525.Az

Biz necə mütaliə edirik...


 

Biz necə mütaliə edirik...<b style="color:red"></b>

Şairlə parkda rastlaşdım. Rəngarəng gül-çiçəyə heyranlıqla tamaşa edir, ağacın budağında şən-şən ötən qumrunun nəğməsini dinləyirdi.
 
Təbiətin gözəlliyinə o qədər dalmışdı ki, qarşısında dayandığımın fərqində deyildi. Handan-hana baxışlarımız qarşılaşdı və “baho, kimi görürəm” deyə adəti üzrə məni qucaqlayıb bağrına basdı. Hal-əhvaldan sonra bağdakı çayxananın bir küncündə əyləşdik. Dostum rayonun kənd təsərrüfatı ilə bağlı idarələrin birində kiçik vəzifə tutsa da, hamı onu ustad şair kimi tanıyır. Şəxsi avtomobili ilə digər bir şairi şəhərdə keçiriləcək tədbirə gətirib. Tədbir bitənəcən onu gözləməlidir ki, bir yerdə rayona qayıtsınlar.

Bir neçə gün əvvəl mərkəzi mətbuatda dərc olunmuş şeirlərinə görə təbrik etdim. Həqiqətən, çoxdandı ki, belə şeirlər oxumamışdım. Qəlbimi cuşa gətirən bu şeirlər məni yenidən çoxdan üz döndərdiyim poeziya aləminə qaytarmışdı. Feysbukda dostlarla paylaşmışdım, onlar da bəyənmişdilər. Rayonun ədəbi ictimaiyyətinin bu şeirlərə reaksiyası ilə maraqlandım. Dedi ki, rayonda qəzet köşkü olmadığından ədəbi ictimaiyyət də yoxdur, abunə isə məhdud saydadır. Ona görə heç kimdən reaksiya gözləmir. Özü isə qəzeti şəhərdən alıb.

- İlk oxucum kimi qəzeti həyat yoldaşıma göstərdim, şəklimi görüb gülümsədi, şeirlərin həcminin çoxluğu isə çöhrəsinə nur saçdı:

- Maşallah-maşallah, bu qədər şeirə görə nə qədər qonorar verəcəklər?

Gördüm, desəm heç nə qədər, arvad dilxor olacaq, odu ki, ağlıma gələn ilk rəqəmi söylədim:

- Bir manat qırx qəpik!

Arvadın dərhal qəzetdən üzü döndü və “ondan ötrü gözünü xarab eləməyə dəyərmi” deyə küskün baxışlarını “xarab olmuş” gözlərimdən çəkdi.

Həyat yoldaşım alisavad olmasa da, qonorar məsələsində yüksəkixtisaslı mütəxəssisdir. Keçmiş əyyamlarda aldığım qonorarlardan xəbəri vardı. Düzünü deyim ki, həmin qonorar maaş kimi çox işimizə yarayırdı. İndi də ağlı o əyyamlara getmişdi. Qəzeti işə aparmadım ki, şeirləri oxuyub onların qonorar üçün yazılmadığını anlayacaq. Axşam işdən dönəndə qəzet gözümə dəymədi. Məlum oldu ki, üzərində soğan-pencər təmizləyib, sonra da bibərin kötüyünü büküb atıb.

Özümü təmizlik qutusuna o vaxt çatdırdım ki, tanış komxoz işçiləri, qutuları maşına boşaldır. Onlarla birgə qutuları eşələyib qəzeti tapdıq. Əzik-üzük olsa da, cırılmamışdı. Evə gətirib çirkini-pasını silərək ütülədim və ertəsi gün idarəyə apardım.

İş yoldaşım şeirlərimə göz gəzdirib əsnədi, candərdi bir “super” dedi və yatdı. Ayılanda onu əlavə etdi ki, sıralamanı nəzərə alaraq belə şeirləri birinci, ikinci, patoloku onuncu, onbirinci qəzetlərə, bəd ayaqda “İnşaatçı” qəzetinə göndərim, ta “525-ci qəzet”də nənəmin də şeiri çıxar...

Şöbə müdiri rəisin yanına öz rəyi ilə gedib rəisin rəyi ilə geri dönən adamdı. Odur ki, şeirləri oxuyandan sonra rəyini bildirməyə tələsmədi, aydan-ulduzdan, bir də brüsselyoz xəstəliyinin fəsadlarından danışdı. Əlavə etdi ki, mənim ilham pərilərimdə dabax əlamətləri var.

Rəisim mütaliəli adamdı, qəzeti acgözlüklə oxumağa girişdi. Əvvəl manşetləri nəzərdən keçirdi:

-”Nənəm a narış qoyun”, “Şaftalını necə yeməli”, “Sağlamlığın əlifbası”, “Sərkisyanın doğulmasının sirri”, “BAMF sədri Brüsseldə”... BAMF nədi məllim?

- Abreviatura, yəni sözlərin baş hərfləri!

- Yəni hansı sözlərin?

Çiynimi çəkdim. O, cavabı tapmaq üçün bir səhifəlik yazını oxumağa girişdi. On dəqiqə keçib, hələ birinci səhifədədir, şeirlərimsə 16-cı səhifədə. Çıxıb işimin dalısınca getdim. Günortadan sonra yanına çağırdı. Şeirləri oxumuşdu, hətta bəzi yerlərdə misraların altından cızıq çəkmişdi. Deyəndə ki, bunlar postmodernizm nümunələridir, quruyub qaldım. Kənd təsərrüfatı  mütəxəssisi olanda nə olar, gör, haradan xəbər verir.

