525.Az

Alim kimi əvəzsiz, insan kimi unudulmaz...


 

MƏRHUM İQTİSADÇI XOSROV KƏRİMOVUN VƏFATINDAN 40 GÜN KEÇİR

Alim kimi əvəzsiz, insan kimi unudulmaz... <b style="color:red"></b>

Sentyabrın 2-də axşamçağı bir telefon danışığımı bitirəndən sonra ekranda mənə göndərilmiş mesajı gördüm... "Xəbərin var? Xosrov müəllim vəfat..." sözlərini oxuyan kimi donub qaldım.

Mesajı açıb tam oxumağa cürət etmədim, "yox, bu ola bilməz” deyib özümü inandırmağa çalışırdım. Axı mən bayramdan dərhal sonra onunla görüşüb söhbətləşməyi səbrsizliklə gözləyirdim...

Artıq gec idi. O görüşün baş tutmayacağını və onunla bir daha görüşə bilməyəcəyimi qəbul etmək məcburiyyətində qalmışdım. Gücüm ancaq hönkür-hönkür ağlamağa çatdı. Belə mümkünsüzlüklə məni üz-üzə qoyduğuna görə həyatın çox qəddar oluğunu düşündüm. Yeganə şans Xosrov müəllimin vida mərasiminə onun görüşünə getməyə qalırdı. Gecəni narahat yola verdim. Səhər tezdən qalxıb Qubanın Talabı kəndinə yola düşdüm. Xosrov müəllimin ata ocağına çatanda saat 10-a işləyirdi. Məni əvvəllər tanış olmadığım qardaşı qarşıladı. Göz yaşlarımı saxlaya bilmirdim. Bunu görənlər kim olduğumla maraqlandılar. Tələbəsi olduğumu dedim. Kənd camaatı "görün necə yaxşı müəllim olub ki, tələbəsi onun vəfatını ürək yanğısı ilə qarşılayır" dedilər...

İqtisad elmimizin ən dəyərli nümayəndələrindən olan Xosrov Kərimov 15 iyul 1949-cu ildə Quba rayonun Talabı kəndində anadan olub. 1964-1967-ci illərdə Bakı Plan Uçot Texnikumunu, 1967-1971-ci illərdə Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomları ilə bitirib. 1971-1976-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış, 1979-cu ildə isə namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1972-1973-cü illərdə ordu sıralarında xidmət edib. Xosrov müəllim 1985-1990-cı illərdə Bakı Dövlət Universitetinin Siyasi İqtisad kafedrasının baş müəllimi, 1990-cı ildən İqtisadi nəzəriyyə kafedrasının dosenti vəzifələrində işləyib. 100-dən artıq elmi əsərin, o cümlədən, monoqrafiyaların, dərsliklərin və dərs vəsaitlərinin müəllifi olan Xosrov müəllim həm də AMEA-nın İqtisadiyyat İnstitutunda elmi işçi kimi çalışırdı...

Xosrov müəllim haqqında 2000-ci ildə Bakı Dövlət Universitetində I kursda oxuyarkən eşitmişdim. Eyni ixtisasda məndən bir kurs yuxarı oxuyan həmyerlim onun haqqında ağızdolusu danışırdı, çox bilikli və tələbkar müəllim olduğunu bildirirdi. Xosrov müəllim onların qrupunda İqtisadi nəzəriyyə kursunu tədris edirdi. Bir dəfə ondan xahiş etdim ki, Xosrov müəllimi mənə göstərsin. Növbəti günlərin birində dəhlizin o biri tərəfindən gələn müəllimin Xosrov müəllim olduğunu bildirdi. Ziyalı görkəmini, məğrur yerişini görəndən sonra onun haqqında eşitdiklərimin həqiqət olduğuna bir daha əmin oldum.

Daxilimdə onu yaxından tanımaq, onunla ünsiyyətdə olmaq hissi baş qaldırmışdı. Açığı, bunun yolunu tapa bilmirdim. Nəhayət, IV kursda oxuyanda oxuduğum qrupda "Azərbaycan iqtisadiyyatı" fənnini tədris etməyə başladı. Artıq ilk dərsdən sonra böyük xəzinəyə rast gəldiyimi yəqin etdim. Çox keçmədi ki, aramızda isti münasibət yaranmağa başladı.

