525.Az

Məleykə Əsədova: “Çox istedadlıyam, gözələm, ona görə məni qısqanırlar”


 

Məleykə Əsədova: “Çox istedadlıyam, gözələm, ona görə məni qısqanırlar”<b style="color:red"></b>

Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Məleykə Əsədovanın müsahibəsi
 
- Məleykə xanım, əvvəlcə soruşmaq istəyirəm ki, əhvalınız necədir? Və güman edirəm, son hadisələr üzündən neqativ yüklü yox, yeni premyeranıza görə pozitiv cavab eşidəcəyəm...
 
- Mən də çalışacağam ki, özümü müsbət ovqata kökləyim.
 
- Deməli, “qəzəb buzu”nu payız günəşi əridib. Lap poetik sual oldu...
 
- (Gülür). Əhvalım yaxşıdır. Hətta lap əladır. Bizim sevincli günlərimiz saylarla olur. O günlər də premyeralara düşür. “Cəhənnəm sakinləri” tamaşasının premyerasını keçirmişik, çox gözəl, çox səviyyəli və uğurlu tamaşa alınıb. Tamaşaçı alqışı, tamaşaçı sevgisi mənim üçün əsas şərtdir. Siz özünüz də görürdünüz ki, alqış səsi bitmək bilmirdi. İnsanlar zalı tərk edib teatrdan ayrılmaq istəmirdilər. Mənim üçün bundan böyük hansı hədiyyə ola bilər? İnanın, o alqışların səsi hələ də qulaqlarımdan çəkilməyib. Ona görə dedi-qodular, böhtanlar məni incitsə də, sındırmır. Çünki insanlar məni sevirlər.
 
- Mən teatrda insanların sizə sevgisinin şahidi olmuşam. Məhz sizə görə bilet alanlar var. Amma gəlin, başqa bir şeyi soruşum: niyə bu sevgi ilə bərabər sizə qıcıq olanlar da var?
 
- Sadəcə, qısqanclıqdan. Var olan insan haqqında danışarlar. Mən illər uzunu şahidi olmuşam ki, premyera ərəfəsində, yaxud böyük uğur qazandığım məqamlarda haradansa zərbə almışam.
 
- Adamların sizinlə nə düşmənçiliyi var?
 
- Çox istedadlıyam, gözələm. Və bilirlər ki, duyğusal insanam, ona görə də hər şey ruhuma təsir edir. Mənim sevincimi bölüşmək istəmirlər. Ona görə də onlara şeytan qəlbli, şeytan ruhlu insanlar deyirəm. Belə edirlər ki, ruhdan düşüm. Hamı bilir ki, mən insanların xoş gününə sevinən insanam. Akademik Milli Dram Teatrının kollektivi də, rəhbərliyi də bilir: mənim onlara sonsuz sevgim var. Bir-iki nəfəri çıxsaq, hansı ki, onlar kollektiv demək deyil, bütün truppamız da məni çox istəyir. Niyə istəməsinlər? Eşidirəm, kimsə ev alıb, kimsə toy edib, işə düzəlib, xoşbəxt oluram.
 
Bu məndən asılı deyil, ürək öz işini görür. Bu cür xoş düşünməyimin bəhrəsidir ki, Allah mənə sağlam can, övlad, istedad verib. Ürəyimin nurudur ki, bu işıq üzümə çıxıb. Allah etməsin ki, insanın içindəki üfunət üzünə vursun. Təbii ki, mənə paxıllıq edənlər çoxdur. Amma mən heç kəsə icazə vermərəm, ailəmə əl uzatsınlar. Ailəm üçün sevdiyim sənətimdən də keçərəm. Milyardlar, milyonlar ola, baxmaram. Qızımı, anamın və atamın ruhunu Allah qədər ucada tuturam. Kənardan çox böyük görünə bilər. Amma mənim balaca, saf dünyam var. İstəmirəm, o təmiz dünyam çirkaba bulaşsın.

