525.Az

Azərbaycan teatrının daha bir beynəlxalq uğuru


 

Azərbaycan teatrının daha bir beynəlxalq uğuru<b style="color:red"></b>

Gənc Tamaşaçılar Teatrı Ukraynanın paytaxtı Kiyevdə "Mariya" Beynəlxalq Monotamaşalar Festivalında iştirak edib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, festivalda sənət ocağının aktyoru, Əməkdar artist Şövqi Hüseynovun rol aldığı P.Züskindin "Kontrabas" tamaşası təqdim olunub. Aktyor festival çərçivəsində təşkil edilən "Aktyor sirri" adlı mədəni dialoq forumuna da qatılıb. Seminarda aktyorun "Azərbaycan teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının fəaliyyəti" mövzusunda məruzəsi dinlənilib. Məruzədə Azərbaycan teatrının bugünkü durumu və ölkəmizdə fəaliyyət göstərən sənət ocaqlarının inkişafı ilə bağlı məlumatlar yer alıb.

Qeyd edək ki, festivala Azərbaycanla yanaşı, Polşa, İspaniya, Ukrayna, Slovakiya, Böyük Britaniya və Türkiyədən olan peşəkar teatrlar da qatılıb.

Tamaşanın nümayişindən sonra iştirakçı dövlətlərin festival rəhbərləri, Slovakiya və polşalı sənət adamları Gənc Tamaşaçılar Teatrını öz ölkələrində keçirilən teatr bayramlarında görməkdən məmnunluqlarını ifadə ediblər. Hər iki respublikanın festival rəhbərləri sənət ocağının kollektivini ölkələrində keçiriləcək növbəti festivallara dəvət edib.

Şövqi Hüseynov "Kontrabas" monotamaşası ilə Rusiyanın Nijnevartovsk şəhərində oktyabrın 25-dən 28-dək davam edəcək "Şimal görüşləri" V Beynəlxalq Teatr Festivalına da qatılacaq.

 





12.10.2017    çap et  çap et