525.Az

Zamanın sınağından alnıaçıq, üzüağ çıxan “525-ci qəzet” - "525"-25


 

Zamanın sınağından alnıaçıq, üzüağ çıxan “525-ci qəzet” - <b style="color:red">"525"-25</b>

Azərbaycan mətbuatının çətin, keşməkeşli, həm də media bolluğu dövründə 525-ci olaraq parladı. Əslində, bu rəqəm kifayət qədər say göstəricisi demək idi, amma çox qısa müddət ərzində ön sıraya keçməyi bacardı.

“525-ci qəzet” ilk addımını atan gündən öz yolunu düzgün müəyyənləşdirib və tarazlığını itirmədən yubiley saylarını artırmaqda davam edir. Obyektiv münasibəti qorumaq, düzə düz, əyriyə əyri demək  bütün dövrlərdə olduğu kimi, indi də qəzetin əsas qayəsini təşkil edir. “525-ci qəzet”in bu səviyyəyə yüksəlməsində heç şübhəsiz ki, başda dəyərli insan, istedadlı yazar, bacarıqlı redaktorun, eləcə də peşəkar və yaradıcı kollektivin olması müstəsna rol oynayıb. İndi qətiyyətlə demək olar ki, ötən 25 illik fəaliyyəti ərzində qəzetin kollektivi zamanın sərt sınaqlarından alnıaçıq, üzüağ çıxmağı bacarıb. Bununla da, Azərbaycan mətbuatı tarixində öz yeri, dəsti-xətti və xüsusi çəkisi olan “525-ci qəzet” 25 illik fəaliyyəti dövründə çox şərəfli bir yol keçib. Cəmiyyətin bütün təbəqələrinin masaüstü media orqanına çevrilmiş “525-ci qəzet”  respublikamızın ictimai-siyasi, mədəni və sosial həyatını geniş oxucu auditoriyası üçün obyektiv işıqlandırıb, təhsil və mədəniyyət işçilərinin, elm xadimlərinin sevimli mətbuat orqanına və onların səsini ictimaiyyətə çatdıran tribunaya çevrilib. Bütövlükdə xalqın maraqlarını ifadə etmək, maarifçiliyə, milli özünüdərkə xidmət etmək missiyası bu qəzetin ənənəvi iş prinsiplərindən hesab olunur. Qəzet Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatında baş verən hadisələri dolğun işıqlandırması, dövlətimizin apardığı uğurlu daxili və xarici siyasəti obyektiv qiymətləndirib xalqa düzgün çatdırması, dərin analitik yazıları, sanballı araşdırmaları ilə fərqlənərək  xalqın sevgisini qazana bilib.

Milli simanı müəyyən edən cəhətlərin tərənnümünə böyük yer ayıran “525-ci qəzet” mətbu sözün məsuliyyətini dərindən dərk edən və jurnalistikanın şərəfli ənənələrini yaşadan qəzet kimi davamlı olaraq milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsində əvəzsiz xidmətlər göstərib. “525-ci qəzet” ədəbiyyatın, mədəniyyətin, mənəviyyatın birləşdirici missiyasına sadiq qalaraq oxucunun mədəni-mənəvi maraqlarını nəzərə almaqla ilk növbədə ziyalıların və yaradıcı gəncliyin böyük rəğbətini qazanıb.

Kənar  təsirlərdən azad, müstəqil qəzet yaratmaq və yaşatmaq, cəmiyyətin güzgüsünə çevrilmək elə də asan məsələ deyil. Bu missiyanı yerinə yetirmək böyük zəhmət, gündəlik axtarışlar tələb edir. Rəşad Məcidin baş redaktor və Azərbaycan Yazıçılar Birliyinin katibi kimi geniş ədəbi-ictimai fəaliyyəti, yaradıcı gənclərin qayğısına qalması, oxucuların cəmiyyətdə düzgün yönəldilməsi istiqamətindəki fəaliyyəti məhz  “525-ci qəzet”i daha etibarlı tribunaya çevirib. Bu qəzet həm də Azərbaycan mətbuatında bir məktəb rolunu oynayır. Hazırda “525” məktəbini  keçmiş kifayət qədər media əhli var ki, yerli və xarici kütləvi informasiya vasitələrində çalışırlar. 

“525-ci qəzet” fəaliyyəti dövründə şərəfli bir yol keçmiş, xalqımızın yüksəlişinə və tərəqqisinə, Azərbaycan dövlətçiliyinə xidmət edib, istiqlaliyyətimizin tərənnümçüsünə çevrilib, xalqımızın milli mənlik şüurunun formalaşmasında  əvəzsiz rol oynayıb. Əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağın işğalı nəticəsində yaranmış problemlər, doğma torpağında qaçqına və məcburi köçkünə çevrilən soydaşlarımızın ehtiyacları, onların kütləvi surətdə pozulmuş hüquq və azadlıqlarının müdafiəsi həmişə qəzetin işıqlandırdığı mövzulardan olub. Ümumilikdə “525-ci qəzet”, öz amalına, əqidəsinə sadiq qalaraq dövlətçiliyimizin, xalqın mənafeyinin keşiyində durub, milli həmrəyliyə xidmət edib, mətbu sözün dəyərini uca tutub. İndinin özündə də milli jurnalistikamızın zəngin ənənələrini davam etdirən qəzet ölkəmizdə baş verən ictimai-siyasi prosesləri, hüquqi dövlət quruculuğunda qazandığımız nailiyyətləri, ölkəmizdə insanların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülmüş işləri  öz səhifələrində obyektiv işıqlandırmaqda davam edir.

“525-ci qəzet” müasir ədəbiyyatımızın, mədəniyyətimizin müxtəlif cərəyanlarını, fərqli yazarların və sənət adamlarının yaradıcılığını dolğun əks etdirir. Xüsusən, gənclərin yaradıcılıq potensialının üzə çıxması, onların düzgün istiqamətə yönəldilməsi sahəsindəki fəaliyyəti təqdirəlayiqdir. Qəzet Rəşad Məcidin özünün aurasından, mənsub olduğu ədəbi cəmiyyətdən formalaşan bir dərgiyə - ədəbiyyat dərgisinə çevrilib. Tam əminliklə demək mümkündür ki, “525-ci qəzet” ədəbi materiallarının dəyərinə, əhatəsinə və aktuallığına görə öncüllər sirasında gedir. Çünki qəzetin yaradıcı kollektivi hər şeydən əvvəl Azərbaycan jurnalistikasına, ədəbiyyatına, ədəbiyyatşünaslığına, mədəniyyətinə, incəsənətinə, dilçiliyinə layiqincə xidmət edib, Azərbaycan jurnalistikasının milli ənənələrinə sadiq qalıb.

Bu əlamətdar 25 illik yubiley  münasibətilə qəzetin kolletivini ürəkdən təbrik edir və sonsuz məhəbbətimi, rəğbətimi bildirirəm.  “525”-ci qəzet”in baş redaktoru Rəşad Məcidə, onun dəyərli və zəhmətkeş kollektivinə  bu çətin və şərəfli yolda  yeni-yeni  yaradıcılıq uğurları arzu edirəm. Yolunuz nurlu, qələminiz iti, qələbəniz əbədi olsun!

 

 





16.10.2017    çap et  çap et