Mən qalmaqalla yadda qalanlara cılız insan kimi baxıram. Kim yaddan çıxır, adımı çəkir ki, yada düşsün. Susduqca, üstümə gəlirlər. Başa düşmürlər, öz səviyyəmi qoruyub-saxlayıram. Bu sənətə dedi-odu ilə yox, öz obrazlarımla gəlmişəm. Ona görə də 28 ildir eyni şöhrəti saxlayıram. Vallah, qalmaqallara qoşulmağa vaxtım yoxdur. Öz dünyamda böyük sənətim var, çox böyük məsuliyyətlə övladımı böyüdürəm. Qalmaqala qoşulub, cılızlıq etməmişəm. Qoy mən sakit həyatımı yaşayım. Teatra gəlirəm, hər gün ora bura-qaçıram. Bütün işlərimi özüm görürəm.
 
Arxamda nə kişi var, nə bir adam. Məni qoruyan bir Allahdır, bir də öz gücüm. Vaxtım olanda, kitab oxuyuram, şeir əzbərləyirəm. Qalmaqal edən adamlar sənəti olmayan boş adamlardır. Bekarçılıqdan ona-buna söz atırlar ki, yada düşsünlər.

- Bir neçə gün əvvəl Nurəddin Mehdixanlı ilə sizin haqqınızda danışırdıq. Nurəddin müəllim dedi ki, adamlar Məleykənin indiyə qədər kimlərin əlindən tutduğunu, kimlərə köməklik etdiyini bilmirlər. O mənada ki, xeyirxahlıq edər, dilinə gətirməz. Bəlkə...
 
- Məni bağışlayın, sözünüzü kəsirəm. Bu haqda bir kəlmə də danışmayacağam.
 
- Hətta deyilənə görə...
 
- Və istəmirəm də, kimsə bu haqda danışsın. Qətiyyən! Xeyriyyə tədbirlərinə gedəndə də şərt qoyuram: çəkiliş olacaqsa, getmirəm. Adam etdiyini deməz. Adam kiminsə əlindən tutanda özünü reklam etməz. Belə şeylər Allahla insan arasında təmənnasız olmalıdır. Olarmı, daha maraqlı şeylərdən danışaq?
 
- Niyə olmur, əlbəttə, olar...
 
- Məsələn, danışaq ki, insanlar rayonlardan dəfələrlə gəlib mənim tamaşalarıma baxırlar. Deməli, məni sevənlər daha çoxdur. “Mənim günahım”, “Qadın məhəbbəti” və başqa tamaşalarıma bir neçə dəfə gəlib baxıblar. “Misir gecələri”ndə illər əvvəl oynamışam, amma insanlar hələ də o tamaşanı soruşurlar. Mən hər xarakterdə obraz oynayıram. Kleopatranı, Şirini, Züleyxanı oynamışam. Eyni zamanda Musiqili Teatrda Qoqolun “Evlənmə” komediyasında  Aqafia Tixonovna rolunda çıxış etmişəm. Əliqismət Lalayev məni bu tamaşaya dəvət edəndə tərəddüd etdim.

Amma sonra düşündüm ki, aktrisa kimi özümü fərqli ampluada da sınamalıyam. Həmin tamaşa ilin ən yaxşı tamaşası seçilib Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına layiq görüldü. Premyerasını yeni keçirdiyimiz “Cəhənnəm sakinləri” tamaşasında da fərqli roldayam. Təklif gələndə razı oldum. Allah mənə səs, plastika, ürək, istedad verib, niyə özümü ən müxtəlif xarakterli rollarda sınamayım? Və bu sənətdə özümü müxtəlif obrazlarla sübut etmişəm. Qısqanclıq da burdan yaranır. Mən sənətdə varam, Allahın izni ilə var olacağam. Dedi-qodular tamaşaçı sevgisini mənim əlimdən ala bilməyəcək.
 
- Nə vaxt hiss etdiniz ki, insanlar sizi tanıyırlar?
 
