525.Az

100 ilin “İşıq”ı: qadın jurnalı kimi yenidən və hər zaman bizimlə


 

100 ilin “İşıq”ı: qadın jurnalı kimi yenidən və hər zaman bizimlə<b style="color:red"></b>

filologiya üzrə fəlsəfə doktoru 

Bu gün Azərbaycan mətbuatının sırasında ideya və məqsədini parlaq şəkildə əks etdirən “İşıq – qadın” jurnalı da özünün yaşam tarixinə qədəm qoyub. Öncə qeyd etmək istərdik ki, onun indiyədək dərc olunmuş illik saylarının hər biri təkrarçılıqdan uzaq olan ideyası, bədii tərtibatı, forma və məzmunu ilə  oxuculara təqdim olunub. Hər dəfə “Yüz il sonra yenidən sizinlə” və “Dünənlə bu gün arasında körpü” xatırlaması ilə görüşümüzə gələn, “İşıq” qəzetinin jurnal şəklində bərpası qəlbimizə, düşüncəmizə işıq salır. Bu əzəmətli gəliş təbii ki, oxucunu düşünməyə, jurnaldakı yazıları diqqətlə oxumağa sövq edir.

 Jurnalı varaqladıqca onun ruhunda həm də yaxın keçmişimizdən gələn bir həyatın səsini, sədasını eşidirik. Qəlbimizdə bu həyatın da yaşam tarixilə yaxından tanış olmaq istəyi baş qaldırır. Burda söhbət yüz il əvvəl qaranlıqdan aydınlığa yol açan “İşıq” qəzetinin az ömürlü həyat tarixçəsindən gedir. 1911-ci il yanvarın 22-də savadsızlığın, avamlıq və cəhalətin hökm sürdüyü bir zamanda dövrünün maarifpərvər ziyalısı Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə zülmətdə şəfəq saçan “İşıq” qəzeti nəşrə başladı. Qəzet o zaman müsəlman həyatının ən ağrılı bir sahəsi, qızların təhsilə cəlb olunmasına səy göstərilməsi, qadınların öz hüquqlarını dərk etməsi, anaların övladının tərbiyəsilə ciddi məşğul olması məqsədindən yaranmışdı. Çünki həmin dövrdə Azərbaycan qadınlarının şəxsi taleyində, ictimai həyatında başlıca problem məhz bunlar idi. Həmin vaxtda qız qardaşlarının fədakarlığını alqışlayan H.Cavid, Ə.Cavad, M.Hadi kimi şairlər, o zaman Peterburq, Kiyev, Odessa şəhərlərində təhsil alan azərbaycanlı gənclər də “İşıq”ın nəşrə başlaması ilə əlaqədar öz çıxışlarında sevinc və razılıqlarını ifadə edir,  qadınlara məxsus bir qəzetin meydana çıxmasının onların maariflənməsinə böyük təsir göstərəcəyini ifadə edən məktubları ilə orada çıxış edirdilər. Cəmi 68 sayı nəşr olunan “İşıq”ın yaşadığı şərəfli həyat yolu cəhalət girdabında yaşayan savadsız qadınların həyatında əhəmiyyətli dəyişikliklərin yaranmasına səbəb oldu.

“İşıq – qadın” jurnalına məsul olan düşüncə sahibləri onun meydana gəlməsi, gələcək fəaliyyəti məsələlərinə aydınlıq gətirmiş, hər biri öz mövqeyindən nəşrin zəruriliyini, əhəmiyyətini, mədəni-tarixi ənənələrin yeni dəyərlərlə inkişafını diqqətə çatdırmışlar. Jurnalın təsisçisi, Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov fondun idarə heyəti tərəfindən təklif olunan “İşıq” qəzetinin 100 il sonra jurnal formasında bərpasından söz açaraq onun gələcək fəaliyyətinin bəzi məqamları ilə oxucuları tanış edir. Müəllif yazır: “Bu jurnal keçmiş tarixini qiymətləndirməklə yanaşı, gələcəkdə də öz dəst-xəttinə uyğun olaraq bütün fəaliyyəti ərzində vətənpərvərliyin təbliğində, mədəniyyətin yayılmasında, xüsusən də elmin, incəsənətin təbliğində çox böyük rol oynayacaq. Bu jurnalın vasitəsilə xalqımızın milli-mənəvi irsinin, mədəniyyətinin, tarixinin müxtəlif yönləri ilə tanış olacağıq. Xalqımızın milli-mənəvi dəyərlərini, istək və arzularını, keşməkeşli həyatının bütün sahələrini daim öz səhifəsində əks etdirəcək “İşıq – qadın” jurnalı çox şərəfli bir yola qədəm qoyur”.

