525.Az

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında<b style="color:red"></b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək! 

ƏDƏBİYYATDA HEGEMONİ QAVĞASI

“Odlu yurd”un 11 və 12-ci nüsxələrində Azərbaycanda ədəbi hakimiyyət qavğası ətrafında yazdığımız məqalələr Azərbaycan proletar yazıçılarını ciddən əsəbiləşdirmişdir. Qızıl ədəbiyyatın ön sıra münəqqid, ədib və şairlərindən Nəzərli, Əli Nazim, Ab. Şərif, Süleyman Rüstəm və digərləri qələmə sarıldılar, şeirlərilə:

Daxildə və xaricdə düşmən ölməmiş hələ,
Bizə hər addımda qurmaq istəyir tələ.

deyə fəryad qoparmağa, tənqidlərilə, hətta “Quba meydanı söyüşlərilə” içlərini boşaltmaya başladılar.

Nəzərli keçən il birinci təşrində vüqu bulan Azərbaycan proletar ədəbiyyatı konqresində söylənən rəsmi və səlahiyyətdar sözlərin və Əli Nazimin təhlil nəticəsində çıxarmış olduğu məna xilafına olaraq “Od gəlini” ilə iftixar etməgə başladı. Vaxtilə Cəfər Cabbarlının bu pyesini Mustafa Quliyev “Allah və din əleyhində olduğu üçün” təqdir etmişdi. Halbuki Əli Nazim islamiyyətin Azərbaycanı istila edən dövrlərində, ərəbliyə qarşı vaqe olan üsyan və qiyam zamanlarını təsvir edən və tarixi mövsuqiyyəti romantizm içərisində qeyb olmuş olan “Od gəlini” əsərini heç də “Allah və din” əleyhində görməmişdi. Biləks Cəfər Cabbarlı islamiyyətə qarşı bir müqavimət qəhrəmanı çıxarıyorsa da, fəzilət, əxlaq, səciyyə, qəhrəmanlıq xüsusunda, zəfər və qalibiyyət cəbhəsində daima islamları yüksəltiyor. Hər iki tərəfin türk olaraq alınmasında və ərəblər naminə hərb edən türk komandanın Azərbaycan naminə müqavimət edən türk komandanla “türk olduqları üçün dini mücadiləyə girişməmək və milliyyət naminə birləşmək” təklifləri qarşısında qalmasını Əli Nazim Cəfərin türkçü və milliyyətçi olmasilə izah etmişdi.

Əsəri marksist bir görüşlə bu surətdə uzun-uzadıya təhlil etmiş olan münəqqid “yoldaş” “Od gəlini” əsərini proletar ədəbiyyatından xaric və müzürr bir əsər olaraq təqdim edərkən, Nəzərli onu “Oktyabr inqilabının” yaratmış olduğu şah əsər kibi tərif ediyor və buna cavab olaraq “Od gəlini”ni göstərməkdədir.

Biz məqalələrimizdə millətsevən, xalqçı və proletar kibi üç qrup yazıçıların arasında yerdəyişmə və birləşmə vücuda gəldigini, konqre qərarlarına istinadən qeyd etmişdik. Xalqçılar və proletarların da mühüm bir qismi aktiv mücadiləçi olan millətsevən yazıçılarla birləşmiş və vahid milli bir cəbhə yaratmışlardır. Bu birləşmə təşkilat mənasında degil ki, Əli Nazim kommunist olmayan yazıçıları “Çeka” ilə təhdid edərək müştərəkən “müsavatçı olmadıqlarını elana” dəvət ediyor. Bu birləşmə sırf ideoloji cəhətdən Azərbaycanda cərəyan edən mücadilə və hərəkatlara, həyat və şəraitə olan baxışların, anlayışların, görüş və duyuşların birləşməsi mənasında söylənmişdir.

Bu baxışla Mehdi, Necdət, Almas və s. başlamış cığırdaş adlanan və ortayı işğal edən Cəfər Cabbarlıya və oradan da sağ cinahı təşkil edən Ə.Cavadlara qədər görüş və duyuşların birləşdigi görülməkdədir. Bunu “Kommunist” qəzetəsinin 12 avğustos nüsxəsində bənə cavab şəklində bir məqalə həsr edən Ə.Nazim və Ab. Şərif dəxi gizlətmiyorlar.