- Bu, barmaqla sayıla bilən adamlara qismət olur: 28 ildir sənətdəyəm, eyni şöhrəti saxlayıram. Çox sevinirəm ki, məni uşaqlar da sevir. Analar deyirlər, uşağımın səndən ötrü ürəyi gedir. Çox sevinirəm ki, məni nənələr-babalar, atalar-analar, gənclər də sevirlər. Aktrisa üçün bundan böyük nə xoşbəxtlik ola bilər?
 
- Mən də soruşuram ki, bu şöhrət haradan başladı?
 
- Məni sənətə Lütfü Məmmədbəyov gətirib. O insanı heç vaxt unutmaram. Mənə yaxşılıq edən, əlimdən tutan bütün insanların ruhuna dualar edib, yasin oxutdururam. “Yad qızı” tamaşasında oynadığım Jalə obrazı mənə populyarlıq gətirib.
 
Onda “Baksovet”də qalırdım. Tamaşa axşam efirdə gedəndən sonra bir gecədə məşhur oldum. Onu da deyim, sənətə təzə-təzə gələndə öz-özümə deyirdim: ya məşhur, uğurlu aktrisa olacağam, ya da sənətdən gedəcəyəm. Tamaşanın səhəri günü “Baksovet”dən Gənclər Teatrına piyada getdim ki, görüm insanlar nə deyəcək? İnsanlar maşınları saxlayararaq  “Jalə, Jalə, Jalə”, deyirdilər. Sevincimdən uçurdum. Gənclər Teatrının rəhbəri Hüseynağa Atakişiyev idi. Məni dinlədi və dedi, səhərdən gəl, teatra. Çıxanda Həsən Əblucla rastlaşdım. Soruşdu ki, “Aydın”ı oxumusan? Dedim, oxumuşam nədir, altıncı sinifdən arzulamışam, Gültəkini oynayım.

Səhərə qədər yatmadım, görəsən, mənə Gültəkini verəcəklər? Səhər gələndə gördüm “Gültəkin – Məleykə Əsədova” yazılın. Nə hisslər keçirdiyimi sizə deyə bilmirəm. Xoşbəxtəm ki, on il sonra Akademik Milli Dram Teatrının böyük səhnəsində Mikayıl Mirzənin quruluşunda Gültəkini ikinci dəfə oynadım. Gültəkin mənə çox böyük uğur gətirib. Həsən Əblucla, Mikayıl Mirzə ilə işləməyim mənə professional səhnə danışığını öyrətdi. Həmin tamaşaya baxmağa Barat Şəkinskaya da gəlmişdi. Barat xanımın yazdığı cümlə indiyə kimi yadımdadır: “Səhnəyə doğru-düzgün danışmağı bacaran təbii aktrisa gəlir. Cabbarlının əsl Gültəkini Məleykə Əsədovadır”. Sonradan öyrəndim ki, bu rolu mənə üzümün məsumluğuna və diksiyamın düzgünlüyünə görə veriblər.

- Və Gültəkindən sonra uğurlu rolların sayı artdı...
 
- 1989-cu ildən 92-ci ilə qədər Gənclər Teatrında çox böyük rollar oynadım. 1992-ci ildə Lütfü müəllim Şıxəli Qurbanovun “Əcəb işə düşdük” tamaşasını hazırlayırdı. Həsən Turabovla birlikdə məni “AzDrama”ya dəvət etdilər. Bu tamaşadakı Dilarə obrazım Həsən Turabovun çox xoşuna gəldi. Ona görə də məni “AzDrama”ya dəvət etdi. Ondan sonra həyatımı bağladım bu teatra. Kardelia, Şirin obrazlarım mənə çox böyük uğur gətirdi. Barat xanım yenə yazdı ki, bu aktrisanın o qədər səmimi üzü, gözəl diksiyası var, ona çox inanıram. Bundan sonra Barat Şəkinskaya ilə görüşməyi özümə borc bildim. Məni görməyinə o qədər sevindi ki, biz onunla ana-bala olduq. O qədər gözəl məsləhətlər alırdım Barat xanımdan. Hətta deyirdi, kaset götür, dediklərimi yaz. Deyirdi, vallah, səni teatrda əllərinin içində saxlamalıdırlar. Həmişə də istəyirdi, ona Şirinin axırıncı monoloqunu deyim: “Bir oyan, qədrini bilmədiyim dost...”.
 