Bir gün diplom işimin mövzusunu kafedradan öyrənməyə getmişdim. Rəhbərimin Xosrov müəllim olacağını eşidəndə çox sevindim. Əvvəllər Xosrov müəllimin güclü alim, peşəkar pedaqoq olduğunu bilirdimsə, diplom işini yazmağa başlayandan sonra onun saf, təmənnasız, qayğıkeş bir insan olduğunu da anladım. Açığı çox təəccüblənmişdim. İnsanın başqalarına qarşı bu qədər yaxşı ola biləcəyinə inana bilmirdim. Hər yerdə Xosrov müəllim haqqında danışırdım. O, peyğəmbər nurlu insan idi.

İki ildən sonra magistr dissertasiyamın rəhbəri oldu. Gərgin iş qrafikinin olmasına baxmayaraq, mənə qədərindən artıq zaman ayırırdı. Onun bu qayğıkeşliyi sayəsində dissertasiyanı yerinə yetirib uğurla müdafiə etdim. Sonra aspiranturaya qəbul olundum. Yenə köməkliyini məndən əsirgəmədi. Məni Rüfət müəllimlə tanış edəndən və haqqımda xoş sözlər deyəndən sonra Rüfət müəllim elmi rəhbərim olmağa razılıq verdi. Dissertasiya mövzuma aid nə yeni material tapırdısa, sürətini çıxarıb mənə verirdi. Bütün bunları mənim kimi onlarla tələbəsinə təmənnasız olaraq edirdi. Bir dəfə: "Müəllim mənə o qədər təmənnasız yaxşılıq eləmisiz artıq yanınıza gəlməyə utanıram" - demişdim. "Firdovsi narahat olma, mənə də təmənnasız yaxşılıqlar ediblər" - dedi və öz elmi rəhbəri, tanınmış iqtisadçı alim Bəhmən Axundovun necə yaxşı insan olmasından danışdı.

Xosrov müəllimlə hər dəfə görüşüb söhbət edəndə adamı izahı mümkün olmayan xoş hisslər bürüyürdü. Xosrov müəllim böyük iman və inam sahibi idi. 2003-cü ildə böyük həcc ziyarətini də yerinə yetirmişdi. Onun nikbinliyi adamda gələcəyə böyük inam yaradırdı.

Xosrov müəllim haqqında xatirələri bir yazıda əks etdirmək mümkünsüz işdir. Ömründə etdiyi yaxşılıqların əvəzində heç kimdən nəsə ummayan peşəkar bir insan haqqında yazmaq həm də insandan böyük cəsarət tələb edir. O, peşəkar alim, qayğıkeş müəllim olmaqla yanaşı, həm də saf, mərd, ədalətli insan idi. Hər dəfə danışanda müdafiə işinin nə yerdə olduğu ilə maraqlanardı... Bilmədiyim nə olurdusa, ondan soruşurdum. O, ensiklopedik bilik sahibi idi. Tale elə gətirdi 2007-2009-cu illərdə Bakı Dövlət Universitetində onunla bir kafedrada işlədim. Tədris etdiyi fənlərin məşğələlərini mən aparırdım. Münasibətimiz müəllim tələbə münasibətini aşaraq mənəvi ata-oğul münasibətinə çevrilmişdi.

Onun müəllim kimi həyatda bir qayəsi var idi: tələbələrinə daha çox öyrətmək, onlara daha çox yardımçı olmaq. Xosrov müəllim pedaqoq və alimliyin zirvəsinə çətin, şərəfli və zəhmət dolu yollarla gəlmişdi və tələbələrinə də həmişə zəhmətsevərliyi aşılayırdı.

Xosrov müəllimi tanıyan insanlar onu böyük alim, unudulmaz həmkar, əsl dost kimi xatırlayırlar. Xosrov müəllim artıq həyatda yoxdur. Tanıyan hər kəs kimi mənim də gözlərim hər yerdə onu axtarır. Tələbəsi olmuş yüzlərlə insan öyrətdikləri biliklərə görə özünü ona borclu sayır. İndi Xosrov müəllimin özü yox, əməlləri danışır və onu yaşadır. Bu sevgi onu tanıyanların qəlbində əbədi olaraq yaşayacaq və deməli Xosrov müəllim də yaşayacaq. Onu tanıyanların və sevənlərin ürəyində yaşayacaq!

Allah Xosrov müəllimə rəhmət eləsin. Ruhu şad olsun!

Firdovsi ŞAHBAZOV
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun şöbə müdiri

 





12.10.2017    çap et  çap et