525.Az

Prezident müşavirədə qarşıdakı dövr üçün prioritetləri açıqladı


 

"STRATEJİ YOL XƏRİTƏLƏRİNİN İCRASI TAM TƏMİN OLUNMALIDIR"

Prezident müşavirədə qarşıdakı dövr üçün prioritetləri açıqladı<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, oktyabrın 9-da cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran məsələlərə dair Nazirlər Kabinetinin iclası keçirilib.

Prezident İlham Əliyevin sədrliyi ilə baş tutan müşavirədə Azərbaycanın ictimai-siyasi həyatı, sosial-iqtisadi inkişafı, beynəlxalq əlaqələri, həyata keçirilən enerji və nəqliyyat layihələri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla bir çox məsələlər gündəliyə daxil edilmişdi. Ölkə başçısı müşavirədə çıxış edərək dövr ərzində aparılan işlərə, əldə olunan nəticələrə toxunub, müvafiq dövlət qurumlarının fəaliyyətini qiymətləndirib, ilin sonuna həll edilməsi vacib olan istiqamətləri müəyyənləşdirib, zəruri tapşırqlarını verib.

2017-ci ilin Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacağını deyən prezident maşvirədəki çıxışında qeyd edib ki, "Əsrin kontraktı"nın yeni şərtlərlə təzələnməsi və müddətinin uzadılması tarixi hadisədir: "Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcək. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və Azərbaycana xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək".

Bundan başqa, "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla icra olunduğunu bildirən dövlət başçısı deyib ki, iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır: "Bu layihələr ölkəyə böyük iqtisadi mənfəət, səmərə verir və Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır. Bu gün Azərbaycanın iştirakı olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib". Dövlət başçısı bildirib ki, ilin sonunadək Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır: "Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha böyük olmalıdır. Hazırda sahibkarlara verilən güzəştli kreditlərin tam həcmi əvvəllər verilmiş və qaytarılmış kreditlər hesabına təşkil edilir. İlin sonuna qədər nəzərdə tutulmuş kreditləşmə tam həcmdə təmin edilməlidir. Azərbaycanda bir dənə də təmirsiz və yaxşı vəziyyətdə olmayan kənd yolu qalmamalıdır. Gələn il 100 min hektar sahəyə yeni kanallar çəkilməlidir. Azərbaycanda yeni süd zavodları yaradılmalıdır. Bundan sonra ən azı üç böyük logistik mərkəz lazımdır - Mərkəzi Aran, şimal və cənub zonalarında".

Hazırda 400 hektardan çox sahədə yeni, müasir istixana komplekslərinin yaradıldığını deyən prezident bildirib ki, bu istixanaların böyük hissəsi ixraca hesablanıb və beləliklə, ölkənin ixrac potensialı daha da artacaq.

Ölkə başçısı qeyd edib ki, Azərbaycanda 38 aqroparkın yaradılması prosesi gedir: "Onlardan ikisi artıq fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsi açılıb. Balaxanıda, Masallıda sənaye zonaları, Mingəçevirdə böyük tekstilyönümlü yüngül sənaye zonası, Hacıqabul rayonunda sənaye məhəlləsi yaradılır. Gələn il də bir neçə rayonda sənaye zonalarının yaradılması ilə bağlı praktiki işlər başlanacaq. Bu il 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Gələn il də bölgələrdə təqribən 10-a yaxın fabrik açılacaq. Sumqayıt şəhərində əyirici-boya fabrikinin tikintisi nəzərdə tutulur, bununla həm boyadan, həm də iplikdən xarici asılılığa son qoyulacaq".

"ASAN xidmət" mərkəzlərinin tikintisinin davam etdiyini bildirən İlham Əliyev deyib ki, yaxın aylarda Mingəçevir və Quba şəhərlərində, gələn il isə Şəki və İmişli şəhərlərində yeni mərkəzlər açılacaq.

Prezident bildirib ki, son illər turizm sürətlə inkişaf edir: "Yeni otellərin tikintisi mütləq təmin edilməlidir".

Ölkə başçısı vurğulayıb ki, Strateji Yol Xəritələrinin icrası tam təmin olunmalıdır: "Monitorinq göstərir ki, bəzi qurumlarda Strateji Yol Xəritələrinin icrası 50 faizr, 70 faizr, bəzi qurumlarda isə 10-15 faizdir. Bunun izahatı tələb olunmalı, gecikməyə yol verən qurumlar tezliklə işlərində dönüş yaratmalıdırlar".

