525.Az

AŞPA Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etdi


 

BU QARAYAXMA KAMPANİYASININ ARXASINDA ERMƏNİ LOBBİSİ İLƏ YANAŞI, ERMƏNİLƏRİN REAL SAHİBLƏRİ DAYANIR

<b style="color:red">AŞPA Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etdi</b>

Avropa Şurası baş katibi Turbyorn Yaqlandın ardınca Avropa Şurası Parlament Assambleyasının yeni rəhbərliyi də Azərbaycana qarşı əsl simasını göstərdi.

Antiazərbaycan şəbəkəsinin aktiv dəstəkçisi kimi tanınan Yaqlandın öz himayədarlarından aldığı tapşırığa uyğun olaraq başlatdığı növbəti qarayaxma kampaniyasına qoşulan və Avroşura baş katibi kimi erməni maraqlarına işləyən bəzi avroparlamentarilərin səyi nəticəsində qurumun plenar iclasında ölkəmizə qarşı iki qətnamə layihəsi imzalanmasına nail olunub.

Bu hadisədən bir neçə gün qabaq sabiq baş katib Pedro Aqramunt istefa ərazisini təqdim etmişdi. Hadisələrin bundan sonrakı inkişafı onu deməyə əsas verir ki, yeni sədr Stella Kiriakidesin quruma rəhbərliyi erməni lobbisi və ermənipərəst dairələrin xeyli maraqlarına uyğun gəlib. Eyni zamanda, sabiq sədrlə qurumun hazırkı rəhbərinin qısa fəaliyyəti arasında paralellər aparsaq Aqramuntun antiazərbaycan dairələrinin təzyiqinə tuş gəlməsi ehtimalını da məsələdən yayındırmaq, istisna hal kimi səciyyələndirmək olmaz. Belə demək olarsa, sabiq AŞPA sədri postundan ayrılarkən "ədalət tərəzisini" də özüylə apardı.

Nəticə etibarilə Azərbaycana qarşı mənfi imic yaratmağı, ölkəmizin beynəlxalq nüfuzuna xələl yetirməyi qarşısına məqsəd qoyan bu qüvvələrin təsiri və sifaşiri ilə dünən AŞPA-da keçirilən plenar iclasda Azərbaycan üzrə iki hesabat müzakirəyə təqdim edilib. APA-nın Avropa müxbirinin xəbərinə görə, ilk olaraq Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə dinləmələr keçirilib, daha sonra Alen Desteksin "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" hesabatı dinlənilib. A. Desteks toplantıda olmadığından, onu məruzəçi qismində ukraynalı deputat, xanım Olena Sotnik əvəz edib. Çıxış edən məruzəçilər Azərbaycana etdikləri səfərlər, keçirdikləri görüşlər barədə danışıblar, eləcə də hazırladıqları hesabatların xülasəsini diqqətə çatdırıblar.

AŞPA-nın keçmiş sədri Ann Brassör, digər parlamentarilər Omtzigt Pyeter, Şvabe Frank, Kristof Ştrasser Azərbaycana qarşı qərəzli fikirlər səsləndiriblər. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söz alaraq ittihamlara cavab verib. O, hollandiyalı deputat Omtzigt Pyeterin ittihamlarına sərt münasibət bildirib: "Cənab Omtzigt, siz burda çox da canfəşanlıq edib, Azərbaycanda demokratiya naminə verdiyiniz bəyanat və çıxışlarınızla özünüzü obyektiv biri kimi göstərməyə çalışmayın. Biz çox yaxşı bilirik ki, sizin arxanızda hansı qüvvələr durub. Siz ermənilərlə birgə işləyirsiniz. Siz yalnız dırnaqarası obyektiv ola bilərsiniz".  

Daha sonra Səməd Seyidov ümumilikdə təşkilatı Azərbaycanla bağlı qeyri-obyektivlikdə və ikili standartlar siyasəti yürütməkdə günahlandırıb: "Təşkilatın baş katibi son vaxtlar yalnız və yalnız Azərbaycanın üstünə düşüb. Bütün üzv ölkələrə eyni və obyektiv münasibət göstərmək əvəzinə, yalnız bir ölkənin adını çəkir. Necə olur ki, Rusiyanı təşkilata geri qaytarmaq üçün onlara qarşı tamam başqa cür yanaşır, bizə gəldikdə tamam fərqli münasibət göstərir?"

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynov da çıxışında Omtzigt Pyeter, Şvabe Frank kimi parlamentarların erməni lobbi təşkilatlarının maraqlarını təmsil etdiklərini bildirib.

Müzakirələrdən sonra "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə 14403 saylı Qətnamə qəbul olunub.   Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları hesabat üzrə Qətnamə 117 lehinə, 18 əleyhinə səslə qəbul edilib.      

Belçikalı parlamentar Alen Desteksenin hazırladığı "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" hesabat üzrə isə 14397 saylı Qətnamə qəbul olunub.  Müzakirələr nətcəsində hesabata əlavə və dəyişikliklər edilib.   Qətnamənin qəbulunun lehinə 114, əleyhinə 24 nəfər səs verib.    

