525.Az

Yazıçılar Cocuq Mərcanlı səfəri ilə bağlı təəssüratlarını bölüşdülər


 

XALQ YAZIÇISI NƏRİMAN HƏSƏNZADƏ: "O YERLƏRDƏ APARILAN QURUCULUQ İŞLƏRİ İNSANLARDA RUH YÜKSƏKLİYİ, GƏLƏCƏK QƏLƏBƏLƏRƏ BÖYÜK İNAM YARADIR"

Yazıçılar Cocuq Mərcanlı səfəri ilə bağlı təəssüratlarını bölüşdülər<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, oktyabrın 6-da Azərbaycanın bir qrup tanınmış şair və yazıçısı Cocuq Mərcanlıya və Horadizə səfər ediblər.

"Azərbaycan Yazarlar Klubu" İctimai Birliyinin "Canımız Qarabağ, yazımız Qarabağ-2" layihəsi çərçivəsində, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi əsasında gerçəkləşdirilən səfərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, birinci katibi, Xalq şairi Fikrət Qoca, AYB Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə,  AYB katibi,  "525-ci qəzet"in baş redaktoru, yazıçı-publisist Rəşad Məcid, "Olaylar" qəzetinin baş redaktoru, yazıçı-publisist Yunus Oğuz, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair-tərcüməçi Səlim Babullaoğlu, AYB sədrinin müşaviri Rauf Aslanov, AYB Hərbi vətənpərvərlik sektorunun rəhbəri, şair-bəstəkar Şahin Musaoğlu, AYB Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd, şair Fəxrəddin Meydanlı və Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin iştirak ediblər.

Görüşdən böyük məmnunluqla ayrıldığını deyən Xalq yazıçısı Nəriman Həsənzadə bu cür səfərlərin tez-tez təşkil olunmasını arzuladığını qeyd edib: "Bu səfərdə biz oradakı gözəl insanlarla, şagirdlərlə, zəhmətkeş əhaliylə görüşdük. Bu səfər elə təəssürat bağışladı ki, sanki biz öz torpağımızı ziyarətə getmişdik. Oradakı quruculuq işləri insanlarda ruh yüksəkliyi, gələcək qələbələrə böyük inam yaradır. Orada yaşayan əhali uşaqlı-böyüklü, qadınlı-kişili hamısı mərd insanlardır. Şuşa məscidinin eyni olan məsciddə eşitdiyimiz azan səsi təsvirəgəlməz hisslər oyadırdı. Biz istərdik ki, dünya Azərbaycana ikili mövqedən yanaşmasın. Nəhayət, bizim haqq səsimizi eşitsin. Mən çox istərdim ki, bu cür səfərlər davamlı olsun. Tək biz deyil, hər kəs oraları gedib görməli, o qəhrəman insanlarla görüşməlidir".

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd Cocuq Mərcanlı və Horadizdə yaşayan insanların ruh yüksəkliyindən sevindiyini deyib: "Biz bir neçə gün öncə Yazıçılar Birliyinin təşəbbüsü ilə bir qrup şair və yazıçı Cocuq Mərcanlıya getdik. Bu səfər bizdə böyük təəssürat yaratdı, mənim üçün kitab kimi oxundu.  Vaxtilə ermənilər tərəfindən zəbt olunan ərazidə indi elə gözəl kənd salınıb, həyat şəraiti elə yüksək səviyyəyə çatdırılıb ki, mən dedim, böyük məmnuniyyətlə gəlib burada yaşaya, balaca balalarımıza dərs deyə bilərəm. Mən oradakı quruculuq işlərindən böyük qürur duydum. Ora elə bir yerdir ki, biz adi gözlə dağların o tayındakı erməniləri görə bilirdik. Təsəvvür edin, Cocuq Mərcanlının əhalisi belə bir təhlükəli yerdə yaşamaqda davam edirlər, uşaqlar məktəbə gedirlər, təhsil alırlar. Orada məktəb, mədəniyyət evi, poçt, məscid var. Bir sözlə, yaşamaq üçün hər cür şərait var. Deyirlər ki, harda əsgər izi varsa, oradan başlanır vətən. Mən əlavə edərdim ki, harda kişi qeyrəti, millətin dəyanəti varsa, vətən də oradan başlanır. Bu səfər bir daha bizdə gələcəyimizə inam yaratdı. Mən inanıram ki, çox keçməyəcək, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə  müfəssəl ordumuz düşmən tapdağında olan bütün ərazilərimizi azad edəcək, mütləq biz Qarabağa qovuşacağıq".

