525.Az

Naxçıvanda dövlət qulluqçuları üçün miqrasiya problemi ilə bağlı təlim


 

Naxçıvanda dövlət qulluqçuları üçün miqrasiya problemi ilə bağlı təlim<b style="color:red"></b>

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 2013-cü ildən ölkəmizdə icra edilən  “Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sisteminin keyfiyyətinin artırılması” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, layihənin əsas məqsədi Şərqi Avropa və Cənubi Qafqazda  sığınacaq  sisteminin, habelə qaçqınların beynəlxalq müdafiəsinin keyfiyyətinin artırılması və inkişaf etdirilməsi, qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı qərar qəbuletmə keyfiyyətinin regional yanaşma vasitəsilə yaxşılaşdırılmasından ibarətdir.
 
Layihə çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə 10-13 noyabr tarixlərində Naxçıvan şəhərində miqrasiya və sərhəd idarəçiliyinə cəlb olunmuş dövlət qurumlarının əməkdaşları üçün regional təlim keçirilib.

Tədbirə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının, hüquq-mühafizə orqanlarının, muxtar respublikası üzrə icra hakimiyyətlərinin, habelə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin nümayəndələri və hakimləri də qatılıblar.  Tədbirdə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis çıxış edib. O, doğma diyarlarından didərgin düşmüş şəxslərin vəziyyəti, qarşılaşdıqları problemlər, rəhbərlik etdiyi qurumun mandatına uyğun olaraq sığınacaq axtaran şəxslərə yönəlik fəaliyyətlər, habelə bu şəxslərin hüquqlarının təmin olunması məqsədilə sərhədi keçdikdən sonra müvafiq xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və birgə əməkdaşlığın vacibliyindən danışıb.

Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova müvafiq məruzə-təqdimatla çıxış edərək, müasir beynəlxalq hüquqda insan hüquqları və miqrasiya problemlərinin əsas xüsusiyyətləri, habelə Azərbaycan Respublikasında miqrantların insan hüquqlarının təmini sahəsində həyata keçirilmiş hüquqi islahatlar, ombudsmanı Elmira Süleymanovanın qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyəti barədə məlumat verib. T. Cahangirova qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət etmiş şəxsin hüquqlarının milli və beynəlxalq qanunvericiliyə uyğun təmin edilməsi, bununla bağlı tətbiq olunan prosedur qaydalarının təkmilləşdirilməsi, həmçinin insan alveri cinayətlərinin profilaktikası məqsədilə Ombudsman təsisatı tərəfindən davamlı maarifləndirmə işinin aparıldığını nəzərə çatdırıb.
 
Qeyd edilib ki, ombudsman və Milli Preventiv Qrupunun üzvləri  mütəmadi olaraq Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlama Mərkəzlərinə baş çəkərək, orada saxlanılan şəxslərin vəziyyəti ilə maraqlanır, ehtiyacı olanlara ombudsmanın səlahiyyətləri çərçivəsində kömək göstərilir. Eyni zamanda səlahiyyətli dövlət orqanlarına təkliflər verilir. T.Cahangirova qeyri-leqal miqrasiyanın qarşısının alınması məqsədilə sərhədi qanunsuz keçən miqrantların yerlərinin müəyyən edilməsi, ayrı-ayrı informasiya kampaniyaların təşkili də daxil olmaqla, buraxılış məntəqələrinə və vizaların verilməsi prosesinə nəzarətin gücləndirilməsi, o cümlədən sığınacaq sisteminin inkişaf etdirilməsi sahəsində ölkədə fəaliyyət göstərən dövlət orqanları, beynəlxalq təşkilatlar, QHT-lər və icmalarla birgə əməkdaşlığın vacibliyini vurğulayıb.
 
Dövlət Miqrasiya Xidmətinin idarə rəisi Nazim Salmanov sığınacaq axtaran şəxslərin hüquqi vəziyyəti, ümumilikdə qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı prosedur qaydaları məlumat verib. N. Salmanov Azərbaycanın hazırda miqrantların mənşə ölkəsindən təyinat ölkəsinə çevrildiyini qeyd edib.
 
Təlim çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrantların Müvəqqəti Saxlanılması Mərkəzinə, Şahtaxtı, Sədərək və Culfa sərhəd buraxılış məntəqələrinə, həmçinin qaçqın ailələrinin məskunlaşdığı Sədərək rayonunun Heydərabad qəsəbəsinə baş çəkilib.

 





14.10.2017    çap et  çap et