525.Az

Əlimərdan bəy Topçubaşov: İstanbul görüşləri


 

Azərbaycan Xalq Cümhuriyyəti - 100

Əlimərdan bəy Topçubaşov: <b style="color:red">İstanbul görüşləri</b>

1918-ci il oktyabrın 30-da Limnos adasındakı (Egey dənizi) Mudros limanında, “Aqamemnon” zirehli gəmisində Birinci Dünya müharibəsini məğlubiyyətlə başa vuran Osmanlı imperatorluğu ilə Müttəfiq dövlətlər (Allies) arasında tarixə Mondros Mütarekesi adı ilə düşən barışıq sazişinin imzalanması təkcə Türkiyənin suveren dövlət kimi mövcudluğuna deyil, Azərbaycan Cümhuriyyətinin müstəqillik arzusuna da sarsıdıcı zərbə oldu.
 
Dost və qardaş dövlətə bəslənən ümidlərlə həmişəlik vidalaşmaq lazım gəldi. Osmanlı  Türkiyəsinin faktiki olaraq tarix səhnəsindən çəkilməyə zorlanması nəticəsində hələ müstəqil siyasi qurum kimi tam ayaqda durmağa qadir olmayan Azərbaycan Cümhuriyyəti yeganə inanılmış müttəfiqini itirdi.

Barışıq anlaşmasını Müttəfiq dövlətlər adından ingilis admiralı Somerset Artur Haltorp, Osmanlı imperatorluğu adından isə imperiyanın ilk və son bəhriyyə (dənizçilik) naziri Hüseyn Rauf Orbay imzalamışdı. Sonuncu  ya sadəlövhlüyü üzündən, ya da dövlətin başından daha böyük təhlükəni sovuşdurduğu düşüncəsi ilə ilk günlər Mudros anlaşmasını hətta türk diplomatiyasının zəfəri sayırdı. Lakin tezliklə İstanbul Müttəfiq güclər tərəfindən işğal olundu, Qərbin 700 illik Osmanlı türk dövlətini yox etmək, onun hüdudlarını sadəcə Anadolu ilə məhdudlaşdırmaq üçün düşünülmüş sistemli fəaliyyəti başladı. Barışıq anlaşmasının imzalanmasının ardından  bir neçə gün əvvəl mətbuata açıqlamasında ingilisləri “çox əfəndi adamlar” adlandıran Rauf Orbayın özü də Antanta işğalına müqavimət göstərəcəyi güman olunan türk milliyyətçiləri ilə birlikdə Böyük Britaniyanın nəzarəti altındakı Malta adasına sürüldü.

İstanbula təmsil etdiyi dövlətin müstəqilliyinə daha etibarlı təminat almaq niyyəti ilə gəlmiş Əlimərdan bəy Topçubaşovun həyatında ağır günlər başlandı. Çünki bu qədər böyük ümidlər bəslənən Türkiyənin imzalamağa məcbur olduğu Mondros Mütarekesindəki iki mühüm maddə tam şəkildə Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə çevrilmişdi. Bunlar Qafqaz İslam ordusunun Bakıdan çıxarılması və şəhərin ingilislər tərəfindən tutulmasına maneçilik törədilməməsi, o biri tərəfdən isə Zaqafqaziya dəmir yolunun Azərbaycan hissəsinin Britaniyanın nəzarətinə verilməsi idi.

Əlimərdan bəy artıq noyabrın 1-dən hələ eyforiyadan ayılmayan Rauf Orbayla görüşə can atırdı. Və buna yalnız noyabrın 3-də nail ola bilmişdi. Amma Osmanlı rəsmisindən təsəlliverici bir  söz eşidə bilməmişdi.  Əslində, sonradan Atatürkün silahdaşları sırasında yer alan və Türkiyə Cümhuriyyətinin üçüncü baş naziri vəzifəsinə yüksələn Rauf Orbayı da qınamaq mümkün deyildi. Çünki qədim romalıların dediyi kimi, “Vay məğlubların halına!” məntiqi fəaliyyətə keçmişdi və bu halda Türkiyənin nəyi isə dəyişməsi mümkünsüz idi. Qeyri-mümkün görünəni Mustafa Kamal Atatürk İstiqlal Savaşı ilə gerçəyə çevirdi. O zaman isə təəssüf ki, Azərbaycan Cümhuriyyəti artıq  süquta uğramışdı.