Səfərlə bağlı ən yaddaqalan hadisələrdən söz açan AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair-tərcüməçi Səlim Babullaoğlu da görüşdən sevinclə ayrılıb: "Düşmən işğalından azad edilən torpaqlarımızda olmaq insanda qəribə bir hiss oyadır. Şəxsən məndə belə bir təəssürat oyandı ki, sanki mən həbsdə idim və nəhayət, azadlığa çıxdım. Bu haqda çox şey danışmaq olar, ancaq ən gözəl duyğu oradakı balaca uşaqların gözlərinə baxmaq, onlarla söhbət etmək oldu. Orada düşmən gülləsi ilə bilavasitə qarşı-qarşıya olan insanları görüb, tanımaq adama qürur verir. Orda həyatlarını davam etdirən hər bir insan həqiqi qəhrəmandırlar. Başda cənab prezidentimiz olmaqla, dövlətimiz orada yaşayan insanlar üçün çox gözəl şərait yaradıblar. Bu, həm bizim insanlarımız üçün yaxşıdır, həm də bütün dünyaya, ermənilərə, erməni havadarlarına başa salmaqdır ki, biz öz torpaqlarımıza bu cür yanaşırıq, bundan sonra da belə yanaşacağıq. Bunun siyasi aspektdə də əhəmiyyəti böyükdür. Ən yaddaqalan hadisə o oldu ki, biz günorta saatlarında Cocuq Mərcanlıya daxil olan anda məsciddə azan oxunmağa başladı. Bu, mənim üçün rəmzi xarakter daşıyırdı. Şuşa məscidinin çox cüzi fərqlə əkizi olan məsciddə Azan səsinin eşidilməsi təsvirəgəlməz duyğu yaşatdı bizə. Mən əminəm ki, torpaqlarımız azad olunandan sonra xalqımız həmin Şuşa məscidində vəhdət namazı qılacaq. Oradakı insanların əhval-ruhiyyəsi bəlkə bir çox parametrlər baxımından buradakı insanlardan daha yaxşıdır. Onlar daha böyük həyat eşqi, daxili qürurla yaşayırlar. Mən bu görüşün təşəbbüskarı, layihə rəhbəri Elçin Hüseynbəyliyə mənə Cocuq Mərcanlıya getmək, oralarla tanış olmaq şansı yaratdığına görə təşəkkür edirəm".

Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli bu layihənin gələcəkdə də davam etdiriləcəyini deyib: "İndiyə kimi mən Qarabağla bağlı çoxlu beynəlxalq layihə həyata keçirmişəm. Bu layihəni həyata keçirməkdə məqsəd bir daha hərbçilərimizə, cəhbə xəttində yaşayan əhaliyə, məcburi köçkünlərimizə qələmin silahla hər zaman bir olduğunu göstərməkdir. Biz oraya 300-dən çox kitab apardıq. Bu il biz Biləsuvar məcburi köçkün düşərgəsində, daha sonra Cocuq Mərcanlı və Horadizdə olduq, ictimaiyyət nümayəndələri ilə görüşdük, məktəbdə olduq, şagirdlərə bayrağımızı, kitab, dəftər, qələm və başqa dərs vəsaitləri, dəftərxana ləvazimatları hədiyyə etdik. Biz ötən il də bu analoji layihəni həyata keçirmişdik. Onda biz Tərtər, Ağdam və Biləsuvarda olmuşduq. Yurd həsrəti ağır dərddir. Ana yurdu itirmək, ananı itirməkdən daha çətindir. Biz hər zaman məcburi köçkünlərimizlə görüşəndə onların üz-gözündə bu dərdi ən ağır şəkildə görürük. Qarabağı unutmaq olmaz. Münaqişə uzandıqca, Qarabağı görən, tanıyan, xatırlayan insanlar dünyasını dəyişdikcə Qarabağ bizdən uzaqlaşır. Biz bu görüşlərlə insanlarımızı inandırmağa çalışırıq ki, bizim ordumuz o torpaqlarımızı geri qaytarmaq gücündə və əzmindədir. Biz bu gücü ötən il aprel hadisələrində bir daha gördük.

Bu səfərimizdən isə biz yüksək əhval-ruhiyyə ilə ayrıldıq. Düşmən çox məkrlidir, o, bizə heç zaman güzəştə getməyib, getməyəcək də. Biz öz qüvvəmiz hesabına torpaqlarımızı geri qaytaracağıq. Mən səksəkədə yaşamağın nə demək olduğunu gözəl bilirəm. O insanlar düşmənlə üz-üzə həyatlarını davam etdirməkdədirlər. Mən onlarda qorxu hissini görmədim. Hətta biz orada bir müəllimlə tanış olıduq. O, Bakıdan oraya könüllü şəkildə dərs deməyə gedib. Bu, milli qeyrətin nümunəsidir.

Biz layihəni davam etdirmək fikrindəyik. Ola bilər ki, adı dəyişdirilsin. Gələcəkdə yazıçıların, ziyalıların, sənət adamlarının, hətta müğənnilərimizin də oraya səfərini planlaşdırırıq. Yaxın zamanlarda Cocuq Mərcanlıya və Horadizə xarici jurnalistlərin səfərini həyata keçirəcək beynəlxalq layihə planlaşdırırıq. Qoy, onlar gəlib həqiqəti öz gözləri ilə görsünlər və vətənlərinə qayıtdıqdan sonra öz mətbuatlarında bu həqiqətləri işıqlandırsınlar". 

Şahanə MÜŞFİQ

 





12.10.2017    çap et  çap et