525.Az

Azərbaycan rəngləri bu dəfə Abu-Dabidə nümayiş olunacaq


 

Azərbaycan rəngləri bu dəfə Abu-Dabidə nümayiş olunacaq<b style="color:red"></b>

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi “Azərbaycanın rənglər dünyası Abu-Dabidə” adı altında növbəti layihənin həyata keçirilməsi ilə əlaqədar son hazırlıq işlərini başa çatdırıb.

Bu barədə 525.az-a ictimai birliyin sədri Şəhla Nağıyeva məlumat verib. Onun sözlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Azərbaycanın gənc qadın rəssamlarının əsərlərindən ibarət sərgi təşkil ediləcək. Sərgidə gənc rəssamlar Nərminə Vəliyeva, Zəhra Məmmədova, Ayan Nəbiyeva, Roza Ələkbərova və Sofiya Rəsulovanın əsərləri nümayiş olunacaq.

Layihənin həyata keçirilməsində məqsəd Abu-Dabi ictimaiyyətini Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış etmək, ölkəımizin gözəlliklərini, gənc qadın rəssamlarımızın yaradıcılıq potensialını nümayiş etdirməkdir.

Srginin rəsmi təqdimat mərasimi oktyabrın 17-də Abu-Dabinin məşhur otellərindən birinin foyesində təşkil olunacaq. Azərbaycan Respublikasının dövlət müstəqilliyi günü ərəfəsində keçirləcək sərgi Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin yaradılmasının 25-ci ildönümü ilə əlaqədar bu ölkədə təşkil edilən tədbirlərə xüsusi rəng qatacaq.

Tədbir ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin yaxından köməyi və dəstəyi ilə reallaşacaq.

Xatırladaq ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ABŞ, Avstraliya, Almaniya, İtaliya, Macarstan və Lüksemburqda da oxşar mədəniyyət tədbirləri təşkil edib.

 





11.10.2017    çap et  çap et