525.Az

Mustafanın söz çəməni


 

Mustafanın söz çəməni                    <b style="color:red"></b>

Çəmənli Mustafa mənim üçün müqəddəs, əsrarəngiz, möhtəşəm Qarabağın bir ovuc söz odudur.

Yaşayır kəlmə-kəlmə, misra-misra, çəmən-çəmən, kitab-kitab. Gecələrin gözündə, gündüzlərin işığında par-par yanır. Ağdamın külü içində qovrulur. Şuşada Bağrı qan qayasından asılır. Haray Vətən-Vətən deyir. Sonra göyüm-göyüm göynəyir, yara kimi sızlayır. Külli-Qarabağın məlhəmini, harayını sinəsinə çəkib, əllərini İmarətə doğru uzadıb damla-damla yaş tökür...

Çəmənli Mustafa sözünü mən qəsdən işlədirəm. Mustafa Çəmənli demirəm. Onun ömrü çəməndi. Çəmənlinin qeyri-adi gözəlliyidi. Onun gözündə kiçik bir Çəmənli kəndi Qarabağın söz çələngidir. Bülbülləri oxuyur, gülləri nazlanır, ağacları ucalır, otları göyərir, baxçaları şehlənir...

Mustafa Çəmənli belə bir cənnət güşəsində dünya tapıb, dünyalaşıb, sənətləşib, kamilləşib, könüllərdə cücərib.

Çəmənli Mustafa intellektual insandır. Özünəməxsus talantlı poetik təfəkkür sahibidir, dərin mühakiməli, müdrik söz sahibidir. Çəmənli kəndinin kökünü araşdırıram. Mənə elə gəlir ki, bu Qarabağlı Çəmənli kəndi bəlkə böyük yazarımız özünə təxəllüs götürdüyü Cənubi Azərbaycandakı Çəmənzəminli kəndi ilə doğma qardaşdır. Qarabağda isə məşhur  kənd olaraq Vətən torpağının bağ-bağatlı bir insan məskənidir...

Açığını deyim ki, Çəmənli Mustafanın bir-birindən dəyərli əsərlərindən sonra tanımışam. Mən uzun müddət Xankəndində, Şuşada, Gəncədə yaşamışam. Mustafa isə doğma taleyini Bakı ilə bağlayıb. Əsərləri isə tez-tez qonağım olub. Sonra onunla Bakıda görüşüb doğmalaşdıq. Mustafa Çəmənli zəngin yaradıcılıq diapazonuna malik yazar, tədqiqatçıdır. Mustafa Çəmənli təmtaraqsız sakit bir ömür yaşayır. Əsərlərinin kökü dərin qatlara gedib çıxır. İlk hekayəsindən bu gün həvəslə yaratdığı əsərlərinə qədər millidir. Vətən və söz aşiqidir. Özünün dediyi kimi, ədəbiyyata lirik hekayə ilə gəlib. Gənc yazarın ilk hekayəsini görkəmli naşir, o zaman mətbuat komitəsinin sədri işləyən xeyirxah insan, dostumuz Əjdər Xanbabayev oxuyur və bəyənir. Hekayənin çapını nəşriyyatın baş redaktoru, görkəmli şair Əliağa Kürçaylıya göndərir ki, bu hekayəni və Mustafanın bir çox əsərlərini kitab halında nəşrinə kömək etsin. Ə.Kürçaylı hekayəni oxuduqdan sonra böyük qürurla Mustafanı ürəkdən təbrik edir. Və bu kiçik, çox-çox mənalı hekayə haqqında gözəl bir məqalə yazır.

Mustafa Çəmənli çağdaş ədəbiyyatımızın cəfakeş  yaradıcılarındandır. Yüksək mənəvi keyfiyyətlərə malik yazıçı-publisistdir. Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvüdür. Bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. Bir-birinin ardınca hekayələr, povestlər, romanlar, dram əsərləri, albom kitabları yaradıb. Mustafa Çəmənli  Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. "Yazıçı" nəşriyyatında redaktor, böyük redaktor, əvvəl klassik ədəbiyyat və folklor redaksiyasının, sonra nəsr redaksiyasının müdiri vəzifələrində işləyib.