Daha keçən sənə ikinci təşrinin (noyabrın) 5-də “Kommunist” qəzetəsində Sanili (Hacı Kərim Saniyev) Azərbaycan proletar gənclərinin çox sıcaq qana malik olduqlarından kommunizm yolundan sapdıqlarını qeyd edərək diyordu ki:

“Azərbaycanın əməkçi və işçiləri arasından çıxmış sağlam fikirli ədiblər və şairlər getdikcə artmaqdadır. Fəqət bu yeni yüksələn gənclər müsavatçıları iyi tanımıyorlar. Rus proletar ədəbiyyatında mövcud olan velikorus şovinizmi, əski hakimiyyət xülyaları, Azərbaycan proletar ədəbiyyatında dəxi əski bir hərəkat yaradır. Bu hərəkatı Cavadlar dərinləşdirir, rus təhlükəsinə qarşı Müsavat Azərbaycanın həqiqi istiqlalçısı kibi idealizə olunuyor. Proletar gənclər Cavada nəzirələr yazıyorlar: Almas İldırımlar, Adil Necdətlər, Müşfiqlər, Hüseynzadələr proletar yazıçıların ən qüvvətli simaları olan bu gənclər kövn milliyyətçi olaraq proletar yazıçılar cəmiyyətilə kommunist firqəsindən belə istefa veriyorlar”.

S.Rüstəm isə bu məlumatı təkmil edərək hali-hazırda belə proletar yazıçılar cəmiyyətində Cavadı müdafiə edənlər mövcud olduğunu qeyd edərək diyor ki:

“Bəzi gənc yazıçılar Cavadı müdafiəyə qalxışıyorlar. Cavada səcdə edən gənclər tezkən öz yanlışlıqlarını düşünərək özlərini sağlam yola salmalıdırlar. Yoxsa Almas İldırımın düşdüyü vəziyyətə düşərlər. Bən bəzi gənclərdən Cavadın çap olunmamış şeirlərini çox eşitmişəm. Cavad ədəbiyyat sahəsində bəzi gənclərimizi zəhərləməyə müvəffəq olmuşdur. Almas İldırım Cavadın qurbanıdır. Cavad onun beynini o qədər zəhərləmişdir ki, nəticədə Almas İldırım komsomol təşkilatından da uzaqlaşdı. O, Cavadın qeyri-mətbu yazılarına nəzirələr yazdı. Almas İldırım tək degildir. Hali-hazırda cəmiyyətimizdə əza olan bir qaç gənc dəxi öylədir. Onlar şimdiyə qədər bu xəstəlikdən qurtaramamışlardır”. (“Kommunist”, №258-2764)

Keçən sənəki konqredə Əli Nazim cığırdaşların (xalqçılar) bəlli-başlı müməssillərini tənqid edərək bərbad eyləmişdi. Mustafa Quliyev o ictimada Əbdürrəhim, Cəlil Məmmədquluzadə, Hüseyn Sadiq, Cəfər Cabbarlı, Süleyman Sani, Abdullah Şaiq bəyləri sayaraq demişdir ki:

“Bunlar bizə cığırdaş ola bilməzlər, çünki bunlar daha heç bir əsas məsələdə burjua-liberal görüşündən iləri gedə bilməmişlərdir”. (“Kommunist”, 3.11.1929 №258)

Əli Nazim bu “burjua-liberal” ruhunu tərənnüm edən “cığırdaşları” proletarlaşdırmaq lüzumundan bəhs etmişdi. Fəqət ona cavabən Sanili demişdir ki:

“Bizdə gənc proletar yazıçıları daha bu vaxta qədər kəndiləri işçi-köylü oxuyucular üçün bir şey verə bilməmişlərdir. Bilxassə cığırdaşlar üçün məfkurəvi cəhətdən nümunə ola biləcək ciddi bir əsər daha ortada yoxdur”.