Əlimərdan bəy Topçubaşovun “İstanbul görüşləri” silsiləsindən bu dəfə onun Osmanlı imperatorluğunun bəhriyyə (dənizçilik) naziri Rauf Orbay, baş nazir kürsüsündə Əhməd İzzət paşanı (14 oktyabr 1918 - 8 noyabr 1918)  əvəz etmiş Əhməd Tevfik paşa (11 noyabr 1918 - 10 mart 1919) və xarici işlər naziri Mehmet Rəşid paşa (12 noyabr 1918 - 10 mart 1919) ilə görüş və danışıqlarının söhbət yazısını təqdim edirəm. 

Əlimərdan bəy Topçubaşovun Türkiyənin dənizçilik naziri, Batumi və Trabzon konfranslarında türk nümayəndə heyətinin başçısı Rauf bəylə söhbətinin yazısı 

3 noyabr 1918-ci il

Saat 21.30 - 22.20

Türkiyə Dənizçilik nazirliyinin binası 

Rauf bəy dənizçi formasında, başında kepka nazirliyin səliqə ilə  döşənmiş və rahat qəbul otağına daxil olur.

Rauf bəy: Salam. Sizinlə görüşməyə yalnız indi vaxt tapa bildiyimə görə çox-çox üzr istəyirəm. Çünki dünən qayıtmışam. Vizit kartınızı gördüm. Sonra özünüz telefonla iki dəfə zəng vurub görüşmək istədiyinizi bildirdiniz. Amma həqiqətən çox məşğul idim. Elə indi də sədrəzəm yanına çağırıb. Ora getməliyəm. Bir daha xahiş edirəm, üzürlü sayasınız.

Mən: Sizi işlərinizdən ayırdığıma görə mən üzrxahlıq etməliyəm. Bilirəm ki, çox məşğulsunuz, həm də yorulmusunuz. Üstəlik, belə gec saatda  bir tərəfdən də mən gəlib rahatlığınızı pozuram. Lakin Azərbaycan Cümhuriyyətinin nümayəndəsi kimi üzərimə qoyulan mühüm vəzifə  bu addımı atmağa vadar edir. Batum və Trabzonda siz Azərbaycana, onun maraqlarına olan sədaqətinizi, ehtiramınızı yetərincə sübut etdiniz. Bu haqda həmin konfranslara qatılan nümayəndələrimiz elə şövqlə, elə ürəkdən danışırdılar ki, indiyə qədər sizi cəmisi bir dəfə görməyimə baxmayaraq, mən də şəxsinizə böyük sayqı və məhəbbətlə yanaşıram, ölkəmizin ən yaxın, səmimi dostlarından biri olduğunuza ürəkdən inanıram.

Rauf bəy: Çox təşəkkür edirəm. Azərbaycana münasibətimin əsla dəyişmədiyini və əvvəlki kimi saf, səmimi qaldığına inanmağınızı istəyirəm. Ancaq indi bütün diqqətimiz təbii olaraq Türkiyəyə yönəlib. Çünki ölkəni çox ciddi təhlükənin təhdid etdiyini bilməmiş deyilsiniz. Yaranmış şəraitdə mümkün olan nə varsa hamısını etmişik. Eyni təhlükə Azərbaycanın da başı üzərindən asılıb. Müttəfiqlərin - Antanta dövlətlərinin tələbləri çox sərtdir. Amma nə edə bilərik? Onlar qalibdir. Biz məğlub olmuşuq.

Mən: Sizinlə razıyam. Təbii ki, ilk növbədə Türkiyə haqqında düşünmək lazımdır. Çünki Türkiyənin rifah və səlamətliyindən bizim də rifah və səlamətliyimiz asılıdır. Oğulun ata önündəki borcu kimi bu da bizim  Türkiyə qarşısındakı borcumuzdur. Lakin üzərimə qoyulan vəzifə borcu məndən həm də Azərbaycanın maraqlarını son dərəcə sayıqlıqla qorumağı tələb edir. Sizin imzaladığınız və bu gün qəzetlərdə çap olunan sülh anlaşmasının maddələri məni xeyli pərişan etdi və Azərbaycanın gələcək taleyi ilə bağlı həyəcanlı fikirlərə saldı. Anlaşmanın 11 və 15-ci maddələri  bizə xüsusən ağır zərbə vurub. Sizin Antanta dövlətləri nümayəndələri ilə danışıqlarınızda iştirak etməmişik. Amma bizdən xəbərsiz  Azərbaycanın paytaxtı Bakı və Zaqafqaziya dəmir yolu imgilislərə ərməğan olunub.

