525.Az

Kristofer Smit erməni maraqlarını müdafiə edir


 

HELSİNKİ KOMİSSİYASININ DAĞLIQ QARABAĞLA BAĞLI DİNLƏMƏLƏRİ ERMƏNİSTANA YENİ YARDIM İMKANLARININ YARADILMASI MƏQSƏDİ GÜDÜR

Kristofer Smit erməni maraqlarını müdafiə edir<b style="color:red"></b>

Məlum olduğu kimi, oktyabrın 18-də ABŞ Helsinki Komissiyası Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək.

Komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər.

Dinləmələrdə Minsk Qrupunun keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər.

Helsinki Komissiyası ATƏT ölkələrində Helsinki Yekun Aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqi və təbliği məqsədilə yaradıldığını bəyan edir. Lakin 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış yekun aktın 10 əsas prinsipinin 8-i (suveren bərabərlik; zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisənin dinc yolla həll olunması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi) Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib. ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smit vaxtilə Demokratlar Partiyasının üzvü, sonra Respublikaçılar Partiyasının üzvü olub, indi də ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biridir.

K.Smit Azərbaycana qarşı "907-ci düzəliş"in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxsdir. Bu "düzəliş"lə 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilib və Azərbaycana Amerikanın birbaşa dövlət yardımı yasaqlanıb.

K.Smit, həmçinin, ABŞ-ın "erməni soyqırımı"nı tanımasının ən aktiv tərəfdarlarındadır. Təsadüfi deyil ki, ABŞ erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyan "Twitter" səhifəsində konqresmen K.Smitin ANKA sədri ilə görüşü əks olunub. Alt yazısında isə A.Hamparyan qeyd edirdi ki, "erməni işi"ni dəstəkləmək üçün Smit ilə görüşür.

K. Smit 2015-ci ildə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı "Azərbaycan Demokratiya Aktı" adlı layihəni konqresə təqdim edərək qəbul olunmasını istəmişdi.

ABŞ Helsinki Komissiyasının və onun rəhbərinin indiyə qədərki fəaliyyətini nəzərə alan Azərbaycan tərəfi növbəti dinləmələrdən də heç bir pozitiv nəticə gözləmir. Görünür, K.Smit və təmsil etdiyi erməni lobbisi dinləmələr keçirməklə Ermənistanı "müdafiəyə ehtiyacı olan tərəf" kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yadımı artırmağa çağırmaq məqsədi güdür.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Asim Mollzadə qeyd edib ki, Helsinki Komissiyasının Dağlıq Qarabağla bağlı dinləmələr keçirməsi prinsipləri, beynəlxalq hüququn aliliyini pozur. O, SİA-ya bildirib ki, Helsinki Komissiyası Dağlıq Qarabağla bağlı dinləmələr keçirməkdənsə, mövcud vəziyyətin Helsinki sənədlərinə uyğun olub-olmadığını yoxlamalıdır: "Əslində, Azərbaycan torpaqlarının işğal altında olması, Ermənistanın ərazilərimizə olan iddiası Helsinki sənədlərinin kobud şəkildə pozulması deməkdir. Çünki Helsinki sənədini imzalayan bütün ölkələr bir-birilərinin ərazi bütövlüklərini tanıyıb.  Ermənistanın Azərbaycanın ərazilərinə iddiası isə bu prinsiplərin bir başa pozulması demək olsa da, komissiya bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib".

A.Mollazadənin fikrincə, indiki şəraitdə əsas müzakirə mövzusu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi olmalıdır: "Bu gün danışıqlar prosesində də ilk növbədə BMT-nin qətnamələrinin icrası və Azərbaycan torpaqlarının işğaldan azad olunması gündəmdə olmalıdır. Bu olmadığı üçün də 25 ildir ki, problemin həllində heç bir irəliləyiş yoxdur".

Deputat qeyd edib ki, ermənilərin ABŞ Konqresində çox böyük lobbi qrupu var: "Onlar erməni diasporuna çalışırlar. Məhz bunun nəticəsidir ki, Azərbaycan orada haqsız qərarların qəbulunun şahidi olub".

Deputat Rasim Musabəyov isə bu dinləmələrdən obyektiv nəsə gözləməyin əbəs olduğunu düşünür. "Milli.az"ın məlumatına görə, o bildirib ki, dinləmələri həyata keçirməkdə məqsəd aydındır: "Ermənistanı müdafiəyə ehtiyacı olan tərəf kimi təqdim edib işğalçı rejimə maliyyə və hərbi xarakterli yardımı artırmaq. Dinləmələrdəki çağırışların da bu yöndə olacağı istisna edilmir. Çünki məlumat var ki, komissiyada 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı qeydə alınan itkilərin statistikası da səsləndiriləcək və yəqin ki, Azərbaycan günahkar tərəf kimi qələmə veriləcək".

R.Musabəyov hesab edir ki, Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış Yekun Aktın sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, suveren bərabərlik, insan hüquqlarına hörmət və bu kimi digər əsas prinsipləri Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib: "Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, 1 milyondan artıq insanı qaçqın və məcburi köçkün vəziyyətinə salması onların müzakirə obyektinə çevrilmir. Humanitar diqqət hay-küyü altında ilk növbədə Ermənistana dəstək kampaniyası genişləndirilir".

Deputatın sözlərinə görə, ABŞ Helsinki Komissiyasının əvvəlki illərdəki təcrübəsinə baxsaq, bu dinləmələrdə də hansısa vicdanlı müzakirələrin aparılacağını gözləməyə dəyməz: "Separatçılara hər vəchlə dəstək verən, işğalçı bir dövlətə yardım etmək məqsədi güdən bir qurumun tutduğu yol aydındır. Görünən odur ki, aprel döyüşlərinin nəticələri və Azərbaycanın öz ərazi bütövlüyünü istənilən yolla bərpa etmək gücündə olması faktı müəyyən dairələri ciddi narahat edir".

Ceyhun ABASOV

 

 





17.10.2017    çap et  çap et