525.Az

Ankara antiazərbaycan mövqeli siyasətçiləriylə bağlı ölçü götürəcəkmi?


 

"ONLAR TÜRKİYƏDƏ MÖVCUD HAKİMİYYƏTİ SEVMƏYƏN VƏ BÖLÜCÜLÜYÜ TƏŞVİQ EDƏN ADAMLARDIR"

Ankara antiazərbaycan mövqeli siyasətçiləriylə bağlı ölçü götürəcəkmi?<b style="color:red"></b>

Türkiyənin bir qrup tanınmış ziyalısının Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfər etməsindən sonra iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinə kölgə salmaq məqsədi daşıyan daha bir addımın atıldığının şahidi olduq.

Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı aparılan müzakirələrdə Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı tənqidi hesabat üzrə qətnamənin lehinə səs veriblər. Azərbaycana qarşı qərəzli münasibətin, eyni zamanda, erməni lobbisinin və antitürk, antiislam dairələrin sistematik fəaliyyətinin əyani təzahürü olan məlum qətnamənin Türkiyəli millət vəkilləri tərəfindən dəstəklənməsi heç bir izahı olmayan bir hadisə kimi Azərbaycan xalqının yaddaşına yazılıb. Çünki dövlətimiz indiyədək Türkiyə ilə bağlı istənilən məsələdə həmrəylik nümayiş etdirib, qardaş ölkəyə öz dəstəyini əsirgəməyib. Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq müstəvidə iştirak etdiyi tədbirlədə hər zaman ölkəmizlə yanaşı Türkiyənin də maraqlarını qoruyub, dost və qardaş ölkənin əleyhinə səsləndirilən iddialara tutarlı cavablar verib. Eləcə də Azərbaycanın rəsmi şəxsləri, siyasətçiləri, tanınmış ictimai və siyasi xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri heç vaxt Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymayıblar.

Eyni zamanda, 2015-ci ilin iyul ayında Türkiyədə qanuni hakimiyyətin hərbi yolla çevrilməsinə cəhd olunan zaman Azərbaycan prezidenti öz qəti mövqeyini ortaya qoyub, Türkiyə respublikasına və onun rəhbərinə öz dəstəyini ifadə edib.

Bütün bunlara baxmayaraq, bəzi türkiyəli aydınlar və millət vəkilləri tərəfindən atılan bu kimi addımlar iki ölkə arasındakı əlaqələrin perspektivi üçün ciddi təhlükə yaradır. Xüsusən də Türkiyə hökumətinin istər Qarabağa qanunsuz səfər etmiş vətəndaşları haqqında, istərsə də Azərbaycanın əleyhinə səs vermiş millət vəkilləri barəsində müvafiq tədbirlər görmədiyi təqdirdə bu təhlükə daha da dərinləşə bilər. Ona görə də Türkiyə hökuməti Azərbaycan ictimaiyyətinin həmin şəxslərin cəzalandırılması - hüquqi qaydada məsuliyyətə cəlb edilməsi tələbinə biganə yanaşmamalı, iki qardaş ölkə arasında olan isti münasibətlərin ruhuna uyğun hərəkət etməlidir.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərini arzuolunmaz məcraya yönəldən bu halların xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyə hökuməti Azərbaycanın dünya birliyi tərəfindən tanınmış dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquq çərçivəsində iş başlatmalıdır. O, "Trend"ə bildirib ki, Türkiyə vətəndaşları Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlunun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfər etmələrinin, erməni mənşəli deputat Karo Paylanın Ermənistana tez-tez səfərlər edərək prezident Serj Sarkisyanla Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün apardığı "danışıqların", Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı aparılan müzakirələrdə CHP-dən olan deputatların - Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsicinin Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı tənqidi hesabat üzrə qətnamənin lehinə səs vermələrinin arxasında bir neçə məqsəd dayanır və ona görə, bu davranışlara daha geniş baxılması zəruridir.

Deputat hesab edir ki, həmin təzahürlərin görünən və pərdəarxasında gizlənən çoxlu tərəfləri var: "Bu davranışların hamısı birlikdə ilk növbədə, Azərbaycan-Türkiyə münasibətlərini pozmağa yönəlib. İkincisi, Türkiyə daxilində Rəcəb Tayyib Ərdoğan hakimiyyətini gözdən düşürməyə çalışan dairələrin planlarının tərkib hissəsidir. Layihəni planlayıb həyata keçirənlər yaxşı başa düşürlər ki, Türkiyə hökuməti vətəndaşları olan həmin şəxsləri ölkə qanunları ilə tutub Azərbaycana təhvil verə bilməz. Bu da iki ölkə arasında münasibətləri zədələyəcək və mövcud hakimiyyəti ictimai rəydə gözdən düşürəcək. Planın müəllifləri bu iş üçün seçdikləri şəxslərin kimliyini, siyasi mövqelərini də dərindən nəzərə alıblar. Həmin şəxslər türk kimliyi şübhə doğuran, sonradan İslamı qəbul etmiş şəxslərin törəmələri, Türkiyədə mövcud hakimiyyəti sevməyən və bölücülüyü təşviq edən adamlardır".

