525.Az

Xoreoqrafiya Akademiyasına yüksək etimad nümunəsi


 

Xoreoqrafiya Akademiyasına yüksək etimad nümunəsi<b style="color:red"></b>

Dekabrın 1-də Moskva Dövlət Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə rus baleti ənənələri və görkəmli xoreoqraf Marius Petipa irsinin təbliğinə həsr olunmuş "Balet sənəti və xoreoqrafiya təhsili inkişafının aktual problemləri" mövzusunda Ümumrusiya elmi-praktiki konfrans keçiriləcək.

Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev Moskva Dövlət Xoreoqrafiya Akademiyasının rektoru, Rusiya Federasiyasının xalq artisti Mariya Leonovadan sözügedən mötəbər tədbirin Təşkilat Komitəsi üzvlüyünə və konfransda iştirak etməyə rəsmi dəvət alıb.

Cavab məktubunda dəvəti məmnuniyyətlə qəbul edən T.Əfəndiyev, bu tədbirin nəinki akademiyalar arasında mövcud əməkdaşlığın möhkəmlənməsinə, eləcə də 90 illik sənət və təhsil ənənələri olan Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq müstəvidə layiqli yer tutacağına və elmi potensialı barədə məlumatın geniş ictimaiyyətə çatdırılmasına xidmət edəcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, konfransda xoreoqrafiya təhsili, tədrisin metodikası və təcrübə mübadiləsi ilə yanaşı, sənətşünaslıq sahəsində xoreoqrafiya ilə əlaqəli müxtəlif elm, fənn və təhsil proqramlarının aktual məsələləri müzakirə olunacaq. Konfrans çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının "Sənət Akademiyası" elmi jurnalının Rusiya elm və sənət ictimaiyyətinə təqdimatı da nəzərdə tutulub.

ŞAHANƏ

 





12.10.2017    çap et  çap et