525.Az

İçərişəhərdə "Avropa şəhərciyi"


 

İçərişəhərdə "Avropa şəhərciyi"<b style="color:red"></b>

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və Avropa İttifaqına üzv dövlətlərin Səfirlikləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Avropa Hərəkatı Azərbaycan təşkilatı ilə tərəfdaşlıqda qədim Bakı şəhərində 1-2 iyun tarixlərində Avropa Şəhərciyinin keçiriləcəyini elan edir.

525.az-ın məlumatına görə, Avropa Şəhərciyində Azərbaycandakı hazırkı Avropa İttifaqı Layihələri, eləcə də Avropa İttifaqı ölkələrinin mövqeyindən cari Avropa mədəniyyəti təqdim olunacaq. Tədbirdə məqsəd Avropa rəqslərini, musiqisini, xörəklərini, dillərini və bir çox digər fəaliyyət növlərini Azərbaycan ictimaiyyətinə nümayiş etdirməklə, Avropanın mədəni həyatının müxtəlifliyini və zənginliyini vurğulamaqdır.

"Avropa Şəhərciyi" İçəri Şəhərdə 1 və 2 iyun tarixlərində saat 11.00-dən saat 21.00-dək açıq olacaq. İstirahət günlərində qonaqlar Avropa İttifaqı və ona üzv dövlətlərin stendlərinə gedə biləcək, Avropa İttifaqının yardımı ilə Azərbaycanda icra olunan layihələrlə tanış olacaq, Avropa İttifaqı Səfirlərinin müxtəlif təqdimatlarını və nitqlərini dinləyə biləcək, rəqs, dil dərsləri keçəcək, karaoke oxuyacaq, Avropa mətbəxini dadmaq, müxtəlif viktorinalarda iştirak etmək və müxtəlif mükafatlar qazanmaq imkanı əldə edəcəkdir. Hər iki axşam Azərbaycanın məşhur və Avropanın istedadlı musiqiçilərinin həm klassik, həm də müasir üslubda ifası ilə keçiriləcək konsertlərlə yekunlaşacaq.

"Avropa Şəhərciyi Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin genişlənməsini nümayiş etdirən mühüm alətdir. Bu, Avropa İttifaqının Azərbaycandakı fəaliyyətini nümayiş etdirir, qonaqları Avropanın təklif etdiyi məsələlərdə iştirak etməyə və onun dadını çıxarmağa dəvət edir. Bununla Avropa İttifaqı və ona Üzv Dövlətlər barədə Azərbaycanda məlumatlanma artacaq və ümidvarıq ki, cari ilin noyabr ayında viza rejiminin sadələşdirilməsi sazişləri imzalanan kimi bu, növbəti dəfə Avropanın hansı ölkəsinə səfər etməyi qərar vermələrində bizim qonaqlara yardım edəcək. Hər kəsi Avropa Şəhərciyində Avropanı görməyə, öyrənməyə, onunla rəqs etməyə və onu hiss etməyə dəvət edirəm", - deyə Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia bildirib.

Tədbirin rəsmi açılış mərasimi 1 iyun tarixində saat 12.00-də Aİ-nın Səfiri Roland Kobianın iştirakı ilə başlayacaq, Aİ Nümayəndəliyi tərəfindən təşkil olunmuş bu ilki uşaq rəsmləri müsabiqəsinin mükafatlandırma mərasimi ilə davam edəcəkdir.

 





31.05.2013    çap et  çap et