525.Az

Əbülfəs Qarayev: "II Şopinq Festivalı turist axınını daha da artıracaq"


 

FESTİVALDA MÜŞTƏRİLƏR DÜNYA BRENDLƏRİNƏ MƏXSUS GEYİM, ELEKTRONİKA, MƏİŞƏT TEXNİKASI, MEBEL, ƏTRİYYAT VƏ KOSMETİKA, ELƏCƏ DƏ DİGƏR MƏHSULLARI BAKIDA YERLƏŞƏN 400-dən ÇOX MAĞAZADAN XÜSUSİ KAMPANİYA VƏ ENDİRİMLƏRLƏ ƏLDƏ EDƏ BİLƏCƏKLƏR

Əbülfəs Qarayev: "II Şopinq Festivalı turist axınını daha da artıracaq"<b style="color:red"></b>

Dünən II Bakı Şopinq Festivalı ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Vergilər nazirinin müavini Sahib Ələkbərov, Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova jurnalistlərə festivalla bağlı məlumatlar veriblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, I və II şopinq festivalları arasında həm mövsüm, həm də təbliğat baxımından müəyyən fərqlər olacaq. O deyib ki, II Şopinq Festivalı Azərbaycana turist axınını stimullaşdıracaq: "Birinci Bakı Şopinq Festivalı bu ilin 10 aprel - 10 may tarixlərində keçirilib. Onunla müqayisədə İkinci Şopinq Festivalının iştirakçılarının sayı artıb. Əgər Birinci Şopinq Festivalında tərəfdaş qismində çıxış edən müəssisələrin sayı 33 idisə, budəfəki festivalda 111 olacaq. Bu da üç dəfə artım deməkdir. Ötən festivalda əlavə dəyər vergisini cəmi 72 şirkət qaytarmışdı. Budəfəki festivalda isə 467 müəssisənin əlavə dəyər vergisini qaytarması nəzərdə tutulur. Festivala ümumilikdə 578 müəssisə qatılacaq. Qaydalar necə var, elə də qalacaq. Festival cəlbedici təkliflər və geniş miqyaslı təbliğat vasitəsilə ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır.

Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Statistika ümidvericidir. Ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayı 25 faiz artıb. Ötən ilin sentyabr ayı ilə müqayisədə isə bu ilin sentyabrında turistlərin sayında 7 faiz artım müşahidə olunur. Bu ilin 8 ayında Azərbaycana gələn turistlərin nağdsız ödənişləri 703 milyon manatı ötüb. Nağdsız ödənişlərin stimullaşdırılması olduqca önəmlidir. Azərbaycana gələn turistlərin xərclədikləri vəsait xarici ölkələrə üz tutan azərbaycanlıların xərclədikləri vəsaitdən çox olub. Biz bununla bağlı təhlil apardıq, nəticədə 100 milyon manatlıq müsbət saldo yarandı".

Ə.Qarayev qeyd edib ki, ilk dəfə II Şopinq Festivalında supermarketlər və apteklər də iştirak edəcək: "Supermarketlərə gəlincə, ƏDV-nin qaytarılmasının ərzaq məhsullarının alışına aidiyyəti olmayacaq".

Nazir qeyd edib ki, budəfəki şopinq festivalı çərçivəsində ilk dəfə xüsusi turpaketlər təqdim ediləcək: "II Bakı Şopinq Festivalı aviabilet, transfer, sığorta, hoteldə qalma, həmçinin mağazalara şopinq turların təşkilinin daxil olduğu turpaketlər təqdim edəcək".

Ə.Qarayevin sözlərinə görə, ötən festivaldan fərqli olaraq, bu dəfə xüsusi dəvət olunmuş ulduzlar olmayacaq: "Bakı Şopinq Festivalı ilə eyni vaxtda caz festivalı keçiriləcək. Buna görə də xarici ulduzların dəvətinə ehtiyac görmədik. Turistlərin stimullaşdırılması üçün lotereyalar da keçiriləcək, Fəvvarələr meydanında isə festivalın fan-zonası fəaliyyət göstərəcək".

Nazir bildirib ki, festival çərçivəsində xüsusi mükafatlar təsis ediləcək. Bu da alış-verişin əhəmiyyətini artıracaq. "Gələcəkdə keçiriləcək növbəti festivallarda ölkəmizə gələcək turistlər üçün xüsusi imtiyaz kartının hazırlanması da nəzərdə tutulur", - deyə Ə.Qarayev diqqətə çatdırıb.

Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, əvvəlki festivalla müqayisədə Əlavə Dəyər Vergisi (ƏDV) köşklərinin də sayı artıb: "Bu dəfə 7 ƏDV köşkü fəaliyyət göstərəcək.

Hazırda qeydiyyat prosesi qaydasında gedir. Bu festivalın təşkili üçün Vergilər Nazirliyi müvafiq iş rejimində çalışacaq. Nazirliyin 30 əməkdaşı iki növbədə işləyəcək. Bir sözlə, Vergilər Nazirliyi operativ olaraq II Şopinq Festivalına tam hazırdır".

Qeyd edilib ki, Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), "ASAN Xidmət" və "AzərTürkBank"dır.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova bildirib ki, İcra Hakimiyyəti yalnız şəhər əhalisinin deyil, həm də ölkəmizin digər bölgələri və xarici ölkələrdən festivalda iştirak etmək üçün şəhərimizə gələn qonaqların rahat hərəkətini təmin etmək istiqamətində lazımi bütün tədbirləri həyata keçirir.

Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova qeyd edib ki, II Şopinq Festivalında müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Üstəlik, həmin mallara "Tax Free" imkanı təqdim olunacaq: "Baku Shopping Festival - Tax Free" nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların ƏDV-sinin müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər. ƏDV qaytarılması yalnız "Baku Shopping Festival - Tax Free" nişanı olan mağazalarda mümkündür. Nişan olmayan mağazalarda "Tax Free" sistemi tətbiq olunmur.

Bakıda yerləşən və üzərində Bakı Şopinq Festivalının loqosu olan bütün mağaza, restoran və digər obyektlər festivalda iştirak edir. Sözügedən mağaza və restoranların siyahısı və ünvanları festivalın rəsmi saytında yerləşdiriləcək".

Şahanə MÜŞFİQ

 





13.10.2017    çap et  çap et