Keçən sənənin konqresi münasibətilə bir məqalə yazan M.Arif proletar ədəbiyyatını yalnız kəmiyyətcə degil, keyfiyyətcə də yoxsul olduğunu qeyd ediyordu. (“Kommunist”, №2752) Əli Nazim isə bu məsələ üzərində daha əsaslı duraraq proletar ədib, şair və yazıçılarının yaratdıqları əsərləri yüngül, bəsit, ibtidai bir halda görüyor. (“Kommunist”, 21.10.1929) Əli Nazim proletar yazıçıları yalnız ədəbiyyat sahəsində degil, hətta adi, ümumi, hər insana lazım olan məlumatca dəxi ibtidai görməkdə idi.

Konqredə Mustafa Quliyevin nitqi çox mənalı idi. O, ümumi kütübxanələrdə yapılan bir statistiki qeyd ediyordu və bu statistik üzərinə kimsənin kommunist əsərləri oxumadığını, bunun üzərinə də kimsənin proletar və kommunist əsərləri, kolxoz, sovxoz və s. hərəkatları təsvir edəcək ədəbi əsərlər yazmadıqlarını, xalqı tətmin edəcək əsərlər yazmaqla proletar yazıçıların dəxi millətçilər nüfuzuna düşməgə başladıqlarını qeyd ediyordu.

Bütün bu hərəkatların xaricə təsir etməsi proletar ədiblərini və qızıl şairləri qızdırmışdır. Xayır, proletar ədəbiyyatı vardır, iştə Cəfərin “Od gəlini”, iştə Cavadın “Kür”ü, “Gürcüstan”ı ... deyə bağırıyorlar. Fəqət bunu yaparkən “yalançının hafizəsi olmadığı üçün” iki sözləri bir-birini tutmuyor. Mustafa vaxtilə “Od gəlini”nı idealizə eyləmişkən, sonra “təkfir” ediyor. Əli Nazim bu əsəri kommunizm əleyhində milliyyətçi-islamçı bir əsər olaraq tələqqi edərkən, Nəzərli “Oktyabr məhsulu” ədd ediyor. Ab. Şərif “ordusuz qalan Müsavat münəqqidlərinə” cavab verən bir məqaləsində diyor ki:

“Oktyabr bir qrup yazıçılarımızın psixo-ideolojisində olduqca böyük inqilab yaratdı: oktyabrdan sonra əski yazıçılarımızın böyük bir qismi proletar inqilabına yaxınlaşdıqları halda, digər bir qismi “Müsavat” kibi əksinqilab firqələrin qoynuna atılmaqdan geri durmadı”. (“Kommunist”, №183, 1930)

Proletar inqilabını “təmiz ürəklə” qəbul edənlər arasında hekayələrilə bərabər Seyid Hüseyni, “Od gəlini” ilə bərabər Cəfər Cabbarlıyı dəxi qeyd etməkdir. Bu surətlə bu yazıların Müsavat dəyirmanına degil, bolşevik dəyirmanına su tökməkdə olduqlarını iftixarla yazan mühərrir məqalənin sonunda diyor ki:

- “Ölkəmizdə inqilabın getdikcə dərinləşməsi və genişlənməsi bütün inqilab ədəbiyyatımızın qarşısında son dərəcə böyük vəzifələr qoyduğu halda, əski yazıçılar kadromuzun olduqca mühüm bir qismi nə mövzu, nə də yaradıcılıq üsulu etibarilə bir yenilik yaratmıyor. Köhnəpərəstləri tənqid və qadın hürriyyəti uğrunda mübarizə kibi bir qədər liberal mövzulardan iləri getmiyorlar”.

Ab. Şərif bu mövzulara da “inqilabi bir qiymət” veriyor.

“Fəqət bu mövzular ilə bərabər şəhər və köydə böyük ziddiyyətlər ilə doğan yeni həyat mənzərələrini görmək, işçi-köylü kütləsi içindən çıxan yeni insanları təsvir eyləmək, ümumiyyətlə bizdə doğan yeni həyatın və sosyalizm quruluşunun müsbət və sinfi tiplərini daha geniş surətdə göstərmək lazımdır. Bəzi ədiblərimiz böylə aktual məsələlərə olduqca dar və səthi liberal bir baxışlarla yanaşmaqla yalnız yoxsul və bədbəxt insanlara qarşı bir mərhəmət oyatmağa çalışıyorlar...”