M.Qasımlı deyib ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə bu şəxslərin qanunsuz səfər etmələri özündə bir çox məsələləri birləşdirərək xoşagəlməz nəticələr doğurur: "Onlar ilk növbədə, vətəndaşları olduqları Türkiyənin qəbul etdiyi və imzası olan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozublar".

Deputat bildirib ki, Türkiyə öz imzasına hörmət edən bir dövlət olduğundan dövləti təmsil edən hökumət qanun çərçivəsində davranmağa məhkumdur: "Həmin şəxslər bu davranışları ilə Azərbaycan və Türkiyə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinə zidd fəaliyyət göstəriblər. Deməli, Türkiyə ictimaiyyəti də onlara qarşı sərt mövqeyini ortaya qoymalıdır. Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edənlərin Türkiyə qəzet və saytlarına səfərləri və səfər təəssüratları haqqında geniş müsahibələr vermələri, televiziya proqramlarında nümayişkaranə şəkildə Qarabağ ermənilərinin qonaqpərvərliyindən, mövcud vəziyyətlərindən müsbət mənada danışmaları məlum dairələrin həmin planının düşünülmüş şəkildə həyata keçirildiyini bir daha təqdiq edir. Lakin ən pis hal belə bir şəraitdə Türkiyə hökumətinin bu təzahürlərə qarşı münasibətdə seyrçi qalması və ciddi tədbir görməməsidir. Hesab edirəm ki, Azərbaycan-Türkiyə münasibətlərini arzuolunmaz məcraya yönəldən bu halların xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyə hökuməti imzaladığı beynəlxalq sənədlərə hörmət etməli, Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınmış dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquq çərçivəsində iş başlatmalı və beləliklə, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmək istəyən digər vətəndaşlarını da belə qanunsuz addımlardan çəkindirməlidir".

M.Qasımlının sözlərinə görə, qardaş Türkiyə xalqı və hökuməti unutmamalıdır ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev hər zaman ölkəmizlə yanaşı, Türkiyənin də maraqlarını ən üst səviyyədə qoruyub, dost və qardaş ölkənin əleyhinə səsləndirilən iddialara tutarlı cavablar verib".

Deputat əlavə edib  ki, ölkəmizin tanınmış siyasi, ictimai və elm xadimləri heç bir zaman Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymayıblar: "Türkiyə hökuməti və xalqı üçün həssas olan bütün məsələlərdə Azərbaycan öz dəstəyini əsirgəməyib. Bir azərbaycanlının olduğu elmi, siyasi və ictimai toplantılarda kimsə Türkiyənin və onun xalqının əleyhinə danışmağa cürət etməyib. Buna cəhd edənlər dərhal yerində oturdulub".

M.Qasımlı bildirib ki, Azərbaycan ictimaiyyətinin Türkiyə hakimiyyətindən müvafiq mövqeni göstərməyi gözləməyə haqqı var: "Türkiyə hökumətinin həm Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş vətəndaşları, həm də AŞPA-da Azərbaycanın əleyhinə səs vermiş millət vəkilləri barəsində müvafiq tədbirlər görməyəcəyi təqdirdə iki ölkə arasında münasibətlərin perspektivlərinə kölgə düşə bilər. Ölkələrimiz arasında münasibətləri xalqlarımız müəyyən etdiyi üçün qardaş Türkiyə xalqının öz qəti mövqeyini bildirməsi təmənnəmizdir.

Deputat Aydın Hüseynov da qeyd edib ki, Türkiyə hökuməti Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquqi prosedur başlamalıdır. Onun sözlərinə görə, Türkiyə hökuməti bunu etməklə gələcəkdə Qarabağa səfər etmək istəyən digər vətəndaşlarını da belə qeyri-qanuni addımlardan çəkindirməlidir.

Deputat bildirib ki, Türkiyə vətəndaşlarının Azərbaycanın işğal altındakı ərazilərində keçirilən tədbirdə iştirak etmələri həm Azərbaycana, həm də Türkiyəyə hörmətsizlikdir: "Bir qrup Türkiyə vətəndaşının Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərinə səfər edərək, oradan ölkəmizə qarşı bəyanatlar səsləndirmələri həm də Türkiyənin özü üçün təhqirdir. Onların bu addımı başa düşülən deyil. Azərbaycan və Türkiyə qardaş ölkələrdir. İnanırıq ki, Türkiyə bu şəxsləri qısa zaman ərzində Azərbaycana təhvil verəcək".

Ceyhun ABASOV

 





17.10.2017    çap et  çap et