Burada şübhəsiz, mətbuatda böyük səriştəsi, təcrübəsi olan, bu mənada da meydana gətirdiyi hər hansı bir mətbu orqanın öz simasını yarada bilən professor Teymur Əhmədovun, “İşıq – qadın”ın qurucusu olan ədəbiyyatşünas alimin də zəhməti böyükdür. T.Əhmədov jurnalın ilk sayında 100 il əvvəl zülmətdə işıq saçan “İşıq” qəzetinin fəaliyyət dövrünə ədəbiyyatşünas baxışları ilə nəzər salır. Qəzetin səhifələrində gedən yazıların xarakterini açır. “İşıq”ın  zamanında səsləndirdiyi cəsarətli fikirlərə münasibətini bildirir. Eləcə də müasirləri olan  bir sıra maarifpərvər ziyalıların çıxışlarına həssaslıqla yanaşır. Nəşrin qurucusu bir baxışla oxucuya “İşıq”ın bütövlükdə saylarının milli mətbuatımız tarixində müstəsna əhəmiyyətini, onun ətrafında yaranan fikirləri, eləcə də qəzetin daşıdığı missiyanı, qadınların təhsilə cəlb olunması, ananın təkcə övladın deyil, cəmiyyətin tərbiyəsində cavabdeh olmasına diqqət yetirir.

Jurnalın baş redaktoru Sədaqət xanım Qəhrəmanova ictimai-elmi  istiqamətdən zəngin faktlar və hadisələrlə müşayiət olunan sözü ilə qadınlara bəxş olunan bu jurnalın hər sayına istiqamət verir. Qadın hüquqlarını, qadının cəmiyyətdə mövqeyini tarixi ardıcıllıqla işıqlandırır. Bunlar təbii ki, baş redaktorun uzun illər ictimai həyatın mərkəzində, qaynar mühitində olması, bu gün bütünlükdə qadın problemləri sahəsində peşəkarcasına fəaliyyət göstərməsilə bağlıdır. Bu mənada da qadınların cəmiyyətdə yerini və mövqeyini görməsi, qazanılan böyük uğurları müstəviyə gətirməsi jurnalın uğuruna hesablanır. Elə jurnalın qayəsi də qadın problemləri ilə yanaşı, bu gözəl, ülvi varlığın özünün bəşəriyyətə işıq kimi saçması və həyatı çox maraqlı və məzmunlu etməsi ilə həmahəngdir. Mən burda Xədicə xanımla Sədaqət xanımın arasında bir mənəvi yaxınlıq, ruh birliyi görürəm. S.Qəhrəmanova baş redaktor kimi, qatı zülmətin bağrını dələn “İşıq”ın ideya və məqsədini duyaraqdan bu ənənəni indiki anlamda və səviyyədə qura bilib.