Məsləhəti bu oldu ki, bura rayon yeridi, belə yazsan, uğur qazana bilməzsən. Dön klassik üsluba, həm də aktual mövzularda yaz! Necə ki, başqaları yazır. O, eynəyi gözünə taxıb stolun sürməsindən bir dəftər çıxardı. Bu gün tədbirə gətirdiyim şair var ha, onun sağıcılara həsr etdiyi bir şeiri oxudu:

 

İnəkləri bəsləyincə salamat,

Gələnləri, görənləri qoyur mat.

Barmaqların əmcəklərdə sürəti

Avtomatdır, avtomatdır, avtomat!

 

Sonrakı misralar da avtomat kimi şaqqıldadı, atəş açdı və mənim postmodernist misralarım bihal olub yerə sərələndi.

- Aha, deyəsən, tədbir də başa çatdı, - deyə dostum ayağa qalxdı, bir yerdə kluba sarı yönəldik. Hamı dağılışsa da, çıxışı alqışlarla qarşılanan klassik şair müsabiqənin növbəti qalibi olaraq onu əhatə etmiş müxbirlərə müsahibə verirdi.

Qeyd: Bu yerdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il avqustun 28-də “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamını xatırlamamaq olmur. Bəri başdan deyim ki, bunu son illər ədəbiyyat adına atılmış ən dəyərli addım,  kitab mütaliəsinin təşviqində görülmüş ən mühüm iş hesab edirəm. Əslində, bu cür qərarların verilməsi təbiidir, ancaq nadir hallarda gördüyümüz üçün bəzilərində “mifik olay” təsiri yaradır. Hazırda kitaba laqeydliyi, şablon ədəbiyyata sevgini göz önünə alsaq, bir çox ciddi əsərlərin bu formada oxudulmasını dəstəkləyirəm. Yoxsa başqa cür düzələnə oxşamır. Yalnız mütaliəli toplum cinayətdən, vəhşilikdən uzaq olur və ailəsinə, ölkəsinə, dünyaya faydalı biri kimi yetişir. Nəhayət, gözlər smartfonlardan çəkilib kitablara dikilməlidir. Nəhayət, gənclər kitab seçimində müəyyən vərdişə nail olmalıdır. Çünki insan xarakterində bir sıra digər davranışlar kimi, mütaliə də vərdişdir. Yəni işləməyən kotan paslandığı kimi, mütaliə etməyən beyin də işləkliyini itirir. Bu mənada, gənclər üçün zəruri olan 30 ədəbiyyatın müəyyənləşdirilməsi, fikrimizcə, mütaliə vərdişinin yaranması üçün yetərlidir. Tövsiyə olunan kitablar tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verir, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edir.

Sərəncamda söhbət insanların bütün həyatları boyunca oxuyacaqları kitablardan deyil, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün tövsiyə olunan kitablardan gedir. Bizcə, bu dövlətin memarı olmuş Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətindəki “Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir”.- fikrini oxuyan gənc bu dünyada ən böyük sərvətimiz olan canımız - Azərbaycanımızın müstəqilliyinin nə qədər qiymətli olduğunu dərk edəcək.

Türklüyün ulu kitabı olan Dədəmiz Qorqudun kitabını oxuyan gənc Dədə Qorqud fəlsəfəsindən qidalanacaq. Nizaminin hikmət xəzinəsinə, Nəsrəddin Tusinin əxlaq xəzinəsinə baş vuracaq. Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının ahəngində Vətən sərhədlərinin böyüklüyünün, başqa sözlə desək, bir millət olaraq böyüklüyümüzün fərqinə varacaq. Nikolo Makiavellinin, Sədi Çirazinin,Teodor Drayzerin, Cek Londonun, Ernest Heminqueyin, Nikolay Ostrovski və digər dünya yazıçılarının fikirlərini müqayisə etmək imkanı qazanacaq, “Mister Hemferin xatirələri”ni mütaliə etdikcə isə həqiqətlə bizə həqiqət kimi təqdim edilənlərin fərqini anlayacaq.

Tövsiyə olunan kitablar arasında Gi de Mopassanın “Gombul” hekayəsinin də yer alması mənə 15 il əvvəl kənd mərkəzinin açılışını xatırladı. Açılış zamanı  kənd kitabxanasına baxış keçirilərkən “Gombul” hekayəsindən söhbət düşdü. Məlum oldu ki, əksəriyyət bu hekayə barədə məlumatlı deyil. Halbuki müharibə şəraitində olan hər bir məmləkətdə belə əsərlərin oxunması vətənpərvərlik ruhunun yüksəlməsində əvəzsiz rol oynayır. Əsərdə bəlağətli “Vətən”, “Millət”,”Qeyrət” kəlmələri işlədilməsə də, ruhu bu ruhdadır, hadisələrin mahiyyətindədir.

Yenə Ali Məclis Sədrinin bu kəlamlarını xatırlayıram: “Müstəqillik dövrünün ədəbiyyatı, birinci növbədə, vətənpərvər ədəbiyyat olmalıdır. Ədəbi məhsullarda “Vətən” sözünü çox işlətməklə vətənpərvərlik mövzusunda ədəbiyyat yaratmaq mümkün deyil. Vətənpərvərlik yazıçı və ya şairin yaradıcılığının bütün mahiyyətini ifadə etməli, vətəndaşlıq duyğusunun daşıyıcısına çevrilməlidir”.

Kitab bilik mənbəyidir. Bilgi isə işıqdır. Bilgi ilə işıqlanmış, oxuyan, mütaliə edən cəmiyyət isə həm də düşünən cəmiyyət deməkdir. Çünki bir damla mürəkkəb bir milyon insanı düşündürə bilər.

 





16.10.2017    çap et  çap et