Rauf bəy: (sözümü kəsərək) Qətiyyən elə deyil! Nə Bakını, nə də Zaqafqaziya dəmir yolunu heç kəsə verməmişik və verə də bilmərik. Çünki  buna sadəcə ixtiyarımız çatmır. Həqiqətən də danışıqlar zamanı Antanta nümayəndələri həmin məsələdə təkid etdilər. Lakin bütün vaxtı onlara başa salmağa çalışırdıq ki, nə Bakı, nə də Zaqafqaziya dəmir yolu bizimdir və  təbii ki, bizə aid olmayanlar barədə ingilislərlə hər hansı müzakirə aparmağa haqqımız yoxdur. Cavabında bildirdilər ki, Bakı türk qoşunları tərəfindən tutulub, Zaqafqaziya dəmir yolunun Azərbaycan sərhədləri daxilindəki hissəsi isə guya bizim əlimizdədir.

Mən: Onlar yanlış mülahizələrə əsaslanıb belə şeylər deyə bilərlər. Lakin fikrimcə, Antanta nümayəndələri ilə danışıqlarınızda müstəqil Azərbaycan dövlətinin paytaxtı kimi Bakının adı ümumiyyətlə çəkilməməli idi və çəkilə bilməzdi. Əgər 15-ci maddənin mənası üzərində ciddi düşünsək, sonluqdan aydın olur ki, nəticə etibarı ilə ingilislərə Bakını nəzarət altına götürməyə imkan yaradılır. Bir də təkrar edirəm: Türkiyə təmsilçisinin Antanta dövlətlərinin nümayəndələri ilə danışıqlarında Bakı haqqında hər hansı mülahizəyə qətiyyən yer olmamalı idi. Çünki Bakı sizin, Türkiyənin deyil.

Rauf bəy: Əfəndi, biz bu məqama xüsusi diqqət yetirmişik və dəfələrlə aydın şəkildə vurğulamışıq ki, Bakı bizim deyil, Antanta bu məsələ ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlara başlamalıdır. Lakin ingilislər qəti şəkildə bildirdilər ki, onlar nəyin bahasına olursa olsun, Bakıya nəzarəti öz əllərinə alacaqlar. Və üstəlik bildirdilər ki, orada hərbçilərimiz olduğu üçün biz türklər Bakının ingilis qüvvələri tərəfindən tutulmasına maneçilik törətməyəcəyimizlə bağlı zəmanət verməliyik. Və tələb irəli sürdülər ki, həmin müddəa barışıq şərtlərinin mətninə daxil edilsin. Faktiki  şəkildə indi deyəsən, sizin sərəncamınızda olan Zaqafqaziya dəmir yolu haqqında da eyni sözləri söyləmək mümkündür.

Mən: Mən barışıq şərtlərinin hər iki maddəsi (11 və 15) ilə əlaqədar müvafiq etiraz bildirməliyəm. Hazırladığım notanı günü sabah cənab xarici işlər nazirinə təqdim edəcəyəm. Lakin əvvəlcə məsələ barədə məhz sizinlə danışmaq istərdim. Və eyni zamanda, sonrakı addımlarımın istiqaməti ilə bağlı sizdən məsləhət almaq istərdim. Çünki indi vəziyyət elə şəkil alır ki, doğrusu, qorxuram, bundan sonra İstanbulda qalmağımın bir faydası olmasın. Ona görə də dərhal Azərbaycana qayıtmağı daha üstün tutardım.

Rauf bəy: Etirazınızı bildirməklə siz əlbəttə, borcunuzu yerinə yetirirsiniz. Lakin yaranmış şəraitlə yaxşı tanış olduğum üçün sizə deməyi özümə borc bilirəm ki, indi vəziyyəti dəyişməklə bağlı atılan heç bir addım fayda gətirməyəcək. Başa düşün: biz məğlubiyyətimizi boynumuza almışıq, hamı yorulub, ordu ümumiyyətlə vuruşmaq istəmir. Əgər təklif edilən şərtlərlə razılaşmasaydıq, o zaman müstəqil türk dövlətinin sonrakı mövcudluğu fikri ilə həmişəlik vidalaşmalı olardıq. Belə bir şəraitdə azərbaycanlılar Türkiyəyə kömək göstərmək fikrinə düşsəydi, sizi də yerli-dibli məhv edərdilər.

Sizə məsləhətim belədir: bütün qüvvənizi Azərbaycanın dövlət müstəqilliyinin tanınmasına yönəldin. Bundan ötrü isə geri qayıtmağınız deyil, məhz burada qalmağınız lazımdır.

Tezliklə İstanbula Antanta nümayəndələrindən ibarət heyət gələcək. Mütləq onlarla danışıqlara getmək lazımdır. Sizə bu məsələdə əlimdən gələn hər cür kömək göstərməyə indidən boyun oluram.