Mustafa Çəmənli milli musiqi sənətinin təbliğində müstəsna xidmətləri olan yazıçıdır. Bu şaxəli xidmətlərinə görə, Mətbuat fondunun "Dram ulduzu" (1993) mükafatını alıb. Hərbi-vətənpərvərlik ruhunda yazdığı məqalələrinə görə Yazıçılar Birliyinin diplomuna, "Xallı gürzə" tarixi romanına görə "Yaddaş" milli mükafatına layiq görülüb. "Ölüm mələyi" tarixi romanını Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatını alıb. Xatırladım ki, Mustafa Çəmənlinin bütün yaradıcılığı təkcə "Xallı gürzə" və "Ölüm mələyi"ndən ibarət olsaydı, mən yenə onu gözəl yazıçı hesab edərdim.

Mustafa Çəmənli zəhmətkeş, yazıçı-

publisist və tədqiqatçıdır. Qurama mövzulara əl atmır. Hansı əsərini oxusan, səndə xoş əhval-ruhiyyə yaradır. Mustafa geniş dairədə, ədəbi orbitdə parlayan, oxucu ruhunu cilovlayan dərin məntiqi mühakimələrə malik yazıçı-publisistdir. Təbiət etibarı ilə təmkinli, sadə, aydın və işıqlı insandır. Nə yazıbsa, ürəkdən yazıb, onun boğazından yuxarı sözü yoxdur. Daxilən zəngin, mənalı, milli-mənəvi dəyərləri ilə seçilən sənət, vətən, millət, yurd fanatikidir.

Mustafa Çəmənli məhsuldar qələm adamıdır. 24 ədəbi əsərlərin, 5 albom kitabın müəllifidir. Eyni zamanda, 10-dan artıq kitabın tərtibatçısıdır. Əsərlərindən bir neçəsinə diqqət çəkək: "Mənim dünyamın adamları" (1982), "İtirilmiş səs" (1985), "Nəğməli xatirələr" (1997), "Muğam dünyasının xanı" (2001), "Səsin ruhu" (2003), "Ruhların üsyanı" (2007), "Məcnunun Məcnunu" (2010), "Mübariz" (2010), "Sənət hekayəsi" (2014), "Səhnəmizin ağ çiçəyi" və nəhayət "Xallı gürzə" (1991), "Ölüm mələyi" (2012). Bu zəngin sıralamanı ikiqat artırmaq olar. Albom kitablarına  baxaq: "Arif Babayev-70", "Habil Əliev-80", "Əlibaba Məmmədov-80", "Canəli Əkbərov-70", "Ağaxan Abdullayev-60".

Əlbəttə, mən Mustafa Çəmənlinin sənət dünyasına genişliyi ilə baş vurmadım. Sadəcə, onun əsərlərinin zərrə qədər oduna-közünə qızınmaq istədim. Mustafa Çəmənli 70 yaşın dizini mübariz ruhda, qeyrətlə yerə vurur. Böyük yaradıcı insanlar bu yaşdan sonra da yaratdıqları hər hansı bir sənət əsəri ilə öyünə bilər. Mustafa Çəmənlinin bundan sonra Qarabağ, o taylı-bu taylı böyük Vətən ağrıları üstündə daha məzmunlu əsərlər yaradacağına ürəkdən inanıram.

Mən bu kiçik yazını bir qədər poetik ruhda köklədim. Bu ruhla da Mustafa sənətinə, Mustafa ömrünə yanaşdım. Bu gün Qarabağda kül qoxulu qanadları qana bulaşmış bir külək əsir. Başımız üstdən yaralı durnalar qatar-qatar keçir. Mustafa Çəmənli Sultanbud təpəsinin üstünə çıxıb durnalara xitabən deyir: "Qərib-qərib uçan durna, bizim ellər yerindəmi?" Durnalar yurd həsrətli yazıçının səsini eşidib hərəsi qanadından bir lələk salıb keçirlər. Sanki deyirlər, Sizin ellər köç eylədi, yağı düşmən yurdunuzu heç eylədi. Mustafa təpənin başında göynəm-göynəm göynəyir. Gecəni ağrısına bələyib səhəri kirpiyi ilə açır. Gözünün önündən külə dönən Ağdam, Şuşa, işğal altında olan digər Vətən torpaqları keçir və "Qayıdış" adlı romanını məlhəm kimi Qarabağ yarasının üstünə çəkir.

Ömrün uzun, həyatın ağrısız-acısız keçsin, Mustafa Çəmənli! Çəmənlimiz çəmən-çəmən göyərsin!

 





12.10.2017    çap et  çap et