525.Az

Qərb çirkin oyunlarından əl çəkmir


 

"AŞPA-da AZƏRBAYCANLA BAĞLI QƏBUL EDİLƏN SƏNƏDLƏR QƏRƏZLİ, QEYRİ-OBYEKTİVDİR VƏ ÖLKƏDƏ GEDƏN PROSESLƏRİ DÜZGÜN ƏKS ETDİRMİR"

Qərb çirkin oyunlarından əl çəkmir<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamələr ölkə ictimaiyyəti tərəfindən kəskin narazılıqla qarşılanıb, cəmiyyətdə qurumun obyektiv fəaliyyətinə qarşı inamsızlığı daha da gücləndirib.

Bununla AŞPA-nın yeni rəhbərliyi Azərbaycana qarşı əsl simasını, iç üzünü göstərdi. Antiazərbaycan şəbəkəsinin aktiv dəstəkçisi kimi tanınan Avropa Şurası baş katibi Turbyorn Yaqlandın öz himayədarlarından aldığı tapşırığa uyğun olaraq başlatdığı növbəti qarayaxma kampaniyasına AŞPA-nın da qoşulması qurumda erməni maraqlarına işləyən deputatların kök saldığını açıq şəkildə göstərir. Təbii ki, bu dairələrin əsas məqsədi Azərbaycana qarşı mənfi imic yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl yetirməkdir.

Bu mənada qurumda Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" və Alen Desteksin "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" hesabatların dinlənilməsi zamanı AŞPA-nın keçmiş sədri Ann Brassör, parlamentarilər Omtzigt Pyeter, Şvabe Frank və Kristof Ştrasserin ölkəmizə qarşı qərəzli fikirlər səsləndiriməsi öncədən hazırlanmış teatr tamaşasından başqa bir şey deyildi. Məlum xarici çevrələr sanki əksər Avropa dövlətlərində mövcud olan problemləri bir kənara ataraq, Azərbaycanla bağlı məsələləri həll etməyə çalışırlar. Bu təsəvvürü yaratmaqla doğrudanmı, Qərbdəkilər hər kəsi real iş gördüklərinə inandıra biləcəklərini düşünürlər? Görəsən, müstəqil dövlətin daxili işlərinə qarışmağa çalışan bu dairələr unudublarmı ki, Azərbaycanın Dağlıq Qarabağ boyda dərdi, problemi var? Narahatlıq keçirən "söz sahibləri" ilk növbədə erməni vandalizminin qarşısını almaq yollarını axtarmalı, Azərbaycanla bağlı məsələri bu kontestdən araşdırmalı deyillərmi? Lakin AŞPA-da bir çox deputatları öz təsir dairəsinə almağa müvəffəq olan antiazərbaycan şəbəkə təəssüflər olsun ki, elə məhz erməni lobbisi və onların himayədarlarının, sponsorlarının sifarişlərinə tabedir. Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Bəxtiyar Əliyev qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı qəbul edilən sənədlər qərəzlidir, qeyri-obyektivdir və ölkədə gedən prosesləri düzgün əks etdirmir. O, "Trend"ə bildirib ki, Azərbaycanda insan haqları tam qorunur, demokratik təsisatlar normal fəaliyyət göstərirlər və ölkəmiz Avropanın özünə nümunə ola bilər: "Amma çox təəssüflər olsun ki, bəzi dairələr öz maraqlarını təmin etdirmək, Azərbaycana öz şərtlərini qəbul etdirmək üçün bir sıra beynəlxalq qurumlardakı bəzi dairələr vasitəsilə ölkəmizə qarşı təzyiq dilində çirkin kampaniyadan istifadə edirlər ki, Azərbaycan onların şərtlərini qəbul etsin. Ancaq onlar bilməlidirlər ki, Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək.

Dövlətimiz şəffaf, ədalətli, qarşılıqlı hörmət əsasında bütün ölkələrlə əməkdaşlıq edir. Diktə, şərt, qeyri-obyektiv, qərəzli təzyiq ilə Azərbaycan öz siyasətini dəyişməyəcək".