Mən: Çox minnətdaram. Amma bilmirəm, əgər artıq Bakının tutulması qərarı verilibsə, belə danışıqların nə faydası olacaq? Çünki Bakısız Azərbaycanın mövcudluğu qeyri-mümkündür. Getdikcə vəziyyət elə şəkil alır ki, ondan çıxmaq böyük müşkülə çevrilir. Bütün bu məsələlər necə də gözlənilmədən baş verdi. Axı hələ dünən...

Rauf bəy: (sözümü kəsərək) Bəli, dünən güc bizim tərəfimizdə idi. Amma bu gün belə deyil. Əgər dünənə qədər almanlarla əlbir hərəkət edirdiksə, indi vəziyyət tam dəyişib. Həm də bu təkcə türklərə münasibətdə belə deyil. Bu gün  bir dövlət kimi artıq Avstriya mövcud deyil - o, məhv edilib! Növbədə Almaniyadır. Əgər biz birtəhər salamat qalmışıqsa, bu ilk növbədə verilən qurbanlar bahasına mümkün olub. Antanta qüvvələrinin Bakını tutacağı fikri sizin qanınızı qaraldır. Amma onlar Batuma nəzarəti də  əllərinə götürəcəklər. Sonra isə sizin dəmir yolu ilə Batumdan Bakıya silah, qoşun və s. daşıyacaqlar. Heç bir müqavimət fayda verməyəcək. Sadəcə qüvvələr nisbətini müqayisə etmək lazımdır. Onda hər şey aydın olar. Beləliklə, tezliklə burada Antanta nümayəndələri ilə sizin Azərbaycanın məsələləri ilə bağlı müzakirə aparmaq imkanı qazanacaqsınız.

Bu gün xarici işlər naziri Nəbi bəylə görüşəcəyəm. Onunla da danışaram. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, istənilən vaxtda, gücüm çatan bütün məsələlərdə sizə faydalı olmağa hazıram. Xahiş edirəm, çəkinməyin, nə vaxt lazım bilsəniz, mənə zəng edin. Hələlik isə sizə sakitlik, səbr və qüvvət arzulayıram.

Mən: Təşəkkür edirəm. Lütfkar təklifinizdən məmnuniyyətlə yararlanacağam  və izninizlə indiki kimi çətin məqamlarda sizi narahat etmək cəsarətində bulunacağam. (Hər iki əlimdən tutaraq məni qucaqlayır, tez-tez əlimi sıxır. Sonra birlikdə qəbul otağına çıxırıq. Burada onu adyudantı, binanın qarşısında isə hazır avtomobil gözləyir). 

Əlimərdan bəy Topçubaşovun Türkiyə sədrəzəmi Tevfik paşa ilə söhbətinin yazısı

16 noyabr 1918-ci il

Saat 13.30 -14.30

Babi-Ali 

Sədrəzəmin təyin etdiyi vaxtda - saat 14 əvəzinə katibimlə birlikdə saat 13.30-da, yəni yarım saat tez gəldim. Çünki fars elçisinin yanından çıxandan sonra boş qaldığım yarım saatı harada keçirəcəyimi bilmirdim. Qəbul otağının qapısında lal xidmətçi əli ilə içəri keçməyə dəvət etdi.

Qəbul otağında hələ heç kəs yoxdur. Katiblə vizit kartımı göndərirəm. Bir dəqiqə sonra xəbər gətirirlər ki, sədrəzəmin yanında əncümənin (şuranın) iclası var və gözləməyimi xahiş edir. Deyilən vaxtdan tez gəldiyimi bildiyimdən oturub gözləyirəm. Qəbul otağında çox soyuqdur. Odur ki,  paltolarımızı çıxarmırıq. Qapı açılır, əynində palto, başında fəs  bir nəfər cavan adam içəri girir. Sonradan onun “Amvralidus” adlı yunan qəzetinin redaktoru Yenaki Subras olduğunu öyrənirik.

Az sonra qapı yenə açılır və bu dəfə qəbul otağına çiyni akselbantlı gənc və bığsız ingilis dəniz zabiti daxil olur. Məlum olur ki, Babi-Aliyə məndən sonra gələn və sədrəzəm tərəfindən dərhal qəbul edilən ingilis generalının yavəridir. Yavərin ardınca Babi-Aliyə əvvəlki gəlişlərimdən tanıdığım məmur özünü yetirir. İngilis zabitinin yanında oturub hər vasitə ilə ona xidmət göstərməyə çalışır: əvvəlcə siqaret təklif edir, bununla kifayətlənməyib qəhvə gətirilməsini tapşırır. Sonra mənə yaxınlaşır, salamlaşıb  bildirir ki,  general sədrəzəmin yanından çıxan kimi qəbul növbəsi mənimdir. Elə bu arada bolqar elçisi içəri girir.

