525.Az

Gəncə Tibb Kollecinin tədris-texniki bazası yaxşılaşdırıldı


 

QƏRB REGİONUNDA ORTA İXTİSASLI TİBB KADRLARI HAZIRLAYAN YEGANƏ DÖVLƏT TƏHSİL OCAĞI ƏSASLI TƏMİR EDİLİB

Gəncə Tibb Kollecinin tədris-texniki bazası yaxşılaşdırıldı<b style="color:red"></b>

Respublikamızın ən qocaman tibbi təhsil müəssisələrindən olan hazırkı Gəncə Tibb Kollecinin 86 yaşı var.

O, 1931-ci ildə  Azərbaycan SSR  Xalq Səhiyyə Komissarlığının qərarı ilə Tibb Politexnikumu kimi yaradılıb, 1935-ci ildə  Feldşer-Mama Məktəbinə,  1939-cu ildən isə N.K.Krupskaya adına Kirovabad baza Tibb Məktəbinə çevrilib. 2010-cu ilin iyun ayından bu təhsil ocağı Gəncə Tibb Kolleci adlandırılıb.

Respublikamızın qərb regionunda orta ixtisaslı tibb kadrları hazırlayan yeganə dövlət təhsil müəssisəsi olan Gəncə Tibb Kollecinin əsas və digər bina və qurğularının ötən ildən başlayan əsaslı təmir işlərinin yekunlaşmasından sonra onların təntənəli açılışı olub. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, kollecin müəllim və tələbələri, səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Onlar  əsaslı təmirdən sonra burada yaradılan şəraitlə tanış olublar. Kollecin dərs otaqları və kabinetlər yeni əyani dərs vasitələri ilə təchiz edilib, tədrisin keyfiyyətinə yüksək təsir göstərən yeni avadanlıqlar - partalar, yazı lövhələri, kompyuterlər, tibbi cihazlar və s. alınıb. Əsas korpusun birinci mərtəbəsində kollec tələbələrinin müasir biliklərə yiyələnməsi üçün kitabxana fəaliyyətə başlayıb. Yeni kitablar və dərs vəsaitləri ilə təmin olunmuş kitabxanada tələbələr  həm də elektron kitabxana xidmətlərindən istifadə edə biləcəklər. Kollecin abadlaşdırılmış həyətinə daş döşənib,  orada 80 tonluq yeraltı su hovuzu tikilib, eyni zamanda sahədə daxili su xətləri və kanalizasiya sistemi dəyişdirilib, açıq elektrik xətləri yeraltı kabellə əvəz olunub.

Sonra tədbir müasir üslubda yenidən qurulan konfrans salonunda  keçirilən görüşlə davam etdirilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək,  ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində şəhərdə aparılan irimiqyaslı abadlıq-quruculuq işlərinin gedişatını  tədbir iştirakçılarının diqqətinə çatırıb. O, həmçinin   Gəncə Tibb Kollecində tələbələrin yüksək təhsil alması üçün əsaslı təmir işləri aparılaraq yüksək keyfiyyətli şərait yaradıldığını vurğulayıb.

Gəncə Tibb Kollecinin direktoru Mehma

n Rzayev öz çıxışında yaradılan şəraitə görə öz dərin minnətdarlığını bildirib. O, hazırda kollecdə 600 nəfər tələbənin təhsil aldığını, 59 nəfər həkim-müəllim, 24 nəfər müəllim, 27 nəfər isə inzibati və texniki işçi olmaqla ümumilikdə kollecdə 126 nəfərin çalışdığını da qeyd edib.

Təhsil müəssisəsinin tələbə və müəllimləri də burada yaradılan yeni şəraitdən məmnun qaldıqlarını dilə gətiriblər.

Əlavə edək ki, hazırda  "Müalicə işi", "Tibb bacısı", "Mamalıq" və "Əczaçılıq" ixtisasları üzrə kadrlar hazırlayan bu təhsil ocağı yarandığı gündən fəaliyyəti dövründə 40 minə yaxın orta ixtisaslı tibb kadrları yetişdirib.

Zakir Muradov
Gəncə  

 





20.10.2017    çap et  çap et