Mühərrir buna misal olaraq muzdurlar həyatından hekayə yazan Abdulla Şaiq bəyi alıyor. Abdulla Şaiq muzduru bədbəxt bir tip olaraq təsvir etmiş, halbuki Şərif yeni həyat quruluşuna aktiv iştirak edən onlar və yüzlərlə yoxsul muzdurların təsvir edilməsini onların “xoşbəxt” olaraq göstərilməsini istiyor.

Çıxmıyor, nə yaparsan. Onlar həyatı öylə görüyorlar. Və bu da Əli Nazimin yeni bir ünvan tapdığı “rekonstruksiyon dövrü”nün ədəbiyyatındakı xüsusiyyətidir.

Əli Nazim “Rekonstruksiyon dövrü sinfi mübarizə və bugünkü ədəbiyyatımız” adlı məqaləsində (“Kommunist”, 12 avqust 1930) “Müsavatçıları təhqir etməməgi tələb edən proletar mühərrirlərindən Mehdi Hüseynzadəyə qarşı müdhiş bir küfür ağzı açmışdır. Milliyyətçi-xalqçı ədəbiyyatın insani hisslərinə, mərhəmət, şəfqət, məhəbbətlərinə qarşı müdhiş bir kin, nifrət və xüsumət tələb ediyor. “Pravda” 28 avqust tarixli nüsxəsindəki bir məqalədə diyor ki:

- İmhasına qərar verilmiş olan köyün və şəhərin kiçik burjuası, ədəbiyyat sahəsində, onlara qarşı yürütdügümüz kin, xüsumət, nifrət siyasətinə qarşı, bu siniflər kəndi ədəbiyyatlarında tam başqa bir vəziyyət aldılar. Kommunist firqəsinin köyün və şəhərin hallı siniflərinin bir sinif olaraq imha eyləmək şüarına bu siniflər kəndi ədəbiyyatlarında insanpərvərlik, bəşəri məhəbbət və göz yaşları ilə cavab veriyorlar. Onlar məğdur, məzlum, məhkum dünyalar təsvir edərək anti-bolşevik fikirlər idealizə ediyorlar.

Ab. Şərif Abdulla Şaiqdə dəxi bu xüsusiyyəti görüyor. Əli Nazim bu “burjua mərhəmətlərinə” kin, nifrət, küfür və hətta “Çeka” təklif eyləməkdədir...

Hər bir şeydən ümidi kəsilmiş insanlar kibi...

M.B.Məhəmmədzadə
“Odlu yurd”, təşrini-əvvəl (oktyabr) 1930, №21 

Mövsuqiyyət - inanma
Mühibb - sevən
Təəmmüm - hamıya aid olan
İmha - məhv etmə 

MƏSUD XATİRƏLƏRDƏN 

28 Mayıs - bu müqəddəs bayram münasibətilə bir xatirə və həm də xoş bir xatirə yazmaq lazım. Kiçik, fəqət kiçikligi ilə bərabər gözəl və pək sərvətli məmləkətimizin gözəl xatirələri çox çoxdur. Bu xoş xatirələr, gözəl mənzərələr birər-birər xəyalımda mücəssəm oluyor.

Fəqət dərhal bu xoş mənzərələrin arxasınca şimdi qanlar, atəşlər içərisində istiqlal uğrunda mücadilə edən vətənimin acı mənzərələri gəliyor və xoş mənzərələri örtmək istərkən bən xəyalımı çabuk başqa tərəfə sövq ediyoram.

Bu xəyallar arasında nədənsə əski bir xatirəyi anlatan bir rəsm qarşımda təcəssüm ediyor. Bu rəsm Bakının Qoşa qala qapısı qarşısında son Bakı xanının Mirzəsi tərəfindən Bakıyı mühasirə edən və xalqın “Çubuqtur” dedigi general Sisyanovun öldürülməsini göstəriyor. Bu həyatın arxasınca gənc məmləkətimizin gənc ordusunun eyni məhəldən dəmir addımlarla yürüdüklərini görüyoram. Qulağım: “Canım qurban olsun Azərbaycana!” sözlərilə bitən türküləri eşidiyor.

Bənə öylə gəliyor ki, 100 il əvvəl Qoşa qala qapısında və qala bürclərində durmuş adamlar gənc Cümhuriyyətimizin gənc, fəqət gəncligi qədər qəhrəman ordusuna baxıyorlar...