Deputat qeyd edib ki, Azərbaycan ictimaiyyətinin Avropa Şurası ilə bağlı gözləntiləri özünü doğrultmadı, təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə heç bir dəstək vermədi: "Təcavüzkar Ermənistan bu gün də Azərbaycan ərazilərini işğal altında saxlayır, ölkəmizə qarşı soyqırım həyata keçirib və bir milyondan artıq soydaşımızın bütün hüquqlarını tam pozub. Ancaq təəssüflər olsun ki, Avropa Şurası tərəfindən buna heç bir reaksiya verilmir, diqqət yetirilmir".

B.Əliyev əlavə edib ki, Ermənistanda insan haqlarının kobud şəkildə pozulmasına, siyasətçilərin güllələnməsinə baxmayaraq, Avropa Şurası bunlara göz yumur:

"Azərbaycan Avropa Şurasının möhkəmlənməsinə öz töhfəsini verdi, amma qurum Azərbaycanla bağlı heç bir müsbət iş görmədi. Əksinə, Azərbaycana qarşı təşkilat tərəfindən qarayaxma kampaniyası aparılır, ölkəmizə iftiralar atılır. Təəssüflər olsun ki, bu, Avropa Şurasının rəhbərliyi səviyyəsində dəstəklənir və hətta Avropa Şurası rəhbərləri bu çirkin kampaniyaya başçılıq edir. Bu, Avropa Şurasının prinsiplərinə, məqsədlərinə uyğun deyil. Ona görə də əgər Azərbaycan Avropa Şurasını tərk etsə, ölkəmiz bundan heç nə itirmir, amma Avropa Şurası bundan çox şey itirə bilər. Ona görə də düşünürəm ki, bu məsələyə ciddi reaksiya verilməli və Azərbaycanın haqq mövqeyi dəstəklənməli, ölkəmizə obyektiv münasibət olmalıdır".

Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı isə qeyd edib ki, AŞPA-da Azərbaycanla bağlı qəbul olunmuş qətnamələr ölkəmizə qarşı növbəti qarayaxma kampaniyası olmaqla, bu qurumda hüququn tənəzzülünü, ikili standartların yüksəlişini göstərmiş oldu: "Bu gün Azərbaynın əldə etdiyi uğurlar, ölkəmizin istər region, istərsə də qlobal səviyyədə həyata keçiriləcək siyasətin formalaşdırılmasında söz sahibi olması bəzi siyasi qüvvələri narahat edir və ölkəmizə qarşı qara kampaniyalar həyata keçirilir".

A.Səfixanlı əlavə edib ki, müəyyən antiazərbaycan qüvvələrin siyasi sifarişi və subyektiv mülahizələri əsasında hazırlanmış bu sənədləri qəbul etməklə AŞPA bir qurum kimi öz nüfuzunu daha da aşağı salmış oldu. Onun sözlərinə görə, obyektiv, müqayisəli və analitik təhlilə əsaslanmadan, qərəzli iddialar və təsdiq edilməmiş mənbələrə istinadla qəbul edilmiş bu qətnamələr hansı dairədən sifariş olunduğunu və Azərbaycana qarşı qarayaxma məqsədi daşıdığını açıq aydın göstərmiş oldu: "Ümumiyyətlə, tənqid və ya tövsiyə inkişafa xidmət edən amillərdir. Ötən dövr ərzində Azərbaycan üzv olduğu beynəlxalq və regional təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirib, bir çox beynəlxalq müqavilənin iştirakçısı olmaqla milli qanunvericiliyini tam təkmilləşdirib. Bu gün də Azərbaycan BMT-nin müqavilə qurumları və digər beynəlxalq və regional təşkilatlar tərəfindən təqdim olunan təklif və tövsiyələrə diqqətlə yanaşaraq bu sahədə müəyyən addımlar atır. Bununla bağlı geniş məlumata ölkəmizin müqavilə qurumlarına təqdim etdiyi hesabatlara nəzər yetirməklə əldə etmək olar. Bütün bunlar Azərbaycanın hər hansı beynəlxalq və ya regional təşkilatla əməkdaşlığı naminə deyil, dövlətimizin maraqları, onun daha da demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə həyata keçirilir. Amma əgər beynəlxalq və ya regional təşkilat tərəfindən qəbul edilən və "tövsiyə" xarakteri daşıyan qətnamələr obyektiv reallıqdan uzaqdırsa, ikili yanaşma sərgiləyirsə, çirkli siyasi məqsədlərə xidmət edirsə və dövlətə qarşı təyziq vasitəsi kimi istifadə edilirsə, qəbul olunan sənədi dəyərsiz etməklə bərabər, sənədi qəbul edən qurumun nüfuzunu da aşağı salmış olur. Azərbaycan müstəqil, güclü dövlətdir, özünün daxili və xarici siyasət prioritetləri var və bu kimi sənədlərlə Azərbaycana təzyiq göstərmək mümkün deyil".

