525.Az

Sosiallaşmanın acı meyvəsi: yalnızlığa məhkumluq


 

Sosiallaşmanın acı meyvəsi: yalnızlığa məhkumluq<b style="color:red"></b>

Gizlilik. Bəlkə də ən mənalı sığınacaq elə budur. Yaşadığımız çağ internet və görüntü çağıdır. Gör və görün. Yeni dünya nizamında insanlar bir-birinə artıq “gəl, görüşək” demək əvəzinə, artıq “gəl görüntüləşək” deyir. Müşahidə edən və müşahidə olunana çevrildik. Sosial şəbəkələr bolluğudur. “Facebook”, "Twitter”, “Youtube” və s. Sosial şəbəkələrin istifadəçiləri hər gün bir az daha artır. İnsanlar ödənişsiz olan bu şəbəkələrə dəli kimi hücum edirlər. Real həyatlarında güvənəcəkləri dostları bir yana, "salam–sağ ol" edəcəkləri bir-iki yoldaşı belə olmayan insanlar, sosial şəbəkələrdə qabaqlarına gələni dost siyahılarına əlavə edərək bu siyahını qabartma və bununla öyünmə yarışına qatılıblar.

İnternetin həyatımıza girməsiylə millət olaraq əvvəl bir duruxduq, sonra da ondan faydalanmağın yollarını axtarmağa başladıq. Amma təəssüf ki, elə bu nöqtədə bəzilərimizin real həyatla bağları qopdu, iradə zəifliyi olanlarımız virtual aləmdə itib-batdı.

İnternet, çağımızın ən böyük kəşfi olsa da, millət olaraq hər şeydə olduğu kimi ondan da sui-istifadə etməyi bacardıq. Avropaya yönəlməyə başladığımız illərdən etibarən elmini, yaxşı istiqamətlərdəki davranışlarını örnək götürəcəyimizə, mədəniyyətini, əxlaqını, qanunlarını götürüb yüz illərdir meydana gətirdiyimiz dəyərlərimizin vayını bir anda oturtduğumuz kimi internet “nemətini” də məqsədinin xaricində ağlımıza gələn sahələrdə istifadə edərək olan- qalan bir neçə damla dəyərimizi də beləcə xərcləməkdəyik. Kəndlərdə yüzlərlə insan bir-birini tanıdığı halda şəhərlərdə üst mərtəbədəki qonşusu bir tərəfə qapıqonşusunu belə, tanımır. Səmimiyyət, ünsiyyət də elektronlaşıb. Cəmiyyətdə robotlaşma gedir, öz də kütləvi surətdə.

İnsanlar ictimailəşmə ehtiyacını da virtual aləmdə ödəməyə can atır. Dostu, yoldaşı, sevgilini yenə bu mühitlərdə tapmağa çalışırıq. Bir tərəfdən qapıqonşusuna salam verməyən insanlar, Avropada, Asiyada, dünyanın dörd bir tərəfində yaşayan heç tanımadıqları insanlarla əlaqə qurmaqdan ötrü sino gedirlər. Və nəhayətdə, ən yaxındakılara uzaq, ən uzaqdakılara "yaxın" olduğumuz, virtual, məsafəli, dadsız-duzsuz bir həyat meydana gəlir.

Bir də ictimailəşməyi şişirdən "sonradangörmə"lər var. Bunları görüncə insanın (ürəyiniz bulanmasın) ürəyi bulanır. Yarıçılpaq fotoşəkillərlə məhrəm yerlərini bəyənilməyə, facebook dili ilə desək, “like”a çıxardan “ağbirçəklər”, hardasa 9 aylıq hamiləlik dövrünü də sosial şəbəkələrdə keçirən, hamiləliyini yüzlərlə insanın gözünə soxan, bəlkə kompüter başında ağrısı tutub doğum evinə çatdırılan, doğumdan cəmisi yarım sutka sonra “doğum evindən salamlar” deyə məlumat paylaşan, az qala həyat yoldaşları ilə yaşadıqları məhrəm anlarını izah edən ev xanımlarını, gün içində etdikləri hər şeyi xüsusi bir qəhrəmanlıq kimi yazan , “salam, millət”, “bu gecə çox darıxıram”, kimi paylaşımlar edən asosial nümayəndələrini görəndə avropalılardan üzr istəməyim gəlir. Axı "avropalaşmaq" bu əsrin bizim ölkəmizdə ən dəbdə olan "inkişaf üsulu"dur. Bir də intellektual görünməyə çalışanlarımız, real həyatda iki eşşəyin arpasın bölməkdə çətinlik çəkib, sosial şəbəkələrdə adama dərs keçməyə girişənlərimiz, bir-iki xarici ədib adı, beş-altı fəlsəfi cümlə əzbərləyib dahilik nümayişinə çıxanlarımız, seriallarla , maqazin proqramları ilə maraqlanmaqdan vaxtı qalmayan, Azərbaycan ərazisinin neçə faizinin işğal edildiyindən xəbəri olmayan, amma sosial şəbəkədə "vətən, millət" deyib şivən salanlarımız, ümummilli sevincimizi və kədərimizi normal yaşamağa imkan verməyənlərimiz də az deyil.

Bu asosialların yanında virtual aləmdə şəxsiyyətlərini itirib real aləmə heç cürə uyğunlaşa bilməyən, saatlarını deyil, ömürlərini orada keçirən qəribə varlıqlar da var, amma onları sətirlərimə daşımağı lazım bilmirəm. Allah onları islah etsin.

Bizim məmləkətin adamlarının avropalaşmağa olan meylinin ilkin cücərtilərinin yaranması ilə başlayan ictimai pozulma texnologiyanın inkişafıyla daha da sürətləndi. Texniki inkişaflar bir tərəfdən həyatımızı asanlaşdırarkən, digər tərəfdən bizi ən yaxınlarımızdan belə soyudub, sıxlıq içərisində müəmmalı bir yalnızlığa məhkum etdi. Yalnızlıq və məhkumluq! Hər ikisi ağırdır. Ancaq ikisi birdən lap dözülməz deyilmi?! 

 





02.10.2012    çap et  çap et