525.Az

Putin MDB-ni gücləndirmək istəyir: “Bu, Rusiya üçün vacib formatdır”


 

“MOSKVANIN SƏYLƏRİNƏ BAXMAYARAQ, MDB-ni İŞLƏK TƏŞKİLATA ÇEVİRMƏK MÜMKÜN DEYİL”

Putin MDB-ni gücləndirmək istəyir: <b style="color:red">“Bu, Rusiya üçün vacib formatdır”</b>

“Rusiya pezidenti Vladimir Putin MDB-ni gücləndirmək istəyir. Təsadüfi deyil ki, Soçidə prezidentlər MDB-nin strukturlarının effektivliyini artırılması barədə müzakirə aparıblar. Bundan başqa, toplantıda üzv dövlətlər arasında ticarətin artırılması və investisiya əlaqələrinin dərinləşməsi də müzakirə edilib”.
 
Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Rusiyanın Soçi şəhərində Müstəqil Dövlət Birliyi (MDB) ölkələrinin dövlət başçıları və xarici işlər nazirlərinin görüşüylə bağlı fikirlərini bildirərkən deyib. O bildirib ki, Gürcüstan 2008-ci ildə Rusiya ilə müharibədən sonra MDB-dən çıxıb: “Ukraynanın iştirakı simvolik mahiyyət daşıyır. Rusiya 2004-cü ildə Krımı işğal etdikdən sonra Ukrayna prezidenti və xarici işlər naziri MDB-nin toplantılaırnda iştirak etmirlər. Buna baxmayaraq, MDB-də fəaliyyətini gücləndirən ölkələr də var. Bu Özbəkistan və Türkmənistandır. Bu, iki dövlət keçmiş illərdə MDB-nin toplantılarına maraq göstərmirdilər. Bu iki dövlətdə hakimiyyətə yeni prezidentlər gəldikdən sonra Daşkəndin və Aşqabadın MDB-yə marağı artıb. Halbuki keçmiş illərdə həm Özbəkistan, həm də Türkmənistan xarici siyasətdə “bloklara qoşulmamaq” siyasətindən çıxış edir və bir çox hallarda MDB toplantılarında qatılmırdı”.

Politoloqun sözlərinə görə, MDB ilə bağlı digər maraqlı məqam ondan ibarətdir ki, illərdir MDB-nin İcraiyyə Komitəsinin sədri vəzifəsini Rusiya təmsilçiləri daşıyırlar: “Hazırda İcraiyyə Komitəsinin sədri Sergey Lebedevdir. O, 2007-ci ildən bu vəzifədədir. Bundan əvvəl də sədrlər Rusiyanı təmsil edirdilər: Boris Berezovski, Yuri Yarov, Vladimir Ruşaylo. Görünür, Moskva MDB üzərindən nəzarəti əlində saxlamaq üçün başqa ölkənin təmsilçisinin İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmasını istəmir. Halbuki Moskvanın müttəfiqi Astana belə sədrlikdə rotasiya prinspinin həyata keçirilməsinə tərəfdardır”.

E.Şahinoğlu qeyd edib ki, Moskvanın səylərinə baxmayaraq, MDB-ni işlək təşkilata çevirmək mümkün deyil: “Çünki üzv dövlətlərinin fərqli maraqları var. Bu təşkilatı hətta Rusiyanın iki yaxın müttəfiqi - Qazaxıstan və Belarus da tənqid edir. Məsələn, Soçi görüşündə Qazaxıstan nümayəndə heyəti təşkilatın ciddi islahatlara ehtiyacı olduğunu bildirib, bir-birini təkrarlayan strukturların çox olduğu vurğulayıb. Belarus prezidenti Aleksandr Lukaşenko isə MDB Parlamentlərarası Assambleyanın işinin faydasız və lazımsız olduğunu bildirib. O, fikrini belə əsaslandırıb ki, bu strukturun işi nəticə vermir, ona görə də assambleyaya pul ayrılması doğru deyil. Onun bu fikrinə Qazaxıstan prezidenti Nursultan Nazarbayev də dəstək verib”.

Mərkəz sədri hesab edir ki, MDB-nin Soçi toplantısı heç bir nəticə verməyib: “Azərbaycanla Ermənistanın MDB-də əməkdaşlıq edəcəyini gözləmək olmaz. Və ya Rusiyanın bölgədə həyata keçirdiyi xarici və təhlükəsizlik siyasəti MDB ölkələrinin də gizli narahatlığına səbəb olur. Bu arada, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili deyib ki, Rusiyaya qarşı ümumi strategiya hazırlanmalıdır. Gürcüstan prezidenti bu təşəbbüsünü belə əsaslandırıb ki, Rusiyanın siyasəti qonşu dövlətlərə təhlükə yaradır. Ona görə də bu təhlükədən qorunmağın yolu beynəlxalq aləmin Rusiyaya qarşı ortaq siyasəti formalaşdırmasıdır”.

Politoloqun fikrincə, Rusiyaya qonşu olan ölkələr Gürcüstan prezidentinin təşəbbüsünə qoşulmayacaqlar: “Bir sıra ölkə Rusiyanın siyasətindən ehtiyatlansa da, onunla münasibətləri korlamaq istəmir. Ancaq Giorgi Marqvelaşvilinin sözlərində həqiqət var. Rusiya keçmiş SSRİ-yə bənzəyir. Moskva onun siyasətini qəbul etməyən qonşularına qarşı təzyiq siyasəti həyata keçirir, separatçılara dəstək verir və lokal müharibələrdə iştirak edir. Yaxın illərdə Rusiyanın bu siyasəti dəyişməyəcək. MDB Rusiya üçün vacib formatlardan biridir. Elə digər dövlətlər də MDB formatından öz məqsədləri üçün istifadə edir, bir sıra mövzuları müzakirə etmək məqsədilə təşkilatın imkanlarından yararlanırlar”.

Ceyhun ABASOV

 





14.10.2017    çap et  çap et