Dövlət rəhbəri bildirib ki, sənayenin, kənd təsərrüfatının inkişafı, infrastruktur, Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub Qaz Dəhlizi" layihələrinin icrası, "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənilməsi əsas prioritetlərdir.

Prezidentin müşavirədəki çıxışına, ölkənin hərtərəfli inkişafı ilə bağlı verdiyi mühüm mesajlara münasibət bildirən Milli Məclisin aqrar siyasət komitəsinin sədri, deputat Eldar İbrahimov qeyd edib ki, respublikamız çox böyük inkişaf yolu keçib. O, SİA-ya bildirib ki, ilin 9 ayı ərzində ölkəmizdə qeyri neft sektorunun 2,5, kənd təsərrüfatı 2,8, sənaye 3,1 faiz artıb: "Bütün bunlar Azərbaycanın gündən-günə inkişaf etdiyini göstərir. Digər ölkələrdə qeyri-sabitlik olmasına baxmayaraq, Azərbaycanda sabitlik hökm sürür və bunun nəticəsində də iqtisadiyyatımız inkişaf edir".

E.İbrahimov hesab edir ki, son vaxtlar yaradılan sənaye məhəllələri, aqroparklar kənd təsərrüfatında istehsalın genişləndirilməsinə xidmət edir: "Əsas məqsəd kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, ərzaq təhlükəsizliyini təmin etmək, ixracat məhsullarını artırmaqdır. Əvvəlki illərlə müqayisədə cari ilin 9 ayı onu göstərir ki, Azərbaycanın aqrar sahədə ixracat məhsullarının həcmi getdikcə artır. Bundan başqa, pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq, çayçılıq eləcə də digər sahələr yüksək səviyyədə inkişaf edir. 2003-cü ildən ölkəmizdə kənd təsərrüfatı sahəsinə çox böyük diqqət göstərilir, sərmayələr yatırılır, investisiyalar qoyulur, fermerlərə subsidiyalar, kreditlər verilir. Bundan başqa fermerlərə yanacaq, texnika və gübrə məsələsində çox böyük güzəştlər edilir ki, bunun özü də kənd təsərrüfatı məhsullarının artırılmasında xüsusi rola malikdir".

Kənd təsərrüfatı sahəsinin vergilərdən azad olduğunu xatırladan deputat söyləyib ki, bu sahədə fermerlər yalnız torpaqların uçotu ilə bağlı kiçik vergi ödəyirlər: "Əgər vergilər ləğv edilməsəydi, o zaman hesablamalara fermerlər dövlətə son 10 ildə 1 milyard 600 milyon manat pul ödəməli idilər. Bunun sayəsində bir çox fermerlər öz təsərrüfatlarını genişləndirib, inkişaf etdirə bilib. Nəticədə də ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının artımına səbəb olub".

E.İbrahimov qeyd edib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafının əsas məqsədi Azərbaycanın neftdən asılılığını aradan qaldırmaqdır: "Düzdür, ölkəmiz neft ölkəsidir və neftimizin qiyməti dünya bazarında artır, bu proses gələcəkdə də davam edəcək. Amma biz neftdən imtina edərək, qeyri-neft sektorunun inkişafına önəm veririk. 9 ayın yekunları bu inkişafı bir daha göstərmiş oldu. Qarşımızda duran digər məsələlərdən biri də məhsullarımızın xarici bazara çıxarılmasıdır. Lakin biz burada təkcə kəmiyyətə deyil, keyfiyyətə də önəm veririk. Bununla bağlı Milli Məclisdə qanun qəbul olunub, dövlət proqramlar hazırlanıb. Artıq bölgələrimizdə iri təsərrüfatlar öz bəhrəsini verməkdədir. Elə təsərrüfatlar var ki, orada hər hektarında 55-60 sentner taxıl götürülür. Bütün bunlar göstərir ki, ölkəmizdə istər aqrar, istər sənaye, istərsə də digər sahələrdə çox böyük inkişaf var. 9 ayın yekunları bunu bir daha sübut etmiş oldu".

Ceyhun ABASOV

 





13.10.2017    çap et  çap et