525.Az

Qubada 5 istiqamətdə 36,4 kilometrlik yolun tikintisi yekunlaşır


 

Qubada 5 istiqamətdə 36,4 kilometrlik yolun tikintisi yekunlaşır<b style="color:red"></b> Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə bağlı Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən aparılan işlər yekunlaşmaq üzrədir.
 
“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, artıq sözügedən yollar boyu son tamamlanma işləri görülür.
 
Dövlət başçısının sərəncamına uyğun olaraq Rustov kəndindən 5 istiqamətdə 36,4 kilometrlik yolların tikintisi aparılaraq yekunlaşdırılır. Bura 16 km-lik Rustov-Xanəgah-Gürdəh, 6,5 km-lik Rustov-Nöydün-Şuduq, 5.3 km-lik Rustov-Bağçalı-Yekdar, 3,1 km-lik Rustov-Hacıağalar-Qamqam, 3 km-lik Rustov-Məckəxacə yolları və 2,5 km uzunluğa malik kənd daxili yollar daxildir.
 
Adı çəkilən bütün yolların əksəriyyəti torpaq və qismən çınqıl örtüklü olub, eni isə cəmi 4-5 metr arası dəyişib. Bəzi hissələrdə isə ümumiyyətlə yol olmayıb. Bu səbəbdən bir-neçə kilometrlik hissədə dağların və meşələrin arası ilə yeni yollar salınıb.
 
Layihə çərçivəsində 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Aparılan işlər zamanı yolun yatağının eni genişləndirilərək 10 metrə çatdırılıb, yeni yol əsası inşa edilib. Bununla da yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə isə çiyinlərin eni 2 metr təşkil edir.
 
Aparılan tikinti işləri çərçivəsində yollar boyu 6 avtomobil körpüsü də inşa edilib. Belə ki, Rustov kəndində 9 və 18 metr uzunluğunda 2 körpü, Rustov-Gürdəh yolunda 18 metr uzunluğunda 1 körpü, Aşağı və Yuxarı Xanəgah kəndlərində 9 metr uzunluğunda 2 körpü, Baxçalı yolunda isə 5 metr uzunluğunda 1 körpü inşa edilib.
 
Hər bir körpünün ümumi eni 9 metr, hərəkət hissəsinin eni 7 metrdir. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün körpülərdə hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri də qurulub. Bundan başqa hər 5 istiqamət üzrə yolların altından suların ötürülməsi üçün 36 ədəd 300 mm, 78 ədəd 500 mm və 12 ədəd 1000 mm diametrlik su ötürücü boruların tikintisi də aparılıb.
 
Yollar boyu 2 qat olmaqla 200 min m2 sahənin asfaltlanması işləri aparılaraq yekunlaşdırılıb. Yaxın günlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanması xətləri çəkiləcək.
 
Bütün işlər tərtib olunmuş qrafikə uyğun “Azəravtoyol” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilib.
 
Qeyd edək ki, sözügedən avtomobil yollarının salınması ilə 12 yaşayış məntəqəsinin 6 mindən artıq əhalisinin Quba şəhərinə gediş-gəlişi xeyli rahatlaşır, yük və sərnişin daşıması asanlaşır. Bundan başqa yeni yolların tikintisi bölgənin turizm potensialının artmasına, kənd təsərrüfatının inkişafına və insanların həyat şəraitinin yaxşılaşmasına gətirib çıxaracaq.
 





13.10.2017    çap et  çap et