Deputat Bəxtiyar Sadıqov isə bildirib ki, Azərbaycanın müstəqil siyasət yürütməsi, ancaq öz milli maraqlarını öndə tutması antiazərbaycan şəbəkəni, o cümlədən, bir sıra dövlətləri, qrupları qane etmir: "Bu gün Avropa Şurasının Parlament Assambleyasında Azərbaycanla bağlı qəbul edilən sənədlər də məhz ölkəmizin müstəqil siyasət aparmasını istəməyən qüvvələrin əməlidir”.

Deputatın sözlərinə görə, bu cür sənədlərin qəbul edilməsinin digər səbəbi də həmin qüvvələrin Azərbaycana başqa üsulla təsir və təzyiq edə bilməməsidir: "Avropa Şurasına üzv olduğumuz dövrdə bu qurum bizə hansı problemlərimizin həllində kömək göstərib? Onlar ancaq Azərbaycandan tələb ediblər. Artıq tövsiyəsi də əmr formasına keçir".

Deputat deyib ki, AŞ PA belə sənədlərlə heç nəyə nail ola bilməyəcək: "Azərbaycan müstəqil dövlətdir, öz yolu ilə gedir. Bu cür qərəzli sənədlər qəbul edib ölkəmizə təzyiq göstərmək mümkün deyil".

Deputat Elman Məmmədov da hesab edir, AŞPA-da üzvlük müddətində mütəmadi olaraq bu qurumun haqsız təzyiq və tələbləri ilə üzləşib: "Bugünlərdə AŞPA-da qəbul olunan sənədlər də həmin təzyiqlərin kulminasiya nöqtəsidir".

E.Məmmədov bildirib ki, uzun illərdir Avropa Şurası İslama, müsəlman ölkələrinə qarşı düşmən mövqe nümayiş etdirir: "Müsəlman dövləti deyəndə bunların fikrindən ancaq bir şey keçir - qarışıqlıq, qeyri-stabillik, münaqişələr, müharibələr, parçalanma, aclıq, dövlət çevrilişləri. Onlar müsəlman dövlətlərini ancaq belə görmək istəyirlər. Bu gün müstəqil siyasət aparan, beynəlxalq aləmdə nüfuzu, hörməti, hərbi potensialı gündən-günə artan Azərbaycan onların xoşuna gəlmir".

Deputat qeyd edib ki, AŞPA bu cür sənədlər qəbul etməklə heç nəyə nail ola bilməyəcək: "Bu gün daha çox Avropanın Azərbaycana ehtiyacı var. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyi layihələrində iştirak edir. Qərb bundan nəticə çıxarmalıdır. Guya biz Avropa Şurasının üzvü olmasaq, dövlət kimi mövcud ola bilməyəcəyik?! Nə sənəd qəbul edirlər etsinlər, sonda özləri peşman olacaqlar".

Ceyhun ABASOV

 





13.10.2017    çap et  çap et