525.Az

Daşlara yazılan nağıl


 

Daşlara yazılan nağıl <b style="color:red"></b>

"Hara getdiyini bilən adama bütün aləm yol verər..."

Devid Starr Cordan

Bu dağlar ulu dağlar,
Çeşməli, sulu dağlar...
Burda bir qərib ölmüş,
Göy kişnər, bulud ağlar...
 

O gün səfərimiz dağlara idi, nə bulud ağlayırdı, nə də göy kişnəyirdi. Gün erkən çağlarında üzümüzə günəş gözüylə gülürdü, düzdü, aradabir günəşin qaynar gözlərini bulud örtükləri oxşayırdı, amma yenə də hava nisbətən isti və yolagələn idi...

Şabran rayon İcra Hakimiyyətinin başçısı, həm də özüqələm əhli olan hörmətli Novruz Novruzov (Nəcəfoğlu) qələm dostları olan bizi də - AYB-nin bölmə sədri Aydın Tağıyevi və bu sətirlərin müəllifini uzaq yolçuluğa - rayonun ən ucqar yaşayış məntəqələrindən Çuxurazəmi ərazi vahidliyində sakinlərlə növbəti səyyar qəbula dəvət etmişdi. Bu görüşdə onunla yol yoldaşı olduq.

Şabranımızın hər yeri cənnətdir. Amma dağları bir özgə aləmdir... El içində "Avqust yayın qora bişirən ayıdır", - deyirlər. Bu istidə şəhər mərkəzindən üzü dağlara qalxmağın bir ayrı ləzzəti var idi. Mən bu səfərdə həm qürur yeri saydığım dağları görəcək, həm də bir çox səfərlərin ağır yorğunluğunu bir yerdəçəkən, xatirələrini bir yerdə bölüşən iki dostun yol yoldaşlığının şahidi olacaqdım. Gözəl və maraqlı olmalıydı.

Bəli, bu səfərimiz elə gözlədiyimdən də unudulmaz keçdi...

Şəhərdən çıxanda artıq saat 10-a yaxınlaşırdı. Novruz müəllimi kənd adamlarıyla səyyar görüş, Aydın müəllimlə məni isə xatirə dolu bir dağ səyahəti gözləyirdi. Xülasə, Aydın müəllim yolboyu, bundan əvvəl də Çuxurazəmiyə olan səfərlərini yada salıb xatırladıqca belə başa düşdüm ki, bu kəndə ilk yolçuluq edən adam kimi mən daha məmnun qalacaq və əvəzsiz xatirələrlə geri dönəcəyəm. Çox sevinirdim, çalın-çarpaz dağlar yaxınlaşdıqca, nə gizlədim, qürurlanırdım, şəkillər çəkir, kamerayla çəkə bilmədiklərimi isə öz beynimin yaddaşına köçürməyə çalışırdım. Suyu yayın bu istisində daşların altında "gizlənən" dağ çayının vadisiylə üzüyuxarı şütüyən maşının pəncərəsindən arxada qalan Şabran şəhəri ovuc içi kimi apaydın görünürdü. Sonra hər şey gözdən itəcək, bitişik şəhər binaları arxada qalaraq görünməz hala gələcək, kənd yolları, daş-kəsəkli çay içi ilə keçən yollarda ancaq hər tərəfdən dağlar görünəcək, bu görüntüdən az qala, sözün əsl mənasında, "dağa dönən" ürəyimin döyüntü səsindən qulaqlarım uğuldayacaqdı. Bəzən yolun gah sağında, gah da solunda qalan köhnə qəbir daşları, bəzən də kəndin içindən keçəndə yarıuçuq, yarısalxaq kənd evləri bizi sanki keçmiş tariximizi özündə hələ də qoruyub saxlaya bilən küçə və məhəllələrə çəkib aparacaqdı. Bulaq başında olan, elə bulaq suyu kimi saf kənd qızları şəhər maşınını uzaqdan görən kimi gələnlərin "yad qonaq" olduğunu sanaraq bir-birinə baxıb xısınlaşacaq, gün altında gəzməkdən dərisi qapqara yanmış kənd uşaqları qabağımıza yüyürəcəkdi. Hələ kənd itlərini demirəm, böyrümüzdə-başımızda hürüşəcək, ta bir kənddən o biri kəndə gedib çıxınca bizi "yola salacaqdılar". Mal-qara naxırı, qoyun-quzu sürüsü dağ ətəyinə xüsusi bir gözəllik qatacaq, tapdalandıqca ətrafa yayılan çöl otlarının, o cümlədən də, dağ kəklikotusunun qoxusu bizi bihuş edəcəkdi.

