525.Az

Prezident müşavirədə mühüm tapşırıqlar verdi


 

"BEYNƏLXALQ ARENADA MÖVQEYİ DAHA DA MÖHKƏMLƏNƏN AZƏRBAYCAN DÜNYADA ETİBARLI TƏRƏFDAŞ, LƏYAQƏTLİ ÖLKƏ KİMİ TANINIR"

Prezident müşavirədə mühüm tapşırıqlar verdi<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Oktyabrın 9-da baş tutan müşavirədə dövlət başçısı İlham Əliyev dövr ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri, beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılan irimiqyaslı layihələr, aparılan iqtisadi islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və probleminin hələ də həllinin tapmamasının əsas səbəbləri, eləcə də digər məsələlərlə bağlı çıxış edib.

Prezident qeyd edib ki, Azərbaycanın hərtərəfli və dinamik inkişafı aparılan uğurlu siyasətin və həyata keçirilən islahatların nəticəsidir: "Qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz artıb. Qeyri-neft iqtisadiyyatında müşahidə edilən artım son illərdə aparılmış məqsədyönlü siyasətin, uğurlu islahatların, iqtisadiyatın şaxələndirilməsinin göstəricisidir. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir. Kənd təsərrüfatı 2,8 faiz artıb. Azərbaycanın xarici ticarət dövriyyəsi isə  7 faiz artıb, ixrac idxalı böyük fərqlə üstələyir. Xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. İlin sonuna qədər bu rəqəm daha da artacaq".

Doqquz ay ərzində Bakıda və bölgələrdə yeni iş yerlərinin yaradılması prosesinin uğurla getdiyini deyən dövlət rəhbərinin sözlərinə görə, 226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimidir. Əsas infrastruktur layihələrinin uğurla icra edildiyini deyən prezident bildirib ki, 7 yüz kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma 93 faiz səviyyəsindədir. Bundan başqa, müşavirədə 50 min hektardan çox torpaqda meliorativ tədbirlər görüldüyünü, suvarma suyunun təmin edildiyini bildirən İlham Əliyev tapşırıq verib ki, qalan iki ay yarım ərzində daha 100 min ha torpaqlarda bütün işlər başa çatmalıdır.

Prezident qeyd edib ki, sosial infrastrukturla bağlı siyasət uğurla aparılır: "Bu ilin əvvəlindən 100-ə yaxın məktəb, 27 tibb ocağı tikilib və təmir edilib. İnfrastruktur layihələrinin uğurlu icrası ümumi iqtisadi inkişafa, regionların inkişafına təkan verir. Neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanın valyuta ehtiyatları artırıb. Dünya bazarlarında neftin qiyməti aşağı səviyyədə olsa da, Azərbaycanın valyuta ehtiyatları 4.5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Qənaətlə istifadə, düzgün investisiya proqramı valyuta ehtiyatlarını artırmağa imkan yaradır".

Ölkə rəhbəri deyib ki, Azərbaycan iqtidarı ölkənin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünür: "İqtisadi imkanlar, o cümlədən, valyuta ehtiyatları müstəqilliyin əsas şərtlərindən biridir. Azərbaycan özünü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilib, müstəqil siyasət aparan ölkə kimi tanınır. Bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik amilləri xüsusi yer tutur. Beynəlxalq arenada mövqeyi daha da möhkəmlənən Azərbaycan dünyada etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Azərbaycanın xarici əlaqələri çoxşaxəlidir, bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurulub. Beynəlxalq arenada Azərbaycan böyük hörmətə və çox müsbət reputasiyaya malik olan bir ölkədir".

Dövlət başçısı İlham Əliyev müşavirədə onu da vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası əsas vəzifədir: "Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Ermənistanın müəyyən şərtlər irəli sürtməklə danışıqlara başlamaq cəhdi baş tutmadı. Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Ermənistanın isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri açıq etirafdır ki, döyüşdə onların Azərbaycan qarşısında duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir".

Azərbaycanın iştirak etdiyi və təşəbbüskarı olduğu qlobal enerji və nəqliyyat layihələrinin ölkəni gücləndirdiyini, dövlətə böyük mənfəət gətirdiyini deyən prezident hesab edir ki, 2017-ci il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq. Bu mənada, "Əsrin kontraktı"nın yeni şərtlərlə təzələnməsi və müddətinin uzadılmasından danışan ölkə başçısı bunu tarixi hadisə kimi səciyyələndirib: "Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcək. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və Azərbaycana xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək".

