525.Az

Rənglərin qardaşlığı: İzmirdən Bakıya sənət körpüsü - Fotolar


 

Rənglərin qardaşlığı: İzmirdən Bakıya sənət körpüsü - <b style="color:red">Fotolar</b>

Oktyabrın 17-dən Bakıda Azərbaycan və Türkiyə rəssamlarının iştirakı ilə “Rənglərin qardaşlığı” adlı rəsm sərgisi keçirilir.

Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Bakı Yunus Əmrə İnstitutu, İzmir Balçova bələdiyyəsi, Azərbaycan Qardaşlıq və İş Birliyi Dərnəyi Azərbaycan Rəssamlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan rəsm sərgisinin kuratoru Azərbaycan Rəssamlar İttifaqının üzvü Günay Mehdizadədir.

Hər iki ölkədən 9, ümumilikdə 18 rəssamın qatıldığı layihənin birinci mərhələsi mayın 28-dən iyunun 2-nə kimi azərbaycanlı rəssamların da iştirakı ilə Türkiyənin İzmir şəhərində keçirilib. Orada rəssamların rəsm əsərləri üzərində işləri mədəni gəzintilərlə zənginləşdirilib, hazırladıqları sənət nümunələri tamamlandıqdan sonra Balçova Bələdiyyəsi Mədəniyyət evində sərgilənib. Sərginin Türkiyə üzrə kuratorluğunu türkiyəli rəssam Xədicə Aydoğan həyata keçirib.

Rəsm sərgisi çərçivəsində ilk tədbir oktyabrın 18-də Türkiyənin Azərbaycandakı səfirliyində gerçəkləşdirilib. Həmin gün Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin “Dünya rəssamlığında miniatür sənəti” adlı məruzəsi dinlənib.

Bununla bağlı tədbirdə Azərbaycan Rəssamlar İttifaqının rəhbərliyi, səfirlik nümayəndələri, rəssamlar və media nümayəndələri iştirak ediblər.

Türkiyə səfirliyinin Mədəniyyət müşaviri İrfan Çiftçi məruzənin təşkilinin səbəbi haqqında məlumat verib. Müşavir qeyd edib ki, məruzə Türkiyə və Azərbaycan rəssamlarının rəsimlərinin sərgiləndiyi “Rənglərin qardaşlığı” rəsm sərgisinin açılışından öncə bütün türk dünyasının ortaq sənəti olan miniatür haqqında məlumatlanma məqsədi ilə təşkil olunub.

Z.Əliyev məruzəsində miniatür sənətinin tarixi, Azərbaycan və Türkiyə təsviri sənətindəki rolu və əhəmiyyəti haqqında geniş məlumat verib. O məruzəsində qeyd edib ki, tarix boyu miniatür sənəti haqqında yanlış düşüncə formalaşıb: “Qərb rəssamlarının və xristian alimlərinin yanlış təqdimatı ilə miniatür sənətinin yalnız kitab tərtibatında tətbiq olunduğu düşünülüb. Deyilir ki, miniatür qədim əlyazmalarda, kitablarda bəzəkli, rəngli hərfdir. Ancaq miniatür ən qədim Azərbaycan və türk təsviri sənətidir. Xüsusilə klassik şərq ədəbiyyatının təsiri ilə inkişaf edib. Avropalılar belə izah edirlər ki, “miniatür” sözü latıncadan tərcümədə “minimum” sözündən yaranıb, bu da ölçüsünə görə kiçik deməkdir”.

Məruzəçi müxtəlif dövrlərdə yaşamış rəssamların yaradıcılıq nümunələrini nümayiş etdirərək sübut edib ki, bu sənət yalnız kitab tərtibatı ilə bağlı olan janr və ya sənət növü deyil: “Təsviri və tətbiqi yaradıcılığın yer aldığı bütün sahələrindəki nümunələrdən çıxış edərək demək olar ki, miniatür müsəlmanların, o cümlədən, türklərin və azərbaycanlıların tanıdıqları bədii üslubdur. Deməli, miniatür islam-türk təsviri sənətində tətbiq olunan universal bədii dil, üslubdur. Avropalıların miniatürə verdiyi izahdan çıxış etsək, onda görərik ki, onların mədəniyyətlərində, əlyazmalarında həqiqətən də ölçüsünə görə kiçik hərflər var. Azərbaycan rəssamlığında da müəyyən qabların, detalların, hətta insanların belə kiçik, zərif təsviri ictimaiyyətin miniatür sözünü kiçik anlamında qəbul etməsinə səbəb olub. Əslində isə avropalıların miniatür kimi qəbul etdikləri təsviri sənət nümunəsinin bizim əlyazmalarda rast gəlinən oxşarlarına miniatür demək, kökündən səhvdir. Çünki Azərbaycan-türk-islam mədəniyyətində rast gəlinən miniatür avropalıların qəbul etdiyi anlayışdan daha çoxmənalı və çoxqatlı, bədii estetik baxımdan daha dərin və əhəmiyyətlidir. O,  ayrıca təsvir olmayıb, özündə mənəvi estetik dəyərləri qovuşduran gerçəkliyin bədii dərkidir”.