Yol uzanır, uzandıqca dağların arasıyla gah dikdirə qalxır, gah da üzüaşağı enirdi. Hər tərəfə göz yetirirdim. Dağların qoynunda balaca quş yuvası boyda oyuqlar görünürdü. Bura kəkliklərin yuvasıydı yəqin. Özləri gözə dəymirdi. Bəlkə hələ də dəryaz görməmiş otun-ələfin içində gizlənmişdilər. Bəlkə də ovalıqdakı yuvalarında balalarının yanından bizi sakitcə seyr edirdilər... Novruz müəllim arada maşını saxlatdırır, mənim maşından düşüb ətrafa baxmağım, şəkil çəkməyim üçün şərait yaradırdı. Hər şeyi bu qədər xırdalıqlarına qədər düşünə bilmək bacarığının bir insanda toplanması Allahın həmin bəndəsinə bəxş etdiyi ən böyük xoşbəxtliyi olmalı idi. Ya da tam əksinə... Belə yaşamaq həm də asan olmamalıydı məncə... Hər şeyi düşünürsən, düşünürsən... Çox vaxt da elə hamının yerinə düşünürsən... Bu, bəlkə də ətrafda olanlarda bir arxayınçılıq yaradır və elə hər şeyi düşünmək qalır təkcə sənin boynuna... Yollar fikirlərimizi də özü ilə çəkib aparırdı... Nə düşünüb daşıya biliriksə bizimlədi, nəyi düşünməkdən vaz keçiriksə, demək, onu daşıyacaq qədər güclü deyilik...Biz düşünürdük, "düşmənin beli qırılsın", bu uzaq yolun belini qırmışdıq.

Yollar haçalananda bələdçinin sözünə əsasən sağ tərəfdə olan yola keçdik. Bu yol bizi iki dağın arasında yerləşən gözəl bir vadiyə çıxarırdı. Vadinin tam ortasında böyük bir ot tayası qurulmuş, ferma tikilmiş, hər tərəf qaratikan kolu ilə çəpərlənmişdi. Yəqin ki, hansısa fermerin mal-qara üçün ayırdığı yataq yeri idi. Hər kimin idisə, yer çox dəqiq və ustalıqla seçilmişdi. Və burda daşlı cığır bitirdi. Demək ki, düz gəlməmişdik. Maşınımız geriyə döndü. Bu dəfə yolun sol tərəfinə keçərək mənzilbaşına varmağa üz qoyduq. Bizə bu yerə qədər bələdçilik edən Çaraq kəndinin icra nümayəndəliyi və bələdiyyə işçiləri artıq geri dönmüşdü. Növbəti kəndin eyni səlahiyyətli şəxsləri yolumuzu gözləyirdi. Növbəti kənd Çuxurazəmi olmalıydı...