"AŞPA-dakı müzakirələr bir daha göstərdi ki, burada müxtəlif qruplar, xüsusilə ermənilər tərəfindən dəstək alanlar Azərbaycanı ciddi tənqid etmək cəhdlərini ortaya qoymağa çalışdılar. Təsəvvür edin, çox vaxt AŞPA-nın iclaslarında iştirak etməyən şəxslər hamısı bura gəlib, Azərbaycanla bağlı bu fürsəti əldən vermək istəmədilər". Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. S.Seyidovun sözlərinə görə, həmin şəxslər açıq-aşkar öz qarşılarına məqsəd qoyublar ki, Avropa Şurası daxilində Azərbaycana qarşı lobbiçilik, nifrət kampaniyası yaratsınlar. "Burada yalan, böhtan, Azərbaycana qarşı ağlasığmaz faktları gündəmə gətirib səsləndirirlər. Bir faktı deyim, Azərbaycan hüquqi islahatlarla bağlı dünya hüquq təşkilatının ən fəal üzvlərindən biridir, ölkədə hüquqi islahatlar, hakimlərin təyin olunması, qanunvericiliyin inkişaf etdirilməsi kimi məsələlər bütün dövlətlər tərəfindən qəbul olunub və bu, danılmaz faktdır. Ancaq məruzəyə "Azərbaycanda hüquqi islahatlara başlamaq lazımdır" sözlərini əlavə etmək o deməkdir ki, ya onlar Azərbaycanda gedən prosesləri ümumiyyətlə bilmirlər, ya da Azərbaycana qarşı qəsdən əsassız iddialar irəli sürürlər. Bugünkü müzakirələrdə onların əsas məqsədi Azərbaycanla Avropa Şurası arasında uçurum yaratmaq idi. Ancaq onlar istədiklərinə nail ola bilmədilər. Çünki çıxışlar arasında Azərbaycanın inkişafı, mövqeyi, rolu, gördüyü işlərlə bağlı həm Azərbaycan nümayəndə heyəti tərəfindən, həm bir sıra AŞPA deputatları tərəfindən konkret faktlar çatdırıldı. Əsas odur ki, burada da başa düşdülər ki, Avropa Şurasının baş katibi Avropa İnsan Haqları Məhkəməsində on minlərlə yerinə yetirilməmiş işini kənara qoyaraq yalnız bir işdən yapışıb, Azərbaycanın nüfuzuna, mövqeyinə birbaşa zərbə vurmaq niyyətindədir. Biz bu məsələni də burada qaldırdıq".  

S.Seyidov bəzi çıxışların arxasında erməni lobbi qüvvələrinin pullarının dayandığını bildirdiklərini də deyib: "Biz konkret olaraq bildirdik ki, hansısa ölkələrlə dialoq qurmaq üçün gecə-gündüz çalışırlar, Azərbaycanla bağlı isə uçurum yaratmaq istəyirlər. Bu cəhdlər elə-belə deyil, bunların arxasında Azərbaycanı istəməyən qüvvələr var. Ancaq bunlar ayaq tutar, ancaq yeriyə bilməzlər. Yalan və böhtan üzərində qurulmuş kampaniya heç vaxt nəticə verə bilməz. Azərbaycan öz işlərini davam etdirir, həqiqətləri AŞPA deputatlarına da, Avropa ictimaiyyətinə də çatdırır. Bu gün Azərbaycan güclü və müstəqil dövlətdir. Avropa Şurası, AŞPA Azərbaycanla əlaqələr qurmaqda daha çox maraqlıdır, nəinki Azərbaycan. Çünki onlar da başa düşürlər ki, Azərbaycansız, Azərbaycanın Şərqlə Qərbi birləşdirən fəlsəfəsi olmadan AŞPA özü də yaşaya bilməz".     

O, bəzilərinin Azərbaycanda gedən islahatları, ölkədəki qaçqın və məcburi köçkünlərlə bağlı görülən işləri inkar etdiklərini də diqqətə çatdırıb. "Ümumiyyətlə, bu gün biz AŞPA-da ağa qara demək siyasətini və davranışını gördük. Mən əminəm ki, bu gün qəbul olunan məruzələr AŞPA-ya utanc gətirən bir sənəddir. Xüsusən İnsan Haqları Komitəsi adından qəbul olunmuş "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" sənədi qeyd etmək istəyirəm. Bunu tam məsuliyyətlə demək istəyirəm. Çünki məsələləri süni şəkildə gərginləşdirmək, məsələnin içərisinə həqiqətdən uzaq olan faktları daxil etmək bu məruzəni ciddilikdən çıxarıb, qeyri-ciddi sənəd halına gətirir. Azərbaycan müstəqil dövlət kimi belə bir sənədlə işləyə bilməz".

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Asim Mollazadə qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının dünən keçirilən iclaslarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məsələlərin qeyd olunduğu sənədlərin qəbul edilməsi Azərbaycan haqqında mənfi imic yaratmaq məqsədi güdür. O, "Trend"ə bildirib ki, bu hadisələrin arxasında erməni lobbisi ilə yanaşı, ermənilərin real sahibləri də durur: "Çox qəribə bir vəziyyət yaranıb. Belə ki, bəzi qüvvələr AŞPA-da Azərbaycan əleyhinə sənədlər qəbul etdirirlər. Onlar istəyirlər ki, Azərbaycan haqqında mənfi imic yaratsınlar".

Deputat hesab edir ki, eyni zamanda Azərbaycana qarşı təzyiqlərin arxasında enerji, nəqliyyat və digər sahələrdə Azərbaycanla rəqabətdə olan güclü ölkələr dayanır: "Onlar zəncirvari bir ideyaya bağlı olan, Azərbaycana qarşı informasiya müharibəsi aparan əsas qüvvələrdir. Yəni, Azərbaycana qarşı müharibə sadəcə səngərlərdə deyil, informasiya sahəsində də aparılır".

Ceyhun ABASOV

 





12.10.2017    çap et  çap et