Əlbəttə, ötən əsrlə müqayisədə bu gün öz ideyalarını həyata keçirmək baxımından jurnalın imkanları daha böyükdür. Lakin hər hansı bir mətbuat orqanını təsis etmək, açmaq, ərsəyə gətirmək asan olsa da, mövcud imkanlardan peşəkarcasına istifadə etməklə yanaşı, onun özünəxas simasını yaratmaq, imicini formalaşdırmaq, elə ilk sayından ictimai-bəşəri məzmunu ilə seçilmək, dəst-xəttini qurub-yaradaraq öz axarına salmaq və onu hər zaman gözdə, əldə saxlamaq indiki mətbuat bolluğunda çox çətindir. Zənnimizcə, “İşıq – qadın” jurnalının işıq üzünə çıxan saylarını gözdən keçirən, eləcə də onun tarixi, mənəvi-əxlaqi əhəmiyyət kəsb edən yazıları ilə tanış olan oxucu etiraf edər ki, jurnal adında ifadə olunmuş dəyəri, ziyası ilə ictimai şüurumuza, qəlbimizə öz işığını saça bilib.

Burda insanda inam, xoş təəssürat oyadan başlıca cəhət odur ki, qadının ailədə, cəmiyyətdəki yerindən, mövqeyindən söz açanda müəliflər hamımız üçün kökü, təməli olan bilgiyə, inam-iman yerimiz olan “Qurani-Kərimin ayələrinə istinad edir, mövzuyla əlaqəsinə görə orda ifadə olunmuş hikmətləri xatırladırlar. “Sizə qadınların hüququna riayət etməyinizi və bu barədə Allahdan qorxmağınızı tövsiyə edirəm... qadınlar sizə Allahın əmanətidir”. Qadının adına, varlığına, taleyinə belə bir nur qismət edən Uca Tanrının tapşırdıqlarına ehtiramla yanaşmaq da hər kəsin düşüncəsində, əməlində ifadə olunmalıdır.

 “İşıq – qadın”  yetərincə çox böyük özəlliklərə malikdir. Jurnal hər sayında “İşıq” qəzetini  müdrikcəsinə yada salır, zamanında böyük əks-səda doğuran bu məcmuənin ömrünə sanki yeni bir ömür bəxş edir. Sələfinin yazılarına öz səhifələrində yer verən “İşıq – qadın” həm də mütləqiyyət dövrünün mühitini öz aynasında əks etdirir. Yüz il əvvəl söylənilmiş fikirləri günümüzdə açıqlamaqla maarifpərvər  qadınların düşüncəsi, arzularının bugünkü inkişafla bağlılığı maraq doğurur. Şəhrəbanu xanım Şabanzadə “Oxumaq lazımdır” (“İşıq” 1911, № 1) məqaləsində yazırdı: “Əvət, qadınlar bəşəriyyətin anası, insaniyyətin ruhu olduqları üçün hər kəsdən əvvəl təhsili-elm etməlidirlər. Halbuki biz o qaydadan çıxıb millətimizin tənəzzülünə bais olmuşuz. İştə birinci olaraq bu bəlanı dəf və izalə etmək üçün biz də baisi-tərəqqi olan mətbuatımızın tərəqqisi üçün oxuyalım! Oxutduralım! Oxumağa çalışalım! Oxumaq lazımdır, oxumaq!!!”

Şəhrəbanu xanımın arzularının manifesti kimi səslənən bu çağırışı maarifpərvər ziyalının haqq səsi idi. “İşıq – qadın” ilk sayından sələfinin məqsəd və niyyətinin aşkar ifadəsi, səsi-sədası olan bu yazılara öz səhifələrində yer verməklə həm də qəzetin keçdiyi çətin, ibrətamiz yolu oxuculara xatırladır. Qəlbi qadın azadlığı ilə döyünən, avamlığa, cəhalətə qarşı çıxaraq, qızlarımızın gözünün açılmasına çalışan, onları elmə, təhsilə səsləyən işıqçılar ordusunu –Xədicə xanım Əlibəyova, Nabat Nərimanova, Sona Axundova, Şəhrəbanu Şabanzadə, Sara Vəzirova, Şəfiqə Əfəndizadə, Asiyə Axundzadə, Gövhər Şövqiyə, Xuraman Rəhimbəyova, Xavər Tahirova, Həyat Çayqıraqlı kimi aydınların fədakar çalışmalarını yada salmaq bu münəvvərlərin xatirələrinə ehtiramdır.