Biçilmiş otlar lökürdə vurulmuş, amma hələ tam daşınıb çöldən yığılmamışdı. Hiss olunurdu ki, bu il yağıntı az düşdüyündən ot kəndlinin istədiyi kimi bol olmamışdı. Bir çox yerlər isə hələ də biçilməmiş, uzaqdan otun qaraldığı görünürdü, külək tutan yerlər daha çox qaralmışdı. Belə dağ ətəklərində ancaq əl əməyi ilə keçinmək olurdu. Çünki yollar otbiçən kombaynın gəlməsi üçün həm keçilməz, həm də uzaq idi. Kəndin içində az sayda evlər vardı ki, orda da, çox güman ki, ağır zəhmətə qatlaşa biləcək beş-on nəfər ailə üzvləri yaşayırdı. Yaraşıqlı və təzə tikilmiş məktəb binası olmasaydı, burda qaynar həyatın olmasını təsəvvür etmək çətin olardı. Hələ ki, avqust ayı idi. Bəlkə də sentyabrda, dərs başlayan zaman yollarda çiyni çantalı, səliqəylə geyinmiş, deyə-gülə evlərinə tələsən, çöhrələrindən bir dünya sevgi və səmimiyyət yağan kənd uşaqlarını, təyinatını uzaq kəndə alıb dövlətin xüsusi imtiyazlarını görən və elə kənd camaatı tərəfindən də böyük hörmət və izzətlə qarşılanan gənc müəllimləri də görəcəkdik. Hələ ki, iki-üç dəcəl keçi çayın içində buynuzlaşır, örüş yerləri açıq olduğundan istədiyi yerdə otlamaq və gəzmək imkanı olan heyvanat tez-tez qarşımıza çıxırdı. Başa düşülən idi. Dağ kəndlərinin camaatının əsas məşğuliyyəti maldarlıq və qoyunçuluqdu. Amma bir-iki yerdə səliqəylə cərgələnib əkilmiş çuğundur sahəsi gözümüzdən yayınmadı. Yaxınlıqda balaca göl də vardı. Gölün yanındakı tək ağacın kölgəsində bir at hörüklənmişdi. Ərazidə təzə tikilməyə başlayan bir-iki ev də görmək olardı. İnsanların kənddə yeni ev tikməsinə sevinən Novruz müəllimin gözləri gülürdü. O, dağın böyründə ağaran daş parçalarını da bizə göstərib, burada çoxdan tarixə çevrilmiş bir şəhərdən bəhs etməyə başladı. Həqiqətən də, burada arxeoloji qazıntı işləri aparmaq mümkün olsaydı ulu tariximizin nə qədər sirlərinin üstü açılardı, bax, hələ bunu Allahdan başqa kim bilirdi ki... Novruz müəllim nəql etdikcə uzaqdan ağaran yolun üstündən keçən zınqırov səsli bir karvan təsəvvür edirdim. Dəvə karvanı ağır yükün altında əzilə-əzilə Şamaxıdan keçib qədim Şabran torpaqlarına daxil olurdu... Şabran zindanında həbsdə yatan Xaqani bir məktub yazıb həmin karvanbaşına yetişdirə bilmişdi. Və haqq həmişəki kimi öz yerini bulmuşdu... Azadlığına qovuşan şair arxasında böyük bir tarix qoyaraq bizim Şabrandan uzaqlaşmaqdaydı... Əlimi qaşımın üstünə söykəyib çox uzaqlara baxırdım. Karvan uzaqlaşdıqca zınqırov səsi azalır, özü ilə həm mənim sevimli Xaqanimi, həm də bu dağların torpağı kimi xam olan xəyallarımı aparmağı bacarırdı...

"Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim..." Yəqin ki, bu dəyirmana kənardan su tökənlər də az olmamışdı... Yoxsa bir şair həyatını bunca ağrı və əzab dolu sətirlərlə belə izhar edə bilməzdi...

Aydın müəllim də dərin fikrə getmişdi... Bəlkə yazacağı hansısa bir hekayənin mövzusu kimi indi bu dağları seçəcəkdi. Və onları elə gözəl və ustalıqla bəzəyəcəkdi ki, bura gələn də, gəlməyən də gəlib görmək, bütün qonaqlarını qürurla qoynuna alan bu dağlarda günlərlə, aylarla, hətta illərlə yaşayacağı həyəcanın sehrinə düşmək istəyəcəkdi. Bəlkə də həmin karvanı o da görürdü... Və burdan çıxıb Təbrizə gedəcək olan Xaqanini saxlayıb demək istəyəcəkdi ki, "Getmə, onsuz da bu gündən yüz illər keçəcək, böyük və əzəmətli bir heykələ dönüb yenə bizim Şabrana qayıdacaqsan. Daha niyə gedib yollarda bu qədər əziyyət çəkəsən. Bax, bu kişi səni Şabrana qaytarmağı bacaracaq!" - Aydın müəllim əli ilə qeyri-ixtiyari Novruz müəllimi göstərdi. Novruz müəllim isə bundan xəbərsiz əkinə yararlı torpaqlar axtarışında idi. Onun da bu dağlara gəlməkdə öz məqsədi vardı. Torpaq əkilib-becərilməliydi. Kəndlərdə həyat yenidən canlanmalı və insanlarımızın rifah halı daha da yaxşılaşmalıydı.

"Çox uzağa getmə!" - Novruz müəllimin səsi məni sanki yuxudan oyatdı. Onlardan kifayət qədər aralandığımı indi hiss etdim, xəyallar məni də o karvanın arxasınca çəkib apara bilmişdi. Lakin yol kənarı ensiz olduğundan bir yanlış addım məni yuvarlayıb uçuruma sala bilərdi. Novruz müəllimin təlaşı da elə bu üzdən idi.