Və unuda bilmədiyim başqa bir gün haqqında danışmaq istəyirəm. Axşam eşitdim, Heydər Əliyev “Fərhad və Şirin” tamaşasına gələcək. Səhərə qədər yata bilmədim. Mənim üçün, ailəm üçün ideal olan bir insan gəlib mənim tamaşama baxacaqdı. Mən Heydər Əliyev vurğunu olmuşam. Onun varlığına, xarakterinə, liderliyinə o qədər vurğun idim, sevindiyimdən gözümə yuxu getmirdi. Əgər Heydər Əliyev olmasaydı, Azərbaycan parçalanacaqdı. Mən o dövrü görən insanam.
 
O dahi şəxsiyyət yeni Azərbaycanı yaratdı. Siz görməmisiniz, mənim sənətə gəldiyim 89-90-cı illərdə Azərbaycanın başının üstünü qara buludlar almışdı. Heydər Əliyev isə Günəş kimi ölkəmizin üstündə parladı. Tamaşanı oynadım, Heydər Əliyev tamaşa bitəndən sonra səhnənin arxasına gəldi, mənim haqqımda dedi ki, “gənc, istedadlı aktrisadır, səhnəmizə belə aktrisalar lazımdır. Sevinirəm ki, səhnəmizə bu qədər istedadlı aktrisa gəlib. Məleykə elə səhnəmizin məlaykəsidir”. Bu sözlər indi də qulaqlarımdan çəkilməyib. Allah onun ruhunu şad eləsin. Heydər Əliyevin ruhuna hər gün salavat göndərirəm. Çünki sadə bir ailədən çıxan insanı Heydər Əliyev öz sözləri ilə göylərə qaldırdı.
 
- Ailəniz haqqında soruşmaq istəyirəm. Necə ailədə böyümüsünüz?
 
- Rayonda yaşayan bütün qohumlarımız bilir: çox təmiz, ziyalı ailəmiz olub. Zəngin olmasaq da, mənən çox varlı olmuşuq. Mən valideynlərimdən bolluca sevgi görmüşəm. Atam neftçi idi, həm də balıq işi ilə məşğul olurdu. Anam isə uşaq həkimi idi, atam onu işləməyə qoymurdu, məktəbdə yarımştat çalışırdı. Bizim ailədə böyük, saf və təmiz sevgi var idi. Mən sevgi ilə böyümüşəm. Ailəmizdə səs tempinin yuxarı qalxmağı olmayıb. Atamın bir baxışı ilə hər şeyi bilirdik. Atam bacılarımı Bakıda oxumağa qoymayıb. Mənim doğulmağımla ailəmizə ruzi gəlib... Məndən sonra qardaşım doğuldu, uşaq vaxtı dünyasını dəyişdi. Dörd bacıyıq. Hərəsinin öz gözəl ailəsi, övladları var. Atam o qədər gözəl insan idi, onu kişilərin kişisi hesab edirəm. Anam isə o qədər təmiz, səmimi insan idi, onu itirəndən sonra özümə gələ bilmirdim. Həsrətindəyəm o günlərin. (Kövrəlir). Süfrə açılırdı, oturub atamı gözləyirdik. Atam əlini qaşığa uzadardı, sonra biz əlimizi çörəyə uzadardıq. Həmin ailə tərbiyəsidir ki, bacılarımızla bir-birimizi qoruyuruq. Ona görə deyirəm, mənim balaca dünyam çox təmiz dünyadır. Mən, qızım və... Allahım.
 
-  Mən, qızım və... “Və”dən sonra pauza etdiniz. Həm də bu teatral pauza deyil...
 
- Və Allahım.
 
- Bildiniz mən nə soruşmaq istəyirəm...
 
