525.Az

Los-Ancelesdə Azərbaycanın müstəqillik günü qeyd olundu


 

Los-Ancelesdə Azərbaycanın müstəqillik günü qeyd olundu<b style="color:red"></b>

Oktyabrın 18-də ABŞ-ın Los-Anceles vilayətinin Torrens şəhərində Azərbaycanın müstəqillik gününə həsr olunmuş geniş tədbir keçirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan Torrens Şəhər Şurasının üzvü Haydi Eşkraft qonaqları salamlayaraq, Azərbaycanın müstəqillik tarixi, keçdiyi uğur yolu və əldə etdiyi nailiyyətləri haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra Torrens meri Patrik Fyuri çıxışında şəhərin bu cür mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib. O, ABŞ və Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunaraq, Azərbaycanın ABŞ üçün regionda önəmli müttəfiq olduğunu vurğulayıb.

Daha sonra Torrens Şəhər Şurası tərəfindən 18 oktyabrın şəhər daxilində Azərbaycanın Müstəqillik günü elan edilməsi haqqında hazırlanan bəyannamə şəhər meri Patrik Fyuri və Şəhər Şurasının digər üzvləri tərəfindən oxunaraq təqdim olunub.

Azərbaycanın Los Anceles şəhərindəki baş konsulu Nəsimi Ağayev öz çıxışında xalqımızın müstəqillik uğrunda şərəfli mübarizəsi haqqında ətraflı danışaraq, dövlətimiz üçün ağır bir dönəmdə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin möhkəmləndirilməsi yönündə məqsədyönlü addımların atıldığını və nəticədə çağdaş dövlətçiliyimizin təməlinin qoyulduğunu diqqətə çatdırıb. Baş konsul, müstəqil və müasir Azərbaycanın bütün sahələrdə tərəqqisinin bu gün prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla davam etdiyini, Azərbaycanın regionda və beynəlxalq aləmdə böyük nüfuz qazandığını vurğulayıb.

Baş konsul, həmçinin Azərbaycanın geostrateji mövqeyi, tarixi, zəngin mədəniyyəti, xarici siyasəti, iqtisadi inkişafı və ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra Los-Anceles Dinlərarası Şurasının sədri, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan yepiskop Xuan Karlos Mendez və Los-Ancelesin müsəlman icmasının tanınmış xadimi Məhəmməd Xan çıxış edərək Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında danışıblar. Çıxışçılar ölkəmizdə müxtəlif dini və etnik mənsubiyyətə malik olan insanların  sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, Azərbaycanın unikal tolerantlıq modelinin bütün dünyaya nümunə ola biləcəyini bildiriblər.

Qeyd edək ki, 150 minlik əhalisi olan Torrens şəhəri Los-Anceles vilayətinin ən böyük şəhərlərindəndir.

Ceyhun ABASOV

 





20.10.2017    çap et  çap et