Karvandan əsər-əlamət belə qalmamışdı. Amma hər üçümüzün qəlbində bir söz karvanı ağır-ağır yeriyir, kağıza yazılmaq üçün zamanını gözləyirdi...

lll

Gün günortanı keçmiş, hava dağ belində küləkləməyə başlamışdı. Böyük Qafqaz dağlarının üstünü alan duman yavaş-yavaş çəkilirdi. Hava indi daha aydın və buludsuz görünürdü. Bizimçün salınan alaçığın yanında manqal tüstüləyir, samovar qaynayırdı. Süfrədə kərə yağı, təzə kəsilmiş bal, motal pendiri, qatıq-ayran ilin-günün bu vaxtında şəhərdə yaşayıb dükan-bazar ümidinə qalan bizlər üçün göydəndüşmə idi. Mən hər dəfə şəkil çəkəndə gözləmə fasiləsi olan zaman, həmin fürsətdən istifadə edərək siqaretini yandırıb dağların havasına bir ayrı ovqat qatan Aydın müəllim, özü demişkən, səhərdən bu acı tütünün üstündə idi. Mən yenə ona baxmış evdən çıxanda yaxşıca yemişdim. Amma yenə də təmiz dağ havası istər-istəməz insana iştah verirdi. Novruz müəllim iş başındaydı. Kənd adamlarıyla görüşü, deyəsən, uğurlu alınmışdı, amma yenə də qarşıda görülməli çox iş var idi. Bu dağlara bir yağış yağdımı, bir də bu yerlərə qalxmaq lap çətinləşəcəkdi. Ona görə də bütün vacib işləri sentyabrın ilk ongünlüyünə qədər görüb bitirmək lazım idi. Gün əyilincə işlərimizi yekunlaşdırıb geri qayıtmalıydıq. Mənim işim dağları seyr etmək idi. Aydın müəllim isə bu səfərdən bir ayrı ləzzət alırdı. Novruz müəllim də bizim hər ikimizdən səfər təəssüratı gözləyirdi. Qayıdanbaş maşında sakitlik hökm sürməkdəydi. Mən fikrimdə yazacağım "Dağlar" şeirini bitirir, Aydın müəllim isə bu gözəlliyi xatirə günlüyünə köçürürdü.

Başqa bir yolla qayıdırdıq. Dağların arası ilə təzə salınmış bir yolla...Bir su çəkmək, bir də yol salmaq xeyir, savab iş sayılır. Bu təzə yolun salınması Novruz müəllimin təşəbbüsüylə gerçəkləşmişdi. Ona görə də yolun bir hissəsini piyada enməli olduq. Novruz müəllimin piyada düşdüyü yolu biz maşınla gedə bilməzdik. Bütün əsərlərində yollara olan sevdasını çeşid-çeşid çalarlarla qələmə alan yazıçı özü bu dəfə saldırdığı yolda ayaqları üstündə keçməyi istəmişdi. Bəlkə də bu daxildən gələn bir istək idi... Dərədə səhləb çiçəkləri gül açmışdı. Hələ neçə il bundan əvvəl çap olunmuş "Sinqapur - böyük dünya şəhəri, iddialı ölkə" kitabında bu ölkənin milli rəmzlərindən olan səhləb çiçəyindən xüsusi bir şövqlə söz açmış Novruz müəllim həm ekskavatorçuya məsləhətlərini verir, həm də səhləb çiçəyini Aydın müəllimə göstərək "Bax, burda erkən gül açıb, yoxsa səhləb çiçəkləri adətən sentyabr ayında çiçək açar" - deyib güllərdən toplayırdı. Mən bu iki insanın, həmdəm, qələm dostlarının bir-biriylə bağlı olan nə qədər xatirələrinin olduğunu hələ Novruz müəllimin Aydın Tağıyev haqda qələmə aldığı "Nağıl adam" romanından bilirdim. Ona görə də heç nə mənə təəccüblü gəlmir, əksinə onları seyr etmək xoşuma gəlirdi. Novruz müəllim gülləri dərib toplamaqla mənə uzatmağı bir oldu. Aydın müəllimin nəzərləri güllərin ləçəklərinə sancılmışdı. Tez onları maşında qoyub gətirdiyim çantama yerləşdirdim, sanki kimsə bu gözəlliyi əlimdən tutub alacaqdı...