"Cənub Qaz Dəhlizi" layihəsinin uğurla icra olunduğunu bildirən ölkə rəhbəri qeyd edib ki, "Şahdəniz-2" layihəsinin icrası 96 faiz səviyyəsindədir: "Cənubi Qafqaz kəməri 98 faiz səviyyəsində icra edilib. TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra olunub. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatıb. Yaxın vaxtlarda bu yolun rəsmi açılışı nəzərdə tutulur. Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Bu layihələr ölkəyə böyük iqtisadi mənfəət, səmərə verir və Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır. Bu gün Azərbaycanın iştirakı olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib".

İl ərzində həyata keçirilən iqtisadi islahatlardan danışan prezident bildirib ki, sahibkarlığın inkişafı təmin edilir, investisiya təşviqi mexanizmi tam işə düşüb: "Bu istiqamət çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiya qoyuluşu təmin ediləcək. İxracın təşviqi mexanizmi uğurla icra olunur. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxıb və öz reytinqini daha da yaxşılaşdırır. Bu, böyük uğurdur, tarixi nailiyyətdir. Həm xarici investorlar, həm də yerli sahibkarlar tərəfindən Azərbaycanın gələcəyinə çox böyük inam var. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulub".

Qarşıdakı dövr həyata keçirilməli olan əsas məsələlərə toxunan prezident hesab edir ki, ilin sonunadək Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır: "Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha böyük olmalıdır. Hazırda sahibkarlara verilən güzəştli kreditlərin tam həcmi əvvəllər verilib və qaytarılmış kreditlər hesabına təşkil edilir. İlin sonuna qədər nəzərdə tutulmuş kreditləşmə tam həcmdə təmin edilməlidir. Azərbaycanda bir dənə də təmirsiz və yaxşı vəziyyətdə olmayan kənd yolu qalmamalıdır. Gələn il 100 min hektar sahəyə yeni kanallar çəkilməlidir. Azərbaycanda yeni süd zavodları yaradılmalıdır. Bundan sonra ən azı üç böyük logistik mərkəz lazımdır - Mərkəzi Aran, Şimal və Cənub zonalarında. Hazırda 400 hektardan çox sahədə yeni, müasir istixana kompleksləri yaradılır. Bu istixanaların böyük hissəsi ixraca hesablanıb və beləliklə, ölkənin ixrac potensialı daha da artacaq. Azərbaycanda 38 aqroparkın yaradılması prosesi gedir. Onlardan ikisi artıq fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsi açılıb. Balaxanıda, Masallıda sənaye zonaları, Mingəçevirdə böyük tekstilyönümlü yüngül sənaye zonası, Hacıqabul rayonunda sənaye məhəlləsi yaradılır. Gələn il də bir neçə rayonda sənaye zonalarının yaradılması ilə bağlı praktiki işlər başlanacaq. Bu il 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Gələn il də bölgələrdə təqribən 10-a yaxın fabrik açılacaq. Sumqayıt şəhərində əyirici-boya fabrikinin tikintisi nəzərdə tutulur, bununla həm boyadan, həm də iplikdən xarici asılılığa son qoyulacaq. "ASAN xidmət" mərkəzlərinin tikintisi davam etdirilir. Yaxın aylarda Mingəçevir və Quba şəhərlərində, gələn il isə Şəki və İmişli şəhərlərində yeni mərkəzlər açılacaq".

Bundan əlavə, prezident qeyd edib ki, Strateji Yol Xəritələrinin icrası tam təmin olunmalıdır: "Monitorinq göstərir ki, bəzi qurumlarda Strateji Yol Xəritələrinin icrası 50 faiz, 70 faiz, bəzi qurumlarda isə 10-15 faizdir. Bunun izahatı tələb olunmalı, gecikməyə yol verən qurumlar tezliklə işlərində dönüş yaratmalıdırlar. Sənayenin, kənd təsərrüfatının inkişafı, infrastruktur, Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub Qaz Dəhlizi" layihələrinin icrası, "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənilməsi əsas prioritetlərdir".

Prezidentin müşavirədə diqqət yetirdiyi məsələlərlə bağlı "525"ə fikirlərini bildirən Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Musa Qasımlı prezident İlham Əliyevin sədrliyi altında Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda dayanan vəzifələrə həsr olunmuş iclasında etdiyi nitqi yüksək qiymətləndirir: "Bu nitq ölkəmizin gələcək inkişafına, xalqımızın tərəqqisinə dair bütün istiqamətlər üzrə aydın və konkret proqramların olduğunu bir daha təsdiq edir. Ötən müddət ərzində ölkəmizdə qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artdığı barədə söylənilən rəqəmlər yürüdülən siyasətin düzgünlüyünü və uğurla həyata keçirildiyini göstərir. Xarici bazarlara çıxmaq üçün yeni imkanların axtarılması haqqında verilən konkret tapşırıqların yerinə yetirilməsi ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirəcək və əlavə valyuta gətirəcək. Hesab edirəm ki, bu işlərin davam etdirilməsi üçün ilk növbədə, dövlətimiz güclü olmalı, xalqımız isə sabit və davamlı  inkişaf şəraitində yaşamalı və işləməlidir".