Lal xidmətçi dilə vurulması mümkün olmayan qəhvə gətirir. İngilis generalının görüşü sona çatır, yavəri qılınc qurşamış qəvasla (polis məmuru-V.Q.) birlikdə otaqdan çıxırlar. Xidmətçi yaxınlaşıb bolqar elçisini dəvət edir. İçəridən çıxan digər məmur isə sədrəzəmin yanına məni çağırır. Lakin  kabinetdə məlum olur ki, bolqar elçisini qabağa salan xidmətçi özbaşınalığa yol verib. Xidmətçi payını alır, məmur üzr istəyir, mən isə təzədən qəbul otağına qayıdıram. Burada əvvəlcə yuxarıda   xatırlatdığım yunan qəzetinin redaktoru ilə tanış oluruq, bir-birimizə vizit kartlarımızı  veririk.

Elə bu zaman köhnə tanışım, indi xalq maarifi naziri vəzifəsini tutan  filosof Rza Tofiq bəy qəbul otağına girir. Məni tanıyır, hal-əhval tuturuq. Nə vaxt görüşə biləcəyimiz haqda sualımın cavabında iki gün sonra gəlməyimi xahiş edir. Çünki dalbadal iclasları varmış. Sonra qəbulu gözləyə-gözləyə vaxt öldürmək üçün iki nəfər ruhaniyə yaxınlaşıram. Məlum olur ki, onlardan biri erməni katolik kilsəsinin başçısıdır, yüksək təyinat münasibəti ilə sədrəzəmi təbrik etməyə gəlib. Türkcə bilir. Məndən Azərbaycanda katolik ermənilərin olub-olmadığını soruşur. Təsdiqedici cavab verirəm və erməni katoliklərinin ümumən dinc camaat olduqlarını deyirəm. “Elədir, düz buyurursunuz, - deyə erməni keşişi fikrimlə razılaşır. - “Biz heç bir siyasətə qarışmırıq”. Söhbətin bu yerində məni sədrəzəmin kabinetinə çağırırlar.

İzzət paşanın zamanında indiki sədrəzəmin oturduğu kabinet qəbul otağı idi.  Yazı masası ortadadır. Divar boyu yumşaq divanlar düzülüb. Mən içəri girəndə hansısa məmur məruzəsini bitirirdi. Sədrəzəm onu ayaq üstdə dinləyirdi. Məmur gedir, sədrəzəm məni divanda oturmağa dəvət edir, özü də yanımda əyləşir. Gözlərim önündə yaşlı türkün yaraşıqlı, xeyirxah sifəti dayanıb. Mən özümü təqdim edirəm  və səlahiyyətimi təsdiqləyən sənədlərin artıq lazımi yerə çatdırıldığını bildirirəm.

Mən: Xidmətinizə gəlməyi və yüksək məqama təyin olunmağınız münasibəti ilə sizi təbrik etməyi özümə borc saydım.

Sədrəzəm: Çox təşəkkür edirəm. Siz deyəsən çoxdan buradasınız.

Mən: Təxminən ay yarım olar. Mən gələnə qədər bizim sülh nümayəndə heyətinin üzvləri İstanbulda idilər. Amma onlar geri qayıtdılar. Çünki nəzərdə tutulan konfrans keçirilmədi. Heyət üzvləri  Əlahəzrət Sultana təqdim olunanda hökmdar azərbaycanlıları öz sevimli övladları adlandırmaq lütfkarlığı göstərmişdi. Biz bu qəlb oxşayan sözləri yaxşı xatırlayırıq. Ürəyimizdə özümüzə belə bir şirnikləndirici ümidlə təsəlli veririk ki, bundan sonra da Əlahəzrətin, deməli həm də türk hökumətinin sevimli övladları kimi qalacağıq. İmkan düşəndə hökumətimə xəbər vermək  üçün Zati-Alilərinin dilindən də belə əminlik sözləri eşitmək istərdim. 

Sədrəzəm: Azərbaycan türklərinə bəslədiyimiz səmimi hisslərə qətiyyən şübhə etməyə bilərsiniz. Sizin həmişəki xeyirxahlarınızıq. Amma təbii, özünüz də yaxşı görürsünüz ki, həm ümumi vəziyyət, həm də Türkiyənin vəziyyəti necə dəyişib. Təəssüf ki, baş verən dəyişikliklər Sultan hökumətini sizi, sizin müstəqilliyinizi dəstəkləmək imkanından məhrum edib. İndi bizdən Qafqazdakı qoşunlarımızı çıxarmağı tələb edirlər. Bu  istəyə tabe olmağa məcburuq və tabe olacağıq. Öz aramızda deyə bilərəm ki, qarşımızda belə qəti tələb qoyulmasının səbəbi Qarabağ məsələsidir. Bizə deyirlər ki, qoşunlarımız Qarabağa daxil olub və orada ermənilərlə amansız rəftar edilib. Nə məsələdir? Sizdə  bir məlumat var?

