525.Az

Cenevrə görüşü Azərbaycanın çox ciddi uğurudur


 

"ERMƏNİSTANIN DANIŞIQLARDAN BOYUN QAÇIRMAQ ÜÇÜN GÖSTƏRDİYİ BÜTÜN CƏHDLƏRƏ BAXMAYARAQ, SARKİSYAN GÖRÜŞDƏ İŞTİRAK ETMƏYƏ MƏCBUR OLUNUB"

Cenevrə görüşü Azərbaycanın çox ciddi uğurudur<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Danışıqlardan sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatında qeyd olunub ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anje Kasprşik, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın iştirak etdiyi görüş konstruktiv mühitdə keçib.

Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər. Cenevrə danışıqları fonunda diqqət çəkən məqamlar Rusiyanın Ermənistana silah yardımı etməsi, ABŞ Konqresində isə Helsinki Komissiyasının Dağlıq Qarabağla bağlı dinləmələr keçirməsidir.

2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürməklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaradılan vasitəçilik institutu - ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən biri kimi tərəfsizlik öhdəliyini pozub.

Minsk qrupunun digər həmsədr dövləti olan Birləşmiş Ştatlar isə ermənipərəst konqresmen Kristofer Smitin bilavasitə erməni lobbisinin sifarişi əsasında təşkil etdiyi antiazərbaycan mahiyyətli tədbirə şərait yaratmaqla düşmən dəyirmanına su töküb. Təbii ki, hər iki fakt yalnız danışıqlara mənfi təsir edən məqam kimi xarakterizə oluna bilərdi.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Cenevrə görüşü Azərbaycanın qələbəsi, Ermənistanın isə tam məğlubiyyətidir: "Hətta Ermənistanın hakimiyyətyönlü ekspertləri də bu qənaətdədirlər".

Politoloq bildirib ki, həmsədrlər Vyana və Sankt-Peterburq razılaşmaları terminindən imtina ediblər: "Halbuki təmas xəttində monitorinq qurğularının quraşdırılması ermənilərin son bir ildə hazırladıqları yeni strategiya idi. Son nəticədə ermənilər bu istəklərinə də nail ola bilməyiblər. Onların qarşısında ciddi əngəllər yaranıb".

M.Əhmədoğlunun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşü, həmsədrlərin regiona növbəti səfəri və nəhayət prezidentlərin Cenevrə görüşü Azərbaycanın çox ciddi uğurudur.

Cenevrə görüşü ərəfəsində Rusiyanın Ermənistanı silahlandırması və ABŞ Helsinki Komissiyasının Dağlıq Qarabağa dair dinləmələr keçirməsinə toxunan politoloq qeyd edib ki, bütün bunların Cenevrə görüşü ilə birbaşa əlaqəsi yoxdur: "Ermənilər onsuz da aprel döyüşlərindən üzü bəri başa düşürlər ki, Azərbaycana ciddi şəkildə uduzurlar".

M.Əhmədoğlu hesab edir ki, Rusiyanın Ermənistana silah yardımı etməsi ilə ABŞ Konqresində Helsinki Komissiyasının keçirdiyi dinləmələr ermənilərin Azərbaycana qarşı planının tərkib hissəsi idi.

Mərkəz sədrinin fikrincə, Moskva yaranmış vəziyyətə görə silah müqaviləsinə yenidən əl gəzdirəcək: "Bundan əvvəl də Rusiya Ermənistanla bağladığı kredit müqaviləsinin şərtlərini tam yerinə yetirməyib. Hesab edirəm ki, növbəti dəfə də bu cür hal baş verəcək. Yəni, Kreml müqavilənin şərtlərini pozacaq".

Politoloq bildirib ki, Helsinki Komissiyasının dinləmələri ermənilərin istədiyi məcrada getməyib: "Ermənilərin dinləmələr dəvət etdiyi qonaqlar Dağlıq Qarabağa dair dinləmələrin obyektiv keçməsinə çalışıblar. ATƏT-in Minsk qrupunun keçmiş həmsədrləri Kerri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), eləcə də Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxışlarında Dağlıq Qarabağ problemi ilə bağlı obyektiv məruzələr təqdim ediblər. Ermənistan isə istəyirdi ki, bu dinləmələrdə Azərbaycanı millitarist mövqeli tərəf kimi təqdim etsin. Guya Azərbaycan hərbi addımlar atmağa hazırlaşır ki, bu da regionda sabitliyi pozacaq. Lakin ermənilərin planları bu dəfə də baş tutmadı".

Mərkəz sədri hesab edir ki, rəsmi Bakının, ölkə rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli istiqamətində atdığı addımlar daha konkret məsələlərdə özünü doğruldur və ciddi nəticələr əldə olunur.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, Cenevrə görüşündən öncə Rusiyanın Ermənistana silah yardımı etməsi danışıqlar prosesinə neqativ təsir kimi qiymətləndirilə bilər: "Bu yanaşma Rusiyanın nə beynəlxalq öhdəliklərinə, nə də vasitəçi kimi daşıdığı missiyaya uyğun gəlir".

