525.Az

"Azərbaycan-Türkiyə əməkdaşlığı təhsil sahəsində uğurla davam etdirilir"


 

ADPU-da "AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ" II BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLDİ

"Azərbaycan-Türkiyə əməkdaşlığı təhsil sahəsində uğurla davam etdirilir"<b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Türkiyə Respublikasının Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə ADPU-da "Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq elmi konfransı öz işinə başlayıb.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov plenar iclası giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan və Türkiyə təhlükəsizlik, iqtisadiyyat, energetika, ticarət, hərbi-texniki və digər sahələrdə sıx əməkdaşlıq edirlər: "Yüksək səviyyəli qarşılıqlı əlaqələr, ölkələrimizin həyata keçirdiyi çoxsaylı birgə layihələr ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinə böyük töhfələr verir. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verirlər. Hər iki ölkənin rəhbərlərinin siyasi sahədə uğurla həyata keçirdiyi əməkdaşlığı universitetlər elm və təhsil sahəsində müvvəffəqiyyətlə davam etdirirlər. Bizim bu gün keçirdiyimiz beynəlxalq elmi konfrans da bu əməkdaşlığın bariz nümunəsidir".

Rektor qeyd edib ki, beynəlxalq konfransın elmi istiqamətləri Azərbaycan Türkiyə tarixi əlaqələrini, siyasi və iqtisadi münasibətləri, sosial-mədəni və ədəbi əlaqələri, elm və təhsil, turizm və ekologiya sahələrini əhatə edir. Konfransın keçirilməsi üçün həmsədrlər müəyyən edilib, tərkibinə azərbaycanlı və türkiyəli alim-mütəxəssislər daxil edilən Təşkilat Komitəsi yaradılıb, konfransın koordinatorları, katibliyi və akademik heyəti müəyyənləşib. Konfransda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Təhsil Nazirliyinin, Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) məsul şəxsləri, AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının, Yunis Əmrə İnstitutunun nümayəndələri, ali təhsil müəssisələrinin tanınmış və nüfuzlu pedaqoq-alimləri iştirak ediblər.

Kastamonu Universitetinin rektoru, professor Seyit Aydın çıxış edərək bildirib ki, konfrans Türk və müsəlman dünyasının böyük mütəfəkkiri İsmayıl bəy Qaspıralının "Dildə, işdə, fikirdə birlik" ideyasının əyani ifadəsidir. Konfrans iki qardaş ölkənin əlaqə və münasibətlərinin inkişafına müsbət təsir edəcək.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, dosent İlham Mədətov çıxışında qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər həmişə yaxşı olub. Türkiyə 1918-ci ildə Azərbaycan Xalq Cümhurriyyətini tanıyan birinci ölkə olmuşdur. 1991-ci ildə də Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə məhz Türkiyə olmuşdur. Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir. Türkiyə Azərbaycanda keçirilən bütün beynəlxalq layihə və tədbirlərdə fəal iştirak edir. Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olması hər iki ölkənin güclənməsinə kömək edir.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral konfransın keçirilməsindən məmnunluq duyduğunu ifadə edib. Səfir vurğulayıb ki, dostluq və qardaşlıq Türkiyə-Azərbaycan münasibətlərin təməl prinsiplərini təşkil edir: "İki qardaş ölkə arasında münasibətlər bütün sahələrdə dinamik inkişaf edir. Bu münasibətlərin miqyası gələcəkdə daha da genişlənəcək".

Qeyd edək ki, plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib.

S.QARAYEVA

 





13.10.2017    çap et  çap et