Maşınımız yenə də bir çay yatağından keçəcəkdi. Sürücü nə qədər çalışsa da, yolboyu qarşımıza çıxan daşlardan maşını qaçıra bilməmişdi. Meşəlikdən keçəndə ağacların budaqları üzlü qonaq kimi pəncərədən içəri soxulmağa çalışır, təkərinin altında daş qaldıqda isə maşın möhkəm silkələnirdi. Novruz müəllimin "Daş var!" deməyiylə maşının az qala silkələnib yoldan çıxmağı bir oldu. Gələn zaman yolumuzun üstünə tısbağa çıxmışdı. Heyf, onu görməmişdim, amma yolçuluğumuz bəd keçməmişdi. Demək, tısbağanın ayağı yüngül imiş... Bunu düşünəndə öz-özümə gülümsünmüşdüm. İndi tısbağa boyda bir daşın öhdəsindən gələ bilməyən sürücü bundan pərt olmuşdu. Novruz müəllim onun bu halını sezmişdi: "Düş, düş, gör maşını necə sürərlər!" Sürücünün rəngi açıldı. Sanki çiyinlərindən bir ağır yük götürüldü. Qarşıda irili-xırdalı daşlarla dolu bir çay yatağı görünürdü axı...Novruz müəllimin maşın sürməyini adi bir qələmlə sizlərə çatdıra bilməyəcəyəm. Bunu ancaq görmək lazım idi. Sanki görkəmli yazıçımız hələ yazmadığı bir əsərini daşların üzərinə yazmağa hazırlaşırdı... Əvvəlcə daşların dilini bilməliydin ki, bunu da bu səfərdə Novruz müəllimin bildiyini də, Aydın müəllimlə birgə, canlı şahidi olduq...

Bu maraqlı, həm də çətin yolçuluqla bağlı Aydın müəllimin təəssüratlarını hələ ki, bilmirəm. Bəlkə də elə o da bu unudulmaz yolçuluğu qələmə alacaq. Axı, o hələ dörd il bundan qabaq bu yerlərə bir günlük səfərini "Ömrümüzə yazılan gün" adlı kitabında yerli-yataqlı təsvir edib. Yazımı Novruz müəllimin qələmindən süzülən həmin səfərin dolğun və məzmunlu təsvirləri ilə bitirirəm...

"Yollarmı yorur insanı, yoxsa o yollarda təxmin etdiyin yoxuşlarmı?!

Gül qoxusu gəlir təbiətdən, yolları əhvalla yürüsən...

Necə gözəldi Gilgilçay, necə füsunkardı Qızılçay, necə istiqanlılıqla qucaq açıb hərarətlə qarşılayır bizi Dərkəl! Vədəsində sularla öpüşüb bir-birinə dov gəlmək üçün çarpışan daşlar indi toz-torpaqdan kirəcləşib, lildən mamır bağlasa da...

Necə də göz oxşayır Gilgilçayın çöhrəsi, küllə bələnmiş sağ sahilinin boz, səssiz-səmirsiz, quş da ötməyən yamacları. Təkcə kəkliklər qayaların arasında uzaqdan belə sezilən kövüllərdən seyr edir, "gülümsəyir" yollarına.

Dağları, ormanları, lal qayaları, quru çayları, heç demə, elə belə də sevmək olarmış...

Sevmək olarmış, əlbət, yanında, ruhuna təbiətən əlçatmaz, əsrarəngiz ənginliklərindən, gözəlliklərindən daha mübhəm sığal çəkən bir nəfəs nur qoxuyursa...

O gün, bax, beləcə nur qoxuyurdu tozlu-torpaqlı yollar da, dabanımıza sığal çəkirdi köntöy daşlar da...

Yəqin duymamış deyildin, gəlişimizə necə baş endirib coşqu ilə rəqs edirdi qayaların sinəsində bitmiş yam-yaşıl tuyalar, gəlin göyçəklikli vələslər...

Qolu bağlı, ayağı kündəli o yollardan keçib Şabran qalasına sürgünə sürülərkən o gün bizlərin də yaşadığı, o oxşar abı-havanı duymasaydı, Xaqani "Həbsiyyə"ni o coşqu ilə yazardımı?

Şərvan nə gözəldi, necə təmtəraqlıydı təzə qonaqlarının qədəmlərinin sədasından.

Dübrar dağının gülümsər çöhrəsini gördünmü? Qayıdanbaş necə əl eləyirdi!..

O dağda, o vadidə bir gülün şehə həsrət teşnə ləçəyində xəfif bir küləyin isti öpüşü qaldı.

Daha nə yazım, bilmirəm, dünəndən yollardan küsmüşəm, ayaq basanda güldürən, endirəndə küsdürən yollardan..."

12 avqust 2017-ci il

 





12.10.2017    çap et  çap et