525.Az

UNEC-də "Elm aylığı"na start verildi


 

UNEC-də "Elm aylığı"na start verildi<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ənənəvi "Elm aylığı"na start verilib.

"Elm aylığı"nın ilk günündə rektor, professor Ədalət Muradov bildirib ki, məqsəd elmi-tədqiqat yönümlü universitetə çevrilməyi hədəfləyən UNEC-də aparılan elmi tədqiqatların səmərəliliyini artırmaq, professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq və fikir mübadiləsi aparmaqdır. UNEC-də bu istiqamətdə mühüm addımlar atıldığını, nailiyyətlər əldə edildiyini diqqətə çatdıran rektor, alimlərin tədqiqatlarını ictimai müzakirəyə çıxarması məqsədilə yaradılan diskurs.az virtual iqtisadi forumu, eləcə də ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanan "UNEC Ekspert" jurnalından bəhs edib.

Ə.Muradov bildirib ki, UNEC-də ixtisas sahələri üzrə 5 tədqiqat mərkəzi yaradılıb ki, burada Avropa, eləcə də İslam iqtisadiyyatı üzrə araşdırmalar aparılır. Eyni zamanda, Nobel mükafatçılarının iştirakı ilə beynəlxalq konfranslar təşkil olunur, elmi müzakirələr keçirilir. UNEC alimləri Azərbaycanda ilk dəfə olaraq regionda ən böyük layihə olan Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə  Almaniya universitetlərində tədqiqat təcrübəsində iştirak ediblər. Differensial Əməkhaqqı Sistemində müəllimlərin reytinqini müəyyən etmək üçün elmi fəaliyyətə 40 faiz yer verildiyinə diqqət çəkən rektor, UNEC-də elmi nəşrlərin sayının son 3 ildə 2,5 dəfə, xaricdə çap olunan məqalələrin isə 3,6 dəfə artdığını vurğulayıb.

UNEC rektoru universitetdə elmi tədqiqatların keyfiyyətinin daha da artırılması istiqamətində elm günlərinin əhəmiyyətli olacağını bildirib.

Tədbirdə UNEC-də elmi fəaliyyətin keyfiyyətinin artırılması istiqamətində təkliflər səsləndirilib. Bildirilib ki, universitetdə pedaqoji heyətlə tədqiqatçı alimlərin fəaliyyət istiqamətləri ayrılacaq. "Elm aylığı" çərçivəsində UNEC-də Azərbaycanın tanınmış elm xadimləri və iqtisadçılarının qatılacağı elmi seminar, dəyirmi masalar keçiriləcək, elmi müzakirələr təşkil olunacaq. Eyni zamanda, TEDx beynəlxalq konfransının keçirilməsi də UNEC-də təşkil olunan "Elm aylığı"na daxil edilib.

S.QARAYEVA

 





13.10.2017    çap et  çap et