Sonra Bakının sahil boyu... Orada Gəncədən Bakıya gələn əskəri hissəmizin ilk rəsmi keçidi...

Bütün millət ərkəkli-qadınlı, gəncli-ixtiyarlı, həpsi ordumuzu görməgə qoşuyor. Alqışlar, sevinc yaşları, şimdi oluyor kibi...

Bu həyatın arxasınca həmən cəddədə bolşeviklərin arabalarla, avtomobillərlə evlərin və ticarətxanələrin mallarını vaporlarla götürdükləri gözümün önünə gəliyor...

Yenə bolşevik rejimi altında, heç bir zaman unutmayacağım kibi 28 Mayıs bayramını xatırlayıram. Bu ilk xristiyanların Romada gizli toplantılarını, gizli ibadətlərini o qədər xatırlatıyor ki... Gizli olaraq toplantılar müqəddəs 28 Mayıs bayramını çox ehtiyatla qutluyorlar.

Xəyalımı yenə yapıncıya bürünmüş, başında qıllı papaq, əlində xalq əfsanəsində qeyd olunduğu kibi aynalı tüfəng olduğu halda, təpələrdə, ormanlarda qızıl və vəhşi yağı ilə hərb edən, Azərbaycanın yabançı qüvvətlərə qarşı ənənəvi mücadilələrini davam etdirən vətən igidlərinin yanına gediyor. Dağların başında, yalçın qayalar arxasında soyuq, aclıq, ehtiyac kibi möhnətlərə qatlanaraq düşmənlə hərb ediyorlar. Ölüyorlar, fəqət təslim olmuyorlar. Öldürüyorlar...

Bu son səhnə bəni sevindiriyor. Qəlbimi imanla dolduruyor.

Bu imanla 28 Mayıs bayramı ediyoram. İnanıyoram ki, ölmək bilməyən qurtaramaz.

Ölməgə qərar vermiş, onu felən tətbiq edən bir millətin dəxi mütləq qurtaracağına, hürriyyətə qovuşacağına imanın qanedir.

lll

Günəşli bir cümə.

Xalqda o gün heç görünməyən bir hərəkət bir həyəcan vardır, cəddələr və sokaklar dolu... Həpsi şəhrin yuxarı tərəflərinə yürüyorlar, bunlar nərəyə böylə?

Şəhrin üzərindəki ən yüksək yerə toplanıyorlar. Bütün Azərbaycan vəkil və məbusları dəxi həp buradadırlar. Bən də o yüksək yerdəyəm.

Bu zirvədən şəhərin hər tərəfi və günəşin şüası altında altun kibi parlayan Quzğun dəniz də uzaqlarda gözüküyor. Qələbəlik getdikcə artıyor. Hər kəs buraya gəlməgi kəndisinə müqəddəs bir borc biliyor. Hələ qadınlar görülməmiş bir kütlə halında gəliyor, böyük meydanın bir tərəfində duruyorlar.

Burası nədir?

Burada bu gün Azərbaycanı kəndi qanları ilə qurtarmış Türkiyə məhmədciklərinə şəhərin hər tərəfini görəcək və şəhərin hə tərəfindən görüləcək bir abidə yapılacaqdır.

Abidənin planı hazır, təməl daşı konuluyor. Mərhum Nəsib bəyin qalın səsi böyük çənlərin səsi kibi insan qəlbinin ən dərin guşəsinə qədər hülul ediyor. Ən sərt ürəkləri yumşatıyor.

Emin bəy nitqə başlıyor. Yeni dalğalanmaya başlayan bir dəniz kibi get-gedə coşuyor. Kəndi nitqindən kəndisi mütəəssir olduğu kibi başqaları da mütəəssir oluyorlar.

Bu əzim qələbəlik içində tam bir sükunət hökmfərmadır. Fəqət ara-sıra qadınların ağlamaq səsləri bu səmimi sükunəti ixlal ediyor. Yüksələn günəş abidəyi təqdis ediyormuş kibi kəndi işığını ziyarətçilərin və abidənin üzərinə bol-bol sərpiyordu.

Fəqət nə yazıq, bu abidə yapılmağa başlarkən Şimaldan qalın müzlim bir bulud gəliyor, günəşin qarşısını tutuyor, hər tərəfi zülmət istila ediyor və o müqəddəs abidə yapılamıyor.