Deputat Sahib Alıyev isə qeyd edib ki, Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş toplantısındakı çıxışında dövlət başçımız İlham Əliyev Dağlıq Qarabağ probleminə toxunarkən danışıqları pozmağa çalışan Ermənistanın öz məqsədlərinə çatmadığını vurğulayıb: "Artıq bir neçə dəfədir ki, prezident bu haqda danışsa da, bəlli səbəblərdən çox da detallara varmır. Detallar deyəndə nələri nəzərdə tuturuq? Birincisi, aprel döyüşlərindən sonra Serj Sarkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Azərbaycana qarşı bir sıra addımlar atılmasını tələb edirdi ki, Qazaxıstan və Belarusun etirazıyla qarşılaşdı. İkincisi, o, öncə bir neçə günə itirdikləri yüksəklikləri geri alacaqlarını, ardından da bunun mümkünsüzlüyünü görüb, Azərbaycanın azad etdiyi mövqeləri geri verməsə, heç bir danışıqlara getməyəcəklərini bildirirdi. Lakin son nəticədə danışıqlara getməyə məcbur edildi".

Deputat bildirib ki, ermənilərin başqa tələbləri isə aprel döyüşlərinə bənzər olayların təkrarlanmaması üçün ön xətdə nəzarət mexanizmi yaradılmasıyla bağlı idi: "Bu sonuncunu havadarları da açıq şəkildə dəstəkləyirdilər və özü də təkidlə. Bu, onlara indi dayandıqları mövqelərə de-fakto sərhəd statusu qazandıracaqdı. Bu addımı Azərbaycan təbii ki, rədd etməli idi və etdi də. İrəli sürdüyü bütün bu tələblərin yerinə yetirilmədiyinə baxmayaraq, forpost rəhbəri danışıqlar stolu arxasında əyləşdirilir, özü də havadarlarının təkidiylə. Ona görə ki, həmin havadarları nə qədər çalışılsa da, Dağlıq Qarabağın dondurulmuş konfliktə çevrilmədiyini görürlər. Eyni zamanda, onu da görürlər ki, belə davam etsə, cəbhədə ötən ilin aprel ayındakına bənzər olayların baş vermə ehtimalı çox yüksək, himayə etdikləri Ermənistanın bu döyüşlərdən daha böyük itkiylə çıxması ehtimalı isə ondan da yüksəkdir".

"Bloomberg" agentliyinin ötən gün yaydığı bir araşdırma materialında Dağlıq Qarabağı dünyadakı 5 ən qaynar nöqtədən biri, aprel döyüşlərini isə son 23 ilin ən güclü toqquşması kimi dəyərləndirdiyini deyən S.Alıyev qeyd edib ki, bu, az öncə dediklərimizi təsdiqləyən daha bir faktdır ki, Dağlıq Qarabağı dondurulmuş konfliktə çevirə bilmədilər: "Ona görə çevirə bilmədilər ki, Azərbaycan torpaqlarının işğal altında saxlanmasına seyirçi qalmır, bunun üçün hazırda nəyi etmək mümkündürsə, onu da edir. "Bloomberg"in son 23 ilin ən güclü toqquşması adlandırdığı aprel döyüşləri də bu yöndə atılan addımlardan biri və bəlkə də ən effektlisi idi. Bu döyüşlərdən sonra irəli sürdükləri və bir çoxu havadarlarının da gizlin, yaxud da açıq dəstəklədikləri tələblər rədd edildiyi halda Serj Sarkisyanın danışıqlar stolu arxasında əyləşdirilməsi, fikrimcə, o deməkdir ki, Ermənistan apreldə hərbi baxımdan necə zərbə yemişdisə, bənzəriylə də diplomatik cəbhədə üzləşdi. Burada önəmli olan "Dağlıq Qarabağ problemi ancaq sülh yoluyla həlli mümkündür", - deyərək əslində konfliktin dondurulmasına çalışanlara, bunun ayrı və daha effektli yolunun olduğunu Azərbaycanın ötən ilin aprelində atdığı addımlarla ortaya qoyması, ən əsası da onu həzm etdirməsidir".

Ceyhun ABASOV

 





11.10.2017    çap et  çap et