıb: "Bu gün Pərvinin ad günündə ona hədiyyəni biz verməli idik, ancaq Pərvin özü bizə bu cür dəyərli kitab hədiyyə edir. Bu, həqiqətən də unikal kitabdır. Çünki burada müəllif bir teatr tənqidçisi, jurnalist və dramaturq kimi özünü təsdiq edir. Pərvin həm də maarifçi kimi tələbələrinə ədəbiyyatı sevdirir, onları kitaba, incəsənətə bir az da yaxınlaşdırır. Onun jurnalist kimi çox maraqlı müsahibələri var. Yazıçı kimi deyə bilərəm ki, dövrümüzün ən istedadlı gənc yazıçılarından biridir, ancaq zəhmətsevərlikdə, zəhmətkeşlikdə onun rəqibi yoxdur. Pərvinə Allah hər şey verib. Onu dəstəkləyən, arxasında dayanan ailəsi, peşəsinin çətinliyini başa düşən həyat yoldaşı və yaşının azlığına baxmayaraq, çox dərrakəli övladı Pərvinin bu həyatdakı ən böyük uğuru, qazancıdır".

Teatrın baş rejissoru Bəhram Osmanov Pərvin xanımla işbirliyindən söz açıb, birgə fəaliyyətlərinin indi də davam etdiyini vurğulayıb: "Pərvin xanım ədəbiyyatla, sənətlə sevərək, böyük eşqlə məşğul olur. İlk dəfə onunla əməkdaşlığımız iki il öncə, yazdığı pyesi səhnələşdirməklə başladı. Həmin pyes sonradan ölkənin müxtəlif teatrlarında, Rusiyada oynanıldı, uzun müddət repertuarda qaldı. Ondan sonra müxtəlif işbirliklərimiz olub. Hazırda isə "Qadınlar" adlı komediya üzərində çalışırıq. Bu da həm komik, həm də cəmiyyətə olduqca anlamlı mesajlar verən pyesdir. İnanıram ki, bundan sonra da onun pyesləri teatrlarımızda səhnələşdiriləcək və o, bir dramaturq kimi Azərbaycan teatr sənətinə öz töhfələrini verməkdə davam edəcək".

Xalq şairi Sabir Rüstəmxanlı isə gənc müəllifi daha çox yazıçı, ədəbiyyatşünas kimi görmək istədiyini deyib: "Pərvinin ilk qələm təcrübələrindən olan "Balerina" povesti  əslində elə bir dram əsəri idi. Orada bir sənət adamının, balet ifaçısının həyatı əks olunurdu. Onun fəaliyyətinə, işlərinə baxanda, əgər üzdən tanımasaydım, yaşının azlığına inanmazdım. Çünki bu az yaşında böyük bir ömrün işini görüb. Yazıçı, jurnalist, ədəbiyyatşünas, teatr tənqidçisi, esseist, tərcüməçi, pedaqoq kimi çətin və ağır zəhmət tələb edən sahələrlə layiqincə məşğul olur. Hesab edirəm ki, teatrımız Pərvinin timsalında həm savadlı teatrşünas, həm də gözəl səhnə əsərlərinin müəllifini qazanıb. Ancaq mən istərdim ki, o, yazıçılığı, ədəbiyyatşünaslığı heç nəyə dəyişməsin və onu davam etdirsin".

Dramaturq Əli Əmirli dramaturgiyada artıq yeni imzalara ehtiyac olduğunu önə çəkib, daha sonra Pərvinin şəxsi keyfiyyətlərindən danışıb: "Pərvinin bütün istedadlarından başqa həm də özünü sevdirmək bacarığı var. İstedadlı insan çox ola bilər, ancaq özünü sevdirməyi, hər kəsə hörmətlə yanaşmağı bacarmaq hər adamın işi deyil".

Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi diqqəti Pərvin xanımın elmi fəaliyyətinə yönəldib: "Mən ona "doktor Pərvin xanım" demək istəyirəm. Çünki bu yaxınlarda o, Anar müəllimin yaradıcılığından müdafiə etdi. Bu, asan məsələ deyil. Pərvin xanımın bu elmi işi Azərbaycan elmi və ədəbiyyatşünaslığı üçün çox böyük bir hadisədir. O, sənətə sevgisi, əzmkarlığı ilə Azərbaycan gəncliyinə bir nümunədir. Gəncliyin öz enerjisini sənətə sərf etməsi çox gözəl bir işdir. Bunu bütün gənclikdən görməyi arzu edirik".