Biz əminiz ki, bulud nə qədər müzlim olursa-olsun, günəşin önünü daima qapayamaz. Günün birində müzlim bulud çəkilincə günəş yenə əskisi kibi parlar və o müqəddəs abidə yapılar.

Dəmirçi oğlu
(Məmməd Əli Rəsulzadə)

“Odlu-Yurd”, 28 Mayıs 1930, № 16

Məsud - xoşbəxt, bəxtəvər
Müzlim - qaranlıq, mənhus, mənbur 

AZƏRBAYCAN HƏYAT VƏ MƏTBUATINDAN 

Azərbaycanda sinif mücadiləsi “Teatro ətrafında bir münaqişə”, “Proletar ədəbiyyatı” məhsulları

Bir müddət əvvəl Bakıda Azərbaycan Mərkəzi Kommunist firqəsinin sənəlik ictimai vüqu bulmuşdu. Məzkur ictimada ələlxüsus Azərbaycan Kommunist firqəsi məsul katibi Çikalo Azərbaycanın iqtisadi, ictimai və siyasi vəziyyəti haqqında məruzədə bulunmuş və Kommunist firqəsinin Azərbaycandakı “müvəffəqiyyətləri”ni sayıb tökmüşdür. Məruzəsində ən mühüm yeri sinif siyasətinə verən Çikalo böyük bir təlaşla Azərbaycanda sinif düşmənliginin və bu düşmənlik nəticəsində hüsula gələn şiddətli mücadilələrin kəskin bir şəkil aldığından bəhs etmişdir. Çikaloya görə bütün Sovetlər İttihadında olduğu kibi Azərbaycanda dəxi son zamanlar sinif mücadiləsi gərgin bir şəkil almışdır. Sinif mücadiləsinin şiddət kəsb etməsinə səbəb bir tərəfdən ötədənbəri Qarabağ, Şirvan, Gəncə kibi bir çox Azərbaycan qəzalarında təəssüs etmiş çetələrin fəaliyyətə keçmələri, digər tərəfdən köy qolçomaq zümrəsinin şiddətli müqavimət və aktiv mücadilə etməsidir. Qolçomaqların şiddətli müqavimətindən bəhs edən Çikalo diyor ki: “Qolçomaqların fəaliyyəti köy həyatının bütün sahəsini istila etmişdir. Onlar gərək ərzaq (taxıl) hazırlığı və gərəksə əkin işləri, vergi və istiqraz məsələlərində hökumətin tədbirlərinə qarşı çıxıyor və şiddətlə müqavimət ediyorlar. Qolçomaqlar yalnız bununla qalmamış, Azərbaycanın bütün köylərində Sovet müəssisələrinə soxularaq idarəyi kəndi əllərinə almışlardır”.

Köylü müqavimətini bu surətlə təsvir edən Çikalo sözü köylərdə kommunistlərə qarşı yapılan terror hərəkətlərinə keçiriyor və əlavə ediyor ki, “Qolçomaq, inqilab əleyhdarı və sair bu kibi ünsürlər tərəfindən kommunistlərə qarşı icra edilən terrorlar gündən-günə artmaqdadır, bir ay zərfində yalnız bir qəzada 20-dən fəzlə kommunist öldürülmüşdür”.

Çikalo köylərdə bulunan bu kibi “yabançı ünsürlər”in əmələlər içərisində dəxi qüvvətlə kök saldığını və tıpqı qolçomaqlar kibi əmələlərin də hökumətin köy siyasəti əleyhində çıxışda bulunaraq hökumət əleyhinə şiddətli propağandalar yapdığını qeyd ediyor.