Yüz il əvvəl “İşıq”ın başına qadınların, qızların təhsil almaları üçün səy edən, millətin sabahı olan övladlarımızın düzgün tərbiyə olunmasından ötrü can yanğısıyla çalışan maarifpərvər qadınlarımız cəm olmuşdular. Bu gün də “İşıq – qadın”ın ətrafında bu ənənələri yeni dəyərlərlə zənginləşdirməyə çalışan, valideyn-övlad münasibətlərində həssaslığı gözləyən, nəcibliyi, xeyirxahlığı bir miras kimi zənginləşdirməyə çalışan işıqçılar birləşib. İkncilər birincilərin yarıda qırılmış ömürlərini, hələ qönçədəykən xəzana dönmüş taleyini zülmətin arasından alaraq aydınlığa aparırlar. “İşıq”la “İşıq – qadın” jurnalının arasında çox böyük mənəvi yaxınlıq, ideya birliyi var. 1912-ci ildə müəllimə Kamilə xanım Sübhanquluyeva hər bir zinətdən, ləl-cavahiratdan dəyərli olan övlad tərbiyəsinin zəruriliyindən bəhs etdiyi yazısında fransızların kübar cəmiyyətindən aldığı ibrətamiz bir əhvalatı nəql etməklə fikrini çox yığcam formada açıqlayır: “Həzərat! Mənim malım, mülküm, daş-qaşım, zər-zivərim ciyərparəm olan bu iki övladımdır... Daş-qaş və zər-zivər insan üçün bəzək deyildir. Bəlkə tərbiyəli övladları onun həmişəlik bəzəyidir!..” Kamilə xanımın qənaətini yüz il sonra Ağa Hacıbəyli mənəvi-əxlaqi dəyərlərimizin fonunda sanki davam etdirir: “Tərbiyə zamanı ana səsi, ana qoxusu və ana davranışı ailədə böyüyən uşağın hafizəsini bir pətək kimi hörər. Günlər keçdikcə ailədəki bu gözəl mühit övladın dünyagörüşünü təkmilləşdirər və etiqadının əsasını şəkilləndirər...”

 Bu gün “İşıq – qadın” jurnalı cəmiyyətimizdə, mətbuat mühitimizdə hansı nüfuza, təsirə, təlimə malikdir? Jurnal qadın dünyasına xaraktercəsinə yanaşan “Dədə Qorqud” hikmətindən, dahilərin, mütəfəkkirlərin sınağından, həyat fəlsəfəsindən süzülüb gələn fikirlərlə zəngindir. Jurnal meydana hansı bir mövzunu qoyursa, ona müdrikcəsinə, ulucasına yanaşır. “İşıq – qadın”ın saylarında çox xarakterik yazılar yer alıb. Ülvi bir varlıq olan qadın-ana mövzusu isə jurnalın qayəsini təşkil edir. Çünki ana təkcə övladın deyil, bütünlükdə bəşəriyyətin tərbiyəçisidir.

Jurnaldakı yazılarda elmilik, tarixilik, bədii-publisistik üslub məqalələrin maraqla oxunmasına yol açır, oxucuya mənəvi zövq verir. Yazıların ahənginə hopmuş yeni düşüncə, təptəzə yazı manerası “İşıq – qadın”a böyük sevgi qazandırır. Çünki bu jurnal fərqli bir formaya, tərtibə və dilə məxsus bitkin bir dərgidir. Mövzuların ruhunda zəngin tarixi faktlar, həyati yaşamlar, gerçəkliklər öz ifadəsinə tapınır. “İşıq – qadın”ın yazıları öyrədəndir, tərbiyə edəndir.

