525.Az

Bakıda II Türk Dünyası Sənədli Filmlər Festivalı


 

NİZAMİ KİNO MƏRKƏZİNDƏ TƏDBİRİN RƏSMİ AÇILIŞ MƏRASİMİ OLACAQ

Bakıda II Türk Dünyası Sənədli Filmlər Festivalı<b style="color:red"></b>

Sabah Bakıda Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Yunus Emre İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə II Türk Dünyası Sənədli Filmlər Festivalı keçirilir.

Səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyindən verilən məlumata görə, Türk Dünyası Jurnalistlər Federasiyasının  Türk mədəniyyətinin təbliği məqsədiylə təşkil etdiyi Türk Dünyası Sənədli Filmlər Festivalı 2016-cı ildə “5 ölkə, 7 şəhər, 1 festival” şüarı ilə yola çıxmışdı. Bu il isə festival əhatə dairəsini daha da böyüdüb: “6 ölkə, 13 seans, 1 festival”.

Oktyabrın 13-də festivalın Bakıdakı açılış mərasimlərində iki sənədli film nümayiş olunacaq. Bunlar “Sıraç” (Türkiyə) və “Yol” (Azərbaycan) filmləridir.

İlk olaraq, saat 11:00-dan Bakı Dövlət Universitetinin Böyük Akt Zalında xüsusi mərasim keçiriləcək.

Tədbirdə ali məktəbin rektoru Abel Məhərrəmov, Türkiyə rəsmiləri və Festival Komitəsinin üzvlərinin çıxışları gözlənilir. Mərasim çərçivəsində filmlərin nümayişi ilə yanaşı, panel müzakirələrin keçirilməsi də nəzərdə tutulub.

Axşam, saat 19:00-da isə Nizami Kino Mərkəzində festivalın rəsmi açılış mərasimi olacaq. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Səfirliyin  Məədniyyət müşaviri, tanınmış alim və ədib İrfan Çiftçi və digər rəsmi şəxslərin çıxışları olacaq. Proqramın rəhbəri İrfan Çiftçidir.

Tamaşaçılar oktyabrın 15-dək yarışda dərəcə əldə edən digər filmlərə də baxmaq imkanı əldə edəcəklər.

Səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyi müxtəlif universitet, mədəniyyət mərkəzləri, o cümlədən, Yunus Emre İnstitutunda filmlərin nümayişini keçirəcək.

Qeyd edək ki, türkiyəli rejissor Gülşən Sarunun “Sırac” filmi festivalda üçüncü yerə layiq görülüb. Filmdə min il bundan əvvəl Orta Asiyadan Anadoluya köç edən Oğuz boylarından Beydili tayfasına adi olan Sırac türkmənlərindən bəhs olunur. Anadolunun dağlıq bölgələrindən yaşayan Sıraclar qədim mədəniyyətlərini gələcək nəsillər üçün qoruyub saxlayan bir toplumdur. Tokatın Zile rayonunun Karacaörən kəndində baş tutan çəkilişlərdə onların adət-ənənələri və inancları toy, yas və ad günü mərasimləri ilə izləyiciləri çatdırılır. Eyni zamanda sənədli filmin çəkilişləri Karşıpınar və Almusun Hübyar kəndində aparılıb.

Azərbaycanlı gənc rejissorlar, Bakı Dövlət Universitetinin tələbələri Azər Ağayevlə Rəvanə Səmədovanın “Yol” filmi də festivalda fərqlənən filmlərdən olub. Bu ekran işində isə 19-20-ci əsrlərdə dəfələrlə sürgünə məruz qalan Ahıska türklərinin qayğılı, keşməkeşli həyatından bəhs olunur. Sənədli filmdə bu əzabkeş türklərin Stalinin deporatsiya siyasəti, Fərqanə hadisələri və digər səbəblərdən sürgün olunması və Azərbaycanda yeni, doğma torpaqlardan uzaq həyata alışma prosesi öz əksini tapıb.

Xatırladaq ki, II Türk Dünyası Sənədli Filmlər Festivalının mükafatlandırması mərasimi sentyabrın 27-dən 30-dək İstanbul Universitetində baş tutub. Tədbirin münsiflər heyəti Türkmənistandan Hocakulu Narlıyev, Türkiyədən Ahmet Yeşiltepe, Abdülhamit Avşar, Mehmet Güleryüz, Zeynel Koç, Tatarsıtandan Albina Nafiqova, Azərbaycandan Bəxtiyar Qaraca, Qırğızıstandan Artıkbay Süyündukoy və digər tanınmış kinorejissor və prodüserlərdən ibarətdir. 

Bu ildən etibarən festivalda mərhum azərbaycanlı rejissor Tofiq İsmayılovun xatirəsinə hörmət əlaməti olaraq xüsusi mükafat təyin olunub. Sözügedən mükafata Başqırdıstandan Kirsten Qaynetin “7 Maidens Theatre” adlı filmi layiq görülüb.

Daha sonra, festival oktyabrın 6-dan 7-dək Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada keçirilib.

Həmçinin, oktyabrın 26-dan 27-dək Qazaxıstanın Almatı şəhərində, oktyabrın 30-dan 31-dək  Qırğızıstanın paytaxtı Bişkekdə, noyabrın 9-dan 10-dək  Makedoniyanın paytaxtı Skopyedə tədbirlər keçiriləcək.

Noyabrın 18-də isə İstanbulda yekun tədbirlə builki festival başa çatacaq.

Ceyhun ABASOV

 





12.10.2017    çap et  çap et