Politoloq bildirib ki, Cenevrə görüşü danışıqlar prosesinin bərpası kimi dəyərləndirilirdi: "Ermənistanın danışıqlardan boyun qaçırmaq üçün göstərdiyi bütün cəhdlərə baxmayaraq, Sarkisyan görüşdə iştirak etməyə məcbur olunub. Görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlərin yaydığı birgə bəyanatla Sarkisyanla erməni diaspora üzvləri ilə arasında keçirilən görüşdə səsləndirilən fikirlərlə üst-üstə düşməyib. Azərbaycan tərəfi bunu Ermənistan prezidentinin məsuliyyətsiz davranışı kimi qiymətləndirib. Hesab edirəm ki, bu məsuliyyətsiz davranışa ATƏT-in Minsk qrupu həmsədrləri də öz münasibətini bildirməlidirlər".

Danışıqlar prosesinin davamı ilə bağlı prespektivlərə toxunan politoloq bildirib ki, bu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin işçi görüşündən sonra aydınlaşacaq: "Yəqin ki, işçi görüş baş tutduqdan sonra prezidentlərin görüşünə hazırlıq başlayacaq. Müzakirə olunacaq məsələlərin prespektivinə dair o zaman detallı şəkildə münasibət bildirmək, fikir söyləmək mümkün olacaq".

Milli Məclisin deputatı Tahir Kərimli isə qeyd edib ki, prezidentlərin Cenevrə görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında tərəflərin danışıqları intensivləşdirməsi, iki tərəfli görüşlərin davam etdirilməsi məsələləri əks olunmuşdu. O, SİA-ya bildirib ki, digər məsələlər isə açıqlanmadı: "Çünki diplomatik ənənəyə görə, danışıqlar konfidensial olur və görüşlərdə müəyyən edilmiş məsələlərdən başqa heç bir məsələ açıqlanmır. Amma Ermənistan prezidenti hər zamankı kimi, danışıqların qaydasını pozaraq açıq şəkildə sayıqlamağa başlayıb".

Deputatın sözlərinə görə, Sarkisyanın yalan, razılaşdırılmayan, deyilməyən məsələlərlə bağlı sərsəm bəyanatlar verməsinin əsas məqsədi auditoriyasını sakitləşdirməkdir: "Halbuki birtərəfli qaydada belə bəyanat vermək diplomatik etikanın, davranışın pozulması deməkdir. Sarkisyan Ermənistan cəmiyyətini çaşdırmaq üçün guya danışıqlarda Dağlıq Qarabağın gələcək "müstəqilliyi", onun Ermənistana birləşdirilməsi istiqamətində taktiki addımlar atdığını təlqin etmək istəyir".

T. Kərimli qeyd edib ki, Sarkisyan hər vəchlə Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonu saxlamaqda maraqlıdır: "Azərbaycan prezidenti İlham Əliyev, eləcə də digər ölkələrin rəhbərləri dəfələrlə bildiriblər ki, münaqişənin həllində status-kvo saxlanıla bilməz. Status-kvo mütləq şəkildə dəyişdirilməlidir. Lakin Sarkisyan hər vəchlə bunu saxlamaqda maraqlıdır. Çünki onlar Azərbaycan ordusunun hərbi əməliyyata başladığı zaman bundan istifadə edərək səs-küy yaratmaq, böyük dövlətləri ölkəmizin üzərinə salaraq guya bizim sülhsevər olmadığımızı, məsələnin hərbi yolla həllinə üstünlük verdiyimizə inandırmaq istəyirlər. Sarkisyan yaxşı bilir ki, diplomatik əl, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bütün təşkilatlar, dövlətlər Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Belə olan halda, Azərbaycan istənilən vaxt öz torpaqlarında olan separatçıları uzaqlaşdıra, cəzalandıra və suverenliyini bərpa edə bilər".

Deputat bildirib ki, düşmən ölkə prezidenti münaqişənin diplomatik yolla həllinin ona zərər vuracağını anlayır: "Sarkisyan danışıqlara təzyiqlər əsasında gəlmişdi. Hər bir danışığın Azərbaycanın ərazi bütövlüyünün təmini ilə bitəcəyini bilən düşmən ölkə başçısı yenidən bu danışıqları pozmaq üçün yalan bəyanatlar verməyə başlayıb. Amma onu da qeyd edək ki, Sarkisyan bu cür yalanları təkbaşına deyil, ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlərə arxayın olduğu üçün səsləndirə bilir".

Ceyhun ABASOV

 





20.10.2017    çap et  çap et