Maraqlıdır ki, bugünkü işıqçılar sələfləri olan işıqçıların həyatlarını öyrənir, onları gənc nəslə tanıtmağa səy edirlər. “Maarifpərvər pedaqoq: Gövhər Şövqiyə” məqaləsi bu baxımdan diqqəti cəlb edir. Bu yazıda Qərənfil Dünyaminqızı pedaqoqun həyatına, ictimai taleyinə nəzər salır və bu istiqamətdə apardığı araşdırmanı sistemli, elmi-publisistik formada təqdim edir. Müəllif Gövhər Şövqiyənin  bir azərbaycanlı qadın olaraq zəmanəsində hökm sürən cahillikdən qorxmadan qızların təhsil alması, təlim-tərbiyəsi yolundakı çalışmalarını, əsl fədakarlığını yeni nəslə çatdırır. Qərənfil xanım qəzetdə çıxış edən qadınların arzu-istəklərinin ifadəsi olan yazılarından, maraqlı həyat tarixçələrindən də bəhs edir.

Qənirə Əmircanova “Tomris xatun”, “Bərdə hökmdarı Nüşabə xatun”, “Alban hökmdarı – Məhinbanu Şəmiran”, “Möminə xatun” kimi yazılarında  mövzuları təkcə pedoqoji fəaliyyəti çərçivəsində araşdırmayıb, bu istiqamətdə geniş tədqiqat aparıb. Müəllif tədqiq etdiyi hökmdar qadınların adlarına pafoslu çıxışlardan fərqli olaraq, bu qadınların soykökü, nəsil-nəcabəti, tarixdə daşıdıqları missiyanı – Azərbaycanın taleyində göstərdikləri sücaətləri, cəngavərliyi gələcək nəslə xatırlatmaqla onların tərbiyəsində əhəmiyyət kəsb etməsinə çalışıb.

Ana adı, ana haqqı, sevgisi ilə süslənmiş, övlad tərbiyəsinin incəliyinə varmış Gülarə Munisin insanın ruhunu pak bir sevgi, ecazkar musiqi təki oxşayan  fikirləri arzularımızı pərvazlandırır. Bu yazılar qəlbimizə sətirbəsətir süzülür,  lirik nəğmələr kimi ruhumuza təravət bəxş edir. Müəllif “Anaların şəfqəti”ndə bulaq suyu təki dumduru fikirlərilə “İşıq – qadın”ın varlığına, simasına bir məlahət, istilik bəxş edir. Ana-övlad məhəbbətinin, nəvaziş və tərbiyəsinin cövhərini yazılarına sanki müşk-ənbər təki çiləyir.

Jurnal yaşadığımız dövrdə bütün ictimai-siyasi hadisələrə həssaslıqla yanaşır, 20 Yanvar faciəsi, Xocalı soyqırımı ilə bağlı yazılara yer verir. Afaq Ağayevanın Vətən sevgisinin dərya dərinliyini yaşadan Xocalı ağrısının, yurd itkisinin qəlbi qanadan xatirəsi, ürək göynədən nisgili varlığımızı tarıma çəkir. “İşıq – qadın”a yazan kişi müəlliflərin yazıları da kəsb etdiyi siqlətilə oxucuya mənəvi zövq verir. Bu mənada  işıqçılar ailəsinə öz düşüncəsiylə həmfikirlik, həmrəylik gətirən, təptəzə rəng çalarları əlavə edən Muxtar Cəfərlinin, Şəmil Sadiqin, Ağa Hacıbəylinin baxışlarında qadının ailədəki rolu, şərəf və qürurunun, məğrurluğunun, vəfa-sədaqətinin ucalığı, pak bir sevdaya tən olan türk qadınına ülfəti, məhəbbəti diqqətəlayiqdir. Jurnaldakı yazılar xüsusi seçildiyi kimi, müəlliflər də yazı üslubları, müraciət etdikləri mövzuları ilə seçilir. Mövzulara yanaşma tərzində, üslubunda və ifadəliliyində jurnalın xarakterindən doğan bir özəllik var.

Qadın nəslin bünövrə daşıdır. Bu gün də, sabah da qadın dünyası, onun fədakar çalışmaları, humanizmi, səmimiyyəti, nəcibliyi ilə bağlı bilmədiyimiz, ən azından öyrənməli, xatırlamalı olacağımız böyük mətləblər var ki, heç şübhəsiz, jurnal bu yollara da işıq salacaq.

 





31.05.2013    çap et  çap et