Mən: İlk öncə, icazə verin, xeyirxahlıq duyğularınızın ifadəsinə görə sizə minnətdarlığımı bildirim. Türk qoşunlarının  çıxarılması ilə bağlı mən İzzət paşa kabinəsinə ayrıca nota təqdim etmək şərəfinə nail olmuşdum. Notada Antanta nümayəndələri ilə imzalanmış barışıq anlaşmasının 11 və 15-ci maddələri ilə bağlı da münasibətimizi bildirmişdim. Qarsabağ məsələsinə gəldikdə isə siz Əlahəzrətlərin hansı mənbədən məlumat aldığınızdan xəbərim olmasa da, düşünürəm ki, qonşularımız ermənilərin təmsilçiləri öz adətləri üzrə  məsələnin əhəmiyyətini həddindən artıq şişirdir və bu yolla da müttəfiq dövlətlərin diqqətini cəlb etmək istəyirlər. İstənilən halda həqiqətən də bir şey baş veribsə, həmin hadisələr çoxdan, təqribən səkkiz həftə əvvəl olub. Bunu dəqiq xatırlayıram. Çünki İstanbuldakı erməni nümayəndələri  bizim guya Qarabağa göndərilən hərbi ekspedisiyanın qarşısının alınması və  Qarabağa buraxılmaması ilə bağlı tədbirlər görmək xahişi ilə mənə müraciət etmişdilər. Lakin təəssüflər olsun ki, məsələ barəsində öz  hökumətimdən hələ heç bir səhih məlumat ala bilnməmişəm. Ümumiyyətlə, Azərbaycanla teleqraf əlaqəsi saxlamaq imkanından tamam məhrumam və yaranmış fürsəti qənimət bilib Zati-Alilərinizdən bu məsələdə mənə yardım göstərməyi xahiş etmək istərdim.

Sədrəzəm: Bəli, indi əlaqə məsələləri ümumən çox çətinləşib. İstənilən halda hər cür eksseslərdən çəkinmək lazımdır. İndi harada keçiriləcəyi bilinməsə də, bir ay sonra başlayan sülh konqresinə hazırlaşmaq lazımdır.  Lazımdır ki, sizin hökumətin, yaxud Millət Məclisinin bir neçə üzvü konqresə qatılıb orada Azərbaycanın müstəqilliyini  müdafiə etsinlər. İndi sizdə parlament tipli bir qurum var?

Mən: Bizdə Milli Şura vardı. Sonra səlahiyyətlərini indiki Azərbaycan hökumətinə verdi. Hökumət 12 nazirdən ibarətdir. Həqir bəndəniz də onların sırasındadır. Tezliklə seçkilər keçirmək və Müəssislər Məclisi çağırmaq nəzərdə tutulurdu. Güman edirəm ki, seçkilər artıq başa çatıb və sülh konqresinə nümayəndələr göndərmək mümkün olacaq.

Sədrəzəm: Bu, çox vacibdir. Əgər konqresdə təmsilçiniz olsa, orada da sizə bacardığımız qədər kömək göstərə bilərik.  Verdiyiniz nota, habelə teleqraf əlaqəsi yaratmaqla bağlı istəyiniz barədə, xahiş edirəm, xarici işlər naziri ilə danışasınız. Deyəsən, bu gün onun yanında olmusunuz. (Məmur əlindəki hansısa kağızlarla içəri girir. Sədrəzəm ona müraciətlə “Təcilidir?” - deyə soruşur. “Bəli, Zati-Aliləri” - deyə məmur cavab verir). Gərək bağışlayasınız. Görürsünüz, işim başımdan aşır. (Sifətində əzabkeşlik ifadəsi peyda olur) Artıq məni gözləyirlər...

Mən: Zati-Aliləri, daha izafi zamanınızı almayacağam. Amma izn verin, məcbur qaldığım vaxtlarda sizə müraciət edə bilim. Eyni zamanda, burada Azərbaycanın yeganə nümayəndəsi kimi fəaliyyət göstərdiyimi, özümün də dövlətimizin maraqları ilə bağlı bütün məsələlərdə geniş səlahiyyətlərə malik olduğumu nəzərə almağınızı xahiş edirəm. Ona görə  Zati-Alinizin yadına salmaq istəyirəm ki,  xidmətinizə yaraya biləcəyim bütün hallarda məni hüzurunuza çağırmağa qətiyyən tərəddüd göstərməyəsiniz.