- Bizdə “Və” yoxdur. Qızım, mən və göydəki Allah. Bunu hər kəs bilir. Təbii ki, problemlərim var. Amma o problemlərim mənim üçündür. Heç vaxt onları dilimə gətirmərəm. Ona görə də elə APA-nın tribunasından istifadə edib deyirəm: mənim haqqımda dedi-qodu yaymasınlar. Vallah, reklama ehtiyacım yoxdur. Mənə daş atırlar ki, yada düşsünlər.

Söz atanlara hər zaman demişəm ki, məhkəməm Allahdır. Amma bundan sonra hər kəslə vəkil vasitəsi ilə hesablaşacağam. Vəkilim Tağı Hüseynovla razılaşmışam. Bundan sonra kim mənə daş atsa, saytlarda mənfi fikirlər yazsa, onunla vəkilim danışacaq. Son zamanlar o qədər yorulmuşam, sənəti tərk etməyi düşünürdüm. Heç kim ailəmə daş atmasın. Axı mən kimə nə etmişəm?

- Hamı elə bilir ki, siz zəngin adamsınız...
 
- Mən daxilən zənginəm. Aktrisa öz dəyərini nə qədər yüksək bilsə, hər yerə də dəyərli dəvət olunacaq. İnsan özünü qiymətləndirməlidir. Hara çağırdılar, qaçmamalıdır. Daxilən zənginəm ona görə deyirəm, evlərdə nə qədər Məleykələr, Əfsanələr böyüyür. Heydər Əliyev, Həsənağa Turabov, Şəfiqə Məmmədova, Barat Şəkinskaya mənim sənətim haqqında gözəl sözlər söyləyiblər. Ulu öndərimiz səhnəyə çıxıb deyib ki, Barat Şəkinskaya, Hökumə Qurbanova, Leyla Bədirbəyli olub, bu gün isə Məleykə Əsədova var. Bu sözlərdən sonra mən özümü necə xoşbəxt, necə zəngin insan saymaya bilərəm?
 
- Seriallara niyə çəkilmirsiniz?
 
- Azərbaycan səhnəsində serialda oynayan ilk aktrisayam. “İtkin gəlin” çəkiləndə Əlibala Hacızadə də, Lütfü Məmmədbəyov də dedi ki, bizim Əfsanəmiz sənsən. Lütfü müəllim serialı ev kamerası ilə çəkmişdi. Amma bu serial indi də baxılır. Çox eşidirəm ki, tamaşaçılar məni seriallarda görmək istəyirlər. İnşallah, nə vaxtsa olacaq. Bundan sonra istərdim yenə gözəl serialda rol alım. İndi seriallarımız irəli gedir. Beş il əvvəl belə deyildi. Elə bir obraz olmalıdır, mənim serialım gedəndə, heç kim kanalı türk serialına çevirməsin. Bəzən dəvət alıram, amma istədiyim odur, heyətdəki bütün insanlar peşəkar olsun. Düzünü deyim, indi daha çox teatra bağlıyam. Bir tərəfdən də evdə işlərim çox olur. Mən anayam, evdə qızım böyüyür. Gülər ingilis dilində təhsil alır. Onun hər yaxşı qiyməti məni sevindirir.
 
- Qızınızla bağlı planlarınız nədir?
 
- Diplomat olmaq istəyir. Görür ki, anası dövlətə necə bağlıdır, ulu öndərimizə, ölkəmizin başçısına, birinci xanımımıza necə böyük sevgisi var. Ona görə diplomat olmaq arzusundadır.
 
- Məleykə xanım, indi dünyada olmayan sənət adamlarından kimlər üçün darıxırsınız?
 
- Darıxdığım adamlar çoxdur. Kaş Mikayıl Mirzə, Lütfü Məmmədbəyov, Barat Şəkinskaya sağ olaydı, bu çətin günlərimdə gedib onlarla dərdləşərdim. O adamlar üçün hədsiz darıxıram. (Uzun sükut. Ağlayır). Kaş o illər olaydı. Kaş anam sağ olaydı. O vaxtlar heç kim mənim haqqımda belə şər-böhtan yaza bilməzdi. Saytlar çoxaldı, hamı jurnalist oldu, meyar itdi. Mən də bunun əzabını çəkirəm.
 