Pərvinlə ortaq işindən - "Sonuncu" tamaşasından söz açan Xalq artisti Ramiz Həsənoğlu onu çevik və aydın düşüncə sahibi kimi xarakterizə edib: "Mən Pərvinin yazıları ilə mətbuatdan tanış idim. Ancaq fəaliyyətinin bu cür çoxşaxəliliyini şəxsi tanışlıqdan sonra daha dərindən öyrənmək şansı qazandım. Onunla işləyən bir rejissor kimi deyə bilərəm ki, Pərvin çox çevik düşüncə qabiliyyətinə malikdir. Düşünürəm ki, onun uğurlarının bir sirri də budur".

Tanınmış ədəbiyyatşünas alim, professor Himalay Qasımov "Səhnə" kitabı haqqında düşüncələrini bölüşüb, tələbəsi ilə fəxr etdiyini deyib: "Bu gün mən həddən artıq sevinir və qürurlanıram. Pərvin xanım yeni kitabını mənə təqdim edəndə fikirləşdim ki, bu kitab da onun çoxsaylı əsərlərinin davamıdır. Ancaq tanış olanda gördüm ki, "Səhnə" adlanan və dörd bölümdən ibarət olan bu kitab tamamilə başqa və yeni səpkidədir. Kitabdakı dörd bölüm zəncirvari şəkildə bir-birini davam etdirir, tamamlayır. "Tamaşaçı gözü ilə" adlanan bölümdə müxtəlif tamaşalara münasibəti yer alıb. Mən bu ifadəni çox sevdim, çünki tamaşaçı gözü əslində haqq görən gözdü, bəsirət gözüdür. Beynəlxalq Teatr Konfransı haqqında yazdığı səkkiz məqalənin heç biri digərini təkrar etmir, əksinə, tamamlayır. Mənim fikrimcə, onun teatr haqqındakı bu qeydləri Azərbaycan səhnəsinə, xüsusən Gənc Tamaşaçılar Teatrına yeni nəfəs gətirəcək. Əvvəllər tələbə vaxtı o bizdən öyrənirdi, indi isə çoxları Pərvin xanımdan öyrənir. Bu da çox gözəldir, sevindiricidir. Bu gün Pərvin xanımın ad günüdür, deməli, həm də onu sevənlərin şad günüdür".

Sonda yazıçı Pərvin çıxışçılara, tədbir iştirakçılarına və ona dəstək olan hər kəsə minnətdarlığını bildirib: "Etiraf edirəm ki, qocalmaqdan qorxuram. Güzgü önündə duranda: "Görəsən, illər üzümə qırış salmır ki..." - deyə təlaşlandığım da olur, bunu boynuma alıram. Ancaq indi düşünürəm ki, məni sevən, mənə inanan insanlar var olduqca illər nə edəcək ki?! Mən professional teatrşünas deyiləm. Çünki bilirəm ki, bu, böyük bir elmdir. Onu öyrənmək üçün uzun illər lazımdır. Böyük dramaturqluğa iddiam da yoxdur, çünki mən hələ yolun başındayam. "Səhnə" kitabım səhnəyə, teatra olan sevgimin kiçik bir ifadəsidir. Lap uşaqlığımdan teatrı möcüzələr diyarı kimi qəbul etmişəm. Bu diyarda mənə kömək edən, yoluma işıq tutan insanlara, ilk növbədə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, Teatr sektoruna, Gənc Tamaşaçılar Teatrına, onun rəhbərliyinə minnətdaram. Əziz dostumuz Bəhram Osmanov Gənc Tamaşaçılar Teatrına baş rejissor təyin olunanda ilk işi gəncləri axtarıb, istedadlı cavanları teatra cəlb etmək oldu. Gənclərə bu münasibətə görə dərin təşəkkürlərimi bildirirəm.

Həyatdakı uğurlarımın əsasında həm də Anar müəllimin mənə olan güvəni, etimadı durur. O etimada layiq olmaq ayrıca bir məsuliyyətdir. Mən bu məsuliyyəti dərk edirəm. Həmçinin, çalışdığım "525-ci qəzet"ə, onun kollektivinə minnətdaram. Ramiz Rövşənin bir sözü var ki, iyirmi üç yaşımda məni sevənlər, otuz üç yaşımda sevəmməz daha. Bu misraları düşünəndə pessimist olur adam. Amma illərə, zamana tabe olmayan sevgilər var. O sevgilərinə görə əzizlərimə, valideynlərimə, həyat yoldaşıma minnətdaram".

Sonda müəllif qonaqlar üçün kitablarını imzalayıb.

Şahanə MÜŞFİQ
Foto: Nofəl ÜMİD

 





10.10.2017    çap et  çap et