Sədrəzəm: Çox gözəl. Lütfən, siz harada qalırsınız?

Mən: Pera Palas otelində, Zati-Aliləri.

Sədrəzəm: Sizinlə görüşdən çox məmnun qaldım. Allahın mərhəməti daim üzərinizdə olsun! (Hörmətlə qapıya qədər yola salır)

Əlimərdan bəy Topçubaşovun Türkiyənin xarici işlər naziri Rəşid bəylə söhbətinin yazısı

18 noyabr 1918-ci il

Saat 13.00

Xarici işlər nazirliyinin binası 

Saat 13-də qəbul otağına daxil oluram. Oradakı məmur məni dərhal nazirin kabinetinə dəvət edir.

Mən: Zati-aliləri, icazə verin, söhbətə əsas məsələdən başlayım: indiki hökumət kabinetinin, ilk növbədə isə rəhbərlik etdiyiniz nazirliyin Azərbaycana münasibəti necədir? Çünki mövcud hökumət kabinəsinin formalaşdırılması zamanı Hərbi nazirliyin Şərq şöbəsi ləğv edilib. Qafqazla, xüsusən də bizim Azərbaycanla bağlı bütün məsələlər Xarici işlər nazirliyinin səlahiyyət dairəsinə salınıb. Ona görə də təbii ki, bu nazirliyin rəhbəri kimi fikri bilmək maraqlıdır.

Nazir: Əlahəzrət sədrəzəm kimi mən də  açıq deyə bilərəm ki, sizə münasibətimiz yenə də tam səmimi olaraq qalır. Və çox istərdik ki, yeni Azərbaycan Respublikası hər vasitə ilə inkişaf edib möhkəmlənsin. Bundan ötrü ölkənizin Avropa dövlətləri, ilk növbədə isə təbii ki, Antanta təmsilçiləri tərəfindən tanınması son dərəcə zəruridir. Əsla şübhə etməyə bilərsiniz ki, bu məsələdə gücümüz çatan hər şeyi etməyi özümüzə borc sayırıq. Ancaq gördüyünüz kimi, yaranmış şəraitdə bu çox azdır. Siz özünüz, sizin hökumətiniz indi bu sahədə daha fəal çalışmalıdır.

Mən: Zati-aliləri, ilk növbədə məhz hansı işlərdən başlamağı məsləhət bilirsiniz? Bağışlayın ki, sizi narahat edirəm. Siyasət və diplomatiya sahəsində kifayət qədər təcrübəmiz yoxdur. İndiyə qədər belə işlərlə məşğul olmamışıq. Çünki çar hökuməti bizi bütün mümkün yollara  belə işlərdən aralı  tuturdu.

Nazir: Cənab səfir, gördüyünüz kimi, indi yalnız yeni yaranan dövlətlərin deyil, ümumiyyətlə bütün dövlətlərin taleyi sülh konqresinin qərarlarından asılıdır. Konqres, bildiyimə görə Parisdə keçiriləcək. Amma hələ dəqiq vaxtı məlum deyil. Lakin ora öz nümayəndə heyətinizi məhz indi göndərməlisiniz. Həmin heyət əvvəlcə Parisdə çalışmalı, sonra isə Londona getməlidir. Nümayəndə heyəti sayca böyük olmalı, Avropanı tanıyan, siyasət məsələlərindən başı çıxan, xarici dilləri bilən adamlardan təşkil edilməlidir. Təbii ki, heyət üzvlərinin siyasi tarix və beynəlxalq hüquq sahəsində də lazımi bilgiləri olmalıdır. Avropaya yol açılan kimi belə bir nümayəndə heyəti göndərməyə tələsmək lazımdır.

Mən: İndiki halda təəssüf ki,  hökumətimlə xəbərləşmək imkanından məhrum olduğumu diqqətinizə çatdırmaq istərdim. Çünki teleqramlarımı Batumdan, yaxud hər hansı başqa bir yolla Bakıya çatdırmaq mümkün deyil. Siz böyük nümayəndə heyəti haqqında danışırsınız. Amma qulluğunuza ərz edim ki, mən indi burada təkəm və hələlik Parisə ancaq özüm gedə bilərəm. Bundan əlavə, iki həftə əvvəl bir nəfər azərbaycanlı Fransaya yola düşüb, digəri isə imkan yaranan kimi getməyə hazırlaşır. (Əli bəy Hüseynzadə və Səlim bəy Behbudov nəzərdə tutulur - V.Q.) Sizdən çox xahiş edərdim ki, Bakı ilə hər hansı şəkildə əlaqə yaratmaqda mənə kömək edəsiniz.