Z.Əliyev çıxışında Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc miniatürçü rəssam, sərginin ölkəmizdəki kuratoru Günay Mehdizadə haqqında da danışıb. O deyib ki, Günay Mehdizadə müasir miniatür sənətinin layiqli davamçısıdır. O, ilk rəssamdır ki, çəkdiyi Atatürk portreti Türkiyədə böyük liderin muzeyində sərgilənir.

Daha sonra Z.Əliyev və G.Mehdizadə rəssamlığın inkişafındakı rollarına görə səfirlik tərəfindən diplomla təltif olunublar.

Eyni gündə səfirlikdə G.Mehdizadənin miniatür rəsmləri də sərgilənib.

Türkiyə və Azərbaycan rəssamların əl işlərindən ibarət “Rənglərin qardaşlığı” adlı rəsm sərgisinin açılışı oktyabrın 19-da Muzey Mərkəzində keçirilib. Açılışa hər iki ölkədən rəssamlar, ziyalılar, sənətsevərlər və media nümayəndələri qatılıblar.

Milli Məclisin deputatı İlham Məmmədov çıxışında qeyd edib ki, sərginin adının “rənglərin qardaşlığı” olması simvolik məna daşıyır, iki ölkə arasındakı qardaşlığın göstəricisidir. O, rəssamlığın incəsənətin digər sahələrindən fərqləndiyini. rəssamların daha həssas, daha diqqətli insanlar olduqlarını qeyd edib: “Rənglərdə böyük sehr var. musiqi var, şeiriyyat var. Biz heç birimiz bunu duya, hiss edə bilmirik. Ancaq rəssamlar rənglərin bu sehrini duyurlar. Onlar bizim görmədiklərimizi, eşitmədiklərimizi duyub, hiss edib, öz əsərlərində əks etdirməyi bacarırlar”.

Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi çıxışında rəsm sərgisinin adına diqqət çəkib: “Təbiətin və həyatın rənglərini, cizgilərini özündə birləşdirən rəsm sənəti üzərindən Türkiyə və Azərbaycan arasında bir körpü qurulması həm dərin məna, həm də tarixi əhəmiyyət daşıyan bir fəaliyyətdir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” olan iki ölkə arasında “Rənglərin qardaşlığı” da əbədidir. Təbii ki, bu fikrin müxtəlif təşəbbüslərlə davamlı olaraq ifadə olunması, təkrarlanması zərurəti var. Mədəniyyət və incəsənətin müxtəlif növlərində yaradıcı təşəbbüslərin birgə reallaşması iki qardaş ölkənin içində yaşayan “bir millət” anlayışının daha da bütövləşməsi və zənginləşməsinə imkan verəcək. Ümid edirik ki, bu ortaq işbirliyi başqa sənət növlərinə, hətta həyatın bütün sahələrinə də ilham qaynağı olacaqdır. Bizim səfirlik və müşavirlik olaraq ən birinci məqsədimiz də məhz budur. Bu layihə nə ilkdir, nə də son. Bundan sonra tez-tez bu cür və bundan da yaxşı layihələrin şahidi və iştirakçısı olacaqsınız”.

İzmir Balçova Bələdiyyəsinin mədəniyyət müdiri Toğrul Keskin çıxışında əminliklə ifadə edib ki, sərgi Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra qardaşlaşan Bakı və İzmir arasında əlaqələri daha da möhkəmləndirəcək.

Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım, Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, Fikrət Babayev və başqaları çıxış edərək sərginin iki qardaş ölkə arasında mədəni sahədə əlaqələrin inkişafının bariz nümunəsi olduğunu vurğulayıblar.

Bildirilib ki, mədəni müstəvidə Türkiyə-Azərbaycan əməkdaşlığının daha da genişlənməsinə və dünyada baş verən qlobal təlatümlər fonunda iki qardaş ölkənin bir-birinə daha da bağlanmasına ehtiyac var. Bu baxımdan incəsənətin müxtəlif növlərində birgə layihələrin həyata keçirilməsi ilə xalqlarımızı daha da yaxınlaşdırmalıyıq.

Türkiyənin opera sənətçisi Oya Ergünün ifası açılış mərasiminə daha da gözəl rəng qatıb.

Tədbirdə Toğrul Keskin, Günay Mehdizadə, İrfan Çiftçi və İbrahim Yıldırım fəxri fərman və xüsusi hədiyyələrlə təltif olunublar.

Sonda tədbir iştirakçıları “Rənglərin qardaşlığı” rəsm sərgisi ilə tanış olublar.

Sərgidə Azərbaycan rəssamlarından Günay Mehdizadə, Suğra Bağırzadə, Ədalət Əfəndi, Elnar Ağamirzə, Ələsgər Kazımov, Rüfət Əsgərov, Azər İslam, Mehriban Mehdizadə və Rəfixan Mövlanovun, Türkiyədən isə Ertuğrul Keskin, Faden Suzan Kudsioğlu, Mahmut Durmuş, Hatice Reyhan Abacıoğlu, Bedri Karayağmurlar, Hatice Aydoğan, Gündoğdu Uğraş və Cavid Əliyevin əl işləri nümayiş olunub.

Sərginin nümayişi bu gün sona çatacaq.

Şahanə MÜŞFİQ

 





21.10.2017    çap et  çap et