Məruzəsində ərzaq böhranı məsələsinə təmas edən Çikalo əmələlərin dərin bir böhran içərisində imrari-həyat etdiklərinə işarət edərək, bu iştə ərzaq təchizatilə əlaqədar Sovet müəssisələrini qəbahətli buluyor və diyor ki, “Köy və şəhərlərdə bulunan ərzaq müəssisələrimizin şimdiyə qədər heç bir hazırlıqda bulunmaması və əmələ sinfini ərzaqla təchiz etməməsi bir rəzalət və tam mənasilə bir cinayətdir”. Fəqət qəbahəti ərzaq müəssisələrində görməklə əmələ zümrəsinin gönlünü almaq istəyən Çikalo böhranın əsil səbəbini bilməz degildir. Zənn edərsək mütəəddid çıxışlarında göstərdikləri kibi əmələlər ümumi böhranın əsil səbəbini Sovet hökumətinin yanlış köy siyasətində görmüş və böhrandan qurtulmaq üçün, köylünün hökumət tərəfindən təzyiqi əleyhində bulunmuş və mümkün mərtəbə köylüyü müdafiədən çəkinməmişlərdi.

Məruzəsinin sonunda Mavərayi Qafqasiya Kommunist firqəsinin qərarlarından bəhs edən Çikalo bu qərar mövcibincə bir çox sənaye sahələrinin Mavərayi-Qafqasiya Federasyonu idarəsinə veriləcəyini, yəni mərkəzləşəcəgini qeyd etmişdir. Çikaloya görə iqtisadiyyatın təqviyəsi (?) üçün yapılacaq olan bu təmərküz siyasəti heç şübhəsiz bəzi milliyyətçi ünsürlərin müqavimətinə məruz qalacaqdır. Bunun üçün də “bilcümlə firqə təşkilatları gərək hakim rus milliyyətçiligi (rusçuluq) və gərəksə məhəlli milliyyətçiliklə qəti bir mücadilə yapmalıdır”.

lll

Bakıda intişar edən “Kommunist” qəzetəsində son zamanlarda şayani-diqqət bir qələm münaqişəsi yürüdülməkdədir. Münaqişənin mövzusunu işçi teatrosu təşkil ediyor. Məsələ şudur: işçi teatrosunun xalq tərəfindən rəğbət görməməsinin əsil səbəbini araşdırmaq. Bu məqsədlə toplanan əlaqədar zəvat bütün səbəbini səhnəyə vəz edilən piyeslərin bədii, orjinal əsərlər olmayıb, tərcümə və sırf propağanda piyesləri olduğu keyfiyyətində görmüş və xalqı teatroya cəlb etmək üçün mütləq orjinal və bədii qiymətə haiz əsərlər oynamalıdır demişlərdir. Son zamanlarda Əbdülhaq Hamidin “Duxtəru Hindu”sunu oynamaq surətilə böyük bir rəğbət gördüklərinə istinadən tezlərini müdafiə edən bu zümrə əleyhinə kommunist keçinən bəzi dolqoviklər şiddətlə hücum etmiş və bu tədbir və fikri “proletar məfkurəsi” üçün vahim bir yol bulmuşlardır. Bu cümlədən olaraq “Kommunist” qəzetəsində “Tənqidçi” imzası ilə “Qorxunc bir təmayül” ünvanlı bir məqalə dərc edilmişdir.

Orjinal əsərlərin  oynanılmasını müdafiə edən zümrəyə qarşı yazılan bu məqalədə dəxi əsas etibarı ilə bu fikir rədd edilməyərək yalnız bu yolun “proletar məfkurəsi”ni istiqamətindən çevirəcəgi üçün vahim olduğuna işarə ediyor və deniliyor ki, “Bu fikir bütün əfkarı ümumiyyəyi istila edərək təəmmüm etmiş olursa işçi teatrosu çox şeylər qeyb etmiş olacaqdır. Çünki bu gün məzkur teatroya gələn az isə səbəbi xalq kütləsinin inqilabi əsərləri sevməməsidir. Digər teatrolarımızda dəxi müşahidə edilən bu həqiqəti etiraf etmək lazımdır. Xalq inqilabi əsərlərdən xoşlanmadığı üçündür ki, teatroya gəlmiyor. Təsəvvür edilsin, inqilabın 10-cu sənəsində xalq inqilabdan və inqilabi əsərlədrən xoşlanmıyor və bu kibi əsərləri sevmiyor. Bunu bir kommunist ağzından eşidiyoruz. Vəziyyət böylə ikən xalq kütləsinin inqilab tərəfdarı, komunizm mühibbi olduğundan, proletar ədəbiyyatının mövcudiyyətindən bəhs edilə bilirmi? İnqilaba nifrət edən bir kütlənin “proletar” ruhlu olduğuna nasıl, hanki məntiqlə hökm edilə bilir? Fəqət bolşevik məntiqi bunu aramaz, çünki o hər şeyin silah gücü ilə, terrorla yapılacağına qanedir. Məqalə sahibi xalqın bu nifrətinə rəğmən teatronun heç bir zaman kəndi “proletar” xəttini dəgişdirmək təşəbbüsündə bulunmamasını təklif ediyor və “inqilabi repertuar əsasından sapmak demək, xalq kütləsinin tələb və arzusuna ittiba və onun arxasınca getmək deməkdir”. Diyor ki bu da teatroyu bir propağanda ocağı yapmaq surətilə xalqın qafasını komunizm həzəyanları ilə doldurmaq, xalqı zorla “proletar ruhlu” yapmaqdan başqa bir şey degildir. Fəqət nə olursa-olsun xalq zövqünün önünə keçiləmiyəcəgindən bu tədbirin müvəffəqiyyətli nəticələr vermiyəcəgi təbiidir.