- İllər sizə daha möhkəm olmağı öyrətməliydi...
 
- Bəzən bacara bilmirəm. Çalışıram möhkəm olum, gücüm çatmır. Atamı 17 yaşımda itirmişəm. Atam sağ olsaydı, kim mənə bu sözləri deyə bilərdi?
 
17 yaşımdan təkbaşına həyatla vuruşmuşam. Atam mənə lazım olan vaxtda getdi. 17 yaşıma qədər çətinlik bilməmişəm. Atam öləndən sonra çətinliyin nə olduğunu gördüm. Tələbə vaxtı kirayə qalırdım. Qaçırdım dərsə, dərsdən çıxıb rayona toya gedirdim. Hamı elə bilirdi, müğənni olacağam, amma mən teatrı seçdim. Bibim uşaqları gəlirdi ki, İncəsənət Universitetindən çıxmalısan.

Gecələr toylarda oxuyurdum, səhər dərsdə beş alırdım. Mənim gəncliyim olmayıb. Bulvara, kinoya gedə bilməmişəm, sevgim olmayıb. İlk dəfə institutu bitirəndən sonra sevmişəm. Başım qarışmışdı pul qazanmağa, oxumağa öz həyatım yaddan çıxmışdı. Bircə arzum var idi ki, anam narahat olmasın ki, Məleykəni şəhərdə necə oxutdurum. Şükür olsun Allahıma ki, məni ayaq üstə saxladı. Amma bu qədər zərbələr almamışdım.

- Zərbədən danışmayın, yenə ağlayacaqsınız. Daha pozitiv şeylərdən danışaq. Məsələn, sevgi məktublarından. Kimlər siz sevgi məktubu yazırdı, o adamlar indi haradadırlar?
 
- Sevgi məktubu yazanlar çox olub. Və indi də var. O qədər evlənmək istəyənlər olub ki. Elə indi də var. Amma peşman deyiləm. Bəlkə o vaxt ailə qursaydım, sənətim, şöhrətim bu qədər olmayacaqdı. Ailə qurmaq fikrim yox idi. Anam məcbur etdi. Anam dünyasını dəyişəndən sonra təkliyimi hiss elədim. Nə yaxşı Gülər var. O mənim anamdır, bacımdır, sirdaşımdır.
 
- Çətin vaxtlarda teatrda kimlərlə dərdləşirsiniz?
 
- Teatrda hamıya hörmətim var. Azər Paşa müəllimi həddən artıq çox istəyirəm. O, teatrı, aktyorları sevən gözəl insan, böyük rejissordur. Azər müəllimin əli harada varsa, o tamaşa uğurlu alınır. “Cəhənnəm sakinləri” tamaşasında Nurəddin Mehdixanlı və Elşən Rüstəmovla neçə vaxtdır bir yerdə çalışırdıq və əziyyətimiz gözəl tamaşa ilə bəhrəsini verdi. Biz bir-birimizi sevməsək, necə gözəl obrazlar yarada bilərik? Biz bir-birimizi qorumalıyıq ki, başqaları da bizə hörmət edib qorusunlar. İnsan birinci özünə hörmət etməlidir ki, başqaları da ona hörmət etsinlər. Ona görə də insanlara böyük hörmət və sevgiylə yanaşıram. Teatr aktyorluğu ən çətin sənətdir. Ona görə çətindir ki, bir insan öz həyatını güclə yaşayır. Teatr aktyorları isə Kleopatra, Şirin, Nurcahan, Kardelia oynayır, başqalarının da həyatını yaşayır. Teatr aktyorları fenomen, fədakar insanlardır. Xahiş edirəm, qoy müsahibəm elə bu cümlə ilə də bitsin, əlavə heç nə demək istəmirəm.

APA

 





13.10.2017    çap et  çap et