Nazir: Həqiqətən də hazırda Qafqazla bağlantı qurmaq çox çətin məsələdir. Gəmilər getmir, teleqraf düz - əməlli işləmir. İndi özümüzün də Qafqazdakı adamlarımızdan xəbərin yoxdur, heç cür əlaqə yarada bilmirik. Sizə təklif edərdim ki, Bakıya xüsusi kuryer göndərəsiniz. O, Azərbaycanın dərhal Parisə nümayəndə heyəti yollaması ilə bağlı məktubunuzu da əlbəəl çatdıra bilərdi. Özünüzün isə hələlik buradan heç yerə getməyiniz məsləhət deyil. Bakı ilə teleqraf əlaqəsi yaradılması məsələsində mümkün yardımla əlaqədar müstəşarımla danışmağınızı xahiş edirəm.

Mən: Çox güman, bu il noyabrın 4-də nazirliyə nota verdiyim barədə məlumatınız var. Notada Antanta ilə imzalanan barışıq anlaşmasının 11 və 15-ci bəndləri ilə bağlı etirazımı ifadə etmişəm. Hələ o zaman keçmiş xarici işlər naziri Nəbi bəyə və Rəşad Hikmət bəyə bildirmək şərəfinə nail olmuşdum ki, Türkiyə ilə Azərbaycan arasındakı xüsusi münasibətləri diqqətə alaraq  mövcud anlaşma ilə əlaqədar Türkiyəyə qarşı hər hansı bir ittiham irəli sürmürük. Nota özü də əslində, belə ittihama qarşı çevrilib. O, eyni zamanda, Azərbaycan Respublikasının tam müstəqilliyinin ən gözəl dəlil-sübutu sayıla bilər. Burada Müttəfiq dövlətlərin tələbi ilə Zaqafqaziya hüdudlarından çıxarılması nəzərdə tutulan qoşunların məsələsinə toxunulur.

Əlbəttə, biz türk qoşunlarının çıxarılmasına etiraz edə bilmərik. Amma düşünürəm ki, belə bir tələb hətta tərkibində ayrı-ayrı türk zabitləri olsa da,  bizim Azərbaycan hərbi hissələrinə aid edilə bilməz. Çünki dediyim zabitlər də indi Azərbayca dövlətinin xidmətində sayılırlar.

Nazir: Etirazınızın əhəmiyyəti aydındır. Qoşunların çıxarılmasına gəldikdə bunu bizdən tələb edirlər. Gərək çıxaraq. Eyni tələb sizin hərbi hissələrdə xidmət keçənlərə də şamil olunur... Lakin onlar artıq təbəəlik mənsubiyyətini dəyişiblərsə, bu, öz işləridir və belələrini çıxarmaq olmaz.

Mən: Əlahəzrət baş nazir mənə Qarabağ haqda danışdı. Həm də, fikrimcə, Qarabağdan yeni bir məsələ kimi bəhs etdi. Amma bildirməliyəm ki, bu yeni məsələ deyil.

Nazir: Müstəşarımın bu məsələ ilə bağlı daha geniş məlumatı var.  Xahiş edirəm, elə günü bu gün onunla danışasınız.

Mən: Baş üstə. Mütləq görüşüb-danışaram. Eyni zamanda, icazənizlə, onunla Antanta nümayəndələri ilə əlaqə yaratmaq məsələsini də müzakirə edərəm. Çünki müstəşarınız işlərə yaxşı bələddir, barışıq anlaşmasının imzalanmasında iştirak edib. Bu barədə artıq bir dəfə söhbətimiz olub.

Nazir: Buyurun. Mən də yadına salaram.

Mən: Nəhayət, xahiş edirəm, nümayəndə kimi buradakı fəaliyyətimi rəsmiyyətə salasınız, Əlahəzrət Sultana təqdim olunmağıma imkan yaradasınız. Hökumət kabinələrinin tez-tez dəyişməsi ucbatından indiyə qədər bu məsələni qaldırmırdım. Hərçənd, müxtəlif yerlərdən mənə eyham vururdular ki, Əlahəzrət Sultana təqdim olunmaq lazımdır.

Nazir: İcazə verin, məsələ bağlı sizə bildirim... Səfirliklərin biri ilə bağlı verdiyiniz məlumata görə çox minnətdaram... Səmimi-qəlbdən işlərinizdə uğurlar arzulayıram (Lütfkarlıqla qapıya qədər ötürür).

Rus dilindən tərcümə: Vilayət QULİYEV

 





16.10.2017    çap et  çap et