* * *

Son zamanlarda milli ədəbiyyata qarşı gərək qəzetə və gərək konqralar vasitəsilə mücadilə səhnəsinə atılan qızıl “şair” və “ədiblər” bolşevik ağalarının ağzına bir şey atmaq və bu surətlə “proletar ədəbiyyat”ı yaratmaq üçün bir taqım əsərlər nəşr etmişlərdir.

Mustafa Quliyev “Yüksəliş” ünvanilə “Kommunist” qəzetəsinə yazdığı bir məqaləsində bu vadidə yazılmış əsərlərdən dərin bir vəcd və həyəcanla bəhs etməkdədir. Quliyevin keyfi hökmunə görə Azərbaycan ədəbiyyatı artıq milli, inqilab əleyhdarlığı kibi təmayüllərdən sıyrılmaqda və həqiqi “proletar” çöhrəsini bulmaqda imiş. Quliyev misal olmaq üzrə şair yamağı Süleymanın “Müsavatçılara cavab” namı altında nəşr etmiş olduğu şeirləri zikr ediyor və mahiyyətini hənuz bilmədigimiz bu şeirlər haqqında diyor ki: “Bu şeirlərlə Süleyman düşmanlarımızı qırbaçlıyor. Onların qardaş qırğını, zülm, təhəkküm ilə dolu hakimiyyətlərini xatırlayaraq acizliklərinə gülüyor. Məzkur şeirləri “Müsavat” fəaliyyətinə bir cavab kibi tələqqi edən Mustafa əlavə ediyor ki: “Müsavatçılar bəzi yazıçı və şairlərə adsız kəat və şeirlər göndərərək 3 rəngli bayrağı, turançılığı mədh ediyorlar. Müsavat əfsunçusu gəncləri vətən, millət və istiqlal fikirlərilə əfsunlamağa çalışıyorlar. Süleymanın şeirləri bunlara iyi bir cavabdır”.

Qulyev bundan başqa daha bir qaç “proletar” şairinin əsərlərindən bəhs edərək artıq Azərbaycanda proletar ədəbiyyatının vücudə gəldiginə qani bulunuyor. Fəqət bizcə bu kibi ismarlama yazılar fərdi bir qənaət məhsulu olduğu üçün Azəri xalqının məşəri vicdanının bir əksi olan milli ruh əsərlər yanında pək sönük qalır. Çünki xalqın istədigi, xalqın zövqü tamamilə başqa, buna müqabil bilməcburiyyə təlqin edilmək istənilən fikir də başqadır. Binaənileyh xalqın əsil yaradıcılığı olmadan ismarlama surətilə vücuda gətirilmək istənən “proletar ədəbiyyat”ı hər zaman olduğu kibi yenə də qüvvətli və hakim bir milli ədəbiyyat yanında inkişafdan məhrum qalacaqdır.

Y.Əli

“Odlu-Yurd”, Mart 1930, № 13 

İttiba - boyun əymə, itaət etmə
Həzəyan - mənasız, havayı, hədyan
Təxəssüs - ixtisaslaşmış
Vadid - yeni baxış
Vəcd - cuşa gəlmə
Məşər - duyma, dərk etmə

(Ardı var